حقوق دعت إليها الفطرة
رسالة لطيفة تقدم شرحًا مفصلًا لعشرة حقوق أساسية تشمل حقوق الله تعالى، وحقوق النبي صلى الله عليه وسلم، وحقوق الوالدين، والأولاد، والأقارب، والجيران، والزّوجين، والرّعية والولاة، والمسلمين عمومًا، وغير المسلمين. يهدف الكتاب إلى تعزيز الفهم الصحيح للعلاقات الاجتماعية والواجبات الفردية تجاه الآخرين، مستندًا إلى نصوص الوحي من القرآن الكريم والسنة النبوية، مما يجعله مرجعًا مهمًا لكل مسلم يسعى لتطبيق الشريعة في حياته اليومية مع ربه ومع الآخرين.
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
Sonra Allah rəsulu, sallallahu aleyhi va səlləm, belə dedi: “İstəyirsinizsə, (bu ayəni) oxuyun: "Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz". (Muhamməd 47 surəsi, ayələr 22-23).
Fitrətin çağırdığı və şəriətin təsdiqlədiyi haqlar.
*
Mərhəmətli və Rəhimli Allahın adı ilə.
Müqəddimə
Həqiqətən, həmd Allaha məxsusdur. Biz Ona həmd edir, Ondan yardım və günahlarımızın bağışlanmasını diləyir və Ona tövbə edirik. Nəfslərimizin şərindən və əməllərimizin pisliyindən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni azdıran, azdırdığı kimsəni isə doğru yola yönəldən tapılmaz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O Təkdir və Onun heç bir şəriki yoxdur. Həmçinin şəhadət verirəm ki, Muhamməd Onun qulu və elçisidir. Allahın salavatı və salamı onun, ailəsinin, səhabələrinin və Qiyamət gününədək gözəl tərzdə onların ardınca gedənlərin üzərinə olsun.
Daha sonra: Şübhəsiz ki, Uca Allahın şəriətinin gözəlliklərindən biri də – nə ifrata, nə də təfritə yol verilmədən – ədalətə riayət edilməsi və hər bir haqq sahibinə haqqının verilməsidir. Uca Allah ədaləti, yaxşılıq etməyi və qohum-əqrəba haqqını verməyi əmr etmişdir. Peyğəmbərlər ədalət naminə göndərilmiş, kitablar ədalət üçün nazil edilmiş və dünya ilə axirət işləri ədalət üzərində qurulmuşdur.
Ədalət, hər bir haqq sahibinə haqqını vermək və hər kəsi öz layiq olduğu mövqeyə yerləşdirməkdir. Bu isə yalnız haqları tanıyaraq və onları əhlinə verməklə mümkündür. Buna görə də biz bu sözü həmin mühüm haqları izah etmək məqsədilə qələmə aldıq ki, insan bildiyi qədərinə əməl edə bilsin. Bu haqlar aşağıdakı şəkildə qısaca ifadə oluna bilər:
1- Uca Allahın haqları.
2- Peyğəmbərin, sallallahu aleyhi va səlləm, haqları.
3- Valideyn haqları.
4- Övlad haqları.
5- Qohumluq haqları.
6- Ər-arvad haqları.
7- Rəhbərlər və rəiyyət (xalq) haqları.
8- Qonşuluq haqları.
9- Müsəlmanlara aid ümumi haqlar.
10- Qeyri-müsəlmanların haqları.
Bunlar, bizim qısa şəkildə toxunmaq istədiyimiz haqlardır.
*
Birinci haqq: Uca Allahın haqqı.
Bu haqq, ən doğru, ən vacib və ən böyük haqdır. Çünki bu haqq, Əzəmətli Yaradanın, hər şeyin Sahibi və bütün işləri idarə edən Uca Allahın haqqıdır. O, Haqqdır və açıq-aydın olan mülk Sahibidir. Diridir, Göyləri və yeri ayaqda saxlayandır. Hər şeyi yaradan, onları böyük bir hikmətlə ölçüb-biçib müəyyən edəndir. Bu, sənin hələ heç xatırlanmağa da layiq olmadığın bir zamanda səni yoxdan var edən Allahın haqqıdır. Bu, səni ana bətnində – heç bir məxluqun sənə nə ruzi, nə də böyümən və həyatın üçün lazım olan vasitələri təmin edə bilmədiyi üç qaranlıq (qat) içində olarkən – nemətlərlə bəsləyən Allahın haqqıdır. O, sənin üçün ananın döşlərinə süd axıtdı, sənə iki yol (doğru və yanlış yolu) göstərdi, valideynlərini sənə ram etdi. O, səni təmin etdi və hazırladı. Səni nemətlərlə, ağıl və anlayışla təmin etdi və bütün bunları qəbul edib onlardan faydalana bilməyin üçün səni hazır hala gətirdi. Uca Allah buyurur: "Allah sizi analarınızın bətnindən heç bir şey bilmədiyiniz bir halda çıxartdı. Bəlkə şükür edəsiniz deyə sizə qulaq, göz və ürək verdi". (Nəhl 16 surəsi, ayə 78). Əgər Allah sənə olan lütfünü bir göz qırpımı qədər belə çəksəydi, məhv olardın. Əgər mərhəmətini səndən əsirgəsəydi, yaşaya bilməzdin. Əgər bu, Allahın sənə olan lütfü və mərhəmətidirsə, deməli, Onun sənin üzərindəki haqqı bütün haqlardan daha böyükdür. Çünki bu, səni yoxdan var edən, yaşamağa hazırlayan və səni saysız nemətlərlə təmin edən Allahın haqqıdır. Halbuki O, səndən nə ruzi istəyir, nə də yemək. Uca Allah buyurur: "Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir". (Ta-Ha 20 surəsi, ayə 132).
O, səndən yalnız bir şey istəyir, o da, faydası sənə qayıdan bir şeydir. O səndən yalnız Ona ibadət etməyini və Ona heç bir şərik qoşmamağını istəyir. Uca Allah buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım". (Zariyat 51 surəsi, ayələr 56-58). O, səndən yalnız bir şey istəyir. Bu da, O sənin bütün mənaları ilə Rəbbin olduğu kimi, sənin də bütün mənaları ilə Onun qulu olmağındır. O səndən, Onun qarşısında təvazökar, itaətkar, əmrinə doyun əyən, qadağalarından çəkinən və xəbərini təsdiq edən olmağını istəyir. Çünki sən, Onun sənə ardıcıl və bol-bol nemətlər bəxş etdiyi görürsən. Belə olduqda məgər sən bu nimətləri küfrə çevirməkdən utanmırsanmı?!
Əgər insanlardan birinin sənin üzərində bir yaxşılığı olsaydı, ona qarşı günahla çıxmağa və açıq-aşkar itaətsizlik etməyə utanardın. Bəs bütün nemətləri sənə bəxş edən və sənə üz verə biləcək hər bir pisliyi Öz mərhəməti ilə uzaqlaşdıran Rəbbinə qarşı necə belə davranırsan?! Uca Allah buyurur: "Sizə verilən hər bir nemət Allahdandır. Sonra sizə bir bəla üz verdikdə, ancaq Ona yalvarırsınız". (Nəhl 16 surəsi, ayə 53).
Allahın Özünə vacib etdiyi bu haqq, Allahın asanlaşdırdığı kəslər üçün asan və rahatdır. Çünki Allah bu haqda nə bir çətinlik, nə bir darlıq, nə də bir əziyyət qoymamışdır. Uca Allah buyurur: "Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bunda (Quranda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!". (Həcc 22 surəsi, ayə 78).
Bu, nümunəvi (mükəmməl) bir aqidə və haqqa imandır. Bu, qeybə və reallığa iman üzərində qurulmuş, bəhrəli saleh əməllə müşayiət olunan bir aqidədir. Bu aqidənin əsası, sevgi və təzim etməkdir. Onun bəhrəsi ixlas və davamlı səylərdir. Gecə və gündüz ərzində qılınan beş vaxt namaz Allah qatında günahları bağışladır, dərəcələri yüksəldir, qəlbləri və halları islah edir. Qul isə bunları gücü çatdığı qədər yerinə yetirir. Uca Allah belə buyurur: "Allahdan bacardığınız qədər qorxun". (Təğabun 64 surəsi, ayə 16).
Peyğəmbər, səlləllahu ələyhi va səlləm, xəstə olan İmran bin Huseynə belə demişdir: "Namazı ayaq üstə qıl. Əgər bacarmasan oturaraq qıl. Bunu da bacarmasan uzanaraq qıl".
Zəkat, müsəlmanların ehtiyaclarını ödəmək üçün fəqirlərə, miskinlərə, səfərdə qalanlara, borc içində olanlara və digər zəkat almağa layiq kimsələrə verilən, malının kiçik bir hissəsidir. "Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!". (Həcc 22 surəsi, ayə 78).
İldə bir ay oruc tutmaq. Xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Daimi bir acizliyi səbəbilə oruc tuta bilməyən kimsə isə, hər gün üçün bir miskini yedizdirməlidir.
İmkanı olan kimsəyə ömründə bir dəfə Məkkədəki müqəddəs evi — Kəbəni — ziyarət etməsi vacibdir.
Bunlar Uca Allahın qulları üzərində olan əsas haqlarıdır. Bunlardan qeyri ibadətlər isə yalnız müəyyən hallar — məsələn: Allah yolunda cihad və ya zülmə məruz qalan bir kimsənin köməyinə çatmaq kimi səbəblərlə — vacib ola bilər.
Bax, ey qardaşım! Bu haqq əməl baxımından asandır, lakin mükafatı nə qədər də böyükdür. Əgər bu haqqı (layiqincə) yerinə yetirsən, həm dünyada, həm də axirətdə xoşbəxt olarsan, Cəhənnəmdən qurtular, Cənnətə daxil edilərsən. Uca Allah buyurur: "Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir". (Ali-İmran 3 surəsi, ayə 185).
*
İkinci haqq: Allah rəsulunun, sallallahu aleyhi va səlləm, haqqı.
Bu haqq, yaradılmışların ən əzəmətli haqqıdır. Heç bir məxluqun, Allahın elçisinin, sallallahu aleyhi va səlləm, haqqından daha böyük haqqı yoxdur. "Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən bir elçi olaraq göndərdik". (Fəth 48 surəsi, ayə 8). Buna görə də, Peyğəmbərin, sallallahu aleyhi va səlləm, sevgisini bütün insanların sevgisindən, hətta öz canımızdan, övladımızdan və valideynlərimizdən üstün tutmaq vacibdir. Allah rəsulu, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur: "Sizdən biri məni, övladından, valideynindən və bütün insanlardan çox sevmədikcə, iman gətirmiş olmaz".
Peyğəmbərin, sallallahu aleyhi va səlləm, haqlarından biri də: ona hörmət göstərmək, dəyərini bilmək, onu nə həddən artıq şişirtmədən, nə də ona qarşı laqeyd yanaşmadan, əksinə, ona, şəxsiyyətinə layiq bir şəkildə ehtiram etməkdir. Onun həyatda olduğu dövrdə hörmət, həm möhtərəm şəxsiyyətini, həm də sünnətini uca tutmaqla həyata keçirilir. Vəfatından sonra isə bu hörmət, onun sünnətinə və doğru yola yönəldən şəriətinə bağlılıqla davam etdirilməlidir. Kim səhabələrin Peyğəmbərə, sallallahu əleyhi va səlləm, göstərdiyi hörmət və ehtiramı görsə, bu əzəmətli və fəzilətli insanların Peyğəmbərə, sallallahu əleyhi va səlləm, qarşı nə etməli olduqlarını necə layiqincə yerinə yetirdiklərini anlayar. Urva bin Məsud, Hudeybiya hadisəsində Qureyş tərəfindən Peyğəmbərlə, sallallahu əleyhi va səlləm, sülh danışıqları aparmaq üçün göndərildikdə onlara belə dedi: Mən padşahların – Kisra, Qaysər və Nəcaşinin – yanına oldum, lakin heç birinin əshabələrinin, Muhammədin (sallallahu əleyhi va səlləm) əshabələrinin ona göstərdiyi hörmət kimi bir hörmət və ehtiram göstərdiklərini görmədim. O, onlara bir əmr verdikdə, dərhal onu yerinə yetirməyə can atırdılar. O dəstəmaz aldıqda, dəstəmaz suyunu əldə etmək üçün az qala bir-biri ilə dalaşırdılar. O danışanda, yanında səslərini alçaldırdılar. Ona olan ehtiramlarından gözlərini ona dikməyə cəsarət etmirdilər.
Onlar, Allah onlardan razı olsun, peyğəmbərə, sallallahu əleyhi va səlləm, belə ehtiram göstərirdilər. Uca Allah onu nəcib əxlaqlı, mülayimlik və asan xasiyyətli bir şəxsiyyət olaraq yaratmışdı. Əgər o, kobud və sərt xasiyyətli biri olsaydı, bu zaman insanlar onun ətrafından dağılıb gedərdi.
Peyğəmbərin, sallallahu əleyhi va səlləm, haqqı olan şeylərdən biri də budur: onun keçmiş və gələcək haqqında verdiyi xəbərləri təsdiqləmək, əmr etdiklərinə itaət etmək, qadağan edib çəkindirdiklərndən uzaq durmaq, onun yolunun ən kamil yol, şəriətinin isə bütün şəriətlər içində ən kamil şəriət olduğuna iman etmək, və onun gətirdiyi Şəriətin üzərinə mənbəyi haradan gəlməsindən asılı olmayaraq heç bir nizamı (sistemi, quruluşu, rejimi) və ya qanunu üstün tutmamaq. "Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim olmayınca iman gətirmiş olmazlar". (Nisa 4 surəsi, ayə 65). "De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”. (Ali-İmran 3 surəsi, ayə 31).
Peyğəmbərin, sallallahu əleyhi va səlləm, haqqı olan şeylərdən biri də: İnsanın bacardığı qədər, halın tələb etdiyi vasitələrlə – istər silah, istərsə də başqa güc vasitələri ilə – onun şəriətini və yolunu müdafiə etməkdir. Əgər düşmən hücumlarını dəlillər və müxtəlif şübhələr vasitəsilə həyata keçirirsə, bu hücumlara qarşılıq da elm və dəlil gücü ilə verilməlidir. Onun gətirdiyi dəlillər və şübhələr rədd edilməli, yanlışlığı və əsassızlığı aydın şəkildə izah olunmalıdır. Əgər düşmən silah və toplarla hücum edirsə, bu zaman ona eyni şəkildə cavab verilməlidir.
Hər bir mömin şəxs, Peyğəmbərin, sallallahu əleyhi va səlləm, şəriətinə və müqəddəs şəxsiyyətinə qarşı edilən hücumları eşidib, müdafiə etmək iqtidarında olduğu halda, səssiz qala bilməz.
*
Ücüncü haqq: Valideyn haqları.
Heç kim valideynlərin övladları üzərindəki haqqını inkar edə bilməz. Çünki valideynlər övladın varlıq səbəbidir və onların övlad üzərində böyük haqları vardır. Onlar övladı körpə ikən böyütmüş, onun rahatlığı üçün əziyyət çəkmiş, onun yuxusu üçün gecələri oyaq qalmışlar. Anan səni qarnında daşıyıb, doqquz ay ərzində – adətən – öz qidası və sağlamlığı bahasına səni yaşatmışdır. Uca Allah bu gerçəyə Quranda belə işarə edir: "Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır". (Loğman 31 surəsi, ayə 14). Daha sonra isə iki il müddətində əmizdirmə və uşağa qulluq dövrü gəlir ki, bu dövr də zəhmət, əziyyət və çətinliklərlə doludur.
Atan da sənin kiçik yaşlarından başlayaraq, ta ki öz ayaqların üstə durub özünə yetəcək yaşa çatana qədər, yaşayışını və ruzini təmin etmək üçün yorulmadan səy göstərib çalışır. O, səni, sən nə özünə, nə də başqasına heç bir xeyir və ya zərər verə bilmədiyin vaxtdan bəri tərbiyə edir və istiqamətləndirir. Buna görə də Allah, övlada valideynlərinə yaxşılıq etməyi və onlara minnətdar olmağı əmr etmişdir. Uca Allah buyurur: "Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Dönüş Mənədir". (Loğman 31 surəsi, ayə 14). Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlər ilə yaxşı davranmağı əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara: "uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de". (İsra 17 surəsi, ayələr 23-24).
Valideynlərinin sənin üzərindəki haqqı budur ki, onlara hörmət və yaxşılıq göstərəsən. Bu yaxşılıq həm sözlə, həm də əməllə — istər malınla, istərsə də fiziki gücünlə — həyata keçirilməlidir. Allahın əmrlərinə zidd olmayan və sənə zərər verməyən məsələlərdə onların sözünə itaət etməlisən. Onlarla mehriban, yumşaq və nəzakətli danışmalı, üzün onlara qarşı daim gülərüz və səmimi olmalıdır. Onlara layiq şəkildə qulluq etməli, onlar qocaldıqda, xəstələndikdə və zəiflədikdə nə inciməli, nə də bu vəziyyətdən usanmalısan. Çünki sən də bir gün onların yerində olacaqsan. Onlar valideyn olduqları kimi, sən də bir gün ata olacaqsan. Onlar sənin yanında yaşad olduqları kimi — əgər yaşamaq sənə nəsib olsa — sən də övladlarının yanında yaşad olacaqsan. Onlar sənin yaxşılığına möhtac olduqları kimi, sən də bir gün övladlarının qayğısına və yaxşılığına ehtiyac duyacaqsan. Əgər valideynlərinə yaxşılıq etmisənsə, bil ki, səni bol-bol savab və eyni şəkildə qarşılıq gözləyir. Çünki kim valideynlərinə yaxşılıq edərsə, onun övladları da ona yaxşılıq edər. Kim valideynlərinə qarşı çıxar, onlara ağ olarsa, övladları da ona qarşı çıxar, ona ağ olar. Çünki cəza əməlin növündən olur. Necə rəftar etsən, elə də rəftar olunarsan.
Uca Allah valideynlərin haqqını çox yüksək və əzəmətli bir məqamda etmişdir. Belə ki, onların haqqını, Öz haqqından və Peyğəmbərinin, sallallahu əleyhi va səlləm, haqqından sonra qərar vermişdir. Uca Allah buyurur: "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə yaxşılıq edin!". (Nisa 4 surəsi, ayə 36). Uca Allah buyurur: "Mənə və valideynlərinə şükür et! Dönüş isə Mənədir". (Loğman 31 surəsi, ayə 14). Peyğəmbər, sallallahu əleyhi va səlləm, valideynlərə yaxşılıq etməyi Allah yolunda cihaddan üstün tutmuşdur. İbn Məsud, Allah ondan razı olsun, belə rəvayət edir: Mən: "Ey Allahın rəsulu! Hansı əməl Allaha daha sevimlidir?" — deyə soruşdum. Peyğəmbər, sallallahu əleyhi va səlləm: "Vaxtında qılınan namaz" — dedi. Mən dedim: "Sonra hansı?". O: Valideynlərə edilən yaxşılıq" — dedi. Mən dedim: "Sonra hansı?". O: "Allah yolunda cihad etmək" — dedi. Hədisi Buxari və Müslim rəvayət etmişdir. Bu da valideynlərin haqqının nə qədər önəmli olduğunu göstərir. Halbuki bu haqqı bu gün bir çox insan puç etmiş, valideynlərinə qarşı itaətsizlik və əlaqəni kəsmə yolunu tutmuşdur. Elələri var ki, nə atasının, nə də anasının bir haqqı olduğunu düşünür, bəzən onları alçaldır, təhqir edir, özünü onlardan üstün tutur. Lakin belə bir insan, gec-tez etdiyi əməllərin cəzasını alacaqdır.
*
Dördüncü haqq: Övlad haqqı.
Övlad dedikdə burada həm oğlan, həm də qız uşaqları nəzərdə tutulur. Övladların valideynləri üzərində bir çox haqları vardır. Bu haqların ən önəmlilərindən biri isə tərbiyədir. Bu, onların bu sahədə yüksək səviyyəyə çatmaları üçün qəlblərində dinə və əxlaqa bağlılıq formalaşdırmaq deməkdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!". (Təhrim 66 surəsi, ayə 6). Abdullah bin Ömər, Allah onların hər ikisindən razı olsun, rəvayət edilir ki, Allah rəsulu, sallallahu əleyhi va səlləm, belə demişdir: "Sizin hər biriniz başçısınız və hər biriniz öz əli altında olanlardan sorumludur. Kişi öz ailəsi üzərində başçıdır və o, öz əli altında olanlardan sorumludur". Övladlar valideynlərin öhdəsinə verilmiş bir əmanətdir. Qiyamət günü valideynlər onlara görə cavabdeh olacaqlar. Əgər övladlarını dini və əxlaqi tərbiyə ilə yetişdirərlərsə, bu məsuliyyətdən qurtularlar, övladlar isə islah olmuş bir həyat sürər və beləliklə, həmin övladlar həm dünyada, həm də axirətdə valideynlərinin fəxr və sevinc mənbəyinə çevrilərlər. Uca Allah buyurur: "İman gətirənlərin, imanla onların arxasınca gedən zürriyyətlərini (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur". (Tur 52 surəsi, ayə 21). "Əskiltməyəcəyik" yəni: onların əməllərindən heç bir şey azaltmayacağıq. Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə demişdir: "Adəm övladı vəfat etdikdə, üç əməldən başqa bütün əməlləri dayanar: Axar sədəqə, özündən sonra qoyduğu faydalı elm və onun üçün dua edən saleh övlad". Bu, uşağın düzgün tərbiyə almasının bəhrəsidir. Doğru tərbiyə alan uşaq, valideynlərinə vəfatından sonra da belə faydalı olar.
Bəzi valideynlər bu haqqa çox səhlənkar yanaşdılar, uşaqlarını zay etdilər və onları unudaraq, sanki onlara qarşı heç bir məsuliyyət daşımadıqları kimi, haraya getdiklərini və ya nə zaman gəldiklərini soruşmadılar. Dostlarının və yoldaşlarının kim olduğunu maraqlanmadılar. Həmçinin onları yaxşılığa yönəltmədilər və pislikdən də çəkindirmədilər.
Təəccüblü olan budur ki, belə valideynlər mallarını qorumağa, artırmağa, düzgün idarə etməyə çox həssas yanaşır və hətta bunun üçün gecələri belə oyaq qalırlar. Həqiqətdə isə çox vaxt onlar bu sərvəti özləri üçün deyil, başqaları üçün toplayıb artırırlar. Amma uşaqlara gəldikdə isə, sanki övladları onların həyatında heç bir rolu yoxdur. Halbuki uşaqlara qayğı göstərmək və onların tərbiyəsi ilə məşğul olmaq həm dünyada, həm də axirətdə daha üstün və daha faydalı olandır. Atanın övladının bədənini yemək-içməklə qidalandırması, onu geyimlə təmin etməsi vacib olduğu kimi, övladının qəlbini elm və imanla qıdalandırması, ruhunu isə təqva libası ilə örtməsi də onun üzərinə düşən mühüm vəzifələrdəndir. Əsl xeyir və həqiqi fayda da məhz bundadır.
Övladların ata üzərindəki hüquqlarından biri də budur ki, ata onlara nə israfçılıqla, nə də səhlənkarlıqla yanaşmadan, dolanışıqlarını və ehtiyaclarını yaxşı və münasib şəkildə təmin etməlidir. Bu, övladların valideyn üzərində olan haqqıdır və eyni zamanda, Allahın ona bəxş etdiyi mal-dövlət nemətinə şükür əlamətidir. Necə ola bilər ki, insan övladlarını həyatı boyunca maldan məhrum edir, onlara xəsislik edərək malını yığmağa çalışır, amma onlar, onun ölümündən sonra həmin malı zorla alacaqlar?! Hətta ata onlara veriləsi lazım olan şeyi belə vermirsə, onlar onun malından, hər hansı bir haqsızlıq etmədən, özlərini kifayət qədər təmin edəcək miqdarı ala bilərlər, çünki bu barədə Peyğəmbər, sallallahu aleyhi va səlləm, Hind binti Utbəyə, Allah ondan razı olsun, belə hökm vermişdir.
Uşaqların haqlarından biri də odur ki, onlardan heç birini nə hədiyyə, nə də digər imtiyazlarla digərindən üstün tutmasın. Bəzi övladlarına mal verib, başqalarını isə məhrum etməsin. Çünki bu, ədalətsizlik və zülümdür. Allah, zalimləri sevməz. Çünki bu, məhrum olanların qəlbində nifrət hissi oyadır və onlarla hədiyyə verilən bacı-qardaşları arasında, hətta bəzən məhrum olanlarla ata-anaları arasında belə düşmənçilik yaranar.
Bəzi insanlar övladlarından birini valideynlərinə göstərdiyi mehribanlıq və yaxşı münasibətə görə digərlərindən fərqləndirir və ona xüsusi olaraq hədiyyələr və bəxşişlər verirlər. Lakin bu, həmin övladı digərindən fərqləndirmək üçün əsaslı bir səbəb deyildir. Valideynə yaxşılıq edən övlada, bu yaxşılığına qarşılıq olaraq bir şey verilməsi caiz deyil, onun yaxşılığının mükafatı Allah qatındandır. Çünki yaxşılıq göstərən övladın hədiyyə ilə fərqləndirilməsi, onun öz yaxşılığına heyran qalmasına, özünü üstün görməsinə, digər övladın isə inciyərək narazı qalmasına və itaətsizliyini davam etdirməsinə səbəb ola bilər. Bundan əlavə, biz gələcəkdə nə olacağını bilmirik. Ola bilər ki, bu gün itaətkar olan övlad gələcəkdə nankor olsun, nankor olan isə itaətkar birisinə çevrilsin. Çünki qəlblər Allahın əlindədir, O, onları istədiyi kimi çevirir.
Səhih Buxari və Müslimdə rəvayət olunan hədisə əsasən, Numan bin Bəşir deyir ki, atası Bəşir bin Səad ona bir kölə hədiyyə etdi və bu barədə Peyğəmbərə, sallallahu aleyhi va səlləm, xəbər verdi: Peyğəmbər, sallallahu aleyhi va səlləm, buyurdu: “Bütün övladlarına da buna bənzər hədiyyə verdinmi?”. O: Xeyr – dedi. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurdu: “Elə isə onu geri qaytar”. Başqa bir rəvayətdə belə buyurulmuşdur: “Allahdan qorxun və övladlarınız arasında ədalətli olun”. Başqa bir ifadədə isə belə deyilir: “Bu işə məndən başqasını şahid tut! Çünki mən zülmə şahidlik etmərəm”. Peyğəmbər, sallallahu aleyhi va səlləm, övladlardan birini digərindən üstün tutulmasını "zülm" adlandırdı. Zülm isə ədalətsizlikdir və haramdır.
Lakin övladlardan biri müəyyən bir şeyə ehtiyac duyursa, digəri isə bu ehtiyacı duymursa, məsələn: onlardan biri məktəb ləvazimatlarına, müalicəyə və ya evlənməyə ehtiyac duyursa, bu halda onun ehtiyacını qarşılamaq məqsədilə ona xüsusi olaraq bir şey verməkdə qəbahət yoxdur. Çünki bu, ehtiyacdan irəli gələn bir fərqləndirmədir və bu, ailəyə edilən zəruri maddi təminat kimi qiymətləndirilir.
Ata övladına qarşı tərbiyə və dolanışıq kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərsə, övlad da atasına qarşı yaxşılıq etməyə, onun hüquqlarına hörmətlə yanaşmağa müvəffəq olar. Lakin ata üzərinə düşən bu vəzifəyə laqeyd yanaşdığı zaman, övlad atasının haqqını inkar edər və onun əməlinə uyğun olaraq, övladın nankorluğu ilə sınağa çəkilər. Necə rəftar etsən, elə də rəftar olunarsan.
*
Beçinci haqq: Qohumluq haqları.
Səninlə qohumluq əlaqəsi olan yaxın qohumlar, məsələn: qardaş, əmi, dayı, onların övladları və sənə qohumluqla bağlı olan hər kəs, qohumluğun dərəcəsinə uyğun olaraq müəyyən haqq və hüquqlara malikdirlər. Uca Allah buyurur: "Qohum-əqrəbanın haqqını ver". (İsra 17 surəsi, ayə 26). Uca Allah buyurur: "Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya yaxşılıq edin!". (Nisa 4 surəsi, ayə 36). Bu səbəbdən hər bir insan, qohumu ilə yaxşı münasibət qurmalı və qohumluq əlaqələrini qorumalıdır. Bunun üçün – qohumluğun yaxınlıq dərəcəsinə və ehtiyacın səviyyəsinə uyğun olaraq – öz nüfuzunu, fiziki gücünü və maddi imkanlarını səfərbər etməlidir. Bu, həm şəriətin, həm ağlın, həm də fitrətin tələbidir.
Qohumluq əlaqələrini qoruyub saxlamağa təşviq edən və buna rəğbətləndirən dini mətnlər — ayə və hədislər — olduqca çoxdur. Əbu Hureyra, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə demişdir: "Allah məxluqatı yaratdı, yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxıb belə dedi: Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır? Allah buyurdu: Bəli. Məgər səni birləşdirəni birləşdirməyimə, səni kəsəni də kəsməyimə razı deyilsənmi?! O dedi: Əlbəttə (razıyam). Allah buyurdu: Sənin üçün elə belə də olacaqdır". Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur: "Kim Allaha və axirət gününə iman edirsə, qoy qohumluq əlaqələrini birləşdirsin".
Bir çox insanlar bu haqqı itirir, ona əhəmiyyət vermirlər. Onlardan bəziləri öz qohumlarını nə qohumluq əlaqələri ilə, nə malla, nə nüfuzla, nə də əxlaqla yaxşılıq etmədiyini görürsən. Günlər, aylar keçir, amma onları nə görür, nə də ziyarət edir, onların nə bir hədiyyə ilə könüllərini alır, nə də ehtiyaclarını qarşılayır. Əksinə, bəzən onlara ya sözlə ya əməllə ya da həm söz, həm də əməllə pislik edir. Uzaqda olanla münasibət saxlayır, amma yaxın qohumla əlaqəni kəsir.
Elə insanlar da var ki, qohumları onlarla əlaqə saxlasa, o da onlarla əlaqə saxlayır. Əgər onlar əlaqəni kəssələr, o da onlarla əlaqəni kəsir. Amma bu, əslində qohumluq əlaqəsini qoruyan sayılmaz. O sadəcə edilən yaxşılığa qarşılıq verən biridir. Halbuki yaxşılığa qarşılıq vermək təkcə qohuma aid deyil, bu, istər qohum olsun, istər yad, hər kəsə edilə bilər. Əsl qohumluq əlaqəsini qoruyan isə odur ki, qohumları onu axtarsınlar və ya axtarmasınlar, fərq qoymadan, sırf Allah rizası üçün onları axtarır və onlarla əlaqə saxlayır. Sahih Buxaridə Abdullah bin Amr ibn As, Allah ondan və atasından razı olsun, rəvayət edir ki, Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur: "Qohumluq əlaqəsini qarşılıqlı saxlayan kimsə heç də qohumluq əlaqəsini saxlayan kimsə sayıla bilməz. Lakin həqiqi qohumluq əlaqəsini saxlayan o kimsədir ki, qohumu onunla əlaqələri kəssə belə onunla yenidən əlaqə qurar". Bir kişi Peyğəmbərə, sallallahu aleyhi va səlləm, dedi: Ey Allahın rəsulu! Mənim qohumlarım var. Mən onlarla qohumluq əlaqələrini saxlayıram, onlar isə qohumluq əlaqələrini kəsirlər. Mən onlara yaxşılıq edirəm, onlar isə mənə pislik edirlər. Mən onlarla mülayim rəftar edir, onlar isə mənimlə kobud rəftar edirlər. Peyğəmbər, sallallahu aleyhi va səlləm, ona belə dedi: "Əgər sən həqiqətən də dediyin kimisənsə, onda sən sanki onlara isti kül yedizdirirsən. Bu rəftarın davam etdiyi müddətcə, sənin yanında Allah tərəfindən onlara qarşı bir köməkçi olar". Hədisi Müslim rəvayət etmişdir.
Əgər qohumluq əlaqəsini qorumağın, Uca Allahın dünyada və axirətdə qohumluq əlaqəsini qoruyan kəsə Öz mərhəmətini yetirməsi, ona rəhm etməsi, işlərini asanlaşdırması və sıxıntılarını aradan qaldırmasından başqa heç bir faydası olmasaydı belə, bu kifayət edərdi. Qohumluq əlaqəsinin qorunması, ailə üzvlərinin bir-birinə yaxınlaşmasına, qarşılıqlı sevgi və şəfqət göstərməsinə, çətinlikdə və sevincdə bir-birinə dəstək olmasına səbəb olur. Bu birlik və sevinc isə yaşanmış və sübut olunmuş həqiqətlərdir. Lakin əlaqələr kəsildikdə, bu faydaların hamısı əksinə çevrilir, ayrılıq və soyuqluq meydana çıxır.
*
Altıncı haqq: Ər-arvad haqqı.
Evliliyin mühüm təsirləri və böyük öhdəlikləri vardır. Bu, ər və arvad arasında bir bağdır və hər ikisindən bir-birinə qarşı bədən, ictimayi və maliyyə sahəsində müəyyən hüquqları yerinə yetirməyi tələb edir.
Bu səbəbdən də ər-arvad bir-birinə qarşı yaxşı davranmalı, hər biri digərinə düşən vacib olan haqqı xoş niyyətlə, könül rahatlığı ilə narazılıq göstərmədən və ləngitmədən yerinə yetirməlidir. Uca Allah buyurur: "Onlarla gözəl rəftar edin". (Nisa 4 surəsi, ayə 19). Uca Allah başqa bir ayədə buyurur: "Kişilərin qadınlar üzərində (şəriətə müvafiq) haqları olduğu kimi, qadınların da kişilər üzərində (şəriətə müvafiq) haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, hikmət sahibidir". (Bəqərə 2 surəsi, ayə 228). Qadın da ərinə qarşı yerinə yetirməli olduğu haqları verməli və öz öhdəliklərini yerinə yetirməlidir.
Əgər ər-arvadın hər biri digərinə qarşı olan vəzifələrini layiqincə yerinə yetirsə, həyatları xoşbəxt olar və aralarındakı birlik davam edər. Əksinə, əgər hər kəs öz vəzifəsindən yayınarsa, o zaman aralarında narazılıq və mübahisə yaranar, hər ikisinin həyatı pozular və çətinləşər.
Çoxsaylı mətnlərdə qadına diqqət yetirilməsi və onun halının nəzərə alınması tövsiyə edilmiş, qadının mükəmməl olmasının isə mümkün olmadığı vurğulanmışdır. Əbu Hureyra, Allah ondan razı olsun, rəvayət edir ki, rəsulullah, sallallahu aleyhi va səlləm, belə demişdir: "Qadınlarla da yaxşı davranın! Çünki qadın qabırğadan xəlq edilmişdir. Qabırğanın əyri tərəfi isə yuxarı hissəsidir. Sən onu düzəltmək istəsən, sındıracaqsan, düzəltməsən, əyri qalacaq. Odur ki, qadınlarla yaxşı davranın!". Başqa bir rəvayətdə isə belə deyilir: "Qadın qabırğadan xəlq edilmişdir. Heç vaxt tam olaraq istədiyin kimi bir yol üzərində düz olmayacaq. Əgər ondan faydalanmaq istəsən, onda olan əyriliklə birlikdə faydalana bilərsən. Əgər onu düzəltməyə çalışsan, onu qırarsan. Onu qırmaq isə onu boşamaqdır". Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə demişdir: “Mömin kişi (zövcəsi olan) mömin qadına nifrət etməsin. Əgər onun bir xüsusiyyətini bəyənməsə, başqa bir xüsusiyyətini bəyənər”. "nifrət etməsin" yəni: kin bəsləməsin. Bu hədislərdə Peyğəmbər, səlləllahu əleyhi və səlləm, ümmətinə kişinin qadınla necə rəftar etməli olduğunu göstərmişdir. Belə ki, kişi, qadından mümkün olduğu qədər faydalanmalı və onun təbiətini nəzərə almalıdır. Çünki qadın tam kamil olmaq üçün deyil, müəyyən bir əyriliklə (qüsurla) yaradılmışdır. Bu səbəbdən kişi, qadından yalnız onun yaradıldığı təbiət üzərində faydalana bilər.
Bu hədislərdə insanın qadında olan yaxşı və pis xüsusiyyətləri müqayisə etməli, əgər bir xüsusiyyətini bəyənməzsə, razı qaldığı digər xüsusiyyətini nəzərə almalı və qadına yalnız narazılıq və nifrət gözü ilə baxmamalı olduğu göstərilir.
Bir çox ərlər həyat yoldaşlarından qüsursuz və kamil davranışlar istəyirlər. Bu isə mümkün olmayan bir şeydir. Bu səbəblə, ailə həyatında narahatlıq və narazılıq yaranır, həyat yoldaşları ilə xoşbəxtlik və sevinc içində yaşaya bilmirlər. Bu hal bəzən boşanmağa gətirib çıxarır. Peyğəmbər, səlləllahu əleyhi va səlləm, bu barədə belə buyurmuşdur: "Əgər onu düzəltməyə çalışsan, onu qırarsan. Onu qırmaq isə onu boşamaqdır". Əgər qadının etdiyi əməllər və davranışlar dinə və şərəfə zərər vermirsə, bu zaman ər həyat yoldaşının hərəkətlərinə göz yummalı və səbirli olmalıdır.
Qadının ər üzərindəki haqlarından biri odur ki, ər onun yemək, içmək, geyim, mənzil və buna bənzər ehtiyaclarını təmin etməlidir. Uca Allah buyurur: "Anaların yeməyi və geyimi (şəriətə) müvafiq qaydada uşağın atasının üzərinə düşür". (Bəqərə 2 surəsi, ayə 233). Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə demişdir: "Qadınların yeməyi və geyimi imkanınız daxilində sizin üzərinizə vacibdir". Peyğəmbərdən, sallallahu aleyhi va səlləm: "Bizdən birinin arvadının onun üzərində olan haqqı nədir?" – deyə soruşuldu. Peyğəmbər, sallallahu aleyhi va səlləm, ona belə cavab verdir: "Yediyin zaman onu da yedirtməyin, geyindiyin zaman onu da geyindirməyindir. Üzə vurma, təhqir etmə və onu yalnız evdə tərk et". Hədisi Əbu Davud rəvayət etmişdir.
Qadının ər üzərindəki haqlarından biri də budur ki, əgər ərinin ikinci bir həyat yoldaşı da varsa, arvadları arasında ədaləti davransın. Onlara qarşı maddi təminat, yaşayış yeri, birgə gecələmə və ədalətli olmaq mümkün olan digər bütün sahələrdə bərabərlik göstərməlidir. Çünki arvadlardan birinə meyl etmək böyük günahlardandır. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə demişdir: "Kimin iki zövcəsi olub, onlardan birinə meyl edərsə, Qiyamət günü bir tərəfi əyri halda gələcəkdir". Amma məhəbbət və qəlbin meyli kimi ədalət göstərilməsi insanın əlində olmayan məsələlərdə, qəlbin iki zövcədən birinə meyl etməsində günah yoxdur, çünki bu kimi hisslər insanın iradəsində deyil və onun ixtiyarında olmayan şeylərdir. "Siz nə qədər çalışsanız da, (yenə də) qadınlar arasında ədalətlə davrana bilməzsiniz". (Nisa 2 surəsi, ayə 129). Rəsulullah, sallallahu əleyhi va səlləm, həyat yoldaşları, Allah onlardan razı olsun, arasında bölgü aparar, ədalətli davranar və belə deyərdi: "Allahım! Bu, mənim malik olduğum şeylərdə etdiyim bölgümdür. Sənin malik olduğun, amma mənim malik olmadığım şeylərə görə məni qınama."
Lakin qadınlardan biri, gecə haqqını ərinin digər yoldaşına verərsə, bunda heç bir qəbahət yoxdur. Çünki Sovdə öz gecə haqqını Aişəyə hədiyyə etdikdən sonra Peyğəmbər, sallallahu əleyhi va səlləm, Aişənin yanında iki gecə keçirərdi. Həm Aişənin, həm də Sovdanın gecəsini gecələyirdi. Peyğəmbər, sallallahu əleyhi va səlləm, xəstəliyi zamanı (ölümündən əvvəlki xəstəlikdə) tez-tez: "Sabah mən harada olacağam? Sabah mən harada olacağam?" – deyə soruşurdu. Belə olduqda həyat yoldaşları ona istədiyi yerdə qalmaq üçün icazə verdilər və o, dünyasını dəyişənə qədər Aişənin evində qaldı.
Amma ərin zövcəsi üzərində olan haqqına gəldikdə isə bu, zövcənin ər üzərində olan haqlarından daha böyükdür. Uca Allah belə buyurur: "Kişilərin qadınlar üzərində (şəriətə müvafiq) haqları olduğu kimi, qadınların da kişilər üzərində (şəriətə müvafiq) haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah qüdrətlidir, hikmət sahibidir". (Bəqərə 2 surəsi, ayə 228). Kişi qadın üzərində ixtiyar (məsuliyyət) sahibidir. Çünki o, qadının ehtiyaclarını qarşılayır, onu tərbiyə edir və doğru yola yönəldir. Uca Allah buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir". (Nisa 4 surəsi, ayə 34).
Ərin arvadı üzərində olan haqlarından biri də odur ki, qadın ərinin göstərişlərinə – Allaha asi olmayan işlərdə – itaət etməli və ərinin sirrini və malını (əmlakını) qoruyub saxlamalıdır. Peyğəmbər, sallallahu əleyhi va səlləm, belə demişdir: "Əgər bir kəsin başqasına səcdə etməsini əmr etsəydim, bu zaman qadına ərinə səcdə etməsini əmr edərdim". Peyğəmbər, sallallahu əleyhi va səlləm, başqa bir hədisdə belə demişdir: "Kişi öz həyat yoldaşını yatağına çağırdığı zaman qadın (onun) yanına gəlməzsə və əri (bu səbəbdən) ona qəzəbi tutmuş halda yatsa, mələklər səhərə qədər o qadına lənət oxuyar".
Ərin qadın üzərində olan haqlarından biri də budur ki, qadın, hətta ibadət məqsədilə edilən nafilə bir əməl olsa belə, ərinin ondan tam şəkildə faydalanmasına mane olacaq bir işlə məşğul olmasın. Əbu Hureyra, Allah razı olsun, rəvayət edir ki, Peyğəmbər, sallallahu əleyhi va səlləm, belə demişdir: "Bir qadına əri yanında olduğu halda onun izni olmadan oruc tutmaq halal deyildir. Həmçinin, ərinin izni olmadan onun evinə heç kəsi buraxmamalıdır."
Həmçinin Peyğəmbər, sallallahu əleyhi va səlləm, qadının ərinin ondan razı qalmasını, onun Cənnətə daxil olma səbəblərindən biri etmişdir. Tirmizi, Ummu Sələmənin, Allah ondan razı olsun, rəvayət etdiyi hədisdə Peyğəmbər, sallallahu əleyhi va səlləm, belə buyurmuşdur: "Hər hansı bir qadın vəfat edərkən əri ondan razı olsa, o Cənnətə daxil olar".
*
Yeddinci haqq: Rəhbərlər və rəiyyət (xalq) haqları.
Rəhbərlər: Müsəlmanların işlərini idarə edən şəxslərdir. Bu rəhbərlik ümumi ola bilər, məsələn: dövlətin ali rəhbəri kimi. Xüsusi ola bilər, məsələn: müəyyən bir idarənin və ya iş sahəsinin rəhbəri kimi. Bunların hər birinin rəiyyətə qarşı yerinə yetirilməsi vacib olan haqqı vardır və rəiyyətin də onların üzərində yerinə yetirilməsi vacib olan haqqı vardır.
Rəiyyətin (xalqın) rəhbərlər üzərindəki haqları budur ki, rəhbərlər Allahın onlara tapşırdığı əmanəti layiqincə yerinə yetirsinlər, xalqa səmimi nəsihət versinlər və onları həm dünyada, həm də axirətdə xeyir gətirəcək düzgün yola yönəltsinlər və buna görə olnar məsuliyyət daşıdıqlarını dərk etsinlər. Bu, möminlərin yoluna tabe olmaqla mümkündür. Bu yol, Allah rəsulunun, sallallahu əleyhi va səlləm, yoldur. Çünki bu yolda həm onların, həm rəiyyətlərinin, həm də himayələri altında olan hər kəsin səadəti (xoşbəxtliyi) vardır. Bu yol, rəiyyətin öz rəhbərlərindən razı qalmasına, aralarında möhkəm bağın yaranmasına, rəhbərlərin əmr və göstərişlərinə itaət edilməsinə və onlara tapşırılan vəzifə və məsuliyyətlərin bir əmanət kimi qorunmasına səbəb olan ən təsirli vasitədir. Kim Allahdan qorxarsa, insanlar da ondan çəkinərlər. Kim Allahı razı edərsə, Allah onu insanların əziyyətindən, şərrindən qoruyar və onları da ondan razı salar. Çünki qəlblər Allahın əlindədir. O, onları istədiyi kimi yönəldər.
Rəhbərlərin rəiyyət (xalq) üzərində olan haqları isə bunlardır: İdarə etdikləri işlərə dair onlara səmimi nəsihət vermək, unutduqları zaman onlara haqqı xatırlatmaq, haqq yoldan sapdıqları təqdirdə onlar üçün dua etmək və Allaha asi olmayan işlərdə onların əmrlərinə tabe olmaq. Çünki bu, işlərin möhkəmliyi və nizama salınmasıdır. Onların (rəhbərlərin) əmrinə qarşı çıxmaq və itaətsizlik isə cəmiyyətdə xaosuna və fitnə-fəsadın yayılmasına səbəb olur. Buna görə Allah Özünə, Rəsuluna və əmr sahiblərinə itaət etməyi əmr etmişdir. "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!". (Nisa 4 surəsi, ayə 59). Peyğəmbər, sallallahu əleyhi va səlləm, belə buyurmuşdur: "Bir müsəlmanın — Allaha asi olan işlər müstəsna olmaqla — xoşuna gəlsə də, gəlməsə də (əmr sahiblərinə) qulaq asması və itaət etməsi vacibdir. Əgər Allaha asi olan bir şey əmr edərsə, o zaman nə itaət var, nə də qulaq asmaq". Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Abdullah bin Amr, Allah ondan və atasından razı olsun, belə demişdir: Biz Allah Rəsulu, sallallahu əleyhi va səlləm, ilə birgə səfərdə idik. Bir yerdə dayandıq. Sonra Allah rəsulunun, sallallahu əleyhi va səlləm, müəzzini insanlara səsləndi və dedi: "Camaat namazına gəlin". Biz də Allah Rəsulunun, sallallahu əleyhi va səlləm, yanına toplaşdıq. O, sallallahu əleyhi va səlləm, belə buyurdu: "Allahın göndərdiyi hər bir peyğəmbər üzərində ümmətini bildiyi ən xeyirli şeyə yönəltməsi və onları bildiyi ən şərli şeydən çəkindirməsi vacibdir. Həqiqətən, bu ümmətin rifahtlığı əvvəlində edilmişdir. Axırına isə müsibətlər və sizin bəyənmədiyiniz hallar üz verəcəkdir. Sonra fitnələr gələcək və hər bir yeni fitnə əvvəlkindən daha incə olacaqdır. Fitnə gələcək, mömin deyəcək: "Bu, məni məhv edəcək". Sonra başqa bir fitnə gələcək, o yenə deyəcək: "Yox, bu, məni məhv edəcək. Yox, bu, məni məhv edəcək". Kim, Cəhənnəmdən uzaqlaşıb, Cənnətə daxil olmaq istəyirsə, Allah və axirət gününə iman etmiş halda vəfat etsin və insanlarla da onların onunla necə rəftar etmələrini istəyirsə, elə rəftar etsin. Kim bir imama beyət edərsə, əlini sıxar və qəlbini ona bağlayarsa, gücü çatdığı qədər ona itaət etsin. Əgər başqa biri gəlib onunla (hakimiyyət uğrunda) çəkişərsə, o zaman o ikinci şəxsin boynunu vurun". Hədisi Müslim rəvayət etmişdir. Bir kişi Peyğəmbərə, sallallahu əleyhi va səlləm, sual verərək belə dedi: "Ey Allahın peyğəmbəri! Əgər əmirlər bizim əleyhimizə qalxıb öz haqqlarını tələb etsələr, amma bizim haqqlarımızı verməsələr, bizə nə əmr edərsən?". Peyğəmbər, sallallahu aleyhi va səlləm, ondan üz çevirdi. Sonra kişi ikinci dəfə ondan soruşdu. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə dedi: "Dinləyin və itaət edin. Çünki onların daşıdığı yük onlara aiddir. Sizin isə daşıdığınız yük sizə aiddir".
Rəhbərlərin rəiyyət (xalq) üzərindəki haqlarından biri də budur ki, xalq onlara vəzifələrini yerinə yetirməkdə dəstək olsun. Belə ki, hər kəs cəmiyyətdəki rolunu və məsuliyyətini dərk edərək, işlərin lazım olduğu kimi getməsi üçün rəhbərlərə həvalə olunmuş işlərin icrasında onlara yardımçı olmalıdır. Əgər xalq rəhbərlərə öz vəzifələrini yerinə yetirməkdə kömək etməzsə, o zaman işlər düzgün şəkildə yerinə yetirilə bilməz.
*
Səkkizinci haqq: Qonşuluq haqları.
Qonşu: Evi sənə yaxın olan şəxsdir və onun sənin üzərində böyük haqqı vardır. Əgər qonşu həm qohum, həm də müsəlmandırsa, bu halda onun sənin üzərində üç haqqı vardır: qonşuluq haqqı, qohumluq haqqı və İslam qardaşlığı haqqı. Əgər qonşu müsəlmandır, lakin qohumun deyilsə, bu halda onun sənin üzərində iki haqqı vardır: qonşuluq haqqı və İslam qardaşlığı haqqı. Əgər qonşu qohumdur, lakin müsəlman deyilsə, bu halda da həmçinin onun sənin üzərində iki haqqı vardır: qohumluq haqqı və qonşuluq haqqı. Əgər qonşu, həm qohum, həm də müsəlman deyilsə, bu halda onun sənin üzərində yalnız bir haqqı var: bu da, qonşuluq haqqıdır.
Allahu təalə dedi: "Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, miskinlərə, yaxın və uzaq qonum-qonşuya yaxşılıq edin!". (Nisa 4 surəsi, ayə 36). Peyğəmbər isə, sallallahu aleyhi va səlləm, belə demişdir: "Cəbrail mənə qonşu haqqında o qədər tövsiyə etdi ki, hətta ona da mirasdan pay düşəcəyini zənn etdim." Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Qonşunun qonşusu üzərində olan haqlarından biri də odur ki, bacardığı qədər malı, nüfuzu (hörməti) və ya başqa faydalı yollarla ona yaxşılıq etsin. Allahın rəsulu, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur: "Allah qatında ən xeyirli qonşu, qonşusuna qarşı ən xeyirli olandır." Peyğəmbər, sallallahu aleyhi va səlləm, həmçinin də belə buyurmuşdur: "Kim Allaha və axirət gününə iman edirsə, qoy qonşusuna yaxşılıq etsin". Peyğəmbər, sallallahu aleyhi va səlləm, başqa bir hədisdə belə buyurmuşdur: "Şorba bişirdiyin zaman onun suyunu çox et və ondan qonşularına da pay ayır".
Qonşuya yaxşılıq etməyin yollarından biri də bayram və xüsusi günlərdə ona hədiyyə verməkdir. Çünki hədiyyə, məhəbbət yaradır və ədavəti (düşmənçiliyi) aradan qaldırır.
Qonşunun qonşusu üzərində olan haqlarından biri də budur ki, ona sözlə və ya əməllə əziyyət verməsin. Allah rəsulu, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur: "Allaha and olsun ki, iman etməmişdir! Allaha and olsun ki, iman etməmişdir! Allaha and olsun ki, iman etməmişdir!". Səhabələr: “Kim, Ey Allahın rəsulu?” – deyə soruşdular. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurdu: "Qonşusu, şərindən əmin olmayan kimsə!". Başqa bir rəvayətdə isə Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur: "Qonşusu, şərindən əmin olmayan kimsə, Cənnətə girməz." Şər: zərər və pisliklər deməkdir. Kimin qonşusu onun şərindən əmin deyilsə, o, (həqiqi) mömin deyil və o, Cənnətə daxil olmayacaqdır.
Zamanımızda bir çox insan qonşuluq haqqına əhəmiyyət vermir və qonşuları onların şərindən əmin deyildir. Onları daim qonşularıyla dava-dalaş, mübahisə, ixtilaf və haqsızlıq etmək, həm sözlə, həm də əməllə bir-birinə zərər verməkdə görərsən. Bütün bunlar Allahın və Rəsulunun əmrinə ziddir, müsəlmanların birliyinin parçalanmasına, qəlblərinin uzaqlaşmasına və bir-birinə qarşı hörmətsizlik edilməsinə səbəbdir.
*
Doqquzuncu haqq: Müsəlmanlara aid ümumi haqlar.
Bu haqlar çoxdur. Onlardan biri də səhih hədisdə Peyğəmbərin, sallallahu əleyhi va səlləm, belə buyurduğudur: "Müsəlmanın müsəlman üzərindəki haqqı altıdır". Səhabələr: "Bunlar hansılardır Ey Allahın rəsulu?" – deyə soruşdular. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə dedi: "Qarşılaşdığın zaman ona salam ver. Səni dəvət edərsə, dəvətini qəbul et. Səndən nəsihət istəsə, ona nəsihət ver. Asqırdıqda Allaha həmd edərsə ona: «يرحمك الله» [yərhəmukə-Llah] - "Allah sənə rəhm etsin!" - de. Xəstələndiyində onu ziyarət et. Öldüyü zaman cənazəsinin ardınca get". Bu hədisdə müsəlmanlar arasındakı bir sıra haqlar açıq-aydın şəkildə izah edilmişdir.
Birinci haqq: Salam verməkdir. Salam vermək təkid olunmuş bir sünnədir və bu, müsəlmanlar arasında sevgi və ülfətin yaranmasına səbəbdir. Bu həm müşahidə edilən bir həqiqətdir, həm də Peyğəmbərin, sallallahu əleyhi və səlləm, buyurduğu sözlə təsdiqlənmişdir. "Allaha and olsun ki, iman gətirmədikcə Cənnətə daxil ola bilməzsiniz. Biri-birinizi sevmədikcə iman gətirmiş olmazsınız. Sizə elə bir şeyi xəbər verimmi ki, onu etdikdə biri-birinizi sevəsiniz? Aranızda salamı yayın!".
Allah rəsulu, sallallahu əleyhi va səlləm, qarşılaşdığı hər kəsə salamla başlar və yoldan keçərkən uşaqlara da salam verərdi.
Sünnəyə əsasən, kiçik böyüyə, azlıq çoxluğa və minikdə olan piyada olana salam verməlidir. Lakin bu sünnəni yerinə yetirməli olan şəxs (yəni: salam verməyə üstün olan tərəf) bunu etməzsə, qarşı tərəf salam verməlidir ki, bu gözəl salam sünnəsi insanlar arasında itməsin. Belə ki, əgər kiçik salam verməzsə, qoy böyük versin, azlıq salam verməzsə, qoy çoxluq salam versin ki, savaba nail olsunlar.
Ammar bin Yasir, Allah onların hər ikisindən razı olsun, belə demişdir: "Üç xüsusiyyəti özündə cəmləyən şəxs imanını kamil etmişdir: Nəfsinə qarşı ədalətli olmaq, bütün insanlara salam vermək və özü möhtac olduğu halda ehtiyacı olanlara yardım etmək."
Əgər salam vermək sünnədirsə, salamı qaytarmaq fərz kifayədir. Əgər bir nəfər salamı qaytararsa, bu, digərləri üçün kifayət edər. Əgər bir şəxs bir topluma salam verərsə və onlardan biri salamı qaytararsa, bu, qalanlar üçün də kifayət edər. "Sizə salam verildiyi zaman onu daha gözəl tərzdə alın və ya (verilən salamı) olduğu kimi qaytarın!". (Nisa 4 surəsi, ayə 86). Salamı qaytaran zaman təkcə: "xoş gəldiniz" demək kifayət deyildir. Çünki bu ifadə salamdan daha gözəl və ya onun bərabəri sayılmır. Əgər salam verən: "Əssələmu aleykum" deyirsə, salamı alan: "Va əleykumus-salam" deməlidir. Əgər biri: "xoş gəldin" deyərsə, cavab olaraq: "xoş gəldin" demək lazımdır. Yəni: Eyni ilə cavab verilməlidir. Lakin bundan əlavə salam və ya xoş bir söz deyilərsə, bu daha fəzil olar.
İkinci haqq: "Əgər səni dəvət edərsə, dəvətini qəbul et". Yəni: Əgər səni evinə – yeməyə və ya başqa bir məqsədlə – dəvət edərsə, dəvətini qəbul et. Çünki dəvətə icabət etmək təkid olunmuş sünnədir. Bu, həm dəvət edən şəxsin könlünü almaq, həm də aradakı sevgi və ülfəti artırmaq baxımından böyük əhəmiyyət daşıyır.
Bundan isə toy mərasimi üçün edilən dəvət istisnadır. Belə bir dəvətə cavab vermək müəyyən şərtlərlə vacibdir. Çünki Peyğəmbər, sallallahu əleyhi va səlləm, belə buyurmuşdur: "Kim dəvəti qəbul etməzsə, artıq Allaha və rəsuluna asi olmuşdur".
Görünür ki Peyğəmbərin, sallallahu əleyhi va səlləm: "Əgər səni dəvət edərsə, dəvətini qəbul et" - sözü hətta ona kömək etmək və yardım etmək dəvətini də əhatə edir. Çünki sən onun dəvətinə icabət etməklə əmr olunmusan. Əgər o səni bir şeyi daşımağa, atmağa və ya buna bənzər işlərdə kömək etməyə çağırarsa, sən ona yardım etməlisən. Çünki Peyğəmbər, sallallahu əleyhi va səlləm, belə buyurmuşdur: "Möminlər bina kimidirlər. Bir-birlərini dəstəkləyirlər".
Üçüncü haqq: "Əgər səndən nəsihət istəsə, ona nəsihət ver". Yəni: Əgər bir kimsə gəlib sənə hər hansı bir şey barədə məsləhət üçün müraciət edərsə, ona səmimi və dürüst məsləhət ver. Çünki bu, dindəndir. Çünki Peyğəmbər, sallallahu əleyhi va səlləm, belə buyurmuşdur: "Din nəsihətdir". Bu zaman səhabələr: Kim üçün? – dedilər. Peyğəmər, sallallahu əleyhi va səlləm, belə dedi: "Allah üçün, Onun Kitabı üçün, Rəsulu üçün, müsəlmanların rəhbərləri üçün və bütün müsəmanlar üçün".
Əgər o, səndən nəsihət almağa gəlməyibsə, amma etməyə hazırlaşdığı işdə ona zərər toxunacaqsa və ya günaha düşəcəkdisə, o halda sən, o sənin yanına nəsihət üçün gəlməsədə belə, sən ona nəsihət verməyin vacibdir. Çünki bu, müsəlmanlardan zərəri və pisliyi uzaqlaşdırmaqdan sayılır. Əgər onun edəcəyi işdə nə bir zərər, nə də bir günah yoxdursa, sadəcə sən onun üçün daha faydalı bir yol olduğunu görürsənsə, bu zaman ona nəsihət vermək kimi üzərində bir vaciblik yoxdur. Ancaq o, özü səndən nəsihət istəsə, bu zaman sən ona məsləhət verməyə borclusan.
Dördüncü haqq: Asqırdıqda Allaha həmd edərsə, Rəbbinə həmd etdiyi üçün ona: «يرحمك الله» [Yərhəmukəllah] "Allah sənə rəhm etsin!" demək. Əgər bir şəxs asqırarsa, lakin Allaha həmd etməzsə, o zaman ona: [Yərhəmukəllah] "Allah sənə rəhm etsin!" deyilməsi üçün haqqı yoxdur. Çünki o, Allaha həmd etmədiyinə görə bunun cəzası, ona (yəni: onun üçün) dua edilməməsidir.
Asqıran şəxs əgər Allaha həmd edərsə, ona: «يرحمك الله» [Yərhəmukəllah] "Allah sənə rəhm etsin!" demək fərzdir. O da cavbında qarşı tərəfə: «يهديكم الله ويصلح بالكم» [Yəhdiykumullahu və yuslihu bələkum] "Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin!" deməlidir.
Əgər asqırması davam edərsə və sən ona üç dəfə: [Yərhəmukəllah] "Allah sənə rəhm etsin!" demisənsə, dördüncü dəfə də ona: [Yərhəmukəllah] "Allah sənə rəhm etsin!" duanın əvəzinə: «عافاك الله» [Afəkə-Allah] "Allah sənə şəfa versin" deməlisən.
Beşinci haqq: "Əgər xəstələnsə, onu ziyarət et". Xəstə ziyarəti dedikdə, onun yanına gedib halını soruşmaq, onun üçün dua etmək və ona mənəvi dəstək vermək nəzərdə tutulur. Xəstənin ziyarəti, onun müsəlman qardaşlarının üzərindəki haqqıdır. Müsəlmanlara bu ziyarəti yerinə yetirmək vacibdir. Əgər xəstə ilə aranda qohumluq, dostluq və ya qonşuluq kimi bir bağ olarsa, bu zaman onun ziyarəti sənin üçün daha çox önəm daşıyır və bu haqqı yerinə yetirmək daha da vacib olur.
Xəstə ziyarəti, həm xəstənin halına, həm də xəstəliyin vəziyyətinə uyğun şəkildə olmalıdır. Bəzən elə hallar olur ki, xəstəni tez-tez baş çəkmək lazım gəlir, bəzən də elə hallar da olur ki, əksinə, ziyarətləri azaltmaq daha münasibdir. Ən doğru olan isə xəstənin həm halı, həm də xəstənin vəziyyəti nəzərə alınaraq ziyarətin ona uyğun şəkildə həyata keçirilməsidir.
Xəstə ziyarətinə gedən şəxsin, xəstənin halını soruşması, onun üçün dua etməsi və ona ümid və sevinc qapısı açması sünnədir. Çünki bu, sağalmaq və şəfa tapmaq üçün ən böyük səbəblərindən biridir. Xəstəyə tövbə etməyi onu qorxutmadan, incitmədən xatırlatmaq lazımdır. Məsələn, ona belə demək olar: "Sən bu xəstəliyinlə xeyir əldə edirsən. Çünki Uca Allah xəstəlik vasitəsilə günahları bağışlayır və pis əməlləri silir. Ola bilsin ki, sən bu halda çoxlu zikr, tövbə və dua etməklə böyük mükafatlar əldə edəsən".
Altıncı haqq: "Öldüyü zaman cənazəsinin ardınca get". Müsəlmanın dəfnində iştirak etmək, onun digər müsəlman qardaşları üzərində olan vacib bir haqqdır və bu işdə böyük savab vardır. Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər, sallallahu əleyhi va səlləm, belə buyurmuşdur: "Kim cənazənin arxasınca gedib, ona cənazə namazı qılsa, bir qirat savab qazanar. Kim də dəfn edilənədək yanında qalsa, iki qirat savab qazanar". İki qiratın nə olduğunu soruşduqda? O: "İki əzəmətli dağ boyda" – deyərək cavab verdi.
Müsəlmanın müsəlman üzərindəki haqlarından biri də ona əziyyət verməməkdir. Çünki müsəlmanlara əziyyət vermək böyük bir günahdır. "Mömin kişilərə və mömin qadınlara etmədikləri bir işdən ötrü əziyyət verənlər, sözsüz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər". (Əhzab 33 surəsi, ayə 58).
Adətən kim qardaşına zülm edərsə, Allah ondan axirətdən əvvəl dünyada intiqam alar. Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər, sallallahu əleyhi va səlləm, belə buyurmuşdur: "Bir-birinizə həsəd etməyin, bir-birinizlə rəqabət aparmayın, bir-birinizə nifrət bəsləməyin, bir-birinizə arxa çevirməyin, biriniz digərinizin satışı üzərinə satış etməsin. Allahın qulları, qardaş olun! Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz və onu alçaltmaz". Peyğəmbər, sallallahu aleyhi va səlləm, sinəsinə işarə edərək üç dəfə: "Təqva buradadır" – deyə təkrar etdi. Sonra o, davam edib dedi: "Kişiyə müsəlman qardaşını alçaltması şər olaraq kifayət edər. Hər bir müsəlmanın digər bir müsəlmana qanı, malı, namusu haramdır".
Müsəlmanın müsəlman üzərində çoxlu haqları vardır, lakin bu haqların hamısını əhatə edən ümumi məna Peyğəmbərin, sallallahu əleyhi va səlləm, bu sözündə cəmlənə bilər: "Müsəlman müsəlmanın qardaşıdır". Çünki bir kimsə bu qardaşlıq münasibətini layiqincə yerinə yetirərsə, o, daim qardaşına fayda verməyə səy göstərər və ona zərər yetirəcək hər şeydən uzaq durmağa çalışar.
*
Onuncu haqq: Qeyri-müsəlmanların haqları.
Qeyri-müsəlmanlar bütün kafirləri əhatə edir və onlar dörd qrupa bölünür: "Hərbilər" - müharibə vəziyyətində olan kimsələr. "Müstəminlər" - əmin-amanlıq verilmiş kimsələr. "Müahidlər" əhd-peyman bağlanmış kimsələr. "Zimmilər" - İslam dövlətində daimi olaraq yaşayan qeyri-müsəlman kimsələr.
Harbilərə (müharibə vəziyyətində olan) kafirlərə gəldikdə isə, onların bizim (müsəlmanların) üzərimizdə heç bir qorunma və ya himayə haqqı yoxdur.
Müstəminlərə (əmin-amanlıq verilmiş şəxslərə) gəldikdə isə, onlara verilmiş təhlükəsizlik əsasında müəyyən zaman və məkanda qorunmaq haqqı tanınır. Çünki Uca Allah belə buyurur: "Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın kəlamını (Quranı) eşitsin. Sonra onu əmin olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir qövmdür". (Tovbə 9 surəsi, ayə 6).
Müahidlərə (əhd-peyman bağlanmış kimsələrə) gəldikdə isə, onlarla aramızda razılaşdırılmış müddət ərzində əhdə sadiq qalmaq bizim üzərimizə düşən bir borcdur. Əgər onlar bu müddət ərzində bizə qarşı səmimi olar, əhdə riayət edər, bizə heç bir zərər yetirməz, bizə qarşı başqalarına yardım etməz və dinimizə hörmətsizlik göstərməzlərsə, biz də onlarla bağladığımız müqaviləyə sadiq qalmalıyıq. Çünki Uca Allah belə buyurur: "Saziş bağladıqdan sonra onu pozmayan və sizin əleyhinizə heç kəsə yardım göstərməyən müşriklər (bu hökmdən) müstəsnadır. Onlarla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevər". (Tovbə 9 surəsi, ayə 4). Uca Allah buyurur: "Əgər kafir başçılar əhd bağladıqdan sonra andlarını pozub dininizə dil uzatsalar, onlarla vuruşun, çünki onlar andlara riayət etməyən kimsələrdir. (Belə etsəniz) bəlkə, (küfr etməkdən, andlarını pozmaqdan və dininizə dil uzatmaqdan) əl çəkərlər". (Tovbə 9 surəsi, ayə 12).
Amma zimmilərə (İslam dövləti daxilində yaşayan qeyri-müsəlman kimsələrə) gəldikdə isə, onlar, həm hüquqları, həm də öhdəlikləri baxımından yuxarıda qeyd olunan digər qruplar arasında ən çox hüquqa malik olan kimsələrdir. Bu isə onların müsəlmanların ölkəsində, onların himayəsi və qoruması altında yaşamaları və bunun müqabilində cizyə ödəmələri ilə əlaqədardır.
Müsəlmanların idarəçisi (dövlət başçısı) onların can, mal və namusları ilə bağlı məsələlərdə İslam hökmü ilə hökm verməsi, həmçinin onların haram saydıqları şeylərə dair də İslamın müəyyən etdiyi cəzaları tətbiq etməsi vacibdir. Onları qorumaq və onlara əziyyət verilməsinin qarşısını almaq da onun üzərinə düşən vəzifələrdəndir.
Onlar (zimmilər) geyimlərində müsəlmanlardan fərqlənməli, İslamda xoş görülməyən heç bir şeyi açıq şəkildə nümayiş etdirməməli və dinlərinə aid – zəng, xaç kimi – ayinləri açıq şəkildə göstərməməlidirlər. Zimmi əhlinə dair hökmlər isə dini ədəbiyyatda geniş şəkildə qeyd olunmuşdur, buna görə də burada ətraflı izaha ehtiyac yoxdur.
Bütün həmdü-səna aləmlərin Rəbbi olan Allaha məxsudur. Allahın salavat və salamı isə Peyğəmbərimiz Muhammədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!
Bu yazı, Uca Allaha möhtac olan bəndə
Muhəmməd bin Saleh əl-Useymin tərəfindən qələmə alınmışdır.
*
Related books
All books
نبذة في العقيدة الإسلامية (شرح أصول الإيمان)76 dilنبذة في العقيدة الإسلامية (شرح أصول الإيمان)
رسالة لطيفة تتناول أصول العقيدة الإسلامية بأسلوب مبسط وميسر. تبدأ بمقدمة حول أهمية علم التوحيد، كونه أشرف العلوم وأجلّها، ثم تتناول مفهوم الدين الإسلامي وأركانه الخمسة: الشهادتان، والصلاة، والزكاة، والصوم، والحج. كما يشرح الإيمان بالله، وملائكته، وكتبه، ورسله، واليوم الآخر، ويؤكد على أهمية التوحيد في بناء دين المسلم بشكل سليم. الكتاب يهدف إلى تعزيز الفهم الصحيح للعقيدة الإسلامية وتطبيقها في حياة المسلم اليومية.
Ateistə qısa bir məqalə61 dilAteistə qısa bir məqalə
“Ateistə qısa bir məqalə” adlı bu risalə, ağıla səslənərək kainatın heyranedici dəqiqliyinin və mükəmməl nizamının təsadüf nəticəsində meydana gələ bilməyəcəyini və Hikmətli Yaradanın varlığına dəlalət etdiyini izah edir. Belə incə ölçü və hesabla qurulmuş bir aləmin yoxluqdan öz-özünə yaranması mümkündürmü? Düşün! Belə mükəmməl və ahəngdar şəkildə qurulmuş bir kainat hansı ağlın məhsulu ola bilər? Qəlbini düşüncəyə və təfəkkürə aç, həqiqətin izinə düş. Ola bilsin, bu yolun sonunda səni işığa aparacaq bir həqiqət taparsan.
Peyğəmbərin (sallallahu aleyhi va səlləm) namaz qılma qaydası82 dilPeyğəmbərin (sallallahu aleyhi va səlləm) namaz qılma qaydası
“Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılma qaydası” kitabında Hörmətli Şeyx Abdüləziz bin Baz (Allah ona rəhmət etsin) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) namazının sifətini asan üslub və dəqiq metodla, səhih dəlillərə istinad edərək xülasə etmişdir ki, bu, müsəlmana namazında rəhbər olsun. O, bu əsərdə namazın rükunlarını, sünnələrini və sifətlərini dəstəmazdan salama qədər bəyan etmiş, dəlil ilə bəyanı birləşdirərək, ən böyük ibadətdə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) tam şəkildə iqtida etməyə dəvət etmişdir.
İslam89 dilİslam
Mərhəmətli və Rəhmli Allahın adı ilə Özündən soruşmusanmı: Göyləri, yeri və onlarda olan əzəmətli məxluqatları kim yaradıb? Bu dəqiq və kamil nizamı kim yaradıb?