ثلاثة الأصول وأدلتها
هذا الكتاب هو متن صغير أساسي يبين فيه التوحيد والدين والنبوة، يبين هذه المعاني الثلاثة الأساسية المهمة في فهم العقيدة، وفي دراستها دراسة سليمة وصحيحة. وهو كتاب مختصر، لكنه كتاب مبارك؛ لأنه سهل العبارة ومركز وموجه، وليس فيه أي تعقيد أو إشكالات. فالإنسان بمجرد أن يقرأ الكتاب يستطيع أن يفهمه، ويستطيع أن يعرف المعاني المتضمنة فيه. هذا الكتاب قبل أن يبدأ الشيخ في الأصول الثلاثة قدم لذلك بأربعة مسائل، ثم بعد ذلك بثلاثة مسائل أخرى، ثم شرع في الأصول الثلاثة، وهي التي يجب على كل مسلم أن يتعلمها، وهي التي يسأل عنها العبد في قبره: من ربك؟ وما دينك؟ ومن نبيك؟ ألفها رحمه الله للمبتدئين واجتهد في تسهيلها واختصارها حتى خرجت بأحسن حلة وأعظم فائدة؛ يفهم بها الصغير، ولا يستغني عنها الكبير فعم نفعها، وكثر خيرها؛ لعظم قدر موضوعاتها وشرف محتواها.
Üç əsas və dəlilləri
Şeyx Muhəmməd ət-Təmimi, Allah ona rəhmət etsin
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Bil ki — Allah sənə rəhm etsin — bizə dörd məsələni öyrənmək vacibdir:
Birincisi: Elm. Bu, Uca Allahı, Onun peyğəmbərini və İslam dinini dəlilləri ilə tanımaqdır.
İkincisi: Ona əməl etmək.
Üçüncüsü: Allahın dininə dəvət etmək.
Dördüncüsü: Bu yolda əziyyətə səbr etmək.
Dəlil isə, Uca Allahın bu sözləridir: “Mərhəmətli və Rəhmli Allahın adı ilə. And olsun əsrə (zamana, əsr vaxtına və ya əsr namazına)! Həqiqətən, insan xüsran içərisindədir. Yalnız iman gətirib saleh əməllər edənlər, bir-birinə haqqı tövsiyə edənlər və bir-birinə səbri tövsiyə edənlərdən başqa". (Asr 103 surəsi, ayələr 1-3).
İmam əş-Şafi, Allah ona rəhmət etsin, demişdir: "Əgər Uca Allah məxluqatına bu surədən başqa heç bir höccət nazil etməsəydi, bu surə onlara kifayət edərdi".
Buxari - rahiməhu-Llahu təalə - demişdir: "Fəsil: Elm, söz və əməldən qabaqdır. Dəlili isə Uca Allahın bu sözüdür: «Bil ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və günahının bağışlanmasını dilə...» (Muhəmməd 47 surəsi, ayə 19). Beləliklə, Allah söz və əməldən öncə elmlə başladı".
Bil ki, - Allah sənə rəhm etsin - hər bir müsəlman kişiyə və qadına bu üç məsələni öyrənmək və onlara əməl etmək vacibdir:
Birincisi: Allah bizi yaratmış, ruzi vermiş və başlı-başına buraxmamışdır; əksinə, bizə bir rəsul göndərmişdir. Kim ona itaət edərsə, Cənnətə daxil olar, kim də ona asi olarsa, Cəhənnəmə daxil olar.
Dəlil isə, Uca Allahın bu sözüdür: "(Ey Məkkə əhli!) Biz (Musanı) Firona elçi göndərdiyimiz kimi sizə də (qiyamət günü əməllərinizə) şahidlik edəcək (Muhammədi) elçi göndərdik. Firon elçiyə (Musaya) asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq". (Muzzəmmil 73 surəsi, ayələr 15-16).
İkincisi: Allah, Ona ibadətdə heç kəsin - nə yaxın bir mələyin, nə də göndərilmiş bir peyğəmbərin - şərik qoşulmasına razı olmaz. Buna dəlil isə Uca Allahın bu ayəsidir: "Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!". (Cin 72 surəsi, ayə 18).
Üçüncüsü: rəsula itaət edən və Allahı təkləşdirən kimsəyə, ən yaxın qohumu olsa belə, Allaha və Onun rəsuluna düşmənçilik edənləri dost tutmaq icazəli deyildir.
Dəlil isə, Uca Allahın bu sözüdür: "(Ey peyğəmbər!) Allaha və Axirət gününə iman gətirən bir qövmün – ataları, oğulları, qardaşları yaxud qohum-əqrəbaları olsalar belə – Allaha və Onun rəsuluna düşmən olan kimsələrə sevgi bəslədiyini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidir. Bilin ki, məhz Allahın firqəsi nicat tapanlardır". (Mucadilə 58 surəsi, ayə 22).
Bil ki, - Allah səni Öz itaətinə müvəffəq etsin - həniflik – İbrahimin - aleyhi-ssəlam - dini, dini yalnız Ona məxsus edərək tək Allaha ibadət etməkdir. Allah bütün insanlara bunu əmr etmiş və onları bunun üçün yaratmışdır. Necə ki, Uca Allah buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım". (Zariyat 51 surəsi, ayə 56). “Mənə ibadət edirlər” sözünün mənası: Yəni: İbadətdə Məni təkləşdirirlər.
Allahın əmr etdiyi ən böyük şey tövhiddir (təkallahlıq) və o, Allahı ibadətdə təkləşdirməkdir.
Allahın qadağan etdiyi ən böyük şey isə şirkdir (Allah şərik qoşmaqdır) və buda, Allahla birlikdə başqasına dua etməkdir.
Buna dəlil isə, Uca Allahın bu sözüdür: "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!" (Nisa 4 surəsi, ayə 36).
Əgər sənə deyilsə: "İnsanın bilməsi vacib olan üç əsas nədir?"
De: Bu, qulun Rəbbini, dinini və peyğəmbəri Muhəmmədi, sallallahu aleyhi və səlləm, tanımasıdır.
Birinci Əsas.
Əgər sənə: “Sənin Rəbbin kimdir?” – deyilsə,
De ki: “Mənim Rəbbim – məni və bütün aləmləri Öz nemətləri ilə tərbiyə edən (yetişdirən) Allahdır. O, mənim məbudumdur və Ondan başqa heç bir məbudum yoxdur”. Buna dəlil isə Uca Allahın bu ayəsidir: "Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur!" (Fatihə 1 surəsi, ayə 2). Allahdan başqa hər bir şey aləmdir (məxluq olunmuş bir varlıqdır) və mən də o aləmdən biriyəm.
Əgər sənə: “Rəbbini nə ilə tanıdın?” – deyilsə,
De ki: “Onun ayələri və məxluqları ilə”.
Onun dəlillərindən (nişanələrindən) biri də gecə, gündüz, günəş və aydır.
Yeddi göy və onların içindəkilər, yeddi yer və onların içindəkilər və onların arasında olanlar da Onun yaratdıqlarındandır.
Dəlil isə, Uca Allahın bu sözüdür: "Gecə və gündüz, günəş və ay Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin". (Fussilət 41 surəsi, ayə 37).
Uca Allah buyurur: "Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Şübhəsiz ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah (ən əzəmətli), xeyiri və bərəkəti bol olandır". (Əraf 7 surəsi, ayə 54).
Rəbb, ibadət olunmağa layiq olan Zatdır (haqq məbud). Buna dəlil isə Uca Allahın bu sözüdür: "Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız. O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın". (Bəqərə 2 surəsi, ayələr 21-22).
İbn Kəsir, Allah ona rəhmət etsin, demişdir: "Bu şeyləri Yaradan ibadət olunmağa layiqdir".
Allahın əmr etdiyi ibadət növləri bunlardır: İslam, İman, Ehsan; habelə Dua, xof, ümid, təvəkkül, rəğbət, qorxu, xuşu, xəşyət, tövbə (inabə), istianə, istiazə, istiğasə, qurban kəsmək, nəzir və Allahın əmr etdiyi digər ibadət növləri. Bütün bu ibadətlər yalnız Uca Allaha məxsusdur. Buna dəlil isə Uca Allahın bu ayəsidir: "Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!" (Cin 72 surəsi, ayə 18).
Kim onlardan hər hansı birini Allahdan başqasına yönəldərsə, o, müşrik kafirdir; buna dəlil isə Uca Allahın bu buyruğudur: "Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!" (Muminun 23 surəsi, ayə 117).
Bir hədisdə belə deyilir: "Dua ibadətin özəyidir".
Dəlil isə, Uca Allahın bu sözüdür: "Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də duanıza cavab verim. Mənə ibadət etməyə təkəbbürlük göstərənlər Cəhənnəmə zəlil (rəzil) olaraq girəcəklər”. (Ğafir 40 surəsi, ayə 60).
Xofun dəlili isə, Uca Allahın bu sözüdür: "...onlardan xoflanmayın, Məndən qorxun, əgər möminsinizsə!". (Əli İmran 3 surəsi, ayə 175).
Rəcaya dəlil isə, Uca Allahın bu sözüdür: "Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, qoy yaxşı işlər görsün və Rəbbinə etdiyi ibadətlərində heç kəsi Ona şərik qoşmasın!" (Kəhf 18 surəsi, ayə 110).
Təvəkkülün dəlili isə, Uca Allahın bu sözüdür: "Əgər möminsinizsə, Allaha təvəkkül edin!" (Maidə 5 surəsi, ayə 23). Uca Allah buyurur: "Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər". (Talaq 65 surəsi, ayə 3).
Rəğbət, qorxu və xuşuya dəlil isə, Uca Allahın bu sözüdür: "Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər". (Ənbiya 21 surəsi, ayə 90).
Xəşyətin dəlili isə, Uca Allahın bu sözüdür: "Onlardan qorxmayın, Məndən qorxun". (Maidə 5 surəsi, ayə 3).
Tövbənin dəlili isə, Uca Allahın bu sözüdür: "Rəbbinizə dönün və Ona təslim olun..." (Zumər 39 surəsi, ayə 54).
Kömək diləməyin dəlili isə, Uca Allahın bu sözüdür: "Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik". (Fatihə 1 surəsi, ayə 5). Bir hədisdə belə deyilir: "Yardım dilədiyində Allahdan yardım dilə".
İstiəzənin (sığınacaq istəmək) dəlili isə, Uca Allahın bu sözüdür: "(Ey Peyğəmbər!) De: “Sığınıram sübhün Rəbbinə!" (Fələq 113 surəsi, ayə 1) və "(Ey Peyğəmbər!) De: “Sığınıram insanların Rəbbinə". (Nas 114 surəsi, ayə 1).
İstiğasənin (xilas olmağı istəmək) dəlili isə, Uca Allahın bu sözüdür: "O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da duanızı qəbul etmişdi...". (Ənfal 8 surəsi, ayə 9).
Qurban kəsməyin dəlili isə, Uca Allahın bu sözüdür: "De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür! Onun heç bir şəriki yoxdur...". (Ənam 6 surəsi, ayələr 162-163). Sünnədən olan dəlillərə gəldikdə isə: "Allah Ondan başqası üçün qurban kəsənə lənət etsin!".
Nəzrin dəlili isə, Uca Allahın bu sözüdür: "Onlar vəd etdikləri nəziri yerinə yetirər və şəri hər tərəfə yayılacaq gündən (Qiyamət günündən) qorxarlar". (İnsan 76 surəsi, ayə 7).
(İkinci Əsas)
İslam dinini dəlillərlə tanımaq. İslam: Tək Allaha ibadət etməklə Ona təslim olmaq, itaətlə Ona boyun əymək, Uca Allaha şərik qoşmaqdan və Ona şərik qoşan insanlardan uzaq olmaqdır.
O, üç mərtəbədən ibarətdir: İslam, İman və İhsan.
Hər bir mərtəbənin öz rüknları vardır.
İslamın rüknları beşdir: Allahdan başqa ibadətə haqqı olan həqiqi məbudun olmadığına və Muhəmmədin, sallallahu aleyhi və səlləm, Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq və Allahın Haram Evini həcc etmək.
Şəhadətin dəlili isə, Uca Allahın bu sözüdür: "Allah, mələklər və elm sahibləri də, Ondan başqa (ibadətə layiq olan) məbud olmadığına ədalətlə şahidlik etmişlər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O, Qüdrətlidir, Hikmət sahibidir". (Ali-İmran 3 surəsi, ayə 18).
Mənası isə: Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur.
“Lə iləhə” – Allahdan savayı ibadət olunan bütün varlıqları inkar etməkdir.
“İllə-Llah” — ibadətin yalnız Allaha məxsus olduğunu təsdiq etməkdir.
Allahın mülkündə şəriki olmadığı kimi, ibadət edilməsində də Onun şəriki yoxdur.
Bunu izah edən təfsir isə, Uca Allahın bu sözüdür: "Bir zaman İbrahim öz atasına və qövmünə (belə) dedi: “Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradandan başqa..” [Zuxruf surəsi, ayələr 26-27]. Uca Allah buyurur: "De: “Ey Kitab əhli! Bizimlə sizin aranızda olan eyni bir kəlməyə (tərəf) gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar yenə üz çevirsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”. (Ali-İmran 3 surəsi, ayə 64).
Muhəmməd Allahın rəsuludur şəhadətinin dəlili Uca Allahın bu sözüdür: "Sizə özünüzdən elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir". (Tövbə 9 surəsi, ayə 128).
“Muhəmmədən rəsulu-Llah” - şəhadətinin mənası isə: əmr etdiklərinə itaət etmək, xəbər verdiklərini təsdiqləmək, qadağan etdiklərindən uzaq durmaq və Allaha yalnız onun buyurduğu şəkildə ibadət etməkdir.
Namazın, zəkatın və tövhidin izahının dəlilinə gəldikdə isə, Uca Allah belə buyurur: "Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək (hənif olaraq) ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdur. Doğru din də elə budur!". (Beyyinə 98 surəsi, ayə 5).
Oruca dəlil isə, Uca Allahın bu sözüdür: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (Allahdan) qorxasınız". (Bəqərə 2 surəsi, ayə 183).
Həccin dəlili isə, Uca Allahın bu sözüdür: "Yoluna gücü çatan hər kəsin (müqəddəs) Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur". (Ali-İmran 3 surəsi, ayə 97).
İkinci mərtəbə: İman: o, yetmişdən çox şöbədən ibarətdir. Onun ən yüksək mərtəbəsi “Lə ilahə illə-Llah” sözüdür, ən aşağı dərəcəsi isə yolda əziyyət verən maneəni uzaqlaşdırmaqdır. Həya da imanın şöbəsindəndir.
İmanın rüknları altıdır: Allaha, mələklərinə, kitablarına, rəsullarına, axirət gününə və qədərin xeyrinə və şərinə iman etmək.
Bu altı ərkana dəlil isə, Uca Allahın bu sözüdür: "Yaxşı əməl heç də üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, (hər bir səmavi) kitaba və peyğəmbərlərə iman gətirən şəxslərdir". (Əl-Bəqərə 2 surəsi, ayə 177).
Qədərə dəlil isə, Uca Allahın bu sözüdür: "Biz hər şeyi (əzəldən təqdir etdiyimiz) bir qədər ilə yaratdıq". (Qəmər 54 surəsi, ayə 49).
Üçüncü mərtəbə: Ehsan. Bu, bir rükundur. Ehsan: Sənin Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsən də, O, səni görür.
Dəlil isə, Uca Allahın bu sözüdür: "Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir". (Nəhl 16 surəsi, ayə 128).
Uca Allah buyurur: "Qüdrətli və Rəhmli olana təvəkkül et! O səni (namaza) duranda da görür, səcdə edənlər içində hərəkətinidə". (Şuəra 26 surəsi, ayələr 217-219).
Uca Allah buyurur: "(Ey Muhamməd) Sən hansı bir iş görsən, Qurandan nə oxusan, (ey insanlar) siz (də) nə iş görsəniz, onları etdiyiniz zaman Biz sizə şahid olarıq...". (Yunus 10 surəsi, ayə 61). Ayə
Sünnədən dəlil, Ömərin, Allah ondan razı olsun, rəvayət etdiyi məşhur Cəbrail hədisidir. O demişdir: "Bir gün biz rəsulu-Llah, Allahın salavatı və salamı onun üzərinə olsun, yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, ilə üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: “Ey Muhəmməd!
Mənə İslam haqqında xəbər ver?".
Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, buyurdu: “İslam odur ki, Allahdan başqa haqq məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən”. Adam: “Doğru söylədin!” – dedi. Biz ona təəccüb etdik, o həm sual verdi, həm də cavabın doğru olduğunu bildirdi.
Dedi: “Mənə iman haqqında xəbər ver”.
Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, cavab verdi: "Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə və qədərin xeyrinə və şərinə iman etməyindir". O da dedi: "Doğru dedin".
Dedi: “Elə isə mənə Ehsan barədə xəbər ver”.
Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, cavab verdi: "Allaha sanki Onu görürmüşsən kimi ibadət etməyindir. Sən Onu görməsən də, O səni görür".
Dedi: “Elə isə mənə Qiyamət saatı haqqında xəbər ver?”
Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, cavabında belə dedi: “Bu barədə sual verilən kəs sual verəndən daha çox bilmir”.
Dedi: “Elə isə mənə onun əlamətləri barədə xəbər ver”.
Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, cavabında belə dedi: “Kəniz öz ağasını doğacaq, ayaqyalın, çılpaq, yoxsul, dəvə otaran çobanlar da hündür binalar tikməkdə bir-biri ilə yarışacaqlar”.
Ömər dedi ki, sonra o adam çıxıb getdi. Bir müddətdən sonra peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, mənə belə dedi: «Ey Ömər! O sual verənin kim olduğunu bilirsənmi?». Mən: "Allah və rəsulu daha yaxşı bilir" – deyə cavab verdim. Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, dedi: «O Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdir».
[Üçüncü Əsas]
Peyğəmbəriniz Muhəmmədin - sallallahu aleyhi va səlləm - tanınması. O, Muhəmməd bin Abdullah bin Abdulmüttəlib bin Haşimdir. Haşim, Qureyş qəbiləsindəndir. Qureyş qəbiləsi isə Ərəb millətindəndir. Ərəb milləti isə Allahın dostu İbrahimin oğlu İsmailin zürriyyətindəndir - ona və peyğəmbərimizə Allahın salavatı və salamı olsun.
O, altmış üç il yaşamışdır. Bunun qırx ili peyğəmbərlikdən öncə, iyirmi üç ili isə peyğəmbər və elçi olaraq keçmişdir.
Ona “İqra” (“Oxu”) surəsi ilə peyğəmbərlik verildi, “Muddəssir” surəsi ilə elçi göndərildi. Vətəni isə Məkkədir.
Allah onu şirkdən çəkindirmək və tövhidə dəvət etmək üçün göndərmişdir. Dəlil isə Uca Allahın bu sözüdür: "Ey (libasına) sarınan (peyğəmbər)! Qalx (insanları) xəbərdar et! Rəbbini uca tut! Libasını təmizlə! (nəfsini günahlardan pak et!) Pis şeyləri tərk et! (bütlərə ibadət etməkdən uzaq dur!) Çox görərək minnət qoyma (yaxşılığı təmənna məqsədilə etmə!) Və Rəbbin üçün səbir et!" (Muddəssir 74 surəsi, ayələr 1-7).
Ayənin mənası: "Qalx (insanları) xəbərdar et!" - Yəni - şirkdən çəkindirir, tövhidə dəvət edir.
"Rəbbini uca tut!" - Yəni: Onu tövhidlə uca tut.
"Libasını təmizlə! (nəfsini günahlardan pak et!)" - Yəni: Əməllərini şirkdən təmiz saxla.
"Pis şeyləri tərk et! (bütlərə ibadət etməkdən uzaq dur!)" - ər-Rucz: bütlərdir. Onlardan uzaqlaşmaq isə onları tərk etmək və onlardan, eləcə də onların sahiblərindən üz çevirməkdir.
O, on il ərzində (Məkkədə) Tövhidə dəvət etdi və on ildən sonra səmaya qaldırıldı. Ona beş vaxt namaz fərz edildi. Məkkədə üç il namaz qıldı, daha sonra ona Mədinəyə hicrət etmək əmr edildi.
Hicrət: şirk diyarını tərk edib, İslam diyarına köçməkdir.
Hicrət bu ümmətə şirk diyarından İslam diyarına köç etmək fərzdir. Bu farz Qiyamət gününə qədər davam edəcəkdir.
Dəlil isə, Uca Allahın bu sözüdür: "Mələklər özlərinə zülm edənlərin canlarını alarkən (onlara:) “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!” – deyə cavab verəcəklər. (Mələklər də onlara:) “Məgər Allahın yeri (diyarınızı tərk etmənizə yetəcək) qədər geniş deyildimi ki, siz də orada hicrət edəydiniz?” – deyəcəklər. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir. Yalnız (zülmə qarşı) çarə qılmağa qadir olmayan və (hicrət etməyə) yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar müstəsnadır". (Nisa 4 surəsi, ayələr 97-98).
Uca Allah buyurur: "Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin". (Ənkəbut 29 surəsi, ayə 56).
əl-Bəğəvi, Allah ona rəhmət etsin, demişdir: "Bu ayənin nazil olma səbəbi, Məkkədə olub hicrət etməyən müsəlmanlardır ki, Allah onları iman adı ilə çağırmışdır".
Hicrətə Sünnədən dəlil isə, peyğəmbərin, sallallahu aleyhi və səlləm, bu sözüdür: "Tövbə kəsilmədikcə hicrət kəsilməyəcəkdir, günəş məğribdən çıxmadıqca da tövbə kəsilməyəcəkdir".
Mədinədə məskunlaşdıqda, ona İslam şəriətinin qalan hökmləri: zəkat, oruc, həcc, azan, cihad, yaxşılığı əmr edib pislikdən çəkindirmək kimi əmr olundu və o, bu hal üzərə on il qaldı.
Peyğəmbər, sallallahu aleyhi və səlləm, vəfat etdi, lakin onun dini qalmaqdadır. Bu, onun dinidir. Elə bir xeyir yoxdur ki, ümmətini ona yönəltməsin və elə bir şər yoxdur ki, onları ondan çəkindirməsin.
Onlara göstərdiyi xeyir isə tövhid və Allahın sevdiyi, razı qaldığı bütün şeylərdir.
Onları çəkindirdiyi şər isə şirk və Allahın bəyənmədiyi və rədd etdiyi bütün şeylərdir.
Uca Allah onu bütün insanlara göndərmiş və hər iki aləmə – cinlərə və insanlara – ona itaəti vacib etmişdir. Bu haqda Uca Allah buyurur: "De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm..." (Əraf 7 surəsi, ayə 158).
Allah Onunla dini kamilləşdirdi. Dəlil isə, Uca Allahın bu sözüdür: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim". (Maidə 5 surəsi, ayə 3).
Onun ölümünə dəlil isə, Uca Allahın bu sözüdür: "(Ey Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər! Sonra siz Qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz". (Zümər 39 surəsi, ayələr 30-31).
İnsanlar öldükdən sonra dirildiləcəklər və buna dəlil Uca Allahın bu ayəsidir: "Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq". (Ta-Ha 20 surəsi, ayə 55). Uca Allah buyurur: "Allah sizi (atanız Adəmi) yerdən bir bitki kimi bitirdi. Sonra sizi ora qaytaracaq və (qiyamət günü dirildib oradan təkrar) çıxardacaqdır". (Nuh 71 surəsi, ayələr 17-18).
İnsanlar dirildikdən sonra haqq-hesaba çəkiləcək və onlara əməllərinin əvəzi veriləcəkdir. Buna dəlil isə Uca Allahın bu ayəsidir: "(Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür". (Nəcm 53 surəsi, ayə 31).
Dirilişi yalan sayan kimsə kafir olar. Buna dəlil isə Uca Allahın bu ayəsidir: "Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. (Ey peyğəmbər!) De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə (dünyada) etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır!” (Təğabun 64 surəsi, ayə 7).
Allah elçilərin hamısını müjdə verən və qorxudan olaraq göndərmişdir. Buna dəlil isə Uca Allahın bu ayəsidir: "(Biz) müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın". (Nisa 4 surəsi, ayə 165).
Onların birincisi Nuh peyğəmbərdir, Allahın ona salamı olsun.
Onların sonuncusu Muhəmməddir, sallallahu aleyhi və səlləm. O, peyğəmbərlərin sonuncusudur, ondan sonra heç bir peyğəmbər olmayacaqdır. Buna dəlil olaraq Uca Allah buyurur: "Muhamməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur..." (Əhzab 33 surəsi, ayə 40).
Onların birincisi Nuh peyğəmbər olmasına dəlil isə, Uca Allahın bu sözüdür: "Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik...". (Nisa 4 surəsi, ayə 163).
Uca Allah hər bir ümmətə – Nuhdan Muhəmmədə qədər – onlara tək Allaha ibadət etməyi əmr edən və tağuta ibadət etməkdən çəkindirən bir rəsul göndərmişdir. Bunun dəlili isə Uca Allahın bu kəlamıdır: "Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə,) peyğəmbər göndərdik..." (Nəhl 16 surəsi, ayə 36).
Allah bütün bəndələrə tağutu inkar etməyi və Allaha iman gətirməyi vacib etmişdir.
İbn əl-Qayyim, Allah ona rəhm etsin, demişdir: “Tağut” sözü qulun həddini aşdığı hər şeyi ifadə edir. Bu ya ibadət edilən ya ardınca gedilən ya da itaət olunan hər bir şey ola bilər".
Tağutlar çoxdur, onların başçıları beşdir: İblis, Allah onu lənət etsin, özünə ibadət olunmasından razı olan, insanları özünə ibadətə çağıran, qeyb elmindən bir şey bildiyini iddia edən və Allahın nazil etdiyindən başqası ilə hökm verən kəs.
Dəlil isə, Uca Allahın bu sözüdür: "Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan fərqlənir. Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir". (Bəqərə 2 surəsi, ayə 256). Bu, “Lə iləhə illə-Llah” - "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur" - sözünün mənasıdır, hədisdə isə deyilir: "Dinin başı İslamdır, dirəyi namazdır, ən uca zirvəsi isə Allah yolunda cihaddır".
Doğrusunu Allah bilir.