الوسائل المفيدة للحياة السعيدة
كتاب "الوسائل المفيدة للحياة السعيدة" للشيخ عبد الرحمن بن ناصر السعدي، يتناول مفهوم السعادة الحقيقية التي يسعى لتحقيقها كل إنسان. الكتاب يوضح أن السعادة تتحقق بطاعة الله ورسوله، والعمل الصالح، والإيمان. ويُقسم السعادة إلى دنيوية مؤقتة وأخروية دائمة، ويربط بينهما بالرضا الإلهي للمؤمنين. يعتمد الكتاب على الأدلة الشرعية من القرآن والسنة لتقديم الأسباب المؤدية للسعادة وكيفية تحقيقها، مما يجعله دليلاً للمسلمين لتنظيم حياتهم على بصيرة وإيمان.
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
Hədisi Müslim rəvayət etmişdir.
Hədisi Müslim rəvayət etmişdir.
Hədisi Buxari rəvayət etmişdir.
Xoşbəxt həyat üçün faydalı yollar
Müəllif
Şeyx Abdurrahmən bin Nəsir Əs-Sədi, Allah ona rəhmət etsin.
Müəllifin ön sözü
Allaha Həmd olsun. Bütün həmd-sənalar Ona aiddir. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O, Təkdir və heç bir şəriki yoxdur, və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və rəsuludur, Allahın salavatı və salamı onun, ailəsinin və səhabələrinin üzərinə olsun.
Daha sonra: Həqiqətən, qəlbin rahatlığı, onun dincliyi və sevinci, həmçinin dərd və qəm-qüssənin aradan qalxması – hər kəsin arzusudur. Bu hallar nəticəsində gözəl bir həyat əldə olunur, sevinc və şadlıq tamamlanır. Bu isə dini, təbii və əməli səbəblərlə mümkündür. Bu səbəblərin hamısının bir araya gəlməsi yalnız möminlər üçün mümkündür. Digər insanlara gəlincə isə, ağıllı olanları bu hallar üçün çalışıb onlara bəzi yönlərdən nail olsa da, lakin daha faydalı, daha sabit və daha gözəl həm indi, həm də gələcəkdə (dünya və axirətdə olan) nəticələri əldən verirlər.
Lakin bu kitabçada, hər kəsin arzusunda olduğu bu ali məqsədə nail olmaq üçün ağlıma gələn səbəbləri qeyd edəcəyəm.
Onlardan bəziləri bu səbəblərin çoxunda müvəffəq olmuş, nəticədə xoşbəxt bir ömür sürmüş və gözəl bir həyat yaşamışdır. Bəziləri isə bu səbəblərdə tamamilə uğursuz olmuş, nəticədə bədbəxt bir ömür sürmüş və çətinliklər içində bir həyat yaşamışdır. Bəziləri isə bu məsələdə müvəffəq olduqları uğura nisbətdə, bu ikisinin arasında olmuşdur. Müvəffəq edən Allahdır. Hər cür xeyri əldə etmək və hər cür şərdən qorunmaq üçün yalnız Ondan yardım diləyirik.
Fəsil
1- Xoşbəxtliyin ən böyük səbəbi, onun əsası və təməli iman və saleh əməldir. Uca Allah buyurur: "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq". (Nəhl 16 surəsi, ayə: 97).
Uca Allah, iman və saleh əməli özündə cəm edən kəslərə, bu dünya həyatında xoş bir həyat yaşadacağını, həmçinin həm bu dünyada, həm də əbədi qalınacaq Axirət yurdunda gözəl bir mükafat verəcəyini xəbər vermiş və vəd etmişdir.
Bunun səbəbi aydındır: Çünki Allaha doğru iman edən, bu imanla saleh əməllər işləyən və bununla qəlbləri, əxlaqı, dünyanı və axirəti islah edən möminlər, qarşılaşdıqları sevinc və fərəh səbəblərini, eləcə də kədər və iztirabları qarşılayacaq möhkəm təməllərə və sağlam əsaslara sahibdirlər.
Onlar sevinc və xoşbəxtlik gətirən nemətləri qəbul edib ona görə şükr edir və onları faydalı işlərdə istifadə edirlər. Bu nemətləri belə bir şəkildə istifadə etdiklərində, bu, möminlərə böyük sevinc bəxş edir, onların davamlılığına və bərəkətinə olan arzularını artırır, həmçinin şükr edənlərə vəd olunan mükafatı ümid etməklərinə səbəb olur. Nəticədə isə bu sevinc və xoşbəxtliyi geridə qoyan nemət və bərəkətlərə sahib böyük qazanclar əldə edirlər.
Onlar müsibətləri, zərərləri, kədər və sıxıntıları, bacardıqları qədər müqavimət göstərərək, yüngülləşdirilə biləni yüngülləşdirərək, qaçınılmaz olanlara isə gözəl şəkildə səbr göstərərək qarşılayırlar. Beləcə, xoşagəlməz bu hallar nəticəsində onlar üçün çox faydalı olan dözüm, təcrübə, güc, səbr və savab ümidi kimi böyük qazanc və nəticələr hasil olur. Bu çətinliklər itib gedir və onların yerini sevinc, gözəl ümidlər və Allahın mərhəmətinə və savabına ümid hissi tutur. Peyğəmbər, sallallahu aleyhi va səlləm, bunu səhih bir hədisdə belə ifadə etmişdir: "Möminin işi təəccüblüdür. Çünki onun hər bir işi xeyirdir. Əgər ona bir sevinc toxunarsa, şükr edər və bu onun üçün xeyir olar. Əgər başına bir müsibət gələrsə isə, səbr edər və bu onun üçün xeyir olar. Və bu hal yalnız möminə aiddir”.
Peyğəmbər, sallallahu aleyhi va səlləm, bu hədisdə, mömin insanın — istər sevincli, istərsə də kədərli hallarda — əldə edəcəyi qənimətin, xeyirin və əməllərinin bəhrəsinin qat-qat artdığını xəbər vermişdir. Buna görə görürsən ki, xeyirli və ya şərli hadisə ilə üzləşən iki nəfər bunu tamamilə fərqli şəkildə qarşılayırlar. Bu fərq isə onların imanları və saleh əməllərindəki fərqdən irəli gəlir. Bu iki vəsfə - iman və saleh əmələ - sahib olan bir kimsə, yaxşılıq və pisliyi daha əvvəl qeyd etdiyimiz şükr, səbr və onlara bağlı hallarla qarşılayır. Bu isə ona sevinc və xoşbəxtlik gətirir, kədər, qəm-qüssə, narahatlıq, qəlb sıxıntısı və həyatın çətinliklərini aradan qaldırır. Beləcə, o, bu dünyada xoş və gözəl bir həyat yaşayır. Digəri isə (yəni iman və saleh əməl sahibi olmayan kimsə) sevilən şeyləri təkəbbürlük, lovğalıq və azğınlıqla qarşılayır. Bu da onun əxlaqını pozur. O, bunları heyvanlar kimi tamahkarlıq və acgözlüklə qarşılayır. Bununla yanaşı, qəlbi əsla rahat deyil. Əksinə, hər tərəfdən fikirləri dağılmış vəziyyətdədir. O, bir tərəfdən, sevdiyi nemətlərin əldən çıxacağından qorxur, digər tərəfdən isə bu nemətlərdən qaynaqlanan çoxsaylı problemlər səbəbindən daim narahatdır. Bundan başqa, insan nəfsi heç vaxt məhdud bir şeylə kifayətlənmir, daima daha çoxunu, fərqli və yeni istəkləri arzulayar. Bu arzular bəzən reallaşar, bəzən isə yox. Əgər bütün bu arzuların gerçəkləşdiyini fərz etsək belə, belə bir insan yenə də qeyd olunan səbəblərdən daim narahatlıq içində yaşayar. Çətinlikləri isə narahatlıq, təşviş, qorxu və səbrsizliklə qarşılayar. Ona görə də, onun yaşadığı həyat əzabları, ruhi və sinir xəstəlikləri, bəzən ən pis vəziyyətlərə və ən ağır sarsıntılara qədər gətirən qorxuları haqqında soruşma. Çünki belə bir insan nə bir savaba ümid etmir, nə də dərdinə təsəlli verəcək, ağrısını yüngülləşdirəcək bir səbrə sahibdir.
Bütün bunlar təcrübə ilə müşahidə olunmuşdur. Belə bir misal: Əgər sən onu diqqətlə düşünsən və bunu insanların hallarına tətbiq etsən, imanına uyğun əməl edən möminlə, etməyən şəxs arasındakı böyük fərqi görərsən. Bu fərq ondadır ki, din insanları Allahın ruzisi ilə qane olmağa, Onun verdiyi müxtəlif nemətlər və lütflərlə razı olmağa ən yüksək səviyyədə təşviq edir.
Beləliklə, mömin, xəstəlik, yoxsulluq və ya hər kəsin qarşılaşa biləcəyi digər çətinliklərdən hər hansısa biri ilə sınağa çəkildikdə, o, imanı və Allahın ona ayırdığına qarşı olan qaneçiliyi və razılığı (sevinci) ilə ürəyi rahat olar. O, qəlbində özünə verilməyən bir şeyin ardınca getməz, (şərait baxımından) özündən aşağı olanlara baxar, yuxarıda olanlara isə göz dikməz. Hətta bəzən onun sevinci, fərəhi və rahatlığı bütün dünyəvi arzularını əldə etmiş, lakin qane olmayan birindən daha çox olar.
Digər tərəfdən, imanın tələb etdiyi əməl sahibi olmayan bir şəxsi, yoxsulluq və ya dünyəvi arzularından bəzilərini əldə edə bilməmək kimi bir sınaqla üzləşdiyi zaman, onu son dərəcə bədbəxtlik və əzab içində olduğunu görərsən.
Başqa bir misal: Qorxuya səbəb ola biləcək hadisələrin baş verdiyi, insana narahatlıq verən vəziyyətlərin ortaya çıxdığı bir zamanda, doğru imana sahib, qəlbi sabit və ruhu sakit bir insanın, bu çətinlikləri bacardığı qədər düşüncə, söz və əməl ilə asanlaşdırıb, idarə etdiyini görərsən. Çünki o, özünü bu cür çətinliklərə qarşı öncədən hazırlamışdır. Məhz bu hallar insanı rahatladar və qəlbinə sabitlik bəxş edər.
Digər tərəfdən, iman sahibi olmayan bir insan, bunun tam əksi olaraq, qorxulu vəziyyətlərlə qarşılaşdıqda, sən onu vicdanı (ağlı və fikirləri) narahat, sinirləri gərgin, düşüncələri dağınıq, qorxu və dəhşətə qapılmış, xarici qorxunun və izahı mümkün olmayan dərin bir daxili narahatlığın onu bürümüş bir vəziyyətdə görərsən. Bu cür insanlar uzunmüddətli məşq tələb edən bəzi təbii səbəblərə sahib olmadığı təqdirdə, gücləri tükənir, sinirləri daha da gərginləşir. Bunun əsas səbəbi isə onları səbrli olmağa təşviq edən imanın olmamasıdır. Xüsusilə də çətin, kədərli və gərgin anlarda bu hal daha da qabarıq şəkildə özünü büruzə verir.
Saleh və fasiq, mömin və kafir hamısı cəsarəti əldə etməkdə və qorxuları yüngülləşdirib asanlaşdıran fitri instinkdə ortaqdırlar. Lakin mömin imanının gücü, səbri, Allaha təvəkkülü, Ona güvənməsi və savabını Ondan gözləməsi ilə fərqlənir. Bu xüsusiyyətlər onun cəsarətini artırır, qorxusunu yüngülləşdirir və çətinlikləri asanlaşdırır. Uca Allah belə buyurur: "Əgər siz (döyüşdə) ağrı-acı çəkirsinizsə, onlar da sizin kimi ağrı-acı çəkirlər. (Fəqət) siz onların ummadıqlarını Allahdan umursunuz". (Nisa 4 surəsi, ayə: 104). Beləliklə, onlar qorxuları darmadağın edən Allahın yardımını, xüsusi kömək və dəstəyini əldə edirlər. Uca Allah belə buyurur: "Səbr edin, həqiqətən Allah səbr edənlərlədir". (Ənfal 8 surəsi, ayə: 46).
2- Kədərləri, üzüntünü və narahatlığı aradan qaldıran səbəblərdən biri də insanlara söz və əməl, müxtəlif xeyirxah işlər ilə yaxşılıq etməkdir. Çünki bu əməl və işlərin hamısı xeyir və yaxşılıqdır. Uca Allah, bu yaxşılıqlar sayəsində həm saleh insanlardan, həm də fasiqlərdən üzüntü və kədəri aradan qaldırır. Lakin mömin bu işdə daha geniş və daha tam bir paya sahibdir. Çünki mömin, etdiyi yaxşılıqları yalnız Allahın razılığını və savabını umaraq, ixlasla yerinə yetirir. Buna görə də onun əməli digər insanların əməlindən fərqlənir.
Bu səbəbdən Uca Allah, ümid etdiyi xeyirə görə ona yaxşılıq etməyi asanlaşdırar, ixlası və savabı umduğu üçün qarşılaşdığı çətinlikləri aradan qaldırar. Uca Allah buyurur: "Onların pıçıdaşmalarının çoxunda xeyir yoxdur. Sədəqə verməyi yaxud yaxşılıq etməyi və ya insanların arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə müstəsnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik". (Nisa 4 surəsi, ayə: 114).
Beləliklə, Uca Allah insanın etdiyi bütün bu əməllərin xeyir olduğunu bildirmişdir. Xeyir, özü ilə digər xeyirləri gətirir və şərri uzaqlaşdırır. Savabını yalnız Allahdan gözləyərək əməl edən möminə isə Allah böyük bir mükafat verir. Bu böyük mükafatın bir hissəsi qəm, kədər, qüssə və bu kimi narahatlıqların aradan qalxmasıdır.
Fəsil
Sinir gərginliyi və qəlbi narahat edən düşüncələrin yaratdığı daxili sıxıntını aradan qaldırmağın yollarından biri də insanın bir işlə və ya faydalı elmlə məşğul olmasıdır. Bu, qəlbi onu narahat edən şeylərlə məşğul olmaqdan yayındırır. Bəlkə də insan bu səbəbdən onu kədərləndirən və narahat edən amilləri unudur, nəticədə ruhu sevinir, çalışma həvəsi və səyi artır. Bu səbəbdə həm möminlər, həm də başqaları ortaqdırlar. Lakin mömin, imanı, ixlası və savab umması ilə digərlərindən fərqlənir. O, öyrəndiyi və ya öyrətdiyi elmə yaxud gördüyü xeyirli işlərə bu niyyətlə yanaşır. Əgər bu iş bir ibadətdirsə, o, ibadət etmiş sayılır. Əgər dünyəvi bir iş və ya adi bir vərdişdirsə, ona saleh bir niyyət əlavə edir və bu vasitə ilə Allaha itaətdə kömək diləyir (Allaha itaətdə kömək etmək üçün istifadə edin). Bu cür məşğuliyyətin qəm-qüssə, kədər və narahatlığı aradan qaldırmaqda mühüm rolu vardır. Bir çox insan narahatlıq və davamlı kədər içində sınağa çəkilmiş və bu səbəbdən müxtəlif xəstəliklərə düçar olmuşdur. Onların ən təsirli dərmanı isə onları narahat edən səbəbi unutmaq və önəmli və faydalı işlərlə məşğul olmaqdır.
İnsanın məşğul olduğu iş, ruhunun rahatlıq tapdığı, qəlbinin meyl etdiyi və arzuladığı bir iş olmalıdır. Çünki bu, gözlənilən faydalı nəticənin əldə olunmasını daha da asanlaşdırır. Ən doğrusunu Allah bilir.
Eyni şəkildə, narahatlıq və kədəri aradan qaldıran səbəblərdən biri də, bütün fikri yalnız bu günün işinə yönəltmək, gələcək barədə narahatlıqdan və keçmişə dair kədərdən uzaq durmaqdır. Buna görə də peyğəmbər, sallallahu aleyhi va səlləm, Buxari və Müslimin rəvayət etdiyi hədisdə, kədər və narahatlıqdan Allaha sığınmışdır. Keçmişdə baş verən və artıq geri qaytarılması və dəyişdirilməsi mümkün olmayan şeylərə görə kədərlənməyin heç bir faydası yoxdur. Gələcək barədə yaranan qorxuların doğurduğu narahatlıq isə insana zərər verə bilər. Buna görə də insan yalnız "bu günün övladı" olmalı (yalnız onu düşünməli), diqqətini bu günün işlərinə yönəltməli və bütün səylərini bugünkü vaxtını islah etməyə sərf etməlidir. Əgər insan qəlbini bu istiqamətə cəmləyərsə, işlərini daha mükəmməl şəkildə yerinə yetirər və bu yolla kədər və narahatlıqdan uzaqlaşmış olar. Peyğəmbər, sallallahu aleyhi va səlləm, bir dua etdikdə və ya ümmətini bir duaya yönəltdikdə, Allahdan kömək istəmək və Onun lütfünə ümid etməklə yanaşı, istənilən şeyin gerçəkləşməsi üçün ciddi səy və çalışqanlıq göstərməyə də təşviq edərdi. İnsan, duası ilə dəf etməyə çalışdığı şeydən özü də çəkinməlidir. Çünki dua əməl ilə yanaşı olmalıdır. Qul, həm dini, həm də dünyəvi baxımdan özünə fayda verəcək işlərdə səy göstərməli, məqsədinin uğur qazanması üçün Rəbbindən istəməli və bu yolda Ondan yardım diləməlidir. Necə ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, buyurmuşdur: "Sənə faydalı olan şeylərə həris ol. Allahdan yardım dilə və acizlik göstərmə. Başına bir iş gəlsə: “Əgər belə etsəydim, belə-belə olardı” — demə. Lakin: “Allahın qədəri idi. O, istədiyini etdi” — de. Çünki: “əgər” sözü şeytan əməlinə qapı açır". Beləliklə, peyğəmbər, sallallahu aleyhi va səlləm, hər bir halda faydalı işlərə can atmağa həris olmağı əmr etməklə yanaşı, Allahdan kömək istəməyi və zərərli tənbəllik olan acizliyə boyun əyməməyi tövsiyə etmiş, eyni zamanda artıq baş vermiş işlərə qarşı təslimiyyət göstərərək, Allahın qəza və qədərini qəbul etməyi də vurğulamışdır.
Peyğəmbər, sallallahu aleyhi və səlləm, işləri iki qismə ayırmışdır: Birinci qism — qulun tam şəkildə əldə etməyə çalışa biləcəyi yaxud heç olmasa bir hissəsinə nail ola biləcəyi yaxud qarşısını ala və ya yüngülləşdirə biləcəyi şeylərdir. Belə hallarda qul çalışqanlıq göstərməli və Rəbbindən yardım diləməlidir. İkinci qism isə — qulun heç bir şəkildə müdaxilə edə bilmədiyi işlərdir. Belə bir vəziyyətdə qul qəlbən rahat olmalı, razılıq göstərməli və təslimiyyətlə davranmalıdır. Şübhəsiz ki, bu əsaslara riayət etmək insanın xoşbəxt olmasına, kədər və narahatlıqdan qurtulmasına səbəbdir.
Fəsil
Qəlbin genişlənməsinin və rahatlıq tapmasının ən böyük səbəblərindən biri, Allahı çox zikr etməkdir. Çünki bunun, qəlbin rahatlıq tapmasında və genişlənməsində, həmçinin ondan narahatlıq və kədərinin getməsində qeyri-adi təsiri vardır. Uca Allah belə buyurmuşdur: "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar". (Ra'd 13 surəsi, ayə: 28). Allahı zikr etməyin özünəməxsus xüsusiyyəti və həmçinin qulun bunun qarşılığında savab və mükafat umması səbəbi ilə arzu olunan nəticəni əldə etməkdə böyük təsiri vardır.
Eyni şəkildə, Allahın zahiri və batini nemətlərindən bəhs etmək də bu cürdür. Allahın nemətlərini tanımaq və onlar haqqında danışmaq, insanın kədərini və qəm-qüssəsini aradan qaldırır. Həmçinin bu, insan yoxsulluq, xəstəlik və bu kimi bəlalar içində olsa belə, onu ən ali və uca mərtəbə olan şükr etməyə yönəldir. Əgər insan Allahın ona bəxş etdiyi saysız-hesabsız nemətləri başına gələn müsibətlərlə müqayisə etsə, bu müsibətlərin həmin nemətlərə nisbətən heç bir çəkisi olmadığını görər.
Allah bir qulu müsibət və bəlalarla imtahan etdikdə, əgər o qul səbr, razılıq və təslimiyyət vəzifəsini yerinə yetirərsə, bu müsibətin ağırlığı yüngülləşər və çəkdiyi əziyyət azalar. Qulun bu sınağa görə alacağı mükafat və savaba ümid etməsi, həmçinin səbr və razılıqla Allaha ibadət etməsi, acı şeyləri şirinləşdirər və mükafatın şirinliyi, səbrin acısını ona unutdurar.
Bu mövzuda ən faydalı amillərdən biri də, peyğəmbərin, sallallahu əleyhi va səlləm, səhih hədisdə göstərdiyi tövsiyəyə əməl etməkdir. O, belə buyurmuşdur: "Sizdən aşağı olanlara baxın. Sizdən üstün olanlara baxmayın. Çünki bu, Allahın sizə olan nemətini kiçik görməməniz üçün daha münasibdir". Çünki bir qul bu uca məqamı (yəni: özündən aşağı vəziyyətdə olanlara baxmağı) göz önündə saxladıqda, halının necə olmasından aslı olmayaraq, sağlamlıq və onunla bağlı nemətlər, eləcə də ruzi və onun gətirdiyi imkanlar baxımından özünün bir çox insanlardan üstün olduğunu görər. Beləliklə, narahatlıq, kədər və qəm-qüssəsi aradan qalxar, Allahın ona bəxş etdiyi və digərlərindən üstün olduğu nemətlərə görə sevinci və fərəhi artar.
Qul, Allahın aşkar və gizli, dini və dünyəvi nemətlərini nə qədər çox fikirləşərsə, Rəbbinin ona nə qədər xeyir bəxş etdiyini və ondan nə qədər bəlaları uzaqlaşdırdığını bir o qədər aydın şəkildə dərk edər. Şübhəsiz ki, bu düşüncə qəm-qüssəni və kədəri aradan qaldırar və insana sevinc və fərəh bəxş edər.
Fəsil
Sevincin artmasına və qəm-qüssənin aradan qalxmasına səbəb olan amillərdən biri də, insanın kədər doğuran səbəbləri aradan qaldırmağa, həmçinin sevinc gətirən səbəbləri əldə etməyə çalışmasıdır. Bu da keçmişdə baş vermiş, artıq geri qaytarılması mümkün olmayan xoşagəlməz halları unutmaqla, onları düşünməyin faydasız və mənasız bir məşğuliyyət olduğunu dərk etməklə mümkündür. Belə düşüncələrə qapılmaq ağılsızlıq və divanəlik sayılır. Buna görə də insan qəlbini bu cür düşüncələrdən uzaq tutmaq üçün mübarizə aparmalıdır. Eyni zamanda, gələcəkdə baş verəcəyi ehtimal edilən yoxsulluq, qorxu və ya digər çətinliklər kimi narahatedici təsəvvürlərə qarşı da qəlbini mühafizə etməyə çalışmalıdır. Beləliklə qul, gələcəkdə nə baş verəcəyini – işlərin xeyirli və ya şərli, ümidverici və ya acıverici olub-olmayacağını – bilmir. Bunların hamısı qüdrət və hikmət sahibi olan Allahın əlindədir, qulların əlində deyil. Qulların əlində olan isə yalnız bu işlərin xeyirli olanlarını əldə etməyə, zərərli olanlarını isə dəf etməyə çalışmaqdan ibarətdir. Həmçinin qul, gələcəklə bağlı narahatçılıqları fikirləşməsə, bu işlərin islahı üçün Rəbbinə təvəkkül etsə və Ona güvənib təslim olsa, o zaman qəlbi rahatlıq tapar, işləri yoluna düşər, qayğı və narahatlıqları ondan uzaqlaşar.
Gələcək işləri düşünərkən edilə biləcək ən faydalı vasitələrdən biri də peyğəmbərin, sallallahu əleyhi va səlləm, etdiyi bu duanı oxumaqdır: «اللهُمَّ أَصْلِحْ لِي دِينِي الَّذِي هُوَ عِصْمَةُ أَمْرِي، وَأَصْلِحْ لِي دُنْيَايَ الَّتِي فِيهَا مَعَاشِي، وَأَصْلِحْ لِي آخِرَتِي الَّتِي فِيهَا مَعَادِي، وَاجْعَلِ الْحَيَاةَ زِيَادَةً لِي فِي كُلِّ خَيْرٍ، وَاجْعَلِ الْمَوْتَ رَاحَةً لِي مِنْ كُلِّ شَرٍّ». [Allahummə əslih li dini-lləzi huvə ismətu əmri və əslih li dunyəyə-lləti fihə məəşi və əslih li əxirati-lləti fihə məədi, vəcəl-ilhəyətə ziyədətən li fi kulli xayrin, uəl-möutə rahətən li min kull şərrin]: "Allahım! İşimin isməti (rifahımın zəmanəti) olan dinimi mənim üçün islah et! Yaşayışım olan dünyamı mənim üçün yaxşılaşdır. Dönüş yerim olan axirətimi mənim üçün yaxşılaşdır. Həyatı mənim üçün hər bir xeyirdə artım et. Ölümü mənim üçün hər bir şərrdən qurtaran rahatlıq et!". Hədisi Müslim rəvayət etmişdir. Eyni şəkildə peyğəmbərin, sallallahu əleyhi va səlləm, etdiyi bu duanı oxumaqdır: (اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلاَ تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ، وَأَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ) [Allahummə rahmətəkə ərcu, fələ təkilni ilə nəfsi tarfətə aynin, və əslih li şə'ni kulləhu, lə ilahə illə ənt]: "Allahım! Sənin mərhəmətini diləyirəm! Məni bir göz qırpımı belə öz nəfsimlə başlı-başına buraxma! Bütün işlərimi yoluna qoy! Səndən başqa haqq məbud yoxdur!". Hədisi Əbu Davud səhih bir isnadla rəvayət etmişdir. Əgər qul, dini və dünyəvi gələcəyinin yaxşılaşdırılmasını əhatə edən bu duanı hazır (duada mövcud olan) qəlblə, səmimi bir niyyətlə və məqsədinə çatmaq üçün əzmlə oxuyarsa, Allah onun istədiklərini, ümid etdiyi və çalışdığı şeyləri gerçəkləşdirər. Və beləliklə onun kədəri və qəm-qüssəsi sevincə və fərəhə çevrilər.
Fəsil
Qulun başına bir müsibət gəldikdə, narahatlıq və kədərin aradan qalxması üçün ən faydalı səbəblərdən biri, işin ən pis nəticəsini əvvəlcədən göz önünə alaraq, özünü buna mənəvi cəhətdən hazırlaması və bu sıxıntını yüngülləşdirməyə çalışmasıdır. Bu addımı atdıqdan sonra bacardığı qədər bu sıxıntını yüngülləşdirməyə səy göstərməlidir. Məhz bu mənəvi hazırlıq və səmərəli səy nəticəsində, üzüntü və kədər aradan qalxar. Eyni zamanda bu səy, həm xeyirli nəticələr əldə etməyə, həm də mümkün zərərlərin qarşısını almağa vəsilə olar.
Əgər bir qulun başına qorxu doğuran hadisələr, xəstəliklər və ya sevdiyi nemətlərə çatmamaq kimi yoxsulluq və məhrumiyyətlər gələrsə, o, bu halları qəlb rahatlığı ilə qarşılamağa çalışmalı və nəfsini bu kimi vəziyyətlərə əvvəlcədən hazırlamalıdır. Hətta bu çətinliklərin ən ağır ehtimallarına belə nəfsini hazırlamalıdır. Çünki insanın qarşılaşa biləcəyi bəlalara qarşı özünü öncədən hazırlaması, onların təsirini yüngülləşdirər, ağırlığını aradan qaldırar. Xüsusilə də insan bacardığı qədər bu müsibətləri dəf etməyə çalışarsa, həm zehni bu dərdlərə ilişib qalmaz, həm də bu istiqamətdə faydalı bir səy göstərmiş olar. Bununla yanaşı, insan Allaha təvəkkül etməli və Ona güvənməlidir. Şübhəsiz ki, bütün bunlar – insanın həm bu dünyada, həm də axirətdə ümid etdiyi mükafata əlavə olaraq – qəlbinin rahatlamasına, könlünün hüzur tapmasına böyük təsir göstərir. Bu isə həm müşahidə, həm də təcrübə ilə dəfələrlə təsdiq olunmuş, onu həyatında tətbiq edən saysız-hesabsız insanlar tərəfindən təsdiqlənmiş bir həqiqətdir.
Fəsil
Qəlb və sinir xəstəliklərinin, həmçinin bədən xəstəliklərinin də ən təsirli müalicə yollarından biri, insanın qəlbinin güclü olması və pis düşüncələrin doğurduğu vəsvəsə və xəyallardan narahat olmamasıdır. Qəzəb və daxili gərginlik insana əziyyət verən səbəblərdəndir. Əgər bir şəxs xoşagəlməz hadisələrin baş verməsindən və sevdiyi nemətlərin əlindən çıxasından qorxub narahatlıq keçirərsə, bu hal onu, kədər və qəm-qüssəyə, həmçinin dərin həyəcanlara, həm qəlb, həm də bədən xəstəliklərinə, eləcə də insanların çoxlu zərərlərinə şahid olduqları sinir sarsıntılarına sürükləyər.
Qəlb nə zaman Allaha güvənib, Ona təvəkkül edərsə, xəyallara və pis təsəvvürlərə qapılmasa, Rəbbinə inanıb, lütfünə ümid bəsləsə, bunun nəticəsində bütün kədər və narahatlıqlar ondan uzaqlaşar, həm fiziki, həm də ruhi bir çox xəstəliklərdən qurtular və qəlbi sözlə ifadəsi çətin olan bir gücə, rahatlığa və sevincə qovuşar. Vəsvəsə və fəsad xəyalların səbəb olduğu xəstəliklərlə dolub-daşan nə qədər xəstəxana vardır! Belə hallar yalnız zəiflərə deyil, neçə-neçə güclü insanların da qəlbinə mənfi təsir göstərmiş, bir çoxlarını isə ağılsızlığa və dəliliyə sürükləmişdir. Həqiqi salamat olan kəs, Allahın qoruyub salamat etdiyi və qəlbini gücləndirən, narahatlığını aradan qaldıran faydalı səbəbləri əldə etmək üçün nəfsi ilə apardığı mübarizədə müvəffəqiyyət bəxş etdiyi kəsdir. Uca Allah belə buyurur: "Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər". (Talaq 65 surəsi, ayə: 3). Yəni: həm dini, həm də dünya işlərində onu narahat edən hər bir şeydə Allah ona kifayət edər.
Allaha təvəkkül edən insanın qəlbi güclüdür, xəyallar ona təsir etməz və baş verən hadisələrdən narahat olmaz. Çünki o, bunun nəfsin zəifliyindən, ruh düşkünlüyündən və həqiqəti olmayan qorxu və narahatlıqdan qaynaqlandığını bilir. Eyni zamanda o, Allaha təvəkkül edən şəxslərə Allahın tamamilə kifayət etməyini Öz öhdəsinə götürdüyünü də bilir. Buna görə də o, Allaha təvəkkül edir və Onun vədi ilə rahatlıq tapır. Beləliklə, kədəri və qəm-qüssəsi aradan qalxır, çətinliyi asanlığa, kədəri sevincə, qorxusu isə əmin-amanlığa çevrilir. Buna görə biz, Uca Allahdan bizə afiyət, güclü və sabit bir qəlb və kamil bir təvəkkül nəsib etməsini diləyirik. Çünki Uca Allah, Ona tam şəkildə təvəkkül edənlərə hər cür xeyir verəcəyinə və onları hər cür pislik və zərərdən qoruyacağına vəd vermişdir.
Fəsil
Peyğəmbər, sallallahu əleyhi va səlləm, bir hədisdə belə buyurmuşdur: “Mömin kişi (zövcəsi olan) mömin qadına nifrət etməsin. Əgər onun bir xüsusiyyətini bəyənməsə, başqa bir xüsusiyyətini bəyənər”. Hədisi Müslim rəvayət etmişdir.
Hədisdə iki böyük fayda vardır:
Birinci fayda: Həyat yoldaşına, qohumlarına, dostlarına, əməkdaşlıq etdiyin şəxslərə və ümumiyyətlə aranızda hər hansı bir əlaqə və münasibət olan insanlara qarşı necə davranmalı olduğuna dair bir bələdçidir. Əvvəlcə qarşındakı insanda mütləq bir qüsur, nöqsan və ya xoşuna gəlməyən bir xüsusiyyətin olduğu həqiqətini qəbul etməlisən. Əgər qarşı tərəfdə xoşagəlməz bir xüsusiyyətlə qarşılaşsan, bunu aranızdakı əlaqəni möhkəmlətmək və məhəbbət münasibətini davam etdirmək üçün üzərinə düşən şeylərlə müqayisə et. Onun gözəl xüsusiyyətlərini və sənin üçün olan xüsusi və ümumi faydalarını xatırla. Məhz bu şəkildə – yəni qüsurlara göz yumaraq və gözəl yönlərini nəzərə alaraq – dostluq və münasibətlər davam edər, aranızda səadət yaranar və sən də rahatlıq taparsan.
İkinci fayda: Qəm-qüssə və narahatlığın aradan qalxması, münasibətlərdə aydınlığın qalması, vacib və müstəhəb olan hüquqların davamlı yerinə yetirilməsi və tərəflər arasında sülhün təmin olunmasıdır. Kim peyğəmbərin, sallallahu əleyhi va səlləm, bu tövsiyələrinə əməl etməz, əksinə, yalnız pis cəhətləri görüb, yaxşılıqları görməzlikdən gələrsə, həmin şəxs mütləq narahatlıq içində olar, əlaqədə olduğu insanlarla arasındakı sevgi korlanar və hər iki tərəfin qoruması gərəkən bir çox haqq və dəyərlər zədələnmiş olar.
Və bir çox yüksək iradə sahibləri, fəlakətlər və çətinliklər baş verdikdə səbirli və rahat olmağa özlərini alışdırırlar. Lakin əhəmiyyətsiz və sadə məsələlər qarşısında narahat olurlar və rahatlıqları pozulur. Bunun səbəbi, böyük məsələlərə qarşı özlərini hazırlamış, amma kiçik məsələləri isə tərk etməkləri olmalarıdır. Beləcə, əhəmiyyətsiz kiçik məsələlər onlara zərər vermiş və dincliklərini pozmuşdur. Ağıllı insan özünü həm böyük, həm də kiçik çətinliklərə qarşı hazırlayar və bu mövzularda, Allahdan yardım və onu bir göz qırpımı belə tək buraxmamasını istəyir. Elə o zaman, böyük çətinliklər ona asan gəldiyi kimi, kiçik çətinliklər də asan gələr. Beləliklə o, nəfsi rahat, qəlbi sakit və dinclik içində qalmağa davam edər.
Fəsil
Ağıllı insan, həqiqi həyatın xoşbəxtlik və huzur dolu bir həyat olduğunu və bunun da çox qısa olduğunu bilir. Buna görə də o, bu həyatı qəm-qüssə və narahatlıqlarla qısaltmamalıdır. Çünki bu, düzgün həyat tərzinə ziddir. Belə olan halda insan, həyatının böyük bir hissəsinin kədər və sıxıntılar içində boşuna keçməsinə imkan verməməlidir. Bu məsələdə saleh insanla günahkar arasında bir fərq yoxdur. Lakin mömin, bu xüsusiyyətə sahib olmasında daha çox payı olan və həm dünyada, həm də axirətdə ondan ən çox faydalanan şəxsdir.
Həmçinin, bir pis hadisə ilə qarşılaşdıqda və ya ondan qorxduqda, sahib olduğu dini və dünyəvi bütün digər nemətlərlə başına gələn müsibəti müqayisə etməlidir. Bu müqayisə zamanı onun sahib olduğu nemətlərin çoxluğu və başına gələn xoşagəlməz hadisələrin isə nə qədər az olduğu aydın olacaqdır.
Eyni zamanda, qorxduğu zərərin baş vermə ehtimalını, ondan salamat qalma ehtimallarının çoxluğu ilə müqayisə etməlidir. Beləliklə, zəif ehtimalın çoxsaylı və güclü ehtimallar üzərində üstünlük qazanmasına imkan vermir. Bu şəkildə də narahatlığı və qorxusu tədricən aradan qalxır. O, başına gələ biləcək ən böyük ehtimalı dəyərləndirir. Əgər belə bir hadisə baş verərsə, artıq əvvəlcədən buna özünü hazırlayır. Həmçinin, hələ baş verməmiş müsibətin qarşısını almağa, baş verəni isə aradan qaldırmağa və ya təsirini yüngülləşdirməyə çalışır.
Faydalı olan məsələlərdən biri də, insanların sənə, xüsusilə pis sözlərlə əziyyət verməsinin, əslində sənə deyil, onların özlərinə zərər verdiyini bilməyindir. Lakin sən bu barədə çox fikirləşsən və bu şeyin sənin hislərinə hakim olmağına icazə versən, o zaman onlara zərər verdiyi kimi sənə də zərər verəcəkdir. Əgər sən ona fikir verməsən, sənə heç bir zərər verməyəcəkdir.
Bil ki, həyatın düşüncələrindən asılıdır. Əgər düşüncələrin sənin dininə və ya dünyana fayda gətirirsə, həyatın yaxşı və xoşbəxt olar. Əks halda isə vəziyyət bunun əksi olar.
Qəm-qüssəni aradan qaldırmağın ən faydalı yollarından biri də, etdiyin yaxşılıqların qarşılığını yalnız Allahdan gözləməyə özünü alışdırmağındır. Əgər sənin üzərində haqqı olan və ya olmayan bir şəxsə yaxşılıq etsən, bil ki, bu, əslində sənin Allahla olan bir müamələndir. Buna görə də yaxşılıq etdiyin şəxsin təşəkkür edib-etməməsinə əhəmiyyət vermə! Çünki Uca Allah seçilmiş qulları barəsində belə buyurmuşdur: "Biz sizi yalnız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedirdirik və sizdən nə bir qarşılıq, nə də bir təşəkkür istəyirik!". (İnsan 76 surəsi, ayə: 9).
Bu xüsusilə ailə üzvləri və övladlarla olan münasibətlərdə daha da önəm kəsb edir, çünki onların səninlə olan əlaqəsi çox güclüdür. Əgər özünü onların şərrini aradan qaldırmağa alışdırsan (pisliklərlə qarşılaşa biləcəyini düşünsən), bir o qədər rahatlıq tapar və başqalarına da rahatlıq verərsən. Rahatlıq gətirən səbəblərdən biri də, özünü məcbur etmədən, səni narahat edən süni bir şəkildə deyil, təmkinlə və daxildən gələn istəyə əsaslanaraq fəzilətləri əldə etməyə çalışmaqdır. Əksinə, əyri və yanlış yolu tutduğun üçün fəzilətə nail ola bilmədən məyus halda geri dönərsən. Hikmət odur ki, çətin və qaranlıq görünən hadisələri saf və xoş bir hala çevirməyi bacarasan. Bu zaman nemətlərin ləzzəti daha da artar, sıxıntılar isə aradan qalxar.
Faydalı işləri daima göz önündə saxla və onları həyata keçirtmək üçün əzmlə çalış. Qəm-qüssə və kədər gətirən səbəblərdən uzaq qalmaq üçün zərərli işlərə fikir vermə. Eyni zamanda, mühüm işlərə yönəlmək üçün istirahət etməyi və özünü toplamağı da unutma.
Faydalı şeylərdən biri də, hər işi öz zamanında həll edərək gələcək üçün boş vaxt ayırmaqdır. Çünki işlər zamanında həll edilməzsə, əvvəlki işlərin qalan hissələri üzərinə yığılacaq və sonrakı işlər də onlara əlavə olunaraq yükü daha da ağırlaşdıracaqdır. Əgər hər şeyi vaxtında həll etsən, gələcəkdəki işlərə daha güclü bir düşüncə və daha böyük bir qüvvə ilə yanaşarsan.
Faydalı işlər arasında ilk öncə ən əhəmiyyətli olanını seçməlisən. Nəfsinin meyl etdiyi və içindən gələn istəklə arzuladığın işlərlə məşğul olmağa çalış. Əks halda o iş, bezginlik, darıxma və sıxıntıya səbəb olar. Bu yolda sağlam düşüncə və məsləhət almaqla özünə yardım et. Çünki məsləhət alan kəs heç vaxt peşman olmaz. Eləcə də, görmək istədiyin işi dərindən araşdır. Əgər o işin sənin üçün xeyirli olduğuna əmin olsan və onu etməyə qərar versən, o zaman Allaha təvəkkül et. Şübhəsiz ki, Allah Ona təvəkkül edənləri sevər.
Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Allahın salatı və salamı peyğəmbərimiz Muhammədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!
Related books
All books
Məni kim və nə üçün yaratdı?75 dilMəni kim və nə üçün yaratdı?
Hər bir şey Yaradanın varlığına dəlalət edir. Göyləri, yeri və onların arasında olan saysız-hesabsız, əzəmətli məxluqatları kim yaradıb? Göydə və yerdə bu dəqiq və mükəmməl nizamı kim qurmuşdur? İnsanı yaradan, ona eşitmə, görmə və ağıl bəxş edən, ona elm əldə etmək və həqiqətləri dərk etmək qabiliyyətini verən kimdir? Sənin və canlı varlıqların bədənindəki bu dəqiq quruluşu necə izah edirsən? Onları kim yaratmışdır? Bu əzəmətli kainat onu illər boyu dəqiq tənzimləyən qanunlarla necə nizamlanmış və sabit qalmışdır?
نبذة في العقيدة الإسلامية (شرح أصول الإيمان)75 dilالإيماننبذة في العقيدة الإسلامية (شرح أصول الإيمان)
رسالة لطيفة تتناول أصول العقيدة الإسلامية بأسلوب مبسط وميسر. تبدأ بمقدمة حول أهمية علم التوحيد، كونه أشرف العلوم وأجلّها، ثم تتناول مفهوم الدين الإسلامي وأركانه الخمسة: الشهادتان، والصلاة، والزكاة، والصوم، والحج. كما يشرح الإيمان بالله، وملائكته، وكتبه، ورسله، واليوم الآخر، ويؤكد على أهمية التوحيد في بناء دين المسلم بشكل سليم. الكتاب يهدف إلى تعزيز الفهم الصحيح للعقيدة الإسلامية وتطبيقها في حياة المسلم اليومية.
Sehr və kahinliyin hökmü barəsində risalə.28 dilSehr və kahinliyin hökmü barəsində risalə.
Şeyx Abdüləziz bin Abdullah bin Baz Allah ona rəhmət etsin! Mərhəmətli və Rəhimli Allahın adı ilə. Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü [1]. [1] Bu məqalənin bir hissəsi “Fətvalar və Müxtəlif Məqalələr Toplusu” kitabının üçüncü cildində “Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü” başlığı ilə nəşr olunmuşdur. Eyni zamanda bu məqalə tam şəkildə Rəyasət tərəfindən “Sehr və kahinliyin hökmü haqqında risalə” adı ilə ayrıca nəşr olunmuş və əl-Yaməmə jurnalı ilə İslam Araşdırmaları Jurnalında dərc edilmişdir. Həmd Tək Allaha məxsusdur! Özündən sonra heç bir peyğəmbər olmayan…
حقوق دعت إليها الفطرة26 dilحقوق دعت إليها الفطرة
رسالة لطيفة تقدم شرحًا مفصلًا لعشرة حقوق أساسية تشمل حقوق الله تعالى، وحقوق النبي صلى الله عليه وسلم، وحقوق الوالدين، والأولاد، والأقارب، والجيران، والزّوجين، والرّعية والولاة، والمسلمين عمومًا، وغير المسلمين. يهدف الكتاب إلى تعزيز الفهم الصحيح للعلاقات الاجتماعية والواجبات الفردية تجاه الآخرين، مستندًا إلى نصوص الوحي من القرآن الكريم والسنة النبوية، مما يجعله مرجعًا مهمًا لكل مسلم يسعى لتطبيق الشريعة في حياته اليومية مع ربه ومع الآخرين.