هل سألت نفسك؟ من خلقك؟ ولماذا؟ وماذا بعد الموت؟
كتاب: هل سألت نفسك ؟ من خلقك؟ ولماذا ؟ وماذا بعد الموت؟ كتاب مختصر يتحدث عن إجابة أسئلة الإنسان الوجودية ويحرك الفطرة بضرب بعض الأمثلة والحجج العقلية وبيان دلائل الإسلام بأسلوب مختصر.
Heç özünə sual vermisənmi? Səni kim yaratdı? Və nə üçün? Və ölümdən sonra nə vardır?
İslami Məzmun Xidmətləri Cəmiyyətinin Müxtəlif Dillər üzrə Elmi Komitəsi
Səni kim yaratdı, ey insan? Əgər bədəninə mikroskop altında baxsaydın, bir dəqiqlik və ecaz aləmi görərdin. Bədənindəki hər bir hüceyrə özündə mürəkkəb şifrələrə malik irsi məlumatlar daşıyır. Heç özündən soruşmusanmı, bu şifrələri kim yazıb? Onları öz doğru yerinə kim yerləşdirib?
Hər bir uca bina, hər bir sadə ev öz yaradıcısının hekayəsini danışır. Məgər ağlabatandırmı ki, bu geniş kainat öz gözəlliyi, dəqiqliyi və təfərrüatlarının nizamı ilə birgə yaradıcısız mövcud olsun?
Ey insan, necə ki, ağlın sənə: “Ustalqıla hazırlanmış ağıllı bir telefon heç bir dizayneri və ya istehsalçısı olmadan birdən-birə peyda olmuşdur” və ya “Mürəkkəb bir cihazlar şəbəkəsi heç bir proqramçısı və ya nəzarətçisi olmadan ahəng və dəqiqliklə işləyir” – deyilməsini qəbul etməz, eləcə də ağıl ona: “İçindəki bütün nizamı, kamilliyi, dəqiq qanunları və mükəmməl quruluşu ilə birlikdə bu əzəmətli kainat Xaliqsiz mövcud olmuşdur?!” – deyilməsini necə qəbul edə bilər?
Bu kainatdakı hər bir parça, ən kiçik zərrədən ən böyük qalaktikaya qədər, öz Xaliqinin əzəmətinə dəlalət edir. Ağıl baxımından bu dəqiq nizamın xaosdan meydana gəlməsi qeyri-mümkündür. Ağıl bu kainatın yoxluqdan yarandığını yaxud bu ecazkar və mürəkkəb nizamın kor bir təsadüfün nəticəsi olduğunu qəbul etməz.
Necə ki, sağlam ağıl və sağlam fitrət insanı kainatın bir Yaradanının varlığına iman etməyə sövq edir, eləcə də bizi bu Yaradanın sifətləri və Onun bizim üzərimizdəki haqqı haqqında düşünməyə təşviq edir.
Bu Yaradanın sifətləri haqqında düşünmək bizə Onun mütləq kamilliklə vəsf olunmasının və hər növ nöqsandan uzaq tutulmasının zəruriliyi barədə dərin idrak qapıları açır.
Bu o deməkdir ki, Xaliq bütün gözəllik və əzəmət sifətlərinə sahibdir. Çünki Uca Allah hər şeyə qadirdir. O, hər şeyi biləndir. Yaratdığı və yazdığı hər bir şeydə hikmət sahibidir. Bu kamillik sadəcə bir ehtimal deyil, əksinə, əqli bir zərurətdir. Çünki Onun sifətlərində hər hansı bir nöqsan yaratmaqda və idarə etməkdə xələlə səbəb olardı. Bu isə bizim kainatda şahidi olduğumuz mükəmməlliyə ziddir.
Həmçinin, Allahın hər cür nöqsandan uzaq olması Yaradanın Öz yaratdıqlarına möhtac olmamasını tələb edir. Belə ki, Onun heç kəsə ehtiyacı yoxdur, əksinə, bütün məxluqat var olmaq və həyatda qalmaq üçün Ona möhtacdır. Pak Olan Allah şərikdən və övladdan da uzaqdır. Çünki bunlar nöqsan və acizliyin təzahürlərindəndir. Uca Allah bütün bunlardan pak və müqəddəsdir.
Əgər kamillik və əzəmət sifətlərinə malik olan əzəmətli Xaliq, bizi və kainatı yoxdan var edən, kainatda olan hər şeyin sahibi, bizə ruzi verən və bizi Öz rəhməti ilə əhatə edən, hər şeyi idarə edən və hər şeydə təsərrüf sahibi olan Allahdırsa, elə isə məgər bizə Ona şükür etmək, Onun razılığını necə qazana biləcəyimizi və üzərimizə düşən haqqını necə ödəyə biləcəyimizi araşdırmaq və yaradıldığımız məqsədi həyata keçirmək üçün çalışmaq vacib deyilmi?
Allahın bizi yaradıb, sonra da bizdən nə istədiyini bizə bəyan etməməsi ağlabatandırmı? Biz nə üçün buradayıq? Həyatdakı mövcudluğumuzun qayə və hədəfi nədir? Ölümdən sonra bizə nə olacaqdır?
Gəlin birlikdə düşünək. Əgər bir insan möhtəşəm bir saray tikib onu ən son texnoloji vasitələrlə təchiz etsə, sonra da tikintini tamamlayan kimi heç bir səbəb olmadan qəfildən onu tamamilə dağıtsa, bu insanı müdrik adlandırmaq olarmı? Məgər belə bir davranışın ağıllı insana yaraşmayan əbəs bir hərəkət olduğu aşkar deyilmi?
Əgər bu əməl bir insan üçün qəbuledilməzdirsə, bəs necə təsəvvür etmək olar ki, Hikmət və hər şeydən Xəbərdar olan Allah, bu ecazkar kainatı belə bir kamillik və ustalıqla yaratsın, sonra da onu heç bir hədəf və ya hikmət olmadan məhv etsin?
Allah insanları böyük bir hikmət üçün yaratmışdır. Bu hikmət, heç bir şəriki olmayan tək Allaha ibadət etməkdir. Allah, onları bu dünyada sınamaq üçün yaratmış və Qiyamət günü dirildilib əməllərinə görə haqq-hesaba çəkilmələri üçün onlara bir vaxt təyin etmişdir. Kim Allaha iman gətirib Onun dəvətini qəbul etsə, əbədi qalacağı Cənnət nemətlərinə nail olar. Kim də haqdan üz döndərsə, Cəhənnəm əhlindən olar.
İbadət bizim üzərimizə vacib bir haqqdır. Çünki o, mövcudluğumuzun əsas məqsədidir. İbadət şükrümüzün və Allahın Rububiyyətini və Uluhiyyətini iqrar etməyimizin dəlilidir.
Bir düşün ki, səni yaradan, sənə qulaq və göz bəxş edən və səni saysız-hesabsız nemətlərlə əhatə edən məhz Uca Allahdır. Damarlarında qanı axıdan, sənə su və hava ruzisi verən Odur. Sən hər an Ona möhtacsan. Əgər Onun mərhəməti və qayğısı olmasaydı, məhv olar və gücün tükənərdi. Hətta sən hələ ananın bətnində, heç bir şeyə gücü çatmayan aciz bir rüşeym ikən, O sənin ruzini Öz öhdəsinə götürmüşdür.
Məgər bu Əzəmətli Yaradan, sənin istədiyin kimi deyil, məhz Onun istədiyi kimi Ona ibadət etməyə layiq deyilmi?! Bir anlıq düşün. Əgər anana bir hədiyyə vermək istəsəydin, öz nəfsinin istədiyini seçərdin, yoxsa ona münasib olan bir şeylə onu sevindirmək üçün nəyi sevdiyini öyrənməyə çalışardın? Uca Allaha ibadət də belədir. İbadət, bizim nəfsi istəklərimizə yaxud irsən keçən adətlərimizə uyğun deyil, məhz Onun Özünün istədiyi kimi və bizə əmr etdiyi şəkildə olmalıdır.
İbadət yalnız heç bir şəriki olmayan tək Uca Allaha edilməlidir. İnsanın ibadəti öz Yaradanından başqasına yönəltməsi caiz deyildir. Cəhənnəmdə əbədi qalmağı vacib edən ən böyük günah Allaha şərik qoşmaqdır. Bu, insanın Allahdan başqa Onun məxluqlarına – bütlərə, günəşə və ya aya yaxud da bir insana, heyvana və ya saleh bir adama ibadət etməsidir. Bütün bunlar şirk və küfr növlərindəndir. Kim bu hal üzrə ölərsə, onun cəzası Cəhənnəmdə əbədi qalmaqdır.
Uca Allah, bizə dünyadakı varlığımızın məqsədi və həyatın hədəfi barədə xəbər vermələri üçün çoxlu peyğəmbərlər və elçilər göndərmişdir. Bütün elçilərin risaləti bir idi. Bu, İslam risaləti və şəriki olmayan tək Yaradana ibadətə dəvət idi. Lakin əvvəlki elçilərin gətirdiklərini təhrif edən və dəyişdirən kimsələr oldu. Buna görə də Uca Allah elçilərin sonuncusu Muhəmmədi, sallallahu aleyhi va səlləm, göndərdi və ona bəşəriyyət üçün son risalət olan Qurani-Kərimi nazil etdi. Quranın Allah kəlamı olduğunu və onun heç bir təhrifə və dəyişikliyə məruz qalmayan yeganə kitab olduğunu sübut edən bir çox əqli və elmi dəlillər mövcuddur. Uca Allah Quranda bizə xəbər vermişdir ki, O, insandan İslam dinindən başqa bir din qəbul etməyəcəkdir və bütün elçilərin risaləti bir olmuşdur. Bu da Yaradanın tövhidinə və şəriki olmayan tək Allaha ibadət etməyə dəvət idi. Uca Allah Quranda bizə xəbər vermişdir ki, möminlər üçün Cənnət və əbədi nemətlər, Allahdan başqasına ibadət edənlər və ya İslama daxil olmaqdan imtina edənlər üçün isə od və şiddətli bir əzab vardır.
İslamı digər dinlərdən fərqləndirən cəhət budur ki, yalnız müsəlmanlar etibarlı bilik mənbələrinə əsaslanaraq, əqli dəlilləri və elmi həqiqətləri təqdim etməklə, bu gün əllərində olan Qurani-Kərimin dəyişiklik və təhrifdən qorunmuş, Xaliq olan Allahın - Sübhənəhu - kəlamı olduğunu sübut etməyə qadirdirlər.
Qurani-Kərim, Allahın öz peyğəmbəri Muhəmmədə, sallallahu aleyhi va səlləm, nazil etdiyi kitabdır. Allah onunla on dörd əsrdən çoxdur ki, bəşəriyyətə meydan oxuyaraq ondan bir bənzərini və ya hətta ona bənzər bir surə gətirmələrini istəmiş, lakin onlar bundan aciz qalmışlar. Bu meydan oxuma günümüzə qədər qüvvədədir və buna baxmayaraq, əsrlər boyu heç kim bəlağət, bəyan, ecazkarlıq və qanunvericilik baxımından ona bənzər və ya hətta ona yaxın bir şey gətirə bilməmişdir. Qurandakı ecazkarlıq təkcə fəsahət və bəyanın zirvəsinə çatmış dilində deyil, həm də onun Allahın kəlamı olduğunu təsdiq edən əqli və elmi dəlilləri də əhatə edir. Əgər Qurani-Kərim onun Allahın kəlamı olduğunu sübut edən açıq-aydın dəlilləri özündə ehtiva edirsə, o zaman ağıllı və məntiqli davranış, yazılmasına insan müdaxiləsi olan digər kitablara etibar etmək əvəzinə, Qurani-Kərimə iman gətirmək və gətirdiyi hökmlərə tabe olmaqdır.
Beləliklə, salamat ağıl bizi bu nəticəyə gətirir ki, kainatı yaradan və onun nizamını təkmilləşdirən Yaradanın kəlamı - həqiqəti bilmək üçün ən doğru mənbədir. Biz Quranda dildəki bu ecazkarlığı, elmi həqiqətləri, kamil qanunvericiliyi, eləcə də onun əsrlər boyu təhrifdən qorunmasını gördükdə, Onun Allahın kəlamı olduğunu qəbul etmək qaçılmaz olur.
Beləliklə, Quranda nazil olanlara iman gətirmək təkcə imani bir seçim deyil, həm də həqiqətləri araşdırma məntiqi ilə uzlaşan əqli bir qərardır.
Uca Allah Qurani-Kərimdə bəyan etmişdir ki, O, bizi əbəs yerə yaratmamış, yalnız Özünə ibadət etməyimiz üçün yaratmışdır.
Allah Quranda bizə yaşadığımız bu dünya həyatının sadəcə tezliklə sona çatacaq müvəqqəti bir mərhələ olduğunu, həqiqi və əbədi həyatın isə axirətdə olacağını və o zaman möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə daxil olacağını xəbər vermişdir.
Bizi yoxdan var edən Xaliq, şübhəsiz ki, bizi öldükdən sonra yenidən diriltməyə qadirdir. Ətrafımızdakı kainatda olan Allahın dəlillərində biz Onun ölü olanı diriltməkdəki sonsuz qüdrətinin əyani bir sübutuna şahid oluruq. Necə ki, Allah yaşıl ağacdan od, qupquru torpaqdan əkin və meyvələr çıxarır və anasının bətnində nütfədən döl yaradırsa, eləcə də O, Qiyamət günü haqq-hesab çəkib əməllərinin əvəzini vermək üçün ölüləri dirildib qəbirlərindən çıxarmağa qadirdir. Həqiqətən, Allah, hər şeyə qadirdir. Zalımın və məzlumun həyatının heç bir haqq-hesab və ya əvəz olmadan sona çatması isə haqsızlıq və zülm olardı.
İnsan sual verə bilər ki, nə üçün başqa dinlər deyil, məhz İslam?
İnsanı digər məxluqlardan fərqləndirən ən böyük xüsusiyyət ağıldır, onun vəzifəsi isə düşünmək və həqiqətləri axtarmaqdır.
İslam, sağlam ağıla və düzgün fitrətə uyğun gələn bir dindir. O, ən böyük varlıq suallarına məntiqi cavablar təqdim edir. Biz nə üçün buradayıq? Həyatımızın məqsədi nədir? Ölümdən sonrakı aqibətimiz nədir?
İslamın əsası Xaliqi ibadətdə təkləşdirmək və "Lə iləhə illə-Llah" şəhadətidir. Bu, birinci şəhadətdir. İslamda imanın əslidir və mənası budur ki, tək Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur.
Bu "Şəhadət kəlməsi" aşağıdakıları əhatə edir:
Tövhid. Yəni: İbadətə yalnız Allahın layiq olduğuna, Onun heç bir şəriki, övladı və bənzəri olmadığına iman etməkdir.
Şirkdən uzaq olmaq. Yəni: İnsanlar tərəfindən düzəldilmiş bütün bütlərin və ilahların inkar edilməsidir.
İslam bütün peyğəmbərlərə iman gətirməyi vacib edir. Müsəlmanlar da, Allahın Quranda xəbər verdiyi kimi, İsanın Allahın qulu və rəsulu olduğuna və onun Allahın oğlu olmadığına iman edirlər. Çünki Allah əzəmətlidir və Onun həyat yoldaşının və ya oğlunun olması mümkün deyildir. Uca Allah həyat yoldaşına, oğula və heç bir şeyə möhtac deyildir. Allah bizə Quranda İsanın Allahın çoxlu möcüzələr verdiyi bir peyğəmbər olduğunu və Allahın onu öz qövmünü heç bir şəriki olmayan, tək olan Allaha ibadət etməyə çağırması üçün göndərdiyini xəbər vermişdir. Həmçinin Allah, İsanın insanlardan özünə ibadət etmələrini istəmədiyini, əksinə, özünün Yaradanına ibadət etdiyini xəbər vermişdir. Buna görə də, əgər sən Allahın sevdiyi şəkildə İsaya həqiqi iman gətirən bir mömin olmaq istəyirsənsə, bu zaman İslam dinini qəbul etməlisən.
Həmçinin Allah bizə Quranda, İsanın öz qövmünə tək olan Allaha ibadət etməyi əmr etdiyini və onları şirkdən çəkindirdiyini xəbər vermişdir.
Ağıl sahibinin özü kimi acan, susayan, özündən ölümü və ya zərəri dəf etməyə qadir olmayan bir məxluqa ibadət etməsi məntiqə sığırmı?! Ey insan, yeməyə və içməyə ehtiyacı olan bir bəşər olduğu və öz Xaliqinə namaz qılaraq üz tutduğu halda, Məryəm oğlu İsaya necə ibadət edirsən?! Ağıl, ilahın öz-özünə namaz qılmasını təsəvvür edə bilərmi?! Məgər Allah əzəmət sahibi, kamilliyində tək, bənzər və misildən münəzzəh deyilmi və kainatdakı hər şey Onun qüdrəti və hökmü altında deyilmi? Göylərin və yerin Xaliqinin bir uşaq kimi doğulmaq üçün tənəzzül etməsi, sonra da məxluqlarının onu çarmıxa çəkməsi üçün özünü onlara təslim etməsi ağıla necə sığa bilər? Həqiqətən, çarmıxa çəkilən və öldürülən fani bəşərlərdir. Xaliq isə ölməyən Diri, Onu nə mürgü, nə də yuxu tutan Qəyyumdur. Məgər Onun belə bir şeydən münəzzəh olması, əzəmətinin və cəlalının kamilliyindən deyilmi?
Uca Allah Qurani-Kərimdə bizə xəbər vermişdir ki, bütün rəsullar bir risalət ilə gəlmişlər. Bu risalət, öz qövmlərini heç bir şəriki olmayan tək Allaha ibadət etməyə dəvət etməkdir. Lakin zaman keçdikcə bəziləri bu əbədi risaləti təhrif etmiş, peyğəmbərlərin gətirdiyi tövhid nurunu söndürmüşlər. Bu səbəbdən Uca Allah, əvvəlki bütün rəsulların gətirdiyi tövhid risalətini yeniləmək üçün rəsulların sonuncusu olan Muhəmmədi, sallallahu aleyhi va səlləm, göndərmiş və ona Qurani-Kərimi nazil etmişdir.
Və son olaraq sənə deyirik, ey insan:
Həqiqətən, İslam ağıl və fitrət dinidir və o, Əzəmətli Yaradanın bəşəriyyət üçün buyurduğu yeganə dindir. Buna görə də ağıl sahibi olan hər bir insan Rəbb olaraq Allaha, din olaraq İslama, rəsul olaraq Muhəmmədə iman gətirərək İslam dininə daxil olmağa tələsməlidir və bu, insanın seçim haqqı olmadığı bir məsələdir. Çünki, Uca Allah Qiyamət günü ondan göndərdiyi elçilərin dəvətinə necə tabe olduğunu soruşacaqdır. Əgər mömindirsə, onun üçün böyük zəfər və nicat vardır. Yox əgər kafirdirsə, açıq-aşkar zərərə uğrayacaqdır.
Əgər bu dünyada həqiqi səadəti, axirətdə isə nicat tapmağı axtarırsansa, bil ki, həyatında verə biləcəyin ən əzəmətli qərar İslamı qəbul etməkdir. Bunun üçün sənə sadəcə sadiq bir qəlblə və imanla bu kəlmələri deməyin kifayətdir: "Əşhədu ən lə iləhə illa-Llah və əşhədu ənnə Muhammədən rəsulullah" (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Və şəhadət edirəm ki, Məhəmməd - sallallahu aleyhi va səlləm - Allahın rəsuludur). Bundan sonra dinini öyrənməyə və iki şəhadət kəlməsinin tələb etdiyi kimi Allaha və Onun Rəsuluna iman gətirib İslamın rükunlarına riayət etməyə başla.
Bunu indi söylə və tərəddüd etmə. Çünki ölüm qəflətən gələ bilər. Belə mühüm bir qərarı verməyi gecikdirmə. Şeytanın səni xeyirdən çəkindirməsinə imkan vermə. Cəsur ol. Nur və hidayət yoluna başla.
İndi qərarını ver. Hüzur və razılıqla dolu yeni bir həyata başla.
Şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur və şəhadət verirəm ki, Muhəmməd Allahın elçisidir.