Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) qısa həyatı.
Hazırlayan: Müqəddimə. Allahın adı ilə. Həmd yalnız Allaha məxsusdur! Salat və salam peyğəmbərlərin sonuncusu olan Muhammədə olsun! Daha sonra: Bu, peyğəmbərlərin və elçilərin seyyidi, rəsulların sonuncusu və bütün Adəm övladının ağası və başçısı olan Məhəmmədin qısa həyat yoludur. O, Allahın salavatı və salamı onun üzərinə olsun, kamil nümunə və gözəl örnəkdir, dünya ona tay ola biləcək böyük bir şəxsiyyət görməmişdir. Onun əxlaqı Quran idi. Möminlərin anası Aişədən, Allah ondan razı olsun, Allahın elçisinin, Allahın salavatı və salamı onun üzərinə olsun, əxlaqı barədə soruşulduqda o, belə…
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
Muhəmməd Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) qısa həyatı.
Hazırlayan:
İslami Məzmun Xidmətləri Cəmiyyətinin Müxtəlif Dillər üzrə Elmi Komitəsi.
Müqəddimə.
Allahın adı ilə. Həmd yalnız Allaha məxsusdur! Salat və salam peyğəmbərlərin sonuncusu olan Muhammədə olsun! Daha sonra:
Bu, peyğəmbərlərin və elçilərin seyyidi, rəsulların sonuncusu və bütün Adəm övladının ağası və başçısı olan Məhəmmədin qısa həyat yoludur. O, Allahın salavatı və salamı onun üzərinə olsun, kamil nümunə və gözəl örnəkdir, dünya ona tay ola biləcək böyük bir şəxsiyyət görməmişdir. Onun əxlaqı Quran idi. Möminlərin anası Aişədən, Allah ondan razı olsun, Allahın elçisinin, Allahın salavatı və salamı onun üzərinə olsun, əxlaqı barədə soruşulduqda o, belə demişdir: "Sən Quran oxumursanmı?". Dedim: "Əlbəttə oxuyuram". O dedi: "Allahın Rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, əxlaqı Quran idi". [Hədisi Müslim rəvayət etmişdir]. Uca Allah buyurur: "Həqiqətən də, sən böyük əxlaq sahibisən!". (Qələm 68 surəsi, ayə 4).
Biz onun gözəl həyatını məhz ondan öyüd-nəsihət və ibrət almaq üçün oxuyuruq. Çünki o, Uca Allahın sözünə əməl edərək imanda, əməllərdə və sözlərdə özümüzə nümunə götürdüyümüz imamımızdır: "Allahın rəsulunda sizlər, Allaha və Axirət gününə ümidini bağlayanlar və Allahı çox zikr edənlər üçün gözəl örnək vardır". (Əhzab 33 surəsi, ayə 21).
Biz bu "siranı" (yəni: peyğəmbərin – Allahın salavatı və salamı onun üzərinə olsun – həyatını) həm böyüklər üçün münasib, həm də uşaqların təlimi üçün yararlı olan asan başa düşülən bir üslubla, sira hadisələri və onlardan alınan faydaları özündə cəm edən nəqli bir üslubda yazdıq. Asan başa düşülməsi və qavranılması üçün isə onu tərtib olunmuş dərslər formasında hazırladıq.
Biz bu kitabçada Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həyatının bütün təfərrüatlarını əhatə etmədən, onun əsas məqamlarına və ən mühüm hadisələrinə diqqət yetirdik. Bu qısa həyat yolu onun (sallallahu aleyhi və səlləm) doğulmasından başlayaraq vəfatına qədər olan dövrü əhatə edir.
Uca Allahdan bunun faydalı olmasını, qəbul edilməsini, bizi və sizi bağışlamasını diləyirik.
Birinci dərs: Risalələrin məqsədləri:
Bütün ilahi risalələr uca məqsədlərdə ortaqdır. Bu məqsədləri qısaca belə xülasə etmək olar:
Birincisi: Məxluqatı Tək Allaha ibadət etməyə və Ondan başqasına ibadət etməyi tərk etməyə dəvət etmək. Uca Allah buyurur: (Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir naqq məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək". (Ənbiya 21 surəsi, ayə 25).
İkincisi: İnsanları küfr və şirk zülmətlərindən tövhid nuruna çıxarmaqdır. Uca Allah buyurur: "Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən nura çıxarar. Kafirlərin dostları isə tağutdur, onları nurdan zülmətlərə çıxarar. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar". (Bəqərə 2 surəsi, ayə 257). Uca Allah buyurur: "Allah, Onun rizasını arayan kəsləri onunla (Muhamməd və ya Quranla) əmin-amanlıq yollarına yönəldər, onları Öz izni ilə zülmətlərdən nura çıxarar və düz yola yönəldər". (Maidə 5 surəsi, ayə 16).
Üçüncüsü: Məxluqların Allahdan savayı bir-birlərini özlərinə rəbb götürməmələridir. Uca Allah buyurur: "De: “Ey Kitab əhli! Bizimlə sizin aranızda olan eyni bir kəlməyə (tərəf) gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar yenə üz çevirsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”. (Ali-İmran 3 surəsi, ayə 64). Uca Allah buyurur: "O, sizə mələkləri və peyğəmbərləri özünüzə rəbb qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra küfr etməyi əmr edərmi? (Ali-İmran 3 surəsi, ayə 80).
Dördüncüsü: Tağutu inkar etmək. Uca Allah buyurur: "Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir". (Bəqərə 2 surəsi, ayə 256). Buna görə də müsəlman etiqad etməlidir ki, Allahdan başqa ibadət edilən hər bir şey batildir.
Beşinci: Şirkdən və şirk əhlindən uzaq durmaq. Uca Allah buyurur: "İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa ibadət etdiklərinizdən uzağıq. Biz sizi inkar edirik. Siz tək olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!”. (Mumtəhinə 60 surəsi, ayə 4).
Beləliklə, bütü peyğəmbərlər (Allahın onlara salamı olsun) öz qövmlərini bu əzəmətli əsaslara dəvət etmişlər.
Altıncısı: Dinin hamısının Allaha məxsus olması. Uca Allah buyurur: "Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər (küfr etməyə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görəndir". (Ənfal 8 surəsi, ayə 39). Uca Allah buyurur: "(İslamı) bütün dinlərdən üstün etmək üçün Öz rəsulunu hidayət və haqq din ilə göndərən Odur. Şahid olaraq Allah yetər". (Fəth 48 surəsi, ayə 28). Məxluqat ancaq İslamla ibadət edə bilər. Uca Allah buyurur: "Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali-İmran 3 surəsi, ayə 85).
Yeddinci: Həyatın bütün dini və dünyəvi işlərində Allahın şəriətinə əməl etmək və insanların Allahın şəriətindən başqa bir şəriətə tabe olmamaq. Uca Allah buyurur: "Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?! Əgər (cəzanın gecikdirilməsinə dair) qəti Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab vardır". [Şura 42 surəsi, ayə 21].
İkinci dərs: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatına giriş.
Birincisi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatının tərifi:
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatı — onun (aleyhi-ssalam) doğulduğu vaxtdan alicanab dostları ilə (peyğəmbərlər, sidq ürəkdən inananlar, şəhidlər və əməlisalehlərlə birlikdə) qovuşduğu vaxta qədər həyatı, sünnəsi, zahiri görnüşü, gözəl əxlaqı, döyüşləri və hərbi yürüşləri haqqında bizə gəlib çatan bütün rəvayətləri araşdıran elmdir.
İkincisi: Sirəni öyrənməyin faydaları və əhəmiyyəti:
1- Risalət şəhadətini yerinə yetirmək: Çünki Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sirasını öyrənmək, onun halları ilə yaxından tanış olmaq və yoluna tabe olmaqla qulun imanı və təsdiqi artır və o, "Muhəmməd Allahın elçisidir" şəhadət kəlməsini həyatında yaşamış olur.
2- Örnək və nümunə: Peyğəmbər (sallallahu aleyhi və səlləm) həyatımızın bütün işlərində onunla doğru yola yönəldiyimiz bir nur və ardınca getdiyimiz bir nümunə olsun deyə. Uca Allah buyurur: "Allahın Rəsulunda sizlər, Allaha və Axirət gününə ümidini bağlayanlar və Allahı çox zikr edənlər üçün gözəl örnək vardır". (Əhzab 33 surəsi, ayə 21).
3- Qurani-Kərimi başa düşmək: Belə ki, sirə (Peyğəmbərin həyatı) Əziz Kitabın ayələrinin əməli tətbiqidir. Çünki onun (səllallahu aleyhi va səlləm) əxlaqı Quran idi və nazilolma konteksti ilə vəhyin məqsədləri məhz onun vasitəsilə bilinir.
4- Peyğəmbərin sünnəsini anlamaq. Belə ki, Onun (Allahın salavatı və salamı onun üzərinə olsun) mövqeləri və əməlləri vasitəsilə hədislərinin mənaları və onların real tətbiqləri bizə aydın olur.
5- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sevgisini aşılamaq: Çünki sevgi tanımaqla yaranır. Onun fəzilətini və böyük qədr-qiymətini bilməyin həyatının təfərrüatlarını və fədakarlıqlarını öyrənməkdən başqa yolu yoxdur.
7- İbrət götürmək və bəsirətli olmaq. Onun (sallallahu aleyhi va səlləm) həyatından dərslər və ibrətlər çıxarmaq üçün. Çünki o, bəla zamanı səbir etməkdə, nemət zamanı şükür etməkdə və hər bir halda sabitqədəm olmaqda bir nümunədir.
7- Dünya və axirət səadətinə nail olmaq. Dünyada qurtuluş və axirətdə nicat yalnız onun (Allahın salavatı və salamı onun üzərinə olsun) izi ilə getmək və onun hidayətini özünə nümunə götürməklə mümkündür.
Üçüncüsü: Sələflərin Peyğəmbərin həyatını öyrənməkdə tutduğu yol:
Saleh sələflər bu elmin dəyərini dərk etmiş və Qurani-Kərimi mütəmadi olaraq oxuduqları kimi, onu da mütəmadi olaraq oxuyurdular:
Zeynəlabidin Əli bin Hüseyn bin Əli (Allah onlardan razı olsun) demişdir: "Bizə Allah rəsulunun (sallallahu əleyhi va səlləm) döyüşlərini və hərbi yürüşlərini Qurandan bir surəni öyrəndiyimiz kimi öyrənirdik".
İsmayıl bin Məhəmməd bin Səd bin Əbu Vəqqas (Allah onlardan razı olsun) belə demişdir: Atam bizə Allah rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qəzvalarını öyrədər və belə deyərdi: "Ey övladlarım, bunlar atalarınızın şanlı əməlləridir, onların xatirəsini zay etməyin". [Bax: Xətib əl-Bağdadinin “əl-Cami li əxlaq ər-ravi və ədab əs-sami”, 2/287-288].
Üçüncü dərs: Peyğəmbərin (sallallahu aleyhi va səlləm) şərəfli nəsəbi:
Birincisi: Atası tərəfdən nəsəbi:
O, bəxş edilmiş rəhmət və lütf edilmiş nemətdir: Əbul-Qasim Muhəmməd bin Abdullah bin Abdulmuttalib bin Həşim bin Abdumənaf bin Qusay bin Kilab bin Murrə bin Kəb bin Luəy bin Ğalib bin Fihr bin Malik bin Nədr bin Kinanə bin Xuzeymə bin Mudrikə bin İlyas bin Mudar bin Nizar bin Məad bin Ədnandır.
Bu şərəfli nəsil Allahın peyğəmbəri İbrahimin oğlu İsmailə (Allahın onlara salavatı və salamı olsun) gedib çıxır.
İkincisi: Anası tərəfdən nəsəbi:
O: Əminə bint Vəhb bin Əbdu Mənaf bin Zöhrə bin Kiləb bin Murrədir. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) anasının nəsəbi atasının nəsəbi ilə babaları "Kiləb bin Murrə"də birləşir ki, bu da onun əslinin hər iki tərəfdən Qüreyşin ən şərəfli və ən pak ailələrindən olduğuna dəlalət edir.
Çıxarılan faydalar:
1- Onun (Allahın salavatı və salamı onun üzərinə olsun) nəsəbi peyğəmbərlərin atası İbrahimə - aleyhi-ssəlam - bağlanır ki, bu da peyğəmbərliyin bu mübarək şəcərədə davam etdiyini təsdiq edir.
2- Onun (Allahın salavatı və salamı onun üzərinə olsun) nəsəbi heç şübhəsiz nəsəblərin ən şərəflisi, nəcabətcə ən pakı və ən təmizidir, Allah onu ən xeyirli qəbilələrdən və ən hörmətli ailələrdən seçmişdir. Bu barədə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur: «Həqiqətən, Allah İsmayıl övladlarından Kinanəni seçmişdir, Kinanədən Qüreyşi seçmişdir, Qüreyşdən Bəni Haşimi seçmişdir, Bəni Haşimdən də məni seçmişdir». [Hədisi Müslim rəvayət etmişdir].
Üçüncü dərs: Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) dünyaya gəlməsi və boya-başa çatması:
Atasının vəfatı: Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) atası, o, hələ anasının bətnində olarkən vəfat etmişdir.
Dünyaya gəlməsi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Fil ilində, bazar ertəsi günü Məkkədə dünyaya gəlmişdir. Bu günün tarixinin və ayının müəyyən edilməsində ixtilaf edilmişdir. Belə ki, Rəbiuləvvəl ayının ikinci günündə olduğu deyilmiş, həmin ayın üçündə olduğu deyilmiş, doqquzunda olduğu deyilmiş, onunda olduğu deyilmiş və on ikisində olduğu deyilmişdir. Həmçinin, Səfər ayında dünyaya gəldiyi deyilmiş və Rəbiulaxır ayında olduğu bildirilmişdir.
Süd anaları: Onu Həlimə əs-Sə’diyyə və əmisi Əbu Ləhəbin kənizi Suveybə əmizdirmişdir. O, anasından sonra onu əmizdirən ilk qadın olmuşdur. Atasının kənizlikdən azad etdiyi həbəşistanlı Ümmü Əymən Bərəkə isə ona dayəlik etmişdir.
Sinənin yarılması hadisəsi: Bu hadisə o (sallallahu əleyhi va səlləm) Bəni Səd çölündə kiçik uşaq ikən baş vermişdir. O, uşaqlarla oynayarkən və təqribən dörd yaşında olarkən Cəbrail (aleyhi-ssalam) onun yanına gəldi, onun sinəsini yardı, oradan bir qan laxtasını çıxardı və dedi: "Bu, Şeytanın səndəki payıdır", sonra qəlbini qızıl tasda Zəmzəm suyu ilə yudu. [Hədisi Müslim rəvayət etmişdir].
Anasının və babasının vəfatı: Onun altı yaşı olarkən anası vəfat etmişdir. Bundan sonra onu babası Abdul-Muttalib himayə etmişdir. Sonra babası onun səkkiz yaşında olarkən vəfat etmişdir. Bundan sonra ona əmisi Abu Talib himayədarlıq etmişdir.
Çıxarılan faydalar:
1. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yetim olaraq doğulmuş və o, kiçik ikən anası vəfat etmişdir. Bunda kiçik yaşlarında atasını və ya anasını itirmiş kimsə üçün bir təsəlli vardır. Böyük yaşlarında ikən onların hər ikisini itirmiş kimsə üçün isə bu, daha böyük bir təsəllidir.
2- Allahın Öz peyğəmbərinə kiçik yaşlarından bəri qayğı göstərməsi. Bunlardan biri də Uca Allahın bu kəlamıdır: "Məgər O, səni yetim ikən tapıb sığınacaq vermədimi?!" [Duha 93 surəsi, ayə 6]. Yəni: (Rəbbin) səni anasız və atasız tapdı. Valideynlərin dünyadan köçmüşdü və sən özün özünə heç bir tədbir görə bilmirdin. Allah sənə sığınacaq verdi və səni qorudu, baban Əbdülmüttəlibi sənə himayədar etdi. Sonra baban dünyadan köçdükdə, əmin Əbu Talib səni öz himayəsinə götürdü.
3- Bilməliyik ki, qulun həqiqi qoruyucusu və himayədarı Allahdır. Belə ki, bu Peyğəmbər (sallallahu aleyhi və səlləm) yetim olaraq böyümüş, Allah onu himayə edəcək kimsələri ona nəsib etmiş, sonra onu insanlara göndərmiş və bütün Adəm övladlarının ən xeyirlisi və aləmlərə örnək etmişdir.
4- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbinin təmiz olması və uşaqlığından bəri şeytanın vəsvəsələrindən qorunması. Belə ki, Uca Allah onun qəlbini cismən və mənən təmizləyərək onu peyğəmbərliyə hazırlamışdır.
5- Fayda: Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) və onun səhabələrindən (Allah onlardan razı olsun) onun mövlud gecəsinin və ya gününün hər hansı bir mərasim və ya müəyyən bir ibadətlə xüsusiləşdirilməsi barədə heç bir səhih məlumat sabit olmamışdır. Buna görə də bütün xeyir onların yoluna tabe olmaqda və onların etmədikləri əməlləri tərk etməkdədir.
Dördüncü dərs: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərilməsindən əvvəlki həyatı. Bu, vəhy nazil edilməzdən öncəki mərhələdir və o dövrdə o, nə peyğəmbər, nə də elçi idi.
Allahın peyğəmbərini qoruması: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cahiliyyə adətlərindən və onların şirkindən uzaq olaraq böyüyüb boy-başa çatdı. O, heç vaxt bütə səcdə etməmiş, şərab içməmiş və əsla çirkin işlər görməmişdir. O, insanların ən gözəl əxlaq sahibi və ən doğru danışanı idi, hətta "sadiq, dürüst və etibara layiq" olaraq tanınırdı. Qohumluq əlaqələrini qoruyar, qonağa ikram edər və kasıba kömək edərdi.
Şama ilk səfəri: Əmisi Əbu Talib ilə birgə Şama on iki yaşında ikən səfər etmişdir.
Ficar müharibəsi: O, iyirmi yaşında ikən bu müharibədə iştirak etmişdir. Bu müharibə Qüreyş və Kinanənin Qeys Eylana qarşı savaşı idi. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu müharibədəki rolu əmilərinə ox vermək, yəni: atmaqları üçün oxları onlara uzatmaq olmuşdur.
Hilful-Fudul: O, Məkkə qəbilələrinin haqqı özünə qaytarılana qədər hər hansı bir məzluma kömək etmək üçün əhd bağladıqları bu anda şahid olmuşdur.
İş və ruzi: O, Məkkə əhli üçün muzd müqabilində qoyun otarırdı, sonra isə Xədicənin (Allah ondan razı olsun) malı ilə ticarət edərək ikinci dəfə Şama səfər etdi.
Evliliyi: Xədicə (Allah ondan razı olsun) onun əmanətdarlığını və ticarətində hasil olan bərəkəti gördükdə, onunla ailə həyatı qurmaq istədi və o, iyirmi beş yaşında ikən onunla evləndi.
Tənha qalması və ibadəti: O, tənha qalmağı sevər və Hira mağarasında Allaha ibadət edərdi. Belə ki, o, özü ilə yemək və içmək götürər, sonra orada bir neçə gecə etikaf edərdi. Nəhayət, ona vəhy nazil oldu.
Kəbənin yenidən inşa edilməsi: Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) otuz beş yaşı olarkən Qureyş qəbiləsi Kəbəni yenidən inşa etdi və "Həcərul-Əsvəd" daşını Kəbədəki yerinə kimin qoyacağı barədə ixtilaf etdilər. Hətta az qala bir-biri ilə vuruşacaqdılar, nəhayət, yanlarına daxil olacaq ilk şəxsin aralarında hökm verməsinə razı oldular. Bu şəxs də Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) oldu. Onu gördükləri zaman: "Bu, Əmindir, biz ona razı olduq", - dedilər. Peyğəmbərimiz də (Allahın salavatı və salamı onun üzərinə olsun) "Həcərul-Əsvəd" daşını bir paltar içərisinə qoyub, qəbilə başçılarına o paltarın kənarlarından tutmağı əmr etdi, sonra öz şərəfli əlləri ilə onu qaldırıb Kəbədəki yerinə qoydu.
Çıxarılan faydalar:
1- Uca Allahın peyğəmbərini (sallallahu aleyhi və səlləm) peyğəmbərlikdən əvvəl şirkdən və günahlardan qoruması. Bu, peyğəmbərliyin başlanğıc əlamətlərindən və onun dəlillərindəndir.
2- Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sadiq və əmin insan kimi tanınardı və bu xüsusiyyətlər onun doğruluğuna ən güclü dəlil idi. Çünki insanlara yalan danışmaqdan uzaq olan bir kəsin Allaha qarşı yalan danışması mümkün deyildir.
3- Doğruluğun və əmanətdarlığın fəziləti. Bunlar möminin ən böyük vəsfləridir və insan bunlarla insanların etibarını və məhəbbətini qazanır.
4- Peyğəmbər (səllallahu əleyhi və səlləm) halal ruzi qazanmağa və öz əli ilə çalışmağa can atmış, belə ki, qoyun otarmış və ticarətlə məşğul olmuşdur. Bu isə bizə səy göstərməyi və səbəblərdən tutunmağı öyrədir.
5. Təvazökarlıq. Peyğəmbər (səllallahu aleyhi və səlləm) peyğəmbər olduqdan sonra qoyun otardığını söyləməkdən çəkinmədi. Bununla bizə öyrətdi ki, halal zəhmətlə işləmək şərəfdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur: "Allahın göndərdiyi hər bir peyğəmbər qoyun otarmışdır". [Hədisi Buxari rəvayət etmişdir].
6- Ağlın kamilliyi. Həcərül-əsvədi yerinə qoyarkən tutduğu mövqe qan tökülməsinin qarşısını almaqda və hamını razı salmaqda misilsiz zəka və hikməti sübut etdi. Bu isə Qureyş qəbilələrinin böyük başçılarının ağlına gəlməyən bir rəy idi.
Beşinci dərs: Vəhyin başlaması və Peyğəmbərə (salləllahu aleyhi va səlləm) nazil olması:
Vəhyin başlanması. Vəhyin və peyğəmbərliyin ilk əlamətləri Peyğəmbər (salləllahu aleyhi va səlləm) ömrünün qırx yaşına çatdıqda başlamışdır.
Gözəl yuxu. Vəhyin ilk başlanğıcı "gözəl yuxu" olmuşdur. Belə ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) yuxusunda elə bir yuxu görməzdi ki, reallıqda sübh çağının aydınlığı kimi gerçəkləşməsin.
Hira mağarasında. Peyğəmbər (salləllahu aleyhi va səlləm) ibadət etmək üçün Hira mağarasında xəlvətə çəkilərkən, Cəbrayil mələk (Allahın ona salamı olsun) Uca Allahdan olan vəhy ilə onun yanına gəldi.
Cəbrail mələk (Allahın ona salamı olsun) onun yanına gəlib ona: “Oxu!” – dedi. Peyğəmbər: “Mən oxumağı bacarmıram!” – deyə cavab verdi. Bu hal üç dəfə təkrarlandı və üçüncü dəfə Cəbrail ona “Ələq” surəsinin başlanğıc ayələrini oxudu: "(Ey Peyğəmbər!) Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi" (Ələq 96 surəsi, ayələr 1-5). Bunlar Quranın ilk nazil olan ayələri idi.
Xədicənin (Allah ondan razı olsun) Peyğəmbərə (salləllahu aleyhi va səlləm) olan dəstəyi. Peyğəmbər (salləllahu aleyhi va səlləm) vəziyyətin ağırlığından titrəyə-titrəyə zövcəsi Xədicənin yanına geri döndü və baş verənlər haqda ona xəbər verdi, o da ona ürək-dirək verərək belə dedi: "Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz. Çünki sən, qohumluq əlaqələrini birləşdirir, doğru danışır, zəiflərə kömək edir, ehtiyacı olan fəqirə yardım göstərir, qonağa çox yaxşı münasibət göstərir və çətin anlarda insanlara haqqıilə yardım edirsən".
Vəhyin kəsilməsi və sonra qayıtması. Vəhy qısa bir müddət kəsildi, bundan sonra Muddəssir surəsinin əvvəl ayələri nazil oldu: "Ey (libasına) sarınan (Peyğəmbər)! Qalx (insanları) xəbərdar et! Rəbbini uca tut! Libasını təmizlə! (nəfsini günahlardan pak et!) Pis şeyləri tərk et! (bütlərə ibadət etməkdən uzaq dur!)" (Muddəssir 74 surəsi, ayələr 1-5).
Çıxarılan faydalar:
1- Qırx yaş. Uca Allah vəhyin nazil olması üçün bu yaşı seçmişdir. Çünki o, ağlın kamilliyini və dərrakənin gücünü özündə əks etdirir. Necə ki, Uca Allah buyurur: "...Nəhayət, o, kamillik həddinə yetişib qırx yaşa çatdıqda..." (Əhqaf 46 surəsi, ayə 15).
2- Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərlikdən əvvəl öz qövmü içərisində qırx il yaşadı və onun onlar arasındakı pak həyat tərzi peyğəmbərliyinin və dəvətinin doğru olmasına ən böyük dəlil idi.
3- Allah Öz peyğəmbərini əzəmətli vəhy missiyasına sadiq yuxularla hazırladı və ona xəlvətə çəkilməyi sevdirdi.
4- Müsəlmanın Allahı zikr etmək və Onun mülkü barədə təfəkkür etmək üçün Rəbbi ilə baş-başa qalacağı bir vaxt ayırmasının əhəmiyyəti.
5- Saleh zövcənin təsiri. Bu, Xədicənin (Allah ondan razı olsun) mövqeyində və ərinə təsəlli verməsində açıq-aydın görünür. O, çətin anlarda dəstək və dayaq olmaqda bir nümunədir.
6- Xədicənin (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əxlaqını Allahın onu qoruyacağına dəlil gətirməsi. Çünki yüksək əxlaq şərlərdən xilas olmağa səbəbdir.
7- Muddəssir surəsində Peyğəmbərə əmr olunan ilk əməl Allahı təkləşdirməyə dəvət etmək və şirkdən çəkindirməkdir. Çünki tövhid dinin əsası və ən mühüm vacib əməldir.
İmam Təbəri (Uca Allah ona rəhmət etsin) öz təfsir kitabında bu ayə barədə belə demişdir: "Uca Allahın: (قُمۡ فَأَنذِرۡ) “Qalx (insanları) xəbərdar et!” sözünə gəldikdə, Uca Allah Öz Peyğəmbəri Məhəmmədə (səllallahu aleyhi və səlləm) belə buyurur: Yuxundan qalx və Allaha şərik qoşan, Ondan başqasına ibadət edən qövmünü Allahın əzabı ilə xəbərdar et".
Altıncı dərs: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkədə İslama dəvəti:
Gizli dəvət: İslama dəvət Məkkədə gizli olaraq başlamış və təqribən üç il davam etmişdir. Belə ki, ilk olaraq qadınlardan onun zövcəsi Xədicə bint Xuveylid, kişilərdən Əbu Bəkir əs-Siddiq, uşaqlardan Əli bin Əbi Talib, azad etdiyi kölələrdən Zeyd bin Hərisə və qullardan isə Bilal əl-Həbəşi (Allah onların hamısından razı olsun) iman gətirmişdir.
Əbu Bəkrin dəvəti ilə səhabələrdən seçilmiş bir qrup iman gətirdi, onlardan: Osman bin Əffan, Əbdürrəhman bin Auf, Səad bin Əbi Vəqqas, Səid bin Zeyd və Əbu Ubeydə bin əl-Cərrah.
Darul-Ərqəm: İlk müsəlmanlar dinlərini öyrənmək və müşriklərin gözündən uzaqda Allaha ibadət etmək üçün "Ərqəm bin Əbil-Ərqəm"in evində Allah rəsulu (sallallahu əleyhi va səlləm) ilə bir araya gələrdilər.
Açıq dəvət: Sonra Uca Allah Peyğəmbərinə haqqı açıq-aşkar bəyan etməyi əmr etdi. Uca Allah buyurur: "Sənə əmr olunanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir". (Hicr 15 surəsi, ayə 94). Sonra Uca Allah ona öz ailəsini və yaxın qohumlarını dəvət etməyi əmr etdi və belə buyurdu: "Ən yaxın qohumlarını qorxut!". (Şuəra 26 surəsi, ayə 214). Peyğəmbər (sallallahu aleyhi va səlləm) insanlara nida edərək onları Allahın Tək ilah (haqq məbud) olduğunu qəbul etməyə çağırdı, iman gətirənləri Cənnətlə müjdələdi və inkar edənləri isə Cəhənnəm odundan çəkindirdi.
Müşriklərin əzab-əziyyəti və ilk hicrət: Müsəlmanlar öz dinlərini açıq-aşkar bəyan etdikləri zaman, müşriklərin onlara etdikləri əzab-əziyyət istehza və işgəncələrlə daha da şiddətləndi. Buna görə də, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dinlərini qorumaq məqsədilə səhabələrinə Həbəşistan torpağına hicrət etməyə icazə verdi.
Allahın Öz Peyğəmbərini himayə etməsi: Müşriklər Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək istədilər, lakin Allah onu əmisi Əbu Talib vasitəsi ilə himayə etdi. Belə ki, o, öz qövmünün dinində qalmasına baxmayaraq, Peyğəmbəri (sallallahu aleyhi və səlləm) müdafiə edirdi.
Həmzə və Ömərin İslamı qəbul etməsi: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmisi Həmzə bin Əbdülmüttəlibin və Ömər bin əl-Xattabın (Allah onların hər ikisindən razı olsun) İslamı qəbul etməsi ilə müsəlmanların gücü artdı. İbn Məsud (Allah ondan razı olsun) dedi: "Ömər İslamı qəbul edəndən bəri izzətliyik".
Boykot və mühasirə: Qureyş, Bəni Haşim və Bəni Mütallibi boykot etmək barədə razılığa gəldi. Belə ki, onlara heç nə satmayacaq, onlardan heç nə almayacaq, onlarla qohumluq əlaqəsi qurmayacaq və onlarla eyni məclisdə əyləşməyəcəkdilər. Bu ağır mühasirə “Əbu Talib dərəsində” üç il davam etdi. Nəhayət, Qureyşin ağıllı adamlarından bir neçə nəfər bu zalım əhdnaməni pozmaq və mühasirəni ləğv etmək üçün hərəkətə keçdi. Onlar gördülər ki, qurd “Bismikə Allahummə” (Ey Allahım, Sənin adınla) yazısı istisna olmaqla əhdnaməni tamamilə yemişdir. Belə ki, əhdnamədə Allahın adından nə var idisə, (qurd) ona toxunmamışdır.
Dəvətin təqdim edilməsi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinə əhlindən olan Ənsarlarla görüşənə qədər, həcc mövsümlərində öz dəvətini qəbilələrə çatdırmaqda davam etdi. Onlar da ona iman etdilər və ona dəstək olacaqlarına dair əhd bağladılar.
Çıxarılan faydalar:
1- Dəvət, tədricən (yavaş-yavaş) dəyişiklik etmək, ilk müsəlmanları qorumaq, eləcə də köməkçi və dəstəkçiləri toplamaq üçün gizli başlamışdır.
2- Xədicənin, Əbu Bəkrin və ilk nəslin böyük bir üstünlüyü vardır. Çünki onlar canlarını və mallarını əsirgəməmiş və çətinlik vaxtında əziyyətlərə səbr etmişlər.
3- Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəvətə ilk öncə öz ailəsindən və zövcəsindən başlamışdır. Buna görə də dəvətçi ev əhlini Allaha dəvət etməkdə, onlara öyrətməkdə və nəsihət verməkdə səhlənkarlıq etməməlidir.
4- Xeyrə tələsmək: Onların həyatından tərəddüd etmədən haqqa daxil olmağa və ona əməl etməyə tələsməyin əhəmiyyətini öyrənirik.
5- Dəvət yolu böyük səbir tələb edir. Belə ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) uzun illər boyu səbir etmiş və başlanğıcda ona yalnız az bir qisim insan iman etmişdi.
6- Ömər bin əl-Xattab və Həmzənin (Allah onlardan razı olsun) müsəlman olmaları müsəlmanlar üçün bir fəth və izzət idi, bu da dəvətin onu qoruyacaq bir gücə ehtiyacı olduğunu göstərir.
7- Səhabələrin Darül-Ərqəmdə bir yerə toplanması bir-birinə dəstək verməyin, ünsiyyətdə olmağın, yaxşılıq və təqvada yardımlaşmağın, habelə yaxşı insanlarla dostluq etməyin əhəmiyyətinə dair dəlil idi.
8- Tövhidin əhəmiyyəti: Bu, ilk vacib əməldir. Ona görə də "Lə ilahə illəllah" Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dəvətində ilk bəyan etdiyi kəlimə olmuşdur.
9- Müsəlman kimsə öz dinindən utanmamalı, əksinə, yalnız Allahın razılığını qazanmaq məqsədilə onu açıq-aydın və hikmətlə izhar etməlidir.
10- İşgəncə, məsxərə və sıxışdırma, peyğəmbərlərin və onlara tabe olan kimsələrin məruz qaldığı qədim üsullardır. Bizim üçün nümunə, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və səhabələrinin səbatındadır.
11- Hicrətin məşruluğu: Əqidə yolunda vətəni və mal-dövləti tərk etmək, dinini yaşamaqda aciz qalan kimsə üçün məşrudur, çünki din insanın sahib olduğu ən dəyərli şeydir.
12- Dində əsas olan irq və ya nəsəb bağı deyil, iman bağıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəvətini açıq şəkildə bəyan etdiyi və insanları tək olan Allaha ibadət etməyə çağırdığı kimi, Uca Allah da ona öz ailəsini və qohum-əqrəbasını dəvət etməyi əmr etmişdir ki, bu, ilk andan etibarən risalətin məqsəd və hədəfi barədə insanlar qarşısında açıq-aydın bir dəlil olsun.
13- Allaha dəvət etmək hər bir müsəlmanın məsuliyyətidir: İlk vaxtlarda Peyğəmbərin (sallallahu aleyhi və səlləm) - evini dəvət mərkəzi kimi seçdiyi bu böyük sahabə əl-Ərqəm bin Əbi əl-Ərqəm əl-Məxzumi (Allah ondan razı olsun), təxminən on altı yaşında ikən müsəlman olmuş gənc bir oğlan idi. O, sonradan Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə döyüşlərdə iştirak etmiş və o vaxt yaşının kiçik olması ona bacardığı qədər Allaha dəvət etməkdə iştirak etməyə mane olmamışdı.
Yeddinci dərs: Xədicə və Əbu Talibin vəfatı və Taif əhlinin dəvət edilməsi:
Hüzün ili: Peyğəmbərliyin onuncu ilində möminlərin anası Xədicə (Allah ondan razı olsun) və Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) himayə edib onu müdafiə edən əmisi Əbu Talib vəfat etmişdirlər. O, küfr üzrə ölmüşdü. Onların vəfatı ilə Qüreyşin Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) verdiyi əziyyətlər əvvəlkinə nisbətən daha da şiddətləndi.
Taif əhlini dəvət: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onlarda dininə yardım tapacağına ümid edərək Taifə yollandı, lakin onlar onun dəvətini rədd edərək istehza və məsxərə ilə qarşıladılar, hətta öz səfehlərini ona qarşı qızışdırdılar və şərəfli ayaqları qanayana qədər onu daşqalaq etdilər.
Mərhəmət nümunəsi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qəmgin halda Taifi tərk etdi. Qayıdış yolunda Allah ona Cəbrayılı və onunla birlikdə Dağlar mələyini göndərərək ona ixtiyar verdi ki, əgər istəyərsə, onları həlak etmək üçün Məkkə əhlinin üzərinə iki dağı (əxşəbeyni) birləşdirsin.
Onun mübarək cavabı: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dağlar mələyinə səbirli bir kimsənin mərhəməti ilə belə cavab verdi: "Xeyr, mən ümid edirəm ki, Allah onların bellərindən tək Allaha ibadət edən və Ona heç bir şeyi şərik qoşmayan kəslər çıxaracaq". [Hədisi Buxari və Müslim rəvayət etmişdir].
Çıxarılan faydalar:
1- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səbatı: Onun səbri bir il ərzində ən böyük dəstəkçilərinin (Xədicə və Əbu Talibin) itkisinə tab gətirməsində təcəlli etdi, bununla belə, bu müsibət onu öz dəvətini davam etdirməkdən çəkindirmədi.
2- Əbu Talibin Peyğəmbəri (sallallahu aleyhi və səlləm) müdafiə etməsi Cəhənnəmdən xilas olmaqda ona fayda vermədi, çünki o, şirk üzərə öldü. Axirətdə əməl sahibinə yalnız Uca Allaha iman və Ona ixlas əsasında qurulduğu təqdirdə fayda verər.
3- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Taifdə məruz qaldığı fiziki və mənəvi əziyyət, müsəlman üçün Allahın kəlməsini ucaltmaq uğrunda fədakarlıq və dözüm dərsidir.
4- Qadir olduğu halda əfv etməyin kamilliyi: Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona əziyyət verənlərin həlak edilməsini rədd edərək, bəlkə Allah onların nəsillərini hidayət edər deyə onlara səbr etməyi üstün tutmuşdur.
5- Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanlara rəhimli idi, onlar üçün həlakət deyil, hidayət istəyirdi. Bunun təsdiqi olaraq Uca Allah buyurur: "Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik". (Ənbiya 21 surəsi, ayə 107).
6 - Vacib əməlləri yerinə yetirmək və səbəblərdən yapışmaq: Müsəlman İzzət və Cəlal sahibi Allaha təvəkkül edərək daim öz icazəli hədəfini gerçəkləşdirməyə çalışmalı, bu hədəfi gerçəkləşdirmək üçün bütün mümkün səbəblərdən yapışmalıdır. Bu səbəblərdən hər hansı birini itirməsi və ya ona dəstək olanların azalması onu aciz qoymamalıdır.
Səkkizinci dərs: İsra və Merac və ayın iki yerə parçalanması möcüzəsi:
İsra və Merac yolçuluğu: Bu böyük möcüzə onun (sallallahu aleyhi və səlləm) əlli yaşından sonra gerçəkləşmişdir.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sinəsinin yarılması: Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edirdi ki, Allah rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: "Mən Məkkədə olarkən evimin damı yarıldı və Cəbrail (aleyhi-ssalam) aşağı endi. O, sinəmi yardı, sonra onu Zəmzəm suyu ilə yudu. Sonra içi hikmət və imanla dolu qızıl bir tas gətirdi və onu sinəmə boşaltdı, daha sonra isə onu bağladı". [Hədisi Buxari və Müslim rəvayət etmişdir].
İsra: Onun (sallallahu aleyhi va səlləm) Məkkədəki Məscidül-Haramdan Beytül-Məqdisdəki Məscidül-Aqsaya etdiyi gecə səyahətidir.
Merac: Onun (sallallahu aleyhi va səlləm) Məscidül-Aqsadan uca səmalara yüksələrək "Sidrətül-Müntəha"ya çatmasıdır. Bu, yeddinci göydə yerləşən olduqca əzəmətli bir ağacdır.
Uca Allah buyurur: "Ayələrimizdən bəzisini ona (Muhammədə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir". [İsra 17 surəsi, ayə 1].
Rəhmət və qüdrət mənzərələri: Peyğəmbər (sallallahu aleyhi va səlləm) bu gecə Rəbbinin ən böyük dəlillərini gördü. Cənnəti və Cəhənnəmi gördü, peyğəmbərlərlə (aleyhimu-ssəlam) görüşdü və Məscidül-Aqsada onlara imam olaraq namaz qıldırdı, Uca Allah heç bir vasitə olmadan hicab arxasından onunla danışdı və ona beş vaxt namazı fərz buyurdu.
İnsanların mövqeyi: Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkədə səhərə çıxıb baş verənlər haqqında insanlara xəbər verdiyi zaman möminlərin imanı və təsdiqi bir daha da artdı, kafirlərin isə inadkarlığı və onu yalan hesab etmələri daha da şiddətləndi.
Ayın iki yerə bölünməsi: Müşriklər Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) onun doğruluğuna dəlalət edən əyani bir möcüzə tələb etdikdə, Allah da onun üçün ayı iki hissəyə yardı və insanlar bunu öz gözləri ilə gördülər. Buna baxmayaraq, Qureyş kafirləri üz çevirdilər və: "Bu, sehrdir", – dedilər.
Uca Allah buyurur: "Qiyamət saatı yaxınlaşdı və ay yarıldı. Əgər (müşriklər) bir möcüzə görsələr, üz döndərib: “Bu, davam edən bir sehrdir”– deyərlər". (Qəmər 54 surəsi, ayələr 1-2).
Çıxarılan faydalar:
1- Uca Allah hər bir şeyə qadirdir və İsra, Merac, habelə Ayın yarılması möcüzələri Onun kamil qüdrətinə dəlalət edən dəlillərdən sadəcə biridir.
2- Bu səfər Hüzn ilindən sonra idi, sanki dəvət yolunda uzun illər sürən yorğunluq və əziyyətlərdən sonra Peyğəmbərə (sallallahu aleyhi və səlləm) böyük bir ehtiram, onun qəlbini möhkəmləndirmək və ona təsəlli vermək idi.
3- Namaz elə yeganə ibadətdir ki, səmada Cəbrayıl mələyin (əleyhi-ssəlam) vasitəçiliyi olmadan birbaşa Allah tərəfindən Öz elçisinə (sallallahu aleyhi və səlləm) fərz edilmişdir. Bu da namazın müsəlmanın həyatındakı uca məqamına və böyük əhəmiyyətinə dəlalət edir.
4. Allah bu möcüzələri peyğəmbərliyin doğruluğuna açıq-aydın bir dəlil etmişdir, lakin qəlbini haqqa bağlayan kimsəyə - böyüklüyündən asılı olmayaraq - heç bir dəlil və sübut fayda verməz.
5. Fayda: İsra və Merac gecəsinin xüsusi bir mərasimlə qeyd edilməsi və ya müəyyən bir ibadətlə fərqləndirilməsi nə Peyğəmbərdən (sallallahu aleyhi va səlləm), nə də onun səhabələrindən (Allah onlardan razı olsun) sabit olmamışdır. Buna görə də, bütün xeyir onların yoluna tabe olmaqda və onların etmədiklərini tərk etməkdədir.
6- İsra və Mirac yolçuluğu, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ayıq halda ikən ruhu və cəsədi ilə birlikdə gerçəkləşmişdir. Bu isə möcüzənin əzəmətinə və Uca Allahın qüdrətinin kamilliyinə dəlalət edir.
7- Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir: Müsəlman öz yolunda irəliləməli, qarşılaşacağı çətinliklərə əhəmiyyət verməməli, Allah əzzə və cəlləyə güvənməli və bilməlidir ki, zəfər səbrin, qurtuluş sıxıntının ardınca gəlir və əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir.
Doqquzuncu dərs: Ənsar, birinci və ikinci Əqəbə beyəti:
Ənsarlarla görüş: Peyğəmbərliyin on birinci ilində Allahın rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkə yaxınlığındakı Minada, Əqəbədə ənsarlardan (Mədinə əhlindən) bir neçə nəfərlə görüşdü. O, onlarla oturdu və onları İslama dəvət etdi, onlar da onun dəvətini qəbul edərək onu təsdiqlədilər. Mədinəyə qayıtdıqları zaman onun xəbərini və dəvətini öz qövmlərinə çatdırdılar. Beləliklə, İslam onların arasında yayıldı və ənsarların evlərindən elə bir ev qalmadı ki, orada Allahın rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) bəhs edilməsin.
Birinci Əqəbə beyti: Peyğəmbərliyin on ikinci ilində, Övs və Xəzrəcdən (ənsardan) ibarət bir heyət gəldi və Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) "Birinci Əqəbə beyti" ilə beyət etdilər. O, onlara İslamı öyrətdi və onları özünə beyət etməyə çağırdı, onlar da ona bu şərtlər üzərində beyət etdilər: Allaha heç nəyi şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, övladlarını öldürməyəcəklərinə, yalan uydurub (kimsəyə) əlləri və ayaqları ilə iftira atmayacaqlarına, yaxşı işlərdə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) asi olmayacaqlarına.
Sonra onlara cəzanı bəyan edərək belə dedi: "Sizdən kim əhdinə vəfa edərsə, onun mükafatı Allaha aiddir. Kim də bu günahlardan birini edib dünyada cəzalandırılarsa, bu onun üçün kəffarə olar. Kim bu günahlardan birini etdikdən sonra Allah onu örtərsə, onun işi Allaha qalar. İstəsə, onu bağışlayar, istəsə onu cəzalandırar". [Hədisi Buxari və Müslim rəvayət etmişdir].
İslamda ilk səfir: Beyət tamamlandıqdan və həcc mövsümü başa çatdıqdan sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Mədinədəki yeni müsəlmanlara İslam şəriətini öyrətmək və onlara dini dərindən başa salmaq üçün beyət edən bu insanlarla birlikdə İslamın ilk səfirini göndərdi. O, bu vəzifə üçün ilk iman gətirənlərdən olan İslam gənclərindən bir gənci – Musab bin Umeyri (Allah ondan razı olsun) seçmişdi.
İkinci Əqəbə beyəti: Peyğəmbərliyin on üçüncü ilində daha böyük bir nümayəndə heyəti Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) görüşmək üçün yola çıxdı və onların yanına hicrət edəcəyi təqdirdə onu qoruyacaqlarına və ona yardım edəcəklərinə, eləcə də özlərini, ailələrini və övladlarını qoruduqları şeylərdən onu da qoruyacaqlarına dair ona "İkinci Əqəbə beyəti" etdilər.
Böyük qazanc: Ənsarlar Allahın elçisindən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdular: "Əgər bu beyətə sadiq qalsaq, bizim üçün nə var, ey Allahın rəsulu?". Allah rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara bircə kəlmə ilə cavab verdi: "Sizin üçün Cənnət vardır". Onlar da tam bir səmimiyyət və sevinclə ona beyət etdilər.
Çıxarılan faydalar:
1- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yorulmaq və usanmaq bilmədən İslamı davamlı şəkildə hamıya təqdim etməsi dəvətçilər üçün böyük bir örnəkdir. Çünki sabitqədəmlik və yəqinlik nicat tapmağın açarıdır.
2- Ənsarın fəziləti: Mədinə əhlinin fəziləti onların haqqı tez qəbul etmələrində və İslamı qohumları ilə qonşuları arasında yaymağa göstərdikləri böyük səy və həvəsdə özünü göstərdi. Nəticədə xeyir və hidayət onların diyarını bürüdü.
3- İki Əqəbə beyəti İslam dövlətinin qurulmasının təməl daşı olmuşdur. Belə ki, bu iki beyət Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) itaət etməyə, onu müdafiə etməyə və dininə yardım etməyə dair əhdi özündə ehtiva edirdi.
4- Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ənsarlara ona yardım etmələrinin qarşılığında nə vəzifə, nə də mal-dövlət vəd etdi. Əksinə, onlara Cənnəti vəd etdi. Bu da göstərir ki, möminin həqiqi qazancı Allahın razılığına nail olmaq və Onun əbədi nemətlərini qazanmaqdır.
5- Ənsarlar (Allah onlardan razı olsun) Allahı və Rəsulunu sevdikləri üçün canlarını və mallarını fəda etməyə dair Peyğəmbərə (sallallahu aleyhi və səlləm) beyət etdilər. Beləcə, onların layiq olduqları mükafat Cənnət oldu.
6- Fayda: Əqəbə "Mina"da, Məkkə yaxınlığında bir ərazidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ənsarla gizlicə görüşmək üçün oranı seçmişdi. Çünki ora dağlar arasında yerləşən, Qüreyşin nəzərlərindən uzaq, gizli bir məkan idi.
Onuncu dərs: Peyğəmbərin Mədinəyə hicrəti
Bu, tarixin axarını dəyişən və İslam dövlətinin qurulması mərhələsinin başladığı həlledici tarixi səfərdir:
Hicrətə izn verilməsi və köçün başlanması: İkinci Əqəbə beyəti başa çatdıqdan və Allahın rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinə əhlinin dəstəyinə əmin olduqdan sonra, əmin-amanlıq içində olmaları üçün səhabələrinə hicrət etməyə izn verdi. Səhabələr Allah qatında olana rəğbət bəsləyərək yola çıxdılar, diyarlarını, mallarını və ailələrini tərk etdilər, Qüreyşin gözlərindən gizlənərək ayrı-ayrı dəstələr halında yola düşdülər, onlardan bəziləri piyada, bəziləri isə miniklə idi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) isə Rəbbinin ona yola çıxmağa izn verəcəyini gözləyərək Məkkədə qaldı və onunla birlikdə səhabəsi Əbu Bəkr və Əli bin Əbu Talib (Allah onlardan razı olsun) var idi.
Dərun-nədva hiyləsi və Allahın Öz peyğəmbərini qoruması: Qureyiş, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabələrinin Mədinədə himayə və güc sahibi olduqlarını gördükdə, onun dininin yayılmasından qorxdular. Beləliklə, onlardan olan kafirlərin böyükləri məşvərət etmək üçün "Dərun-nədva"da bir yerə yığışdılar. Onlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qanının qəbilələr arasında batması üçün, hər qəbilədən bir nəfərin endirəcəyi zərbə ilə onu öldürmək barədə razılığa gəldilər. Lakin Uca Allah Öz peyğəmbərini onların qurduqları hiylədən xəbərdar etdi və ona hicrət etməyə izin verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), kafirlərin onun hələ də evdə olduğunu zənn etmələri və əmanətləri öz sahiblərinə qaytarması üçün Əli bin Əbi Talibə (Allah ondan razı olsun) öz yatağında yatmağı əmr etdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onların arasından çıxıb getdi, onlar isə onu görmürdülər. Çünki Allah onların gözlərini ona qarşı kor etmişdi.
Sovr mağarasında və İlahi himayə: Peyğəmbər (sallallahu aleyhi va səlləm) yoldaşı Əbu Bəkr Siddiqlə birlikdə yola düşdü və gizlənmək üçün "Sovr mağarası"na yönəldilər. Onlar orada üç gün qaldılar. Bu əsnada Qüreyş onları axtarıb tapmaq üçün bütün səyini göstərdi və onları öldürən və ya gətirən şəxs üçün böyük bir mükafat (yüz dəvə) təyin etdi. Müşriklər mağaranın qapısında dayandıqları zaman Əbu Bəkr Peyğəmbər (sallallahu aleyhi va səlləm) həyatı üçün qorxdu və dedi: "Əgər onlardan biri ayaqlarının altına baxsa, bizi görərdi". Peyğəmbər (sallallahu aleyhi va səlləm) böyük bir yəqinliklə ona təskinlik verərək belə buyurmuşdur: “Ey Əbu Bəkr! Üçüncüsü Allah olan iki kişi haqqında nə düşünürsən?”, Allah müşrikləri, onlara çox yaxın olmalarına baxmayaraq, onlardan uzaqlaşdırdı.
Quba məscidinin inşası və Mədinəyə daxil olma: Mağaradan çıxdıqdan sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm) kafirlərin gözündən uzaq bir yolla gedərək "Quba" ərazisinə çatdı və orada İslamın ilk məscidi olan "Quba məscidi"ni inşa etdi. Bir neçə gün sonra isə Mədinəyə yollandı. Oranın əhalisi onu təsvirəgəlməz bir sevinc və fərəhlə qarşıladı, onun şərəfli gəlişinin sevincindən evlər təkbir və təhmid səsləri ilə lərzəyə gəldi.
Dövlətin qurulması və cihadın vacib edilməsi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinədə məskunlaşan kimi, dövlətin mərkəzi olması üçün "Peyğəmbər məscidi"ni inşa etməyə başladı və bir əl olmaları üçün mühacirlərlə ənsar arasında qardaşlıq qurdu. Vəziyyət sabitləşdikdən və müsəlmanlar güc və qüdrət əldə etdikdən sonra, Allah zülmü dəf etmək üçün onlara Öz yolunda cihad etməyə izn verdi. Beləliklə, Uca Allah bu ayəni nazil etdi: "Zülmə məruz qaldıqlarına görə vuruşanlara (Allah yolunda döyüşməyə) izin verildi. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir". (Həcc 22 surəsi, ayə 39).
Çıxarılan faydalar:
1- Fədakarlığın əzəməti: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və səhabələrinin hicrəti, vətənlərini və mallarını tərk etmələri xalis Uca Allah üçün idi və bu, bizə dinin hər şeydən daha dəyərli olduğunu öyrədir.
2- Əbu Bəkir Siddiqin fəziləti: Belə ki, o, ən əzəmətli səfərdə Peyğəmbərə (sallallahu aleyhi və səlləm) yoldaşlıq etmək şərəfinə nail olmuş və Allahın rəsuluna (sallallahu aleyhi və səlləm) ən yaxın insan kimi onun yüksək məqamı təsdiqlənmişdir.
3- Uca Allah Öz peyğəmbərini (sallallahu aleyhi və səlləm) qorumağı öhdəsinə götürmüş və kafirlərin məkrini ondan uzaqlaşdırmışdır. Allah kiminlə olarsa, ona heç kəs qalib gələ bilməz.
4- Mağaranın içində ən çətin anlarda Peyğəmbərin (səlləllahu aleyhi va səlləm) Rəbbinə olan inamı təzahür etdi, bu da bizə qurtuluşun səbir etmək və Allahın bizimlə olduğuna yəqinliklə inanmaqla gəldiyini öyrədir.
5- Ənsarın fəziləti: Mədinə əhlinin Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) olan sevgisi və onun gəlişinə duyduqları sevinc özünü açıq şəkildə göstərdi. Bu da onların gözəl xasiyyətə sahib olduqlarını və Allaha və Onun rəsuluna səmimiyyətlə yardım etdiklərini ortaya qoydu.
6- Cihadın qanuniləşdirilməsi: Cihad İslam dövləti qurulduqdan və müsəlmanlar onu yerinə yetirməyə güc çatdırdıqdan sonra münasib vaxtda fərz edilmişdir. Bu da Allahın müsəlmanların halını nəzərə almasının, onlara olan mərhəmətinin və hikmətinin təzahürüdür.
7- Müsəlmanların həyatında məscidin əhəmiyyəti: Məscidin müsəlmanların həyatındakı uca məqamı və böyük əhəmiyyətinə görə, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinəyə hicrət edərkən gördüyü ilk iş Quba məscidini inşa etmək olmuşdur. Daha sonra Mədinəyə daxil olduqdan sonra isə bu gün məlum olan yerində Peyğəmbər məscidini inşa etmişdir.
On birinci dərs: Allah Təala yolunda cihadın başlanğıcı və Böyük Bədir döyüşü:
Qəzavatların və süvarilərin başlanğıcı:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) iyirmi bir döyüşdə iştirak etmişdir. Bunlardan birincisi hicrətin ikinci ilində baş vermiş Əbva (Vəddan) döyüşü, sonuncusu isə hicrətin doqquzuncu ilinin Rəcəb ayında baş vermiş Təbuk (Usra) döyüşüdür. O, həmçinin süvarilər də göndərirdi.
Qəzvə: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəxsən iştirak etdiyi və müsəlmanlara özü başçılıq etdiyi yürüşə deyilir. Bu yürüşdə döyüş baş versə də, verməsə də, ona qəzvə deyilir.
Səriyya: Peyğəmbərin (səllallahu aleyhi və səlləm) iştirak etmədiyi yürüşdür. Orada döyüş baş verə də bilər, baş verməyə də bilər. Əksər hallarda səriyyənin sayı az olur.
Hicrətin ikinci ilində baş vermiş Böyük Bədr döyüşü.
Bu qəzvənin səbəbi, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) Qureyşə məxsus, içərisində çoxlu mal-dövlət olan böyük bir karvanın Şamdan gəlməsi xəbərinin çatması idi. Peyğəmbər (salləllahu aleyhi və səlləm), insanları həmin karvanın qarşısını almağa çağırdı və mühacirləri öz yurdlarından çıxardıqlarına, evlərini və mülklərini ələ keçirib mallarını qarət etdiklərinə görə Qureyşə cəza olaraq üç yüz on neçə nəfərlə döyüşə çıxdı. Xəbər Qureyşə çatdıqda, onlar min üç yüz və ya daha çox döyüşçü topladılar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələri ilə məşvərət etdi və onlar düşmənlə qarşı-qarşıya gəlməyə qərar verdilər. Müharibə Ramazan ayında baş verdi. Orada İslam ordusu ilə küfr ordusu qarşı-qarşıya gəldi və döyüş şiddətləndi. Allah bu döyüşdə Öz Peyğəmbərinə böyük və güclü bir zəfər nəsib etdi. Müsəlmanlardan on dörd nəfər şəhid oldu, kafirlərdən isə yetmiş nəfər öldürüldü və yetmiş nəfər əsir götürüldü. Onların əksəriyyəti Qureyş kafirlərinin böyükləri və başçıları idi. Beləliklə, Allah İslamı və müsəlmanları izzətli, şirki və müşrikləri isə zəlil etdi. Aləmlərin Rəbbi olan Allaha həmd olsun.
Çıxarılan faydalar:
1- Allah kəlməsini uca tutmaq, İslamı yaymaq, ədaləti bərqərar etmək, azğınlıq və zülmü aradan qaldırmaq üçün Uca Allah yolunda cihadın məşru olması.
2- Peyğəmbər (sallallahu aleyhi və səlləm) kafirlərlə vuruşmağa öz canı ilə çıxan örnək bir rəhbər və cəsur bir nümunədir.
3- Savaşan kafirlərin mallarını ələ keçirməyin, Qüreyşin ticarət yolunu kəsməyin və onları iqtisadi cəhətdən zəiflətməyin məşru olması. Böyük Bədir döyüşünün əsas səbəbi də bu idi.
4- Peyğəmbərin (səllallahu əleyhi və səlləm) döyüşə çıxmaq və düşmənlə qarşılaşmaq məsələsində səhabələri ilə məsləhətləşməsi: Bu, bütün işlərdə, xüsusilə də mühüm məsələlərdə məşvərətin (şuranın) şəriətə uyğun olduğunu göstərir.
5- Allah sayca az olan mömin dəstəyə sayca çox olan kafir dəstəsi üzərində qələbə çalmaqda yardım edir: Necə ki, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) və onun səhabələrinə Qüreyş kafirləri üzərində kömək etmişdi, halbuki onların sayı müsəlmanların sayından qat-qat çox idi.
6- Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və sahabələrinin cəsarəti: Belə ki, onlar həm sayca, həm də döyüş hazırlığı baxımından özlərindən qat-qat çox olanlarla qarşılaşdılar.
7- Allah istədiyini izzətləndirir, istədiyini isə alçaldır: Belə ki, O, Bədrdə İslam əhlini izzətləndirdi, şirk əhlini isə alçaltdı.
8- Allah yolunda cihadın bəzi hikmətləri:
A- İnsanları İslama dəvət etmək və onları bəndələrə ibadət etməkdən çıxarıb, bəndələrin Rəbbinə ibadət etməyə yönəltmək. Uca Allah buyurur: "Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun! Əgər onlar (savaşa) son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur". [Bəqərə 2 surəsi, ayə 193].
B- Müsəlmanlara edilən hücumu dəf etmək. Uca Allah buyurur: "Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevməz". [Bəqərə 2 surəsi, ayə 190].
On ikinci dərs: Uhud döyüşü və ondan sonrakı hadisələr:
Bu döyüşdə itaətə dair böyük dərslər özünü göstərmiş, səhabələrin Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) olan səmimi sevgisi və onun yolunda canlarını fəda etməyə hazır olmaları aydın şəkildə üzə çıxmışdır.
Döyüşün səbəbləri və ona hazırlıq: Hicrətin üçüncü ilində baş verən Uhud döyüşünün səbəbləri var idi. Onların ən əsası müşriklərin Bədr günündə öldürülənlərinin və məğlubiyyətlərinin qisasını almaq istəyi idi. Beləliklə, Qureyş Əbu Süfyanın başçılığı altında üç min döyüşçü topladı. Bunun müqabilində Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) min nəfər səhabəsi ilə onlarla qarşı-qarşıya gəlmək üçün çıxdı. Ordu yolda ikən münafiqlərin başçısı Abdullah bin Übeyy bin Səlul ordunun üçdə biri ilə geri qayıtdı və onlar döyüşdə iştirak etmədilər.
Döyüş hadisələri və asiliyin acı nəticəsi: İki ordu Uhudda qarşı-qarşıya gəldi və şiddətli bir döyüş baş verdi. Döyüşün əvvəlində müşriklər məğlubiyyətə uğradılar, sonra isə müsəlmanlardan olan oxçular dağdan aşağı endilər. Halbuki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara vəziyyət necə olursa-olsun, yerlərini tərk etməməyi əmr etmişdi. Oxçuların bu əmrə asi olmasının ucbatından, kafirlərin ordusu arxadan dolanaraq müsəlmanları mühasirəyə aldı və müsəlmanlardan böyük bir qisim öldürüldü. Allah Təala belə buyurdu: "Siz Allahın izni ilə (düşmənlərinizi) qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, (Allah) sizə istədiyiniz (qələbəni) göstərdikdən sonra siz zəiflik göstərib (Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün (üzünüzü) onlardan döndərdi. O, artıq sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır". (Ali-İmran 3 surəsi, ayə 152).
Bəlanın şiddəti və sahabələrin fədakarlıqları: Uhud döyüşü Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yaşadığı ən çətin döyüşlərdən biri idi. Belə ki, dişlərindən qabaq dişi (rubaiyyəsi) qırılmış, dəbilqənin – o, başı qoruyan bir əşyadır – iki həlqəsi onun mübarək üzünə batmış və vəziyyət onun üçün ağırlaşmışdı, lakin Uca Allah onu qorudu. Döyüşdə sahabələrdən (Allah onlardan razı olsun) yetmiş nəfər şəhid oldu. Onların arasında şəhidlərin ağası, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmisi Həmzə bin Əbdülmüttəlib də var idi. Bu döyüşdə sahabələrin Peyğəmbərə (səllallahu aleyhi və səlləm) olan həqiqi sevgisi özünü göstərmiş və onlar onu qorumaq yolunda canlarını fəda etmişdilər. Döyüş başa çatdıqdan və şəhidlər dəfn edildikdən sonra Peyğəmbər (səllallahu aleyhi və səlləm) və sahabələri Mədinəyə qayıtdılar.
Bu hadisələrdən biri də o idi ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Uhud şəhidlərinin yanına gələrək onlar üçün ağladı və belə dedi: "Mən Qiyamət günü bunlara şahidəm". Peyğəmbər (sallallahu aleyhi və səlləm) onları yuyulmadan, qanları içində və öz paltarlarında dəfn etməyi əmr etdi. O, iki nəfəri bir qəbirdə cəm edir və məqamlarını ucaltmaq üçün Quranı daha çox hifz edəni önə keçirirdi. Sonra sağ qalanlarla maraqlanıb, onların yaralarını silir və onlara mənəvi dayaq olurdu. Ümmü İmarənin və ailəsinin şücaətini təriflədi, onların böyük əzmkarlığını və onu müdafiə etmələrini gördüyü üçün Cənnətdə ona yoldaş olmaları üçün dua etdi. Dəfn işlərini bitirdikdən sonra bütün səhabələrini arxasında səfə düzdü, onlar da Allahın əmrinə təslim olaraq, səbr və cihad nemətinə görə Allaha şükür edib, həmd-səna etdilər.
"Həmra əl-Əsəd" döyüşü: Bu döyüş Uhuddan cəmi bir gün sonra baş vermişdi. Bunun səbəbi Əbu Süfyan bin Hərbin Qureyşlə birlikdə Mədinəyə qayıdaraq Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən qalanları məhv etmək istəməsi barədə xəbərin Allah rəsuluna (səllallahu aleyhi və səlləm) çatması idi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlara döyüşə çıxmağı əmr etdi və onunla birlikdə yalnız Uhud günü döyüşdə iştirak edənlərin çıxmasını şərt qoydu. Onlar yaralı olmalarına baxmayaraq döyüşə çıxdılar. Əbu Süfyan bunu eşitdikdə qorxdu və yanındakılarla birlikdə Məkkəyə qayıtdı.
Çıxarılan faydalar:
1- Günahların və asiliklərin pis aqibəti: Belə ki, oxatanların Peyğəmbərə (sallallahu aleyhi və səlləm) qarşı etdikləri asilik müsəlmanlar üçün böyük və olduqca ağır bir zərərlə nəticələndi.
2- Peyğəmbərin (səllallahu aleyhi və səlləm) məqamı və şücaəti: belə ki, o, özü döyüşmüş və Allah yolunda yaralanmışdır, ona Allahın salavat və salam olsun.
3- Səhabələrin fəziləti (Allah onlardan razı olsun): Onların Allah yolunda canlarını fəda etmələri və Onun rəsulunu (sallallahu əleyhi va səlləm) qorumaları.
4- Möminin münafiqdən ayırd edilməsi: Belə ki, başda münafiqlərin başçısı İbn Səlul olmaqla, nifaq əhli geri qayıtdı və Uhud döyüşündə iştirak etmədi.
5- Səhabələrin fədakarlıqlarının təsiri: Əgər Allah, sonra isə onların (Allah onlardan razı olsun) fədakarlıqları olmasaydı, İslam heç kimə çatmazdı, çünki Allah onları səbəb qılmışdır. İmam İbn əl-Qeyyim (Uca Allah ona rəhmət etsin) demişdir:
Məhz onlar Peyğəmbərin ardıcılları və onun firqəsidir. Onlar olmasaydı, yer üzündə müsəlman olmazdı.
6- Səhabələrin Uhud döyüşündən bir gün sonra qanayan yaraları ilə "Həmra əl-Əsəd" adlı döyüşə çıxması. Belə ki, onların Peyğəmbərə (səlləllahu əleyhi va səlləm) itaət etməsi, ağrıların qalib gələ bilmədiyi imanın gücünə və yüksək əzmkarlığa ən böyük dəlildir.
On üçüncü dərs: Hicrətin beşinci ilində Xəndək (Əhzab) döyüşü:
Bu döyüşün hadisələri yəhudilər Rəsulullahla (səllallahu aleyhi və səlləm) bağladıqları əhdi pozduqları və müsəlmanları, eləcə də onların yeni yaranmış dövlətini məhv etmək məqsədilə müxtəlif ərəb qəbilələrini təhrik edib Mədinəyə hücum etmək üçün bir araya gətirdikləri zaman başladı. Beləliklə, şirk qəbilələrindən Əbu Süfyan bin Hərbin rəhbərliyi altında sayı on min döyüşçüyə çatan nəhəng bir ordu toplandı. Halbuki Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ordusunun sayı cəmi üç min döyüşçü idi.
Peyğəmbər (sallallahu əleyhi va səlləm) onların gəlişindən xəbər tutduqda, səhabələri ilə məsləhətləşdi. Böyük səhabə Salman əl-Farsi (Allah ondan razı olsun) düşmənlərin daxil olmasından qoruyan keçilməz bir sədd olması üçün Mədinənin ətrafında “xəndək” qazmağı məsləhət gördü. Peyğəmbər (sallallahu əleyhi va səlləm) onun rəyini bəyəndi və bunun həyata keçirilməsini əmr etdi. Peyğəmbər (sallallahu əleyhi va səlləm) sadəcə göstəriş verməklə kifayətlənmədi, əksinə, xəndəyin qazılmasında səhabələrlə bilavasitə iştirak edərək və onlarla birlikdə əziyyət çəkərək təvazökarlıq və örnək olmağın ən gözəl nümunələrini göstərdi.
Düşmən dəstələri Mədinəyə axışdılar və Mədinəni mühasirəyə aldılar. Mühasirənin uzanması səbəbilə müsəlmanların sıxıntısı şiddətləndi, onları qorxu və şiddətli aclıq bürüdü. Qurani-Kərim bu ağır vəziyyəti Uca Allahın kəlamı ilə belə təsvir edir: "O zaman onlar sizin həm yuxarı, həm də aşağı tərəfinizdən (vadinin üst və alt tərəfindən) üstünüzə gəlmişdilər. O vaxt (qorxudan) gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə qapılmışdınız. Orada möminlər imtahana çəkilmiş və şiddətli sarsıntıya məruz qalmışdılar". [Əhzab 33 surəsi, ayə 10-11].
Bu böhranın ortasında Peyğəmbərin (səllallahu aleyhi və səlləm) möcüzələri zahir oldu. Allah az yeməyə bərəkət verdi, belə ki, bütün ordu doydu. Vəziyyətin çətinliyinə baxmayaraq, o, səhabələrinin əzmini yüksəltmək üçün onları Fars və Rum diyarlarının fəth ediləcəyi ilə müjdələdi. Vəziyyət daha da gərginləşdikdə, Peyğəmbər (səllallahu aleyhi və səlləm) səmimi dualarla Rəbbinə yönələrək müsəlmanları bu sıxıntıdan qurtarmağı dilədi. Allah onun duasını qəbul etdi və müttəfiq düşmən ordularının üstünə onların çadırlarını kökündən qoparan şiddətli külək göndərdi, qəlblərinə qorxu salan mələklər nazil etdi. Beləliklə, onların birliyi dağıldı və istədiklərinə nail olmadıqları halda geri döndülər, Mədinəyə isə əmin-amanlıq qayıtdı. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın. O zaman ordular sizin üstünüzə hücuma keçmişdi, Biz də onların üstünə külək və görmədiyiniz qoşunlar göndərmişdik. Allah sizin nə etdiyinizi görür". (Əhzab 33 surəsi, ayə 9).
Pak və nöqsansız olan Allah buyurur: "Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir". [Əhzab 33 surəsi, ayə 25].
Çıxarılan faydalar:
1) İslam düşmənlərinin, əqidələrinin fərqli olmasına baxmayaraq, müsəlmanlara qarşı müharibə etmək üçün birləşə bilməsi. Haqq ilə batil arasındakı mübarizənin davamlı olması səbəbilə bu, Allahın bəşəriyyətdə olan sünnələrindəndir ki, daimi ehtiyatlı olmağı və yaxşı hazırlaşmağı vacib edir.
2- Döyüş Salman əl-Farisinin (Allah ondan razı olsun) fəzilətini və İslamda məşvərətin əhəmiyyətini göstərir.
3- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələri ilə birlikdə zəhmətə qatlaşması göstərir ki, uğurlu rəhbər işə ilk başlayan, tabeliyində olanlarla təvazökar davranan və onlar üçün gözəl nümunə olan rəhbərdir.
4- Xəndəyin qazılması bizə yaxşılıq və təqva işlərində yardımlaşmaqla yanaşı, mümkün olan bütün səyləri göstərməyin, mövcud şəri vasitələrdən istifadə etməyin və səbəblərə sarılmağın vacibliyini öyrədir.
5- Yəqinliyin və səbrin əhəmiyyəti: Səhabələr mühasirəyə baxmayaraq böyük səbat göstərdilər. Beləliklə, qələbə Allahın vədinə yəqinliklə inanan və səbir edənlərin oldu. Uca Allah buyurur: "Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər var. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər". (Əhzab 33 surəsi, ayə 23).
6- Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ən çətin vaxtlarda səhabələrini gələcək fəthlərlə müjdələməsi ilə Allahın qullarına göstərdiyi lütfü.
7- Dua qələbənin açarıdır. Belə ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sidq qəlbdən Rəbbinə sığınması ilə döyüşün gedişatı dəyişmişdir və bunda duanın əhəmiyyəti vardır.
8- Qələbə Allahdandır: Düşmənlərin güc-qüvvəti və sayının çoxluğu nə qədər olsa da, şübhəsiz ki, Allah güc-qüvvət sahibidir, İzzətlidir və Öz qullarına yardım edəndir.
On dördüncü dərs: Hüdeybiyyə sülhü, Xeybər qəzvəsi və Qəza ümrəsi (Açıq-aşkar fəth):
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yuxusunda gördü ki, o və səhabələri əmin-amanlıq içində, başlarını qırxdırmış və ya saçlarını qısaltmış halda Məscidül-Hərama daxil olurlar. Peyğəmbərlərin yuxusu vəhydir. Buna görə də o, gördüyü yuxunu səhabələrinə xəbər verdi və onlar da buna çox sevindilər.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) hicrətin altıncı ilinin Zilqədə ayında mühacirlər və ənsardan ibarət təxminən min dörd yüz nəfərlə yola düşdü. Onlar Kəbəyə ehtiram əlaməti olaraq qurbanlıq heyvanları aparır və Qureyşə döyüşçü deyil, ümrə ziyarətçiləri olduqlarını təsdiq etmək üçün müsafir silahından (qınlarındakı qılınclardan) başqa heç bir silah götürməmişdilər.
Qarşının alınması və Ridvan beyəti: Qüreyş onların yürüşündən xəbər tutduqda, güc tətbiq edərək onların qarşısını almağı qərara aldı və "Zi Tuva"da ordugah qurdu. Buna görə də Peyğəmbər (sallallahu aleyhi və səlləm) yolunu dəyişərək Hüdeybiyyədə düşərgə saldı. Orada uzun sürən qasid mübadilələri baş tutdu və bu əsnada Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlarla danışıqlar aparmaq üçün Osman ibn Əffanı (Allah ondan razı olsun) göndərdi. Lakin onun qətlə yetirilməsi barədə xəbər yayıldı. Məhz bu zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrini döyüşdən qaçmayacaqlarına dair beyət etməyə çağırdı. Onlar da səmürə ağacının altında ona beyət etdilər. Bu, Allahın barəsində belə nazil etdiyi "Ridvan beyəti"dir: "Allah, (Hüdeybiyyədə ikən, Ridvan beyətində) ağac altında sənə beyət edən möminlərdən razı qaldı...". (Fəth 48 surəsi, ayə 18).
Sülh müqaviləsinin bəndləri: Süheyl bin Amr Qüreyşin nümayəndəsi olaraq gəldi və zahirən ağır görünən bəndləri özündə əks etdirən sülh müqaviləsi barədə razılaşma əldə edildi. Onlardan bəziləri belə idi: on illik atəşkəs elan etmək. Müsəlmanların bu il ümrə etmədən geri dönmələri, lakin növbəti il gələrək ümrələrini yerinə yetirmələri və Məkkədə yalnız üç gün qalmaları. Həmçinin, Qüreyşdən hər kim vəlisinin icazəsi olmadan Muhəmmədin yanına gələrsə, onlara geri qaytarılması. Bəzi səhabələrin bu şərtlərdən sıxıntı keçirməsinə baxmayaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Rəbbinin əmrinə tabe olaraq onları təsdiqlədi. O, qurbanını kəsib ehramdan çıxdı və müsəlmanlar da ona tabe oldular. Bunun ardınca, onlar Mədinəyə qayıdış yolunda olarkən uca Allah Öz kəlamını nazil edərək buyurur: "(Ey Peyğəmbər!) Həqiqətən, Biz sənə (Hüdeybiyyə sülhü ilə) aydın bir zəfər bəxş etdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə şanlı bir zəfər ilə kömək etsin". (Fəth 48 surəsi, ayələr 1-3).
Xeybər qəzvəsi (Sülhün tezliklə əldə edilən səmərəsi): Sülhün ən böyük səmərələrindən biri Qüreyşlə olan cənub cəbhəsində sabitliyin yaranması və Mədinənin arxa tərəfinin təhlükəsizliyinin təmin edilməsi idi. Beləliklə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) hicrətin yeddinci ilinin Məhərrəm ayında şimal cəbhəsinə doğru yönəldi. Bura, əhzabı (dəstələri) qızışdıran və müsəlmanlara qarşı sui-qəsdlər hazırlayan Xeybər yəhudilərinin istinadgahı idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) mükafat olaraq yalnız Hüdeybiyyədə iştirak edənlərin (Ridvan beyəti əhlinin) onunla birlikdə döyüşə çıxmasına icazə verdi. Müsəlmanlar Xeybərin möhkəm qalalarını bir-birinin ardınca mühasirəyə aldılar. Allah onlara bu qalaları fəth etməyi nəsib etdi və yəhudilərin qəlbinə qorxu saldı. Onlar mallarını və torpaqlarını müsəlmanlara tərk etmək müqabilində qanlarının tökülməməsi şərtilə sülh istədilər. Bu şərtlə ki, həmin torpaqları əkib-becərəcəklər və məhsulun yarısı onlara qalacaqdır. Beləliklə də, fəth zamanı Allahın tezliklə verilən "çoxlu qənimətlər" müjdəsi gerçəkləşdi.
Qəza ümrəsi (Yuxunun gerçəyə çevrilməsi): Növbəti il (hicrətin yeddinci ilinin Zilqədə ayında), Peyğəmbər (sallallahu aleyhi və səlləm) Hudeybiyyədə iştirak etmiş səhabələri ilə birlikdə mane olunduqları ümrələrini qəza etmək üçün yola çıxdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) təlbiyə deyərək Məkkəyə daxil oldu, ətrafındakı müsəlmanlar isə təhlil və təkbir gətirirdilər. Onlar öz ayinlərini əmin-amanlıq və xatircəmlik içində yerinə yetirdilər. Qüreyş isə dağlara çıxaraq heybət və heyrət içində onlara baxırdı. Bu ümrə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yuxusunun gerçəyə çevrilməsi idi və "Qəza ümrəsi" yaxud "Qəziyyə ümrəsi" olaraq tanındı.
1- Bu sülh müsəlmanlara dəvətlərini əmin-amanlıq içində yaymağa imkan verdi və insanlar Allahın dininə əvvəlkindən qat-qat çox daxil oldular. Buna görə də fəth həmişə qılıncla olmamışdır.
2- Qəzvə sübut etdi ki, nicat Allah və rəsulunun (səllallahu aleyhi və səlləm) əmrinə tabe olmaqdadır, hətta başlanğıcda hikmət ağıllara məlum olmasa belə (sülh şərtlərində baş verdiyi kimi).
3- Beyət əhlinin məqamı: Səhabələr böyük bir şərəfə nail oldular. Belə ki, Allah onlardan razı oldu və bu beyət "Ridvan beyəti" adlandırıldı. Bu, yeddi qat səma üzərindən onların imanlarının doğruluğuna dair verilən Rəbbani bir şəhadətdir.
4- Müqavilələrin şəriətə müvafiq olması: Belə ki, əgər mənfəət varsa, bu zaman müsəlmanların düşmənlə sülh müqaviləsi bağlaması icazəlidir. Bu isə hikmət və şəri siyasətdəndir.
5. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) növbəti il «Ümrətül-Qəza» üçün Məkkəyə qayıtması onun gördüyü yuxunun doğru olduğunu təsdiqlədi, Qüreyşin təkəbbürünü sındırdı və Məkkənin mərkəzində İslamın izzətini nümayiş etdirdi.
6- Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əhd-peymana sadiq qalmaqda və ona vəfalı olmaqda ən gözəl nümunələr göstərmişdir ki, bu da insanlara İslam əxlaqını və dinini sevdirmişdir.
7 - Peyğəmbərin (sallallahu əleyhi və səlləm) əmrlərinə riayət etməyin bərəkəti: Uhud döyüşündə qeyd etdiyimiz kimi, düşmənləri ilə qarşı-qarşıya gəldikdə Peyğəmbərin (sallallahu əleyhi və səlləm) əmrlərinə asi olmağın müsəlmanlara məğlubiyyət gətirə biləcək bir uğursuzluğu olduğu kimi, Peyğəmbərə (sallallahu əleyhi və səlləm) itaət etməyin və onun əmrlərinə riayət etməyin də müsəlmanlara qələbə bəxş edən bir bərəkəti vardır. Uca Allah buyurur: "...Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız...". (Nur 24 surəsi, ayə 54).
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Hüdeybiyyə müqaviləsindən sonra hökmdarlara və əmirlərə məktub yazması.
Hüdeybiyyə sülhü qərarlaşdıqdan və müharibə başa çatdıqdan sonra, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Qüreyş tərəfindən əmin-amanlıq tapdı. O, diqqətini dəvətin ümumdünya xarakterini tamamlamağa və onu yer üzünün hər tərəfinə yaymağa yönəltdi. Beləliklə, yer üzünün hökmdarlarına, ərəb və əcəm əmirlərinə məktub yazaraq onları İslama dəvət etməyə qərar verdi. Ümmətinə olan şəfqəti və gözəl tədbiri sayəsində Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) məktublarını möhürləmək üçün üzərində «Muhəmməd rəsulullah» sözləri həkk olunmuş gümüş bir möhür düzəltdirdi. Çünki hökmdarların adəti və şərti belə idi ki, möhürlənməmiş heç bir məktubu oxumazdılar. Sonra o, bu əzəmətli əmanəti yerinə yetirmək üçün ən xeyirli səhabələri (Allah onlardan razı olsun) arasından dil fəsahəti, qəlb mətanəti və ağıl kamilliyini özündə cəm edən elçilər seçdi.
Beləliklə, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Dihyə bin Xəlifə əl-Kəlbini (Allah ondan razı olsun) Rumun başçısı Hiraqla, Abdullah bin Huzafə əs-Səhmini (Allah ondan razı olsun) Fars padşahı Kisraya, Amr bin Ümeyyə əd-Dəmrini (Allah ondan razı olsun) Həbəşistan padşahı Nəcaşiyə və Hatib bin Əbu Bəltəəni (Allah ondan razı olsun) Misirdə qibtilərin başçısı Muqavqisə göndərdi. O, həmçinin Haris bin Əbu Şəmir əl-Qassani və Hövzə bin Əli əl-Hənəfi kimi Şam və Yəmamə əmirlərinə də məktublar yazdı. Bu mübarək elçilər içərisində saf İslam dəvətini, ağıllara və qəlblərə xitab edən hikmətli müraciəti daşıyan hidayət məktubları ilə yola düşdülər. Bu dəvət onları ortaq bir kəlməyə – Tək Uca Allaha ibadət etməyə çağırır və öz xalqlarını haqqın və hidayətin nurundan uzaqlaşdırmağın nəticələri barədə onlara xəbərdarlıq edirdi.
Hökmdarların bu şərəfli məktublara və yazılara münasibəti fərqli olmuşdur. Onlardan Müqavqis, Nəcaşi və Əbu Süfyandan Peyğəmbərin vəsflərini öyrənən, sahib olduğu hakimiyyəti onu haqqa tabe olmaqdan çəkindirsə də, onun peyğəmbərliyinin doğruluğuna yəqinliklə inanan Herakl kimi bəzilərinin qəlbi yumşalmış və gözəl cavab vermişlər. Kisra kimi bəziləri isə həddini aşaraq təkəbbürlük göstərmiş və məktubu parçalamışdır. Bunun üzərinə Peyğəmbər (səllallahu əleyhi va səlləm) onun hakimiyyətinin darmadağın olması üçün bəddua etmiş, Allah da onun duasını qəbul edərək hakimiyyətini tez bir zamanda süquta uğratmışdır. Bu məktublaşmalar vasitəsilə İslama dəvət yer üzünün hökmdarlarına və rəhbərlərinə çatmış, böyük dövlətlər haqq din barədə xəbərdar olmuşlar. Bu addım İslamın yayılmasında ümumdünya mərhələsinin və onun Ərəbistan yarımadasının hüdudlarından çıxaraq dünyanın digər dövlətlərinə yayılmasının başlanğıcı olmuşdur.
Çıxarılan faydalar:
8- Muhamməd risalətinin ərəblərə və əcəmlərə şamil olan ümumi bir risalət olduğunu və yalnız Ərəbistan yarımadası əhalisi ilə məhdudlaşmadığını qəti şəkildə göstərir. Bu da Uca Allahın buyurduğunu təsdiq edir: "Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) olaraq göndərdik". (Səba 34 surəsi, ayə 28).
9- Şəriət siyasətinin tətbiq edilməsi: Bu, dini yaymaq və dəvət etmək üçün sülh və atəşkəs vaxtlarından gözəl şəkildə istifadə edilməsində özünü göstərir. Belə ki, Peyğəmbər (səlləllahu əleyhi va səlləm) yer üzünün padşahlarına və rəhbərlərinə xitab etməyə və onları dəvət etməyə vaxt ayırmaq məqsədilə Hüdeybiyyə sülhünü və daxili təhlükəsizliyi dəyərləndirmişdir.
10. Yazışmalarda və rəsmi əlaqələrdə, şəriətə zidd olmadığı təqdirdə, dövlətlərin qəbul olunmuş adət-ənənələrini nəzərə almağın caiz olması. Buna dəlil olaraq, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun), ona «Onlar möhürlənməmiş məktubu oxumurlar» deyildikdə, üzərində möhürü olan üzük düzəltdirmişdir. Bu da hüccətin onlara çatmasını və dəvətin daha təsirli şəkildə yayılmasını asanlaşdırmaq məqsədi daşıyırdı.
On beşinci dərs: Hicrətin səkkizinci ilində Məkkənin fəthi döyüşü:
Ən böyük fəth: Bu, ən böyük və mübarək fəth, Məkkənin fəthidir. Allahın Öz dinini ucaltdığı, Peyğəmbərinə kömək etdiyi, müqəddəs şəhərini və qədim Evini şirkdən təmizlədiyi gündür.
Ordunun hazırlanması: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) döyüşə hazırlaşdı və səhabələrinə də döyüş üçün hazırlıq görməyi əmr etdi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) və onunla birlikdə səhabələri (Allah onlardan razı olsun) on min döyüşçü ilə yola düşdülər, ta ki Məkkənin ətrafına çatdılar. Əbu Süfyan müsəlman ordusunun gücünü və on min döyüşçüyə çatan sayını gördükdə, Məkkə əhlinin onlarla qarşı-qarşıya gəlməyə qüdrəti olmadığını tam olaraq dərk etdi və təslim olmağa razılaşdı. Sonra Allah ona İslamı bəxş etdi və o, İslamı qəbul etdi.
Məkkəyə daxil olmaq: Peyğəmbər (sallallahu aleyhi və səlləm) əzəmətli bir mənzərədə Məkkənin yuxarı hissəsindən şəhərə daxil oldu. O, Allaha qarşı təvazökar, müti bir halda və Ona şükür edərək başını aşağı salmışdı, onu əhatə edən mühacirlər və ənsarlar isə üfüqü doldurmuşdular.
Kəbənin təmizlənməsi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) tövhidin xalis olaraq Allaha məxsus olması üçün Kəbənin daxilində və ətrafında olan bütlərin sındırılmasını və şəkillərin aradan qaldırılmasını dərhal əmr etdi.
Fəth günü insanların beyəti: Peyğəmbər (sallallahu aleyhi va səlləm) Məkkə əhlinə aman verdikdən sonra onlardan bir çoxu könüllü olaraq Səfa dağının yanına gəlib İslam və itaət üzrə ona beyət etdilər. Digərləri isə qorxudan geri qaldılar və qaçdılar. Sonra Peyğəmbər (sallallahu aleyhi va səlləm) onlara da aman verdi və onlar daha sonra İslamı qəbul etdilər. Onların dinə daxil olmaları məcburiyyətlə deyil, əksinə, qəlblərini dəyişdirən nəcib bir peyğəmbər əfvindən sonra baş vermişdi.
Fəthin təsiri: Bu zəfərin böyük bir təsiri oldu. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Qureyşə (hansı ki, ərəblərin başçısı idi) qalib gəldikdən və bundan sonra əldə edilən zəfərin ardından, hamı onun peyğəmbərliyinin doğruluğuna əmin oldu. Beləliklə də, Allahın dininə camaat halında və dəstə-dəstə daxil olmaq üçün hər yerdən nümayəndə heyətləri ilə gəlməyə başladı.
Çıxarılan faydalar:
1- Uca Allah Məkkənin fəthini Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun səhabələrinə döyüşə ehtiyac qalmadan asanlaşdırmışdır. Bu, Uca Allahın sırf lütfüdür ki, onların qanlarının tökülməsinin qarşısını almış və onlara əmin-amanlıq içərisində qələbə bəxş etmişdir.
2 - Qələbə anında təvazökarlıq əxlaqı: Peyğəmbər (sallallahu aleyhi va səlləm) Məkkəyə Allaha qarşı son dərəcə zəlillik və mütilik içində daxil oldu ki, bizə lütfün yalnız Allaha məxsus olduğunu, Zəfər verənin və Yardımçının O olduğunu və möminin gücü nə dərəcəyə çatırsa çatsın, Rəbbinə olan təvazökarlığının daha da artdığını öyrətsin.
3- Tövhidin əhəmiyyəti: Peyğəmbərin (sallallahu aleyhi va səlləm) etdiyi ilk əməl bütləri sındırmaq olmuşdur və bu da onu təsdiq edir ki, bu dinin əsası və gücü "Tövhid"də, qəlblərin və evlərin Allahdan başqa ibadət edilən hər bir şeydən təmizlənməsindədir.
4- Ərəb qəbilələri mübarizənin nəticəsini gözləyirdilər. Allahın Peyğəmbərinə öz qövmünə qarşı kömək etdiyini gördükdə, nümayəndə heyətləri bir-birinin ardınca gələrək İslam dinini qəbul etdiklərini elan etdilər. Beləliklə, Məkkənin fəthi bütün Ərəbistan yarımadasının qəlblərini imana açan bir açar oldu.
5- Quran müjdəsi: Uca Allah bu əzəmətli hadisəni Öz kərim kitabında əbədiləşdirərək belə buyurmuşdur: "Allahın köməyi və fəth (Məkkənin fəthi) gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə, Rəbbini həmd-səna ilə təsbih et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!". [Nasr 110 surəsi, ayələr 1-3].
On altıncı dərs: Huneyn döyüşü:
Döyüşün səbəbi: Məkkənin fəthindən sonra Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər çatdı ki, "Həvazin" qəbilələri (Taif əhli) onunla döyüşmək üçün çox böyük bir ordu toplayırlar. Buna görə də Peyğəmbər (sallallahu aleyhi və səlləm) onlar Məkkəyə gəlməmişdən əvvəl onların olduqları yerə getməyi qərara aldı.
İki ordunun qüvvəsi: Həvazin qəbiləsindən təqribən iyirmi min döyüşçü toplandı və (özlərini qaçmamağa ruhlandırmaq üçün) mallarını, qadınlarını və uşaqlarını da özləri ilə götürərək döyüşə çıxdılar. Müsəlmanlar isə on iki min döyüşçüdən ibarət böyük bir ordu tərkibində döyüşə çıxdılar. Onlardan iki mini İslamı yeni qəbul etmiş Məkkə əhlindən idi.
Say çoxluğu dərsi: Bəzi müsəlmanlar saylarının çoxluğunu gördükdə fərəhlənib öyünərək: "Bu gün sayımızın çox olduğuna görə kimsə bizə qələbə çala bilməz" - dedilər. Onların bu cür fərəhlənib öyünməsi çətin sınağın başlanğıcı oldu.
Gözlənilməz ağır vəziyyət: Müsəlmanlar "Hüneyn" vadisinə daxil olmağa başladıqları zaman, Həvazin döyüşçüləri onlar üçün gizli pusqular qurmuşdular. Onlar qəflətən bir nəfər kimi müsəlmanların ordusuna hücum edərək onları ox yağışına tutdular. Nəticədə, bu gözlənilməz hal ordunun böyük bir hissəsinin geri çəkilməsinə və qaçmasına səbəb oldu.
Rəhbərin səbatı: O çətin anda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) nadir bir şücaətlə öz yerində sabit qaldı və onunla birlikdə Əbu Bəkr, Ömər və Əli (Allah onlardan razı olsun) də daxil olmaqla, mühacir və ənsarlardan az sayda insan var idi.
Peyğəmbərin şücaəti: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz qatırını müşriklərin ordusuna doğru sürdü və səhabələrinin qəlbinə yenidən arxayınlıq və cəsarət aşılamaq üçün ən uca səslə belə nida etdi: "Mən peyğəmbərəm, yalan yoxdur, mən Əbdülmüttəlibin oğluyam". Döyüş yenidən şiddətləndi.
Allahın və mələklərin köməyi: Səhabələr geri qayıdıb Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ətrafında toplandıqdan və döyüş şiddətləndikdən sonra, Allah möminlərə mələkləri endirməklə kömək etdi. Mələklər kafirlərin qəlbinə qorxu saldı və onların qədəmlərini titrətdi.
Döyüşün sonu və qənimətlər: Kafirlər məğlub olub qaçdılar. Müsəlmanlar onları təqib etdilər. Kafirlər arxalarında Allahın lütfü ilə müsəlmanların ixtiyarına keçən çoxlu qənimət və mal-dövlət qoyub getdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Həvazin qəbiləsinin qəlbini İslama isindirmək məqsədilə qənimətləri dərhal bölüşdürmədi. Ümid edirdi ki, onlar geri qayıdıb İslamı qəbul edəcək və qənimətlərin özlərinə qaytarılmasını xahiş edəcəklər. Lakin onlar gecikdikləri üçün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qənimətləri bölüşdürdü.
Çıxarılan faydalar:
1- Sayın çoxluğuna deyil, Allaha arxalanmaq. Belə ki, müsəlmanlar Hüneyn döyüşündə dərk etdilər ki, qələbə yalnız tək Allah tərəfindən gəlir və əgər qəlblərə qürur daxil olarsa, sayın çoxluğu heç bir fayda verməz.
2- Müsəlmanlar Bədr döyüşündə öyrəndilər ki, səbir və təqva olduqda "sayın azlığı" zərər verməz. Hüneyn döyüşündə isə öyrəndilər ki, səbir və Allaha arxalanmaq olmadıqda "sayın çoxluğu" kara gəlməz.
3- Peyğəmbər (səllallahu aleyhi və səlləm) və onunla birlikdə olanlar güclü imanları sayəsində sabit qaldılar və bu bizə öyrədir ki, Allah sadiq qəlbləri ən çətin anlarda sabitqədəm edər.
4- Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu qəzvədə böyük cəsarət nümayiş etdirdi. Belə ki, ordunun geri çəkilməsinə baxmayaraq, o, böyük fəxr və yəqinliklə öz adını nida edərək düşmənlə şəxsən qarşılaşmaq üçün irəli atıldı.
5- Allah Öz elçisinə və möminlərə görmədikləri mələklərdən ibarət ordularla yardım etdi. Bu isə Uca Allahın daima Öz dostları ilə birgə olduğunu təsdiq edir.
6- Çətinlik və sıxıntıdan sonra Allah, səbir nümayiş etdirib səbat göstərdiklərinə görə mükafat olaraq müsəlmanlara qələbə və çoxlu qənimətlər nəsib etdi.
7- Xatirəni əbədiləşdirən kərim ayələr: Uca Allah buyurur: "Həqiqətən, Allah bir çox yerlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma bu sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə rəğmən, sizə dar gəldi. Sonra siz, geriyə dönüb qaçdınız. Sonra Allah, Öz Elçisinə və möminlərə arxayınlıq nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. Bundan sonra Allah istədiyinin tövbəsini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir". [Tövbə 9 surəsi, ayələr 25-27].
8. Cəza (mükafat) əməlin cinsindəndir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) döyüşdə az sayda səhabəsi ilə birlikdə möhkəm dayandıqda, Uca Allahın vəd etdiyi qələbə ona nəsib oldu. Uca Allah buyurur: "Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi (döyüşdə və ya sirat körpüsündə) sabit edər". [Muhəmməd 47 surəsi, ayə 7]. Bu hökm ümumidir. Uca Allah, Öz dininə yardım edən, Ona dəvət edən və Allahın rizasını qazanmaq niyyəti ilə Onun yolunda cihad edən hər bir müsəlmana qələbə və yardım vəd etmişdir.
On yeddinci dərs: Nümayəndə heyətlərinin qarşılanması və Vida həcci:
Məkkənin fəthindən və müsəlmanların qələbəsindən sonra, ərəb qəbilələri İslamı qəbul etdiklərini bəyan etmək üçün hər tərəfdən Mədinəyə gəldilər və hicrətin doqquzuncu ili "Nümayəndə heyətləri ili" olaraq tanındı. Beləliklə, Peyğəmbər (sallallahu aleyhi va səlləm) çoxsaylı nümayəndə heyətlərini qəbul etdi. Onların ən önəmliləri arasında Bəni Təmim nümayəndə heyəti, Nəcran nümayəndə heyəti və (içərilərində Ədiyy bin Hatimin də olduğu) Tayy nümayəndə heyəti də var idi. Bu nümayəndə heyətlərinin Ərəbistan yarımadasının İslam bayrağı altında birləşməsində böyük təsiri oldu. Belə ki, onlar dinin ərkanlarını öyrəndilər və öz qövmlərini İslama dəvət etmək üçün geri qayıtdılar. Bu da İslamın yayılmasına zəmin yaratdı.
Hicrətin onuncu ilində insanlar arasında elan edildi ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) o il həcc etmək niyyətindədir. Beləliklə, hər yerdən Mədinəyə çoxlu sayda insan gəldi. Onların hamısı ondan öyrənmək və həcc əməllərində ona iqtida etmək üçün Peyğəmbəri (sallallahu aleyhi və səlləm) müşayiət etmək istəyirdilər.
Belə adlandırılmasının səbəbi: Bu həccə «Vida Həcci» adı verilmişdir. Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu həccdə söylədiyi sözlərlə insanlarla vidalaşdı və bundan sonra bir daha həcc etmədi.
Hacıların kütləsi: Bu mübarək səfərə Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birgə yüz mindən çox hacı çıxmışdır və o, doqquz zövcəsini (Allah onlardan razı olsun) özü ilə aparmışdır.
Nemətin tamamlanması: Peyğəmbər (səllallahu aleyhi və səlləm) həcc ayinlərini yerinə yetirərkən, Ərəfə günü ona Uca Allahın bu sözü nazil oldu: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim". [Maidə 5 surəsi, ayə 3]. Bu ayə risalətin tamamlanmasının elanı idi.
Böyük vəsiyyət: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Ərəfə günü və Qurban günü insanlara böyük xütbələr söylədi. Bu xütbələrdə müsəlmanın əsas prinsiplərini, tövhidi, sünnəyə tabe olmağı, müşriklərə müxalif olmağı, müsəlmanların bir-birləri üzərində olan haqlarını, həmçinin ər-arvadın qarşılıqlı hüquqlarını vurğuladı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həmin xütbələrdə dediklərindən bəziləri bunlardır: "Şübhəsiz ki, sizin qanlarınız, mallarınız və namuslarınız bu gününüzün, bu ayınızın və bu şəhərinizin haramlığı kimi bir-birinizə haramdır (toxunulmazdır). Diqqət edin! Mən (Allahın əmrlərini) sizə çatdırdımmı?". Bununla Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun), müsəlmanın canının, malının və namusunun toxunulmazlığını və müqəddəsliyini bir daha vurğulamışdır.
Həmçinin insanı zəlalətdən qoruyan vəsiyyəti edərək belə buyurdu: "Mən sizin aranızda elə bir şeyi qoyub gedirəm ki, ondan möhkəm yapışdığınız müddətdə əsla zəlalətə düşməyəcəksiniz. O da Allahın Kitabıdır". [Hədisi Müslim rəvayət etmişdir].
Qayıdış: Peyğəmbər (sallallahu aleyhi va səlləm) həcc mənasiklərini tamamladıqdan və insanlara dinlərini öyrətdikdən sonra Mədinəyə qayıtdı.
Çıxarılan faydalar:
1- Nümayəndə heyətlərini qəbul etmək bizə öyrədir ki, İslamın qüvvəti haqq üzərində bir camaat olmaqda, birləşməkdə və elmi yaymaqdadır, bacarıqlı başçı isə xeyri yaymaq üçün əlaqə körpüləri quran kəsdir.
2- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Kitab və sünnəyə sarılmaq vəsiyyəti müsəlman üçün nicat vasitəsidir. Çünki hər zaman və məkanda hidayət, həmçinin sapıqlıq və azğınlıqdan qorunmaq bu ikisindədir.
3- Peyğəmbər (sallallahu aleyhi va səlləm) həcc ibadətlərini yerinə yetirmək, onu insanlara yalnız sözdə deyil, "əməldə" öyrətmək və hər kəsin görüb tabe olacağı canlı bir nümunə olmaq üçün şəxsən özü səfərə çıxdı. Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurmuşdur: "Mənasiklərinizi (həcc əməllərini) məndən götürün". Hədisi [Beyhəqi, Əbu Davud və Nəsai rəvayət etmişdir]. Səhih Müslimdə gələn digər bir rəvayətdə isə belə deyilir: "Mənasiklərinizi (həcc əməllərini) öyrənəsiniz deyə".
4- Uca Allah bizə dini kamil etdiyini və nemətini tamamladığını xəbər vermişdir. Buna görə də heç kəsə özündən "bidətlər" gətirərək dində nəyisə artırmağa və ya ondan nəyisə əksiltməyə icazə verilmir. Çünki İslam dinində insanların dünya və axirət həyatını islah edəcək hər bir şey mövcuddur. Şəriət, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) vəfatı və vəhyin kəsilməsi ilə artıq kamilləşmişdir.
5. Müsəlmanın toxunulmazlığı: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanların qanının, namusunun və malının toxunulmaz olduğunu xüsusi olaraq vurğulamış və bunlara haqsız yerə təcavüz etməyin haram olduğunu bildirmişdir.
On səkkizinci dərs: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) vəfatı:
Hicrətin on birinci ilində, Rəbiuləvvəl ayının on ikisi, bazar ertəsi günü kuşluq vaxtı, həyat yoldaşı Aişənin (Allah ondan razı olsun) evində olarkən Peyğəmbərin (sallallahu əleyhi va səlləm) xəstəliyi ağırlaşdı.
Ölümün səkəratları (bihuşluğu): Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ölüm ağrılarından və səkəratlarından (bihuşluğundan) əziyyət çəkirdi, üzünü su ilə məsh edərdi və deyərdi: "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, həqiqətən, ölümün ağır anları (bihuşluğu) vardır". [Hədisi Buxari rəvayət etmişdir].
Vəfatı: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) mübarək ruhu Aişənin (Allah ondan razı olsun) sinəsinə söykənmiş halda Uca Allaha qovuşdu. O zaman onun altmış üç yaşı var idi.
Dəfni: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) vəfat etdiyi yerdə, Aişənin (Allah ondan razı olsun) evində dəfn edildi.
Əmanətin tam şəkildə yerinə yetirilməsi: Peyğəmbər (sallallahu aleyhi və səlləm) əmanəti kamil şəkildə əda etdikdən sonra vəfat etdi və ümmətini günorta vaxtı günəşin aydınlığı kimi açıq-aydın bir yol üzərində tərk edib getdi. O, bizi bütün xeyirlərə yönəltmiş və bütün şərlərdən çəkindirmişdir.
Çıxarılan faydalar:
1- Bu hadisə bizə Möminlərin anası Aişənin (Allah ondan razı olsun) fəzilətini və Peyğəmbərin (sallallahu əleyhi va səlləm) yanındakı yüksək məqamını göstərir. Belə ki, o, ömrünün son günlərini onun evində keçirməyi seçmiş və onun qucağında vəfat etmişdir.
2- Ölüm Allahın Öz yaratdıqları arasındakı qanunudur. Əgər bir kəs dünyada əbədi qalsaydı, Allahın rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) orada əbədi qalardı. Necə ki, Uca Allah buyurur: "(Ey Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!" [Zümər 39 surəsi, ayə 30].
3- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) vəfatı müsəlmanların başına gələn ən böyük müsibətdir. Kim Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) itirmək müsibətini xatırlayarsa, başqa hər bir müsibət ona yüngül gələr. Necə ki, rəsulullahın şairi Həssan bin Sabit (Allah ondan razı olsun) demişdir:
Keçmişdəkilər Muhəmməd kimi birisini itirməmişlər... və Qiyamətə qədər də onun bənzəri itirilməyəcəkdir.
4- Dəvətçilər üçün bir mesaj: Din elmini daşıyan hər bir kəs onu insanlara öyrətmək və yaymaq üçün əlindən gələn bütün səyi göstərməlidir ki, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) etdiyi kimi, üzərinə düşən vəzifəni yerinə yetirmiş halda Allahın hüzuruna qovuşsun.
5- Peyğəmbər (sallallahu əleyhi va səlləm) bizi açıq-aydın haqq və səhih mənhəc üzərində qoyub getmişdir. Bu yoldan yalnız bidətə və ya şəhvətə uyaraq fitnəyə düşən kimsə yayınar. Bütün səadət (xoşbəxtlik) Peyğəmbərin (sallallahu əleyhi va səlləm) yoluna tabe olmaqdadır.
On doqquzuncu dərs: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcələri:
Peyğəmbərin (əleyhi-ssəlatu vəssəlam) zövcələri:
1. Xədicə bint Xuveylid (Allah ondan razı olsun).
2. Söudə bint Zəm'ah (Allah ondan razı olsun).
3. Aişə bint Əbu Bəkr əs-Sıddiq (Allah ondan razı olsun).
4. Həfsa bint Ömər bin əl-Xattab (Allah ondan razı olsun).
5. Zeynəb bint Xuzeymə (Allah ondan razı olsun).
6. Ummu Sələmə (Hind bint Əbi Umeyyə) (Allah ondan razı olsun).
7. Ummu Həbiybə (Ramlə bint Əbi Sufyan) (Allah ondan razı olsun).
8. Cuveyriyyə bint əl-Həris (Allah ondan razı olsun).
9. Meymunə bint əl-Həris (Allah ondan razı olsun).
10. Safiyyə bint Huyey (Allah ondan razı olsun).
11. Zeynəb bint Cəhş (Allah ondan razı olsun).
Çıxarılan faydalar:
1. Möminlərin anaları: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələri Qurani-Kərimin ayəsinə əsasən "Möminlərin anaları"dır. Uca Allah buyurur: "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri isə möminlərin analarıdır..." [Əhzab 33 surəsi, ayə 6]. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) tərbiyə və şəfqət baxımından möminlər üçün ata məqamındadır. Buna görə də Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcələri hörmət və ehtiram göstərilməsi, həmçinin onlarla evlənməyin haram olması baxımından bizim üçün analarımız hökmündədir. Lakin onlar, möminlərlə xəlvətdə qalmağa və ya hicabı açmağa icazə verən "məhrəmlik" məsələsində analar kimi deyillər.
2. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məqamının ucalığı: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələrinin xüsusiyyətlərindən biri odur ki, onun vəfatından sonra heç kimə onlarla əsla evlənmək olmaz. Uca Allah buyurur: "Sizə Allahın elçisinə əziyyət vermək, vəfatından sonra onun həyat yoldaşları ilə evlənmək əsla icazəli deyildir. Həqiqətən, bu, Allah yanında böyük günahdır". [Əhzab 33 surəsi, ayə 53]. Bu, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) məqamının qorunması və ona ehtiram göstərilməsidir. Həmçinin ona görədir ki, Allahın izni ilə onunla onlar arasındakı ər-arvadlıq əlaqəsi Cənnətdə də daimi qalacaq və davam edəcəkdir.
3. Məsuliyyətin böyüklüyü və mükafatın ikiqat olması: Peyğəmbər (səllallahu aleyhi və səlləm) zövcələrini dünya bəzəyi ilə onun yanında qalmaq və yaşayış çətinliyinə səbr etmək arasında seçim qarşısında qoyduqda, onlar Allahı, Onun rəsulunu və Axirət yurdunu seçdilər. Məqamları uca olduğuna görə, Allah onların saleh əmələ görə mükafatlarını ikiqat etdi, eləcə də onlardan sadir olan hər hansı bir xətaya görə hesabı başqalarına nisbətən daha ağır etdi ki, onların ehtiyatlılığı və Allaha olan şükrü daim ən yüksək dərəcələrdə qalsın.
4. Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əhli-beytindəndirlər: Peyğəmbərin (səllallahu aleyhi və səlləm) xanımları Allahın onları pak etdiyini xəbər verdiyi "Əhli-beyt"ə daxildirlər. Uca Allah onlardan bəhs edərkən buyurur: "Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir". (Əhzab 33 surəsi, ayə 33). Onlara böyük hörmət etmək, onlardan razı olduğunu bildirmək və onların iffət və izzətini qorumaq hər bir müsəlmanın üzərinə vacibdir. Çünki onlar pak nümunələrdir.
5. Vəhyin onların evlərində nazil olması: Onların ən böyük fəzilətlərindən biri də odur ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) onların evlərində olarkən Qurani-Kərim nazil olurdu. Uca Allah buyurur: "Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın..." (Əhzab 33 surəsi, ayə 34). Peyğəmbərə (səllallahu aleyhi və səlləm) yaxın olduqlarına görə, onlar onun evindəki sünnəsinin və yolunun ən xırda təfərrüatlarını bizə nəql etmiş, bununla da onların hər biri bu elmi ümmətə çatdıraraq dinə xidmət etmişdir.
İyirminci dərs: Peyğəmbərin (sallallahu aleyhi və səlləm) övladları:
Peyğəmbərə (sallallahu aleyhi və səlləm) yeddi övlad bəxş edilmişdir. Onlar aşağıdakılardır:
Birincisi: Oğlan övladları (üç nəfər): Qasim: Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) onun adı ilə «Əbul-Qasim» künyəsi verilmişdi. Abdullah. İbrahim.
İkincisi: Qız övladları (dörd nəfər): Zeynəb. Ruqəyyə. Ümmü Külsüm. Fatimə.
İbrahimdən başqa bütün övladları zövcəsi Xədicədən (Allah ondan razı olsun) dünyaya gəlmişdir. İbrahim isə onun kənizi Mariya əl-Qibtiyyədən idi. Fatimədən başqa bütün övladları Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sağlığında ikən vəfat etmişdirlər. Fatimə isə o dünyasını dəyişdikdən sonra altı ay yaşamış, daha sonra ona qovuşmuşdur.
Çıxarılan faydalar:
1- Biz Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) övlad itkisi zamanı səbir etməyi və əcrini Allahdan ummağı öyrənirik. Belə ki, o, həyatında altı övladının vəfatı ilə itki acılığını dadmış, buna rəğmən mətanət göstərmiş və Rəbbinə şükür etmişdir.
2. Fatimənin (Allah ondan razı olsun) fəziləti: Allah onu Peyğəmbərdən sonra sağ qalan yeganə övladı olmaqla fərqləndirmiş, o da atasına (Allahın salavatı və salamı onun üzərinə olsun) qovuşana qədər səbir edərək savabını Allahdan ummuşdur.
3- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) kiçik yaşlarında vəfat edən oğlu İbrahimin anası Mariyə əl-Qibtiyyə idi. O, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) cariyələrindən idi və möminlərin anaları olan zövcələrindən deyildi.
İyirmi birinci dərs: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi yaradılış və əxlaqi sifətləri:
Allah rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlar arasında ən gözəl xilqətə sahib idi. Onun sifətlərindən bəziləri aşağıdakılardır:
Boyu: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) kişilər arasında nə çox hündür, nə də qısa boylu idi. Əksinə, orta boylu və mütənasib bir bədən quruluşuna malik idi.
Dərisinin rəngi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dərisi açıq ağ rəngdə idi və ona xüsusi gözəllik, təravət verən yüngül qırmızılıq çaları vardı.
Üzü: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gözləri iri, ağzı geniş və gözəl idi. Saqqalı sıx, saçları isə olduqca qara idi. Yaşı artdıqda saçında və saqqalında, xüsusilə də gicgahlarında iyirmi tükə belə çatmayan az sayda ağ tük görünmüşdü.
Bədən quruluşu: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) çiyinləri enli idi. Həmişə gözəl qoxu verərdi, hətta ətir sürtmədiyi vaxtlarda belə ondan xoş ətir iyi gələrdi.
Əxlaqi sifətlərinə gəldikdə isə:
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən kamil ədəb və əxlaq sahibi idi. Allah ona bütün gözəl əxlaqi xüsusiyyətləri bəxş etmişdi. Onun əxlaqından bəziləri bunlardır:
Doğruluq və əmanət: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən doğru danışanı və əhdinə ən çox sadiq qalanı idi. Hətta peyğəmbərlik verilməzdən əvvəl ona «əs-Sadiq əl-Əmin» (Doğruçu və Etibarlı) ləqəbi verilmişdi.
Səxavət və comərdlik: Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanların ən səxavətlisi idi. O, yoxsulluqdan qorxmayan bir insan kimi bəxşiş verərdi. Ondan nə isə istənildikdə isə heç vaxt «yox» deməzdi.
Mülayimlik və bağışlamaq: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların qəzəbdən ən uzaq olanı və ən tez razı qalanı idi. O, özünə zülm edəni bağışlayar, onunla əlaqəni kəsəni isə ziyarət edib əlaqəsini davam etdirərdi. Cahilin kobud davranışı da onun mülayimliyini və səbirini yalnız daha da artırardı.
Təvazökarlıq və mərhəmət: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) möminlərə qarşı son dərəcə təvazökar idi. O, öz işlərini özü görər, ayaqqabısını özü yamayar, ailəsinə ev işlərində kömək edər, qonağını ehtiramla qarşılayar və rastlaşdığı hər kəsə təbəssüm edərdi. O, zəiflərə, uşaqlara və hətta heyvanlara qarşı insanların ən mərhəmətlisi idi.
Şücaət: Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəlbən insanların ən şücaətkarı idi, döyüş şiddətləndiyi zaman səhabələri ona sığınardılar, o isə hamıdan ön sırada dayanaraq düşmənə ən yaxın olan şəxs olardı.
O, həqiqətən də, möminlərin anası Aişənin (Allah ondan razı olsun) geniş məna daşıyan bir neçə sözlə onu vəsf etdiyi kimi idi: "Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqı Quran idi".
Çıxarılan faydalar:
1- Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yaradılış vəsflərini bilməyin faydalarından biri də, Allahın sənə yuxuda onu görməyi nəsib etməsidir. Kim onu məlum vəsflərində görərsə, həqiqətən onu görmüş sayılır. Çünki şeytan onun surətinə girə bilməz, necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Kim məni yuxuda görərsə, həqiqətən də məni görmüşdür. Çünki şeytan mənim surətimə girə bilməz". [Hədisi Buxari və Müslim rəvayət etmişdir].
2- Səmimi sevən insan sevdiyi şəxsin hər bir xüsusiyyətini və təfərrüatını tanımağa can atar. Bu baxımdan məxluqatın seyyidi olan Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zahiri görnüşünü və həyatını öyrənmək ən böyük əhəmiyyət daşıyan məsələlərdəndir.
3- Səhabələrin Peyğəmbərə (sallallahu aleyhi və səlləm) olan dərin sevgisini və möhkəm bağlılığını dərk edirik. Belə ki, onlar onun həyatındakı ən incə təfərrüatları belə bizə nəql etmiş, onlardan sonra isə ümmət bu böyük irsi qoruyub saxlamışdır.
4- Hərtərəfli və kamil nümunə: Bu sifətləri öyrənmək müsəlmanı zahiri görünüşündə təmizliyə və gözəlliyə, daxili aləmində isə doğruçuluğa, həlimliyə, təvazökarlığa və digər gözəl xüsusiyyətlərə riayət etməkdə Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) özünə nümunə götürməyə sövq edir.
Son söz
Sonda qeyd edək ki, səhih Sünnə və Peyğəmbərin həyatı haqqında kitablar çoxdur. Müsəlman, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həyatı, əxlaqı və xasiyyətləri barədə məlumat əldə etmək üçün həmin kitablara müraciət etməlidir. Onlardan bəziləri aşağıdakılardır:
1- Hafiz İbn Kəsirin (Allah ona rəhmət etsin) "Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatı" adlı kitabı.
2- İbnul-Qəyyimin (Allah ona rəhmət etsin) "Zadul-Məad" adlı kitabı.
3- Tirmizinin (Allah ona rəhmət etsin) "Şəməilun-Nəbiy" adlı kitabı.
Əzəmətli Allahdan bu əməli Özünün mübarək Üzü xatirinə (xalis Onun razılığı üçün) ixlaslı etməsini, bizə və sizə Kərim Peyğəmbərinə (sallallahu aleyhi və səlləm) gözəl şəkildə tabe olmağı nəsib etməsini, bu səylə bütün müsəlmanlara fayda verməsini və onu Din (Qiyamət) günündə bizim üçün azuqə etməsini diləyirik.
Həmd-sənalar aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavatı isə seyidimiz Muhammədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!
Related books
All books
رسول الإسلام محمد صلى الله عليه وسلم81 dilرسولمحمدرسول الإسلام محمد صلى الله عليه وسلم
Mərhəmətli və Rəhmli Allahın adı ilə! İslam elçisi Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) İslam elçisi Muhəmməd [1] (Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında qısa həyat yolu. Burada bəyan etdiklərim bunlardır: onun adı, nəsəbi, yaşadığı yer, həyat yoldaşları, dəvət etdiyi risaləti (peyğəmbərlik missiyası), peyğəmbərlik dəlilləri, şəriəti (dini əhkamları) və düşmənlərinin ona qarşı mövqeləri. [1] Tərcümə olunarkən məna aydın olsun deyə, Allahın elçisi və Muhəmməd sözlərini bir yazmağa çalışdım. Buna diqqət yetirilsin. 1. Peyğəmbərimizin (Allahın salavatı və…
Səhər və axşam deyilən zikrlər57 dilSəhər və axşam deyilən zikrlər
Mərhəmətli və Rəhimli Allahın adı ilə. Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir. Əl-Bəqərə 255, Ayətul-kursi "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman…
İslam89 dilİslam
Mərhəmətli və Rəhmli Allahın adı ilə Özündən soruşmusanmı: Göyləri, yeri və onlarda olan əzəmətli məxluqatları kim yaradıb? Bu dəqiq və kamil nizamı kim yaradıb?
Namazın qılınma qaydası (müxtəsər video)86 dilNamazın qılınma qaydası (müxtəsər video)
Allaha bəsirətlə ibadət etməyimiz və namazımızın ərkan və şərtlərinə uyğun şəkildə kamil olması üçün namazın qılınma qaydasını izah edən müxtəsər praktiki nümunə. Namazın qılınma qaydası Namaz qılmaq istədikdə, kiçik və böyük hədəsdən təmizlənməliyik. Namazı övrəti örtən təmiz geyimdə qılırıq. Bədənimiz və namaz qıldığımız məkan nəcislərdən təmiz və pak olmalıdır. Qibləyə yönəlirik. Sütrəyə doğru namaz qılmaq müstəhəbdir.