رسالة في الدماء الطبيعية للنساء
*
These files are generated automatically from the book's text; their layout may differ from the printed edition.
*
*
*
*
*
Safiyyanın (Allah ondan razı olsun) hekayəsində, o İfadə təvafından sonra heyz olduğu zaman Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə buyurdu: "Elə isə yola çıx". Hədisi Buxari və Müslim rəvayət etmişdir.
*
*
*
Qadınlarda baş verən təbii qanaxmalar barədə elmi məqalə
Qələmə alan: Görkəmli alim, şeyx
Muhamməd bin Saleh əl-Useymin
Allah onu, valideynlərini və bütün müsəlmanları bağışlasın
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Həmd Allaha məxsusdur. Biz Ona həmd edir, Ondan yardım istəyir, Ondan bağışlanma diləyir və Ona tövbə edirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi doğru yola yönəldərsə, onu azdıran, kimi də azdırarsa, onu doğru yola yönəldən tapılmaz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O Təkdir və Onun heç bir şəriki yoxdur Və şəhadət verirəm ki, Muhamməd Onun qulu və elçisidir. Allahın salatı və salamı onun, əhlinin, səhabələrinin və Qiyamət gününədək gözəl tərzdə onların ardınca gedənlərin üzərinə olsun.
Daha sonra: Qadında baş verən qanaxmalar: heyz (aybaşı), istihaza (qanaxma) və nifas (doğuşdan sonrakı qan) izah edilməsinə, hökmlərinin öyrənilməsinə və bu mövzuda alimlərin sözlərindəki səhvlə doğru bir-birindən ayırmağa ehtiyac duyulan mühüm məsələlərdəndir. Bu məsələdə hansı görüşün üstün və ya zəif sayılacağı, Quran və Sünnədə varid olan dəlillərə əsaslanaraq müəyyən ediləcəkdir.
1- Çünki Quran və Sünnə, Uca Allahın qullarını ibadətə çağırdığı və onları bu ibadətlə mükəlləf etdiyi hökmlərin təməlini təşkil edən iki əsas qaynaqdır.
2- Çünki Quran və Sünnəyə əsaslanmaqda qəlbin arxayınlığı, sinənin genişlənməsi, nəfsin rahatlığı və məsuliyyətdən qurtuluş vardır.
3- Çünki Quran və Sünnədən kənar heç bir şey onlara dəlil ola bilməz. Lakin Quran və Sünnə hər şeyə dəlildir.
Çünki hüccət (dəlil) yalnız Uca Allahın kəlamında və Rəsulunun (sallallahu əleyhi va səlləm) sözlərindədir. Eyni zamanda, üstün rəyə əsasən, səhabələrdən olan alimlərin sözləri də, Kitab və Sünnəyə müxalif olmamaq şərti ilə hüccət sayılır. Həmçinin səhabənin sözünə, başqa bir səhabənin sözü müxalif deyilsə. Əgər Kitabda və Sünnədə səhabənin sözünə müxalif olan bir dəlil varsa, o zaman mütləq şəkildə Kitab və Sünnəyə tabe olmaq lazımdır. Əgər bir səhabənin sözünə, başqa bir səhabənin sözü müxalif olarsa, o zaman bu iki fikir arasında hansının daha güclü və əsaslı olduğuna baxılır və daha düzgün olan qəbul edilir. Uca Allah belə buyurmuşdur: (Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, onu Allaha və Peyğəmbərə qaytarın. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır). (Nisa: 59).
Bu kitab, qadınlardan gələn qanlar və onların şəriət baxımından hökmləri ilə bağlı ehtiyac duyulan məsələləri qısa ifadələrlə izah edən bir risalədir. Bu kitab aşağıdakı fəsilləri özündə əhatə edir:
Birinci fəsil: Heyzin tərifi və onun hikməti.
İkinci fəsil: Heyz qanının zamanı və müddəti.
Üçüncü fəsil: Heyzə təsir edən hallar.
Dördüncü fəsil: Heyzə dair şəriət hökmləri.
Beşinci fəsil: İstihazə (qanaxma) və ona dair şəriət hökmləri.
Altıncı fəsil: Nifas (doğuşdan sonrakı qan) və onun hökmləri.
Yeddinci fəsil: Heyz qanını dayandıran və ya gətirən, hamiləliyi qarşısını alan və ya ana bətnindəkini salan vasitələrin istifadəsi.
Birinci fəsil: Heyzin tərifi və onun hikməti.
Heyzin lüğəti mənası: Bir şeyin axması və axaraq hərəkət etməsi deməkdir.
Heyzin şəri mənası: Qadının fiziologiyasına (yaradılışına) uyğun olaraq, heç bir səbəb olmadan, müəyyən zamanlarda qadının (bətnindən) gələn qanıdır. Bu, təbii qan olub, heç bir xəstəlik, yara, düşmə və ya doğuşa bağlı deyil. Bu, təbii bir qan olduğundan, qadının halına, mühitinə və yaşadığı iqliminə görə dəyişir. Buna görə də qadınlar arasında bu qan müxtəlif və aydın şəkildə fərqlənir.
Bunun hikməti budur ki: cənin (rüşeym) anasının bətnində olarkən, bətndən kənarda olanlar kimi qidalanması mümkün olmadığından və ona ən çox mərhəmət edən kəs belə heç bir qidanı ona çatdıra bilmədiyindən, Uca Allah qadının bədənində qanlı ifrazatlar yaratmışdır ki, cənin anasının bətnində bu ifrazatlarla heç bir yemək və həzmə ehtiyac duymadan qidalana bilsin. Bu qanlar göbək vasitəsilə onun bədəninə keçər, damarlarına nüfuz edərək bədənini qidalandırar. Elə isə yaradanların ən yaxşısı olan Allah nə qədər mübarək, xeyiri və bərəkəti bol olandır!
Deməli bu, heyz qanının hikmətidir. Bu səbəbdən qadın hamilə qaldıqda heyz qanı dayanır və nadir hallarda baş verir. Eyni şəkildə, uşaq əmizdirən qadınların da çoxunda heyz olmur, xüsusilə də əmizdirmənin ilk dövrlərində.
İkinci fəsil: Heyz qanının zamanı və müddəti.
Bu fəsildə danışacağımız mövzu iki məqam ətrafında olacaqdır.
Birinci məqam: Heyzin qanının gəldiyi yaş barədə.
İkinci məqam: Heyzin müddəti barədə.
Birinci məqama gəlincə: Qadınlarda heyz halı adətən, on iki yaş ilə əlli yaş arasında olan dövrdə baş verir. Lakin qadın bəzi hallarda bundan əvvəl və ya sonra da heyz ola bilər. Bu, onun halından, mühitindən və yaşadığı iqlimdən asılıdır.
Alimlər (Allah onlara rəhmət etsin) heyzin müəyyən bir yaş həddi olub-olmadığı, qadının bu yaşdan əvvəl və ya sonra heyz görə bilib-bilmədiyi, eləcə də bu yaşdan əvvəl və ya sonra gələn qanların heyz qanı yoxsa fasid qan sayılıb-sayılmadığı barədə ixtilaf etmişlər.
Alimlər bu mövzuda ixtilafa etmişlər. Dərimi isə – alimlərin fərqli görüşlərini qeyd etdikdən sonra – belə demişdir: Bunların hamısı mənim fikrimcə yanlışdır! Çünki bu məsələdə əsas meyar, həmin halın mövcud olub-olmamasıdır. Hansı yaşda və hansı halda olursa-olsun, əgər qadında müəyyən bir miqdarda heyz qanı müşahidə olunursa, bu qan, heyz qanı sayılmalıdır. Ən doğrusunu Allah bilir.
Dariminin söylədiyi bu söz doğrudur və bu, Şeyxül-İslam İbn Teymiyyənin də tərcih etdiyi görüşdür. Belə ki, qadın heyz qanını gördüyü andan etibarən o, heyz sayılır, istər qadın doqquz yaşından kiçik, istərsə də əlli yaşından böyük olsun. Çünki heyiz hökmləri Allah və Rəsulu (sallallahu əleyhi va səlləm) tərəfindən qan mövcudluğuna bağlanmışdır. Allah və Rəsulu bunun üçün müəyyən bir yaş həddi təyin etməmişdir. Ona görə də bu məsələdə, şəri əhkamların tətbiq ediləcəyi əsas nöqtə, qanın mövcudluğudur və buna (reallığa) qayıtmaq vacibdir. Bunu müəyyən bir yaş həddi ilə məhdudlaşdırmaq Kitab və ya Sünnədən dəlil tələb edir, lakin Kitab və Sünnədən bu barədə heç bir dəlil yoxdur.
Amma ikinci məqama gəlincə isə, bu heyzin müddəti barədədir. Yəni: Heyz müddətinin nə qədər davam etməsidir.
Alimlər bu məsələdə təxminən altı və ya yeddi fərqli görüş olmaqla böyük ixtilaf ediblər. İbn Münzir (Allah ona rəhmət etsin) demişdir: "Bir qrup alim belə demişdir: Heyzin nə ən az, nə də ən çox müddəti üçün günlərlə müəyyən edilən bir həddi yoxdur".
Deyirəm ki: Bu rəylə əvvəlcə Dariminin söylədiyi fikir eynidir və həmçinin bu, Şeyxül-İslam İbn Teymiyyənin də tərcih gördüyü rəydir. Doğru olan görüşdə budur. Çünki Kitab, Sünnə və sağlam düşüncə buna dəlalət edir.
Birinci dəlil: Uca Allah belə buyurur: (Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) uzaq durun və heyzdən təmizlənməyincə onlarla yaxınlıq etməyin). (Bəqərə: 222). Beləliklə, Uca Allah heyz zamanı yaxınlıq qadağasının bitmə həddini, qadının heyzdən təmizlənməsinə bağladı. Uca Allah bu qadağanın aradan qalxmasını nə bir gecə-gündüzün, nə üç günün, nə də on beş günün keçməsinə bağlamamışdır. Bu da göstərir ki, hökmün səbəbi, heyzin varlığı və ya yoxluğudur. Nə zaman heyz baş verərsə, hökmü sabit olar, nə zaman qadın heyzdən təmizlənsə, onunla bağlı hökmlər aradan qalxar.
İkinci dəlil: Səhih Müslimdə rəvayət edilən hədisdə, Peyğəmbər (sallallahu aleyhi va səlləm) ümrə üçün ihrama girmiş olan Aişəyə (Allah ondan razı olsun) heyzi olduğu zaman belə demişdir: "Hacıların etdiklərini sən də et. Yalnız heyzdən təmizlənənədək Kəbəni təvaf etmə". Aişə (Allah ondan razı olsun) belə demişdir: "Nəhayət mən, Qurban bayramı günü heyzdən təmizləndim". Hədisin ardı var.
Buxari və Müslimdə rəvayət edilən hədisdə Peyğəmbər (sallallahu əleyhi va səlləm) Aişəyə (Allah ondan razı olsun) belə demişdir: "(Heyzdən təmizlənənə qədər) gözlə, təmizləndikdən sonra Tənimə çıx". Beləliklə, Peyğəmbər (sallallahu əleyhi va səlləm) Aişənin (Allah ondan razı olsun) ümrə və həcc ibadətinə mane olan qadağanın bitmə həddini, müəyyən bir zaman deyil, əksinə, onun heyzdən təmizlənməsinə bağladı. Buradan aydın olur ki, şəri hökm heyzin olub-olmaması ilə bağlıdır.
Üçüncü dəlil: Bu məsələdə bəzi fiqh alimlərinin irəli sürdüyü bu izahlar və təfsilatlar, nə Uca Allahın Kitabında, nə də Rəsulullahın (sallallahu əleyhi va səlləm) sünnəsində mövcuddur. Baxmayaraq ki, bu məsələnin aydınlaşdırılması təkcə ehtiyac deyil, həm də zəruri bir tələbdir. Əgər bu, qulların anlamalı və Allaha ibadət olaraq yerinə yetirmələri vacib olan bir şey olsaydı, heyzlə əlaqəli olan: namaz, oruc, nikah, boşanma, miras və digər hökmlərin əhəmiyyəti səbəbindən, Allah və Rəsulu (sallallahu əleyhi va səlləm) bunu hər bir kəsə açıq-aydın şəkildə izah edərdi. Necə ki, Allah və Rəsulu namazların sayını, vaxtlarını, rüku və səcdələrini, zəkat məsələsində də zəkat veriləcək malları, nisab miqdarlarını, nə qədər veriləcəyini və kimlərə veriləcəyini, oruc məsələsində də orucun müddəti və zamanı, həcc və digər ibadətləri, Allahın dini kamil etdiyi və onunla möminlərə olan nimətini tamamladığı yemək, içmək, yatmaq, cinsi əlaqə, oturmaq, evə daxil olmaq və evdən çıxmaq, ayaqyolu ədəbəri, hətta ayaqyolunda təmizlənərkən daşların sayı kimi kiçik və böyük məsələləri izah etmişdir. Uca Allah belə buyurmuşdur: (Biz Kitabı sənə hər şeyi izah edən olaraq nazil etdik). (Nəhl: 89). Uca Allah başqa bir ayədə belə buyurur: "Bu (Quran) uydurma bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edən, iman gətirən bir qövm üçün hidayət və mərhəmətdir". (Yusif: 111).
Beləliklə, bu izahlar və təfsilatlar nə Uca Allahın Kitabında, nə də Rəsulullahın (sallallahu əleyhi va səlləm) sünnəsində mövcud olmadığına görə, bunlara etimad edilməməlidir. Əsas etimad olunmalı olan isə, şəriət hökmlərinin varlığı və ya yoxluğu ilə əlaqələndirilən heyz halının özüdür. Bu dəlil – yəni: hökmün Kitab və Sünnədə qeyd edilməməsi, ona etimad edilməməsinə dəlalət edir – bu məsələdə və digər elmi məsələlərdə sənə fayda verəcəkdir. Çünki şəriət hökmləri, Allahın Kitabından və ya Allah Rəsulunun (sallallahu əleyhi va səlləm) sünnəsindən şəri dəlili olmadan yaxud məlum icmaya ya da düzgün qiyasa əsaslanmadan isbat edilə bilməz. Şeyxül-İslam İbn Teymiyyə bir qaydasında belə demişdir: "Bundan biri də heyzın adıdır. Allah bu adla əlaqəli olaraq Quran və Sünnədə bir sıra hökmlər bağlamış, lakin nə onun ən az, nə də ən çox müddətini, eləcə də iki heyz arasında olan təmizlik müddətini müəyyən etməmişdir. Halbuki bu, ümumilikdə ümmətin üzləşdiyi bir çətinlik və onların ehtiyac duyduğu bir məsələdir. Ərəb dil isə bir miqdarla başqa bir miqdar arasında fərq qoymur. Kim bu məsələdə bir hədd təyin edərsə, o, Quran və Sünnəyə müxalif olmuş olur". Sitatın sonu.
Dördüncü dəlil: Baxış nöqteyi-nəzəridir. Yəni: doğru və müntəzəm qiyasdır. Çünki bu, Uca Allahın heyzi bir əziyyət olaraq izah etməsi ilə bağlıdır. Beləliklə, heyz olduğu zaman əziyyət da mövcuddur. Bunun ikinci gün ilə birinci gün arasında, dördüncü gün ilə üçüncü gün arasında heç bir fərq yoxdur. On altıncı gün ilə on beşinci gün arasında, on səkkizinci gün ilə on yeddinci gün arasında heç bir fərq yoxdur. Heyz, heyzdir və əziyyətdə, əziyyətdir. Hökmün səbəbi hər iki gündə eyni olduğu halda, (fiqhi hökm üçün) vəsfi və səbəbi eyni olan iki günü fərqləndirərək bir-birindən ayırmaq necə düzgün ola bilər? Məgər bu, düzgün qiyasla ziddiyyət təşkil etmirmi? Məgər düzgün qiyas, səbəbləri eyni olan iki gün arasında hökmün də bərabər olmasını tələb etmirmi?
Beşinci dəlil: Heyzin müəyyən günlərlə məhdudlaşdıranların sözlərindəki ixtilaf və ziddiyyət, bu məsələdə mütləq tabe olunmalı qəti bir dəlilin olmadığını göstərir. Əksinə, bunlar ictihadla verilmiş hökmlərdən ibarətdir və bu hökmlər doğru da ola bilər, səhv də. Onlardan hər hansı birinə tabe olmağın digərindən üstünlüyü yoxdur. İxtilaf zamanı isə qayıdış mənbəyi Kitab və Sünnədir.
Beləliklə, bu sözün qüvvətindən aydın olur ki, heyz qanının nə ən az, nə də ən çox müddəti üçün müəyyən bir hədd yoxdur. Bu da tərcih edilən görüşdür. Bil ki, qadının gördüyü hər təbii qan, yara və buna bənzər bir səbəb olmadan, zaman və yaş həddinə varmadan gəlirsə, o, heyz qanı sayılır. Lakin qadının qanaxması dayanmadan davam edərsə və ya ayda, məsələn: bir və ya iki gün kimi qısa müddət ərzində gəlib kəsilirsə, bu, istihazə sayılır. İnşallah, istihazə və onun hökmlərinin izahı barədə qarşıda gələcəkdir.
Şeyxül-İslam İbn Teymiyyə belə demişdir: "Qadının uşaqlıq yolundan gələn hər bir qan, onun istihaza qanı olduğuna dair bir dəlil olmadıqca, heyz qanı sayılır".
O həmçinin belə demişdir: "Qanın damardan və ya yaradan gəldiyi bilinmədikcə, çıxan hər qan heyz qanı sayılır".
Bu söz, dəlilə əsaslanmaq baxımından daha racih olduğu kimi, anlayış və dərk baxımından da daha aydındır. Eyni zamanda heyz üçün müəyyən günlər təyin edənlərin dediklərindən əməl və tətbiq baxımından daha asan və rahatdır. Belə olan bir görüş, İslam dininin ruhuna və əsas prinsipi olan asanlıq və yüngüllüyə uyğun olduğu üçün - qəbul edilməsi daha münasibdir. Uca Allah buyurur: (O, dində də sizin üçün heç bir çətinlik etmədi). (Həcc: 78). Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir: "Din asandır. Kim dini çətinləşdirərsə, din ona üstün gələr. Elə isə doğru yol tutun, (ən kamil olanı yerinə yetirə bilməsəniz, heç olmasa ona) yaxınlaşın, (qazandığınız savaba) sevinin, səhər, axşam və gecənin bir vaxtında (Allahdan) kömək diləyin". Hədisi Buxari rəvayət etmişdir.
Rəsulullahın (sallallahu aleyhi va səlləm) gözəl əxlaqından biri də o idi ki, iki işdən birini seçim arasında qaldıqda, əgər o işdə biri günah yoxdursa, həmişə ən yüngülünü və asan olanını seçərdi.
Hamilə qadının heyz görməsi:
Əksər hallarda qadın hamilə qalarsa, ondan heyz qanı kəsilər. İmam Əhməd (Allah ona rəhmət etsin) belə demişdir: “Qadınlar hamiləliyi yalnız qan kəsilməsi ilə bilirlər". Əgər hamilə qadın doğuşa iki və ya üç gün qalmış qan görərsə və bu, doğum sancısı ilə birlikdə olarsa, o halda bu qan, nifas qanıdır.
Əgər qan doğuşdan çox əvvəl və ya doğuşa yaxın bir zamanda gəlibsə, amma bu qanla yanaşı doğuş sancısı yoxdursa, o zaman bu, nifas qanı deyildir. Lakin bu qan heyz qanı sayılırmı və ona heyz qanı hökmü verilirmi, yoxsa bu qan, fasid qan sayılır və ona heyz qanı hökmü verilmir?
Bu mövzuda alimlər arasında fikir ayrılığı vardır. Amma doğru olan görüş budur ki, əgər qan qadının adi heyz dövrü ilə eyni zamanda gəlirsə, bu qan heyz qanıdır. Çünki qadından gələn qan, əgər bunun heyz qanı olmasına mane olacaq bir səbəb yoxdursa, əsasən heyz qanıdır. Quran və Sünnədə hamilə qadının heyz qanı görməsinə mane olacaq heç bir şey yoxdur.
Bu, Malik və Şafi məzhəbi və Şeyxül-İslam İbn Teymiyyənin tərcih etdiyi görüşdür. O, "İxtiyarat Fiqhiyyə" (səh: 30)-da belə demişdir: "Bunu Beyhəqi, İmam Əhməddən bir rəvayət olaraq nəql etmişdir, hətta o, bu görüşə qayıtdığını bildirmişdir".
Buna əsasən, iki məsələ müstəsna olmaqla, hamilə bir qadının heyz görməsi ilə hamilə olmayan bir qadının heyz görməsi arasında fərq yoxdur.
Birinci məsələ: Talaq (boşanma). Heyz zamanı, hamilə olmayan və iddə gözləməsi vacib olan qadına talaq vermək haramdır. Lakin hamilə olan qadına talaq vermək haram deyildir. Çünki hamilə olmayan qadına heyz zamanı talaq vermək Uca Allahın bu ayəsinə müxalifdir: "Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə (iddə) müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın". (Talaq: 1). Amma hamilə qadına heyz halında talaq vermək bu ayəyə zidd deyildir. Çünki hamilə qadına talaq verən şəxs, istər qadının heyz halında olsun, istərsə də təmizlik dövründə, ona iddə müddətində talaq vermiş olur. Çünki belə bir qadının iddə müddəti, onun hamiləlik müddətidir. Bu səbəbdən, digər qadınlardan fərqli olaraq, bir kişinin hamilə olan həyat yoldaşı ilə cinsi əlaqədə olduqdan sonra ona talaq verməsi haram deyildir.
İkinci məsələ: Hamilə qadının gördüyü heyz ilə iddə müddəti tamamlanmış sayılmır, halbuki hamilə olmayan qadının heyz ilə iddə müddəti tamamlanmış sayılır. Çünki hamilə qadının iddə müddəti, onun heyz olub-olmamasından asılı olmayaraq, bətnindəki uşağı dünyaya gətirdikdən sonra sona çatır. Uca Allah bu barədə belə buyurur: (Hamilə qadınların gözləmə (iddə) müddəti isə onlar hamiləlikdən azad olana qədərdir). (Talaq: 4).
Üçüncü fəsil: Heyzə təsir edən hallar.
Heyzə təsir edən halların müxtəlif növləri vardır.
Birinci növ: Heyzin artması və ya azalması. Məsələn: qadının heyz müddəti altı gün olduğu halda qan yeddi gün davam etməsi və ya heyz müddəti yeddi gün olduğu halda, altı günə təmizlənməsi.
İkinci növ: Heyzin vaxtından əvvələ çəkilməsi və ya gecikməsi. Məsələn: qadının adəti ayın sonunda olduğu halda heyzin ayın əvvəlində başlaması yaxud adəti ayın əvvəlində olduğu halda heyzin ayın sonunda görülməsi.
Alimlər bu iki növün hökmü barəsində ixtilaf ediblər. Düzgün olan isə budur ki, qadın nə vaxt qan görsə, istər adətindən çox, istər az, istər adətindən əvvəl gəlsin, istərsə də geciksin, o, heyz halındadır. Nə vaxt da qan kəsilsə, o, təmiz sayılır. Bundan əvvəlki fəsildə bu məsələyə dair dəlil qeyd olunmuşdur, orada şəriət, heyzin hökmünü onun mövcudluğuna bağladığı zikir edilmişdir.
Bu, Şafi məzhəbinin görüşüdür, həmçinin Şeyxül-İslam İbn Teymiyyənin tərcih etdiyi görüşdə budur. əl-Muğni əsərinin müəllifi də bu görüşü gücləndirmiş və müdafiə edərək belə demişdir: "Əgər adət (heyz dövrü), məzhəbdə qeyd olunan şəkildə əsas götürülsəydi, Peyğəmbər (sallallahu aleyhi va səlləm) bunu ümmətinə açıqlayardı və bu açıqlamanı gecikdirməzdi. Çünki vacib olan bir açıqlamanı vaxtından sonraya təxirə salmaq caiz deyil. Onun zövcələri və digər qadınlar bu məsələnin izahına hər zaman ehtiyac duyurdular. Buna görə də, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) unudub, bu məsələyə izah verməməsi mümkün deyildi. Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) istihazə halında olan qadın müstəsna olmaqla, nə heyz adəti, nə də onun izahı barədə heç bir şey gəlməmişdir".
Üçüncü növ: Sarı və ya bulanıq rəngdə axıntılar. Bu, qadından yaralardan gələn su kimi sarı və ya sarılıq və qara arasında bulanıq şəkildə qan gəlməsidir. Əgər bu, heyz zamanı və ya heyzlə əlaqəli şəkildə, heyzdən təmizlənmədən əvvəl baş verərsə, o zaman bu qan heyz qanıdır və ona heyzin hökmləri tətbiq edilir. Lakin bu, heyzdən təmizləndikdən sonra baş verərsə, o zaman bu, heyz hesab edilmir. Ummu Atiyyə (Allah ondan razı olsun) belə demişdir: "Biz (heyzdən) təmizləndikdən sonra sarı rəngli və ya bulanıq mayeni heyzdən hesab etməzdik". Hədisi Əbu Davud Səhih isnadla rəvayət etmişdir. Buxari də bu hədisi "Səhih Buxari" əsərində: (Təmizləndikdən sonra) ifadəsi olmadan rəvayət etmişdir. Lakin o, bu hədisi: "Heyz günlərindən başqa bir gündə sarı və ya bulanıq axıntı haqqında bölüm" - başlığı altında vermişdir.
Hafiz İbn Həcər "Fəthul-Bari" adlı şərhində belə deyir: "Buxari bu sözləri ilə Aişənin əvvəldə qeyd edilən 'Ağ axıntını (ağ rəngli ifrazatı) görüncəyə qədər' ifadəsi ilə Ummu Atiyyənin bu fəsildə yer alan hədisi arasında uyğunluq yaratmağa işarə edir. Belə ki, Aişənin hədisi sarı və bulanıq axıntını heyz günlərində görməsi halına aid edilir. Heyz günlərindən kənarda isə Ummu Atiyyənin dediyi kimidir". — Sitatın sonu.
İşarə edilən Aişənin rəvayət etdiyi hədis, Buxarinin bu fəsildən əvvəl mualləq (sənədsiz) şəkildə, lakin qətiyyət bildirən ifadə ilə (cezm siğası ilə) nəql etdiyi rəvayətdir. Orada deyilir ki, qadınlar Aişəyə içində sarımtıl rəng olan pambıq parçalar qoyulmuş kiçik bezlər (aybaşıdan sonra hələ qan qalıb-qalmadığını yoxlamaq üçün istifadə edilən vasitələr) göndərirdilər. O isə: “Tələsməyin, ağ axıntını (tam təmizlənməni göstərən ağ ifrazatı) görüncəyə qədər gözləyin” — deyərdi.
(Qassatu-l-beyda) "Ağ axıntı", heyz qanı kəsildikdən sonra ana bətnindən gələn ağ rəngli bir mayedir.
Dördüncü növ: Heyz qanının fasiləli şəkildə görünməsi. Belə ki, bir gündə qan, digər gündə təmizlik və buna bənzər halların müşahidə edilməsi. Bu, iki haldan ibarətdir:
Birinci hal: Əgər bu hal qadında daimi şəkildə, bütün vaxtlarında baş verərsə, bu, istihazə qanı sayılır və belə bir qanı görən qadına istihazə hökmü tətbiq olunur.
İİkinci hal: Bu hal qadında daimi deyil, əksinə, müəyyən zamanlarda qan gəlir, digər vaxtlarda isə tam təmizlik müşahidə olunur. Alimlər (Allah onlara rəhmət etsin) bu təmizlik barəsində ixtilaf ediblər: Belə halda qadın təmiz sayılırmı, yoxsa ona da heyz hökmləri şamil edilir?
Şafi məzhəbinin iki rəyindən daha səhih olanına görə bu hal heyz hökmündədir. Yəni: qadının gördüyü qan heyz qanıdır. Bu görüşü Şeyxül-İslam İbn Teymiyyənin, "əl-Faiq" əsərinin müəllifinin və Əbu Hənifənin görüşüdür. Çünki bu halda (Qassatu-l-beyda) "Ağ axıntı" görünmür. Əgər bu hal təmizlik hesab olunsaydı, o zaman ondan əvvəlki dövr və sonrakı dövr də heyz sayılardı. Halbuki bunu deyən heç kim yoxdur. Əks halda, qadının iddəsi (boşanma və ya dul qalma müddəti) beş gün kimi qısa bir müddətdə heyz görməklə tamamlanmış olardı. Əgər bu hal təmizlik sayılarsa, hər iki gündə bir dəfə qüsl etmək və digər təmizlik işləri ilə bağlı çətinlik və əziyyət yaranar ki, bu da şəriətdə qəbul edilməzdir. Çünki bu şəriət, çətinlikdən və əziyyətdən uzaqdır. Əlhəmdulilləh.
Hənbəli məzhəbinin məşhur görüşünə əsasən, qan göründüyü günlər heyz, görmədiyi günlər isə təmizlikdir. Lakin bu iki dövrün cəmi heyz müddətini keçərsə (heyzin ən uzun müddətini aşarsa), o zaman bu artan qan müddəti istihazə qanı hesab olunur.
İbn Qudəmə "əl-Muğni" əsərində belə deyir: “Qanın bir gündən az müddətə kəsilməsi təmizlik sayılmaz. Bu da bizim nifas barəsində qeyd etdiyimiz rəvayətə əsaslanır ki, qadın bir gündən az olan qan kəsilməsinə əhəmiyyət vermir. Bu – İnşallah – düzgün olan rəydir. Çünki qan bəzən axar, bəzən isə dayanar. Beləliklə, fasilələrlə bir müddət təmizlənən sonra yenidən heyz qanı gələn və sonra bir daha təmizlənən qadına hər dəfə qüsl almağı vacib etmək, dinin aradan qaldırdığı çətinliklərdəndir. Uca Allah bu barədə belə buyurmuşdur: (O, dində də sizin üçün heç bir çətinlik etmədi). (Həcc: 78). İbn Qudəmə sözünü davam edərək belə demişdir: Buna əsasən, qanaxmanın bir gündən az müddətə kəsilməsi təmizlik sayılmaz. Yalnız qadın bu halın təmizlik olduğuna dəlalət edən bir əlamət görərsə, məsələn: bu kəsilmə onun adət dövrünün sonunda baş verərsə və ya (Qassatu-l-beyda) "Ağ axıntı" müşahidə edərsə, o zaman bu, təmizlik sayıla bilər". Sitatın sonu.
Beləliklə, "əl-Muğni" müəllifinin bu sözü iki fərqli görüş arasında orta bir mövqe təşkil edir. Ən doğrusunu Allah bilir.
Beşinci növ: Qanın quruması halı. Bu, qadının yalnız rütubət (nəmlik) gördüyü haldır. Əgər bu hal heyz zamanı baş verərsə və ya təmizlənmə baş vermədən əvvəl və heyzə bağlı şəkildə olarsa, bu heyz sayılır. Əgər bu hal heyzdən təmizləndikdən sonra baş verərsə, artıq heyz sayılmaz. Çünki adətən bu haldan sonra sarımtıl və bulanıq axıntılar gəlir. Bu da həmin axıntıların hökmüdür.
Dördüncü fəsil: Heyzə dair şəriət hökmləri.
Heyzin iyirmidən çox fiqhi hökmü mövcuddur və biz bunlardan ehtiyac duyulan əsas məsələlərə toxunacağıq. Bunlardan bəziləri aşağıdakılardır:
Birinci: Namaz. Heyz halında olan qadının istər fərz, istərsə də nafilə namazları qılması haramdır. Əgər qılarsa, bu namazlar səhih sayılmaz. Eyni şəkildə, əgər qadın heyzdan təmizləndikdən sonra bir rükət namaz qılacaq qədər namaz vaxtına çatmazsa, həmin namaz ona vacib deyildir. Lakin heyz bitdikdən sonra istər namazın əvvəl vaxtında, istərsə də sonunda təmizlənməsindən asılı olmayaraq qadına həmin namaz qılmaq vacibdir.
Namazın əvvəl vaxtına misal: Günəş batdıqdan sonra bir rükət namaz qılacaq qədər vaxt keçdikdən sonra heyz olan qadın, təmizləndikdə məğrib namazını qəza etməlidir. Çünki o, heyz olmamışdan əvvəl məğrib namazının vaxtına bir rükət qılacaq qədər vaxta çatmışdır.
Namazın son vaxtına misal: Bir qadın günəş doğmazdan əvvəl bir rükət namaz qılacaq qədər vaxta çatarsa, qüsl aldıqdan sonra sübh namazını qəza etməlidir. Çünki o, sübh namazının vaxtından bir rükət qılacaq qədər bir vaxta yetişdirmişdir.
Amma heyzli bir qadın, bir rükət qılmağa kifayət etməyəcək qədər bir vaxtda çatarsa, məsələn: birinci misalda olduğu kimi, günəş batdıqdan dərhal sonra heyz olarsa yaxud ikinci misalda olduğu kimi, günəş doğmazdan bir an əvvəl heyizdən təmizlənərsə, namaz ona vacib olmaz, çünki Peyğəmbər (səlləllahu aleyhi va səlləm) belə buyurmuşdur: "Kim namazın bir rükətinə çatarsa, artıq namaza çatmışdır". Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin məfhumu budur ki, kim namazın bir rükətini qılacaq qədər bir vaxta çata bilməyibsə, o, namaza çatmış sayılmaz.
Əgər bir qadın əsr namazının vaxtından bir rükət qılacaq qədər bir vaxta yetişibsə, bu halda ona zöhr namazını da əsr namazı ilə birlikdə qılması vacibdirmi? Eyni şəkildə, əgər bir qadın işa namazının vaxtından bir rükət qılacaq qədər bir vaxta yetişibsə, bu zaman ona məğrib namazını da işa namazı ilə birlikdə qılması vacibdirmi?
Bu məsələdə alimlər arasında ixtilaf vardır. Lakin doğru olan rəy budur ki, qadına yalnız vaxtına çatdığı namazlar, əsr və işa namazları vacibdir. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur: "Kim günəş batmazdan əvvəl əsr namazından bir rükət qılmağa yetişərsə, o, əsr namazına catmışdır". Hədisi Buxari və Müslim rəvayət etmişdir. Peyğəmbər (səlləllahu aleyhi va səlləm) zöhr və əsr namazlarına catmışdır — deməmişdir.
Peyğəmbər (səlləllahu aleyhi va səlləm) zöhr namazının vacibliyini qeyd etmədi. Əsil budur ki, insanın öhdəçiliyi məsuliyyətdən azaddır. Bu, "Şərhu-l-Muhəzzəb" əsərində qeyd edildiyi kimi, İmam Əbu Hənifə və İmam Malikin görüşüdür.
Amma Allahı zikr etmək, Allahu Əkbər demək, Sübhənallah, Əlhəmdulilləh demək, yemək və digər işlərdə «Bismilləh» demək, hədis və fiqh oxumaq, dua etmək, duaya amin demək, Quranı dinləmək kimi məsələlərə gəldikdə, bunların heç biri ona haram deyildir. Buxari, Müslim səhih əsərində və digər mənbələrdə rəvayət edilən hədisə əsasən Peyğəmbər (sallallahu aleyhi va səlləm) Aişə (Allah ondan razı olsun) heyzli ikən onun qucağına söykənər və Quran oxuyardı."
Həmçinin Buxari və Müslimin rəvayət etdiyi hədisdə Ummu Atiyyə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə deyərkən eşitdiyini rəvayət etmişdir: “Həddi-büluğa çatmış gənc qızlar və pərdə arxasında oturanlar və heyzli qadınlar – iki bayram namazına – çıxıb xeyirə və möminlərin dualarına şahid olsunlar. Heyzli qadınlar isə namaz qılınan yerdən kənar dursunlar”.
Heyzli qadının Qurani-Kərimi oxumasına gəldikdə, əgər bu, dili ilə tələffüz etmədən, sadəcə gözlə baxmaq və ya qəlblə düşünmək formasında olarsa, bunda heç bir qəbahət yoxdur. Məsələn: Qarşısına Mushaf (Qurani-Kərim) və ya bir lövhə qoyularsa, ayələrə baxıb qəlbində oxuyarsa, bu caizdir və bunda bir qəbahət yoxdur. İmam Nəvavi "Şərhu-l-Muhəzzəb" əsərinə belə demişdir: "Bu (yəni: dili ilə tələffüz etmədən, qəlblə və ya gözlə Quran oxumaq) ixtilafsız olaraq caizdir". Əgər oxumaq dili ilə tələffüz edərək olarsa, alimlərin əksəriyyəti bunun qadağan olduğunu və caiz olmadığını bildirmişdir.
İmam Buxari, İbn Cərir ət-Təbari və İbn Munzir belə demişlər: "Bu (yəni: dili ilə tələffüz etmədən, qəlblə və ya gözlə Quran oxumaq) caizdir".
Bu, İmam Malik və İmam Şafiinin köhnə görüşüdür və bunu Hafiz İbn Həcər "Fəthul-Bari" adlı əsərində onlardan rəvayət etmişdir. İmam Buxari isə İbrahim ən-Nəxəidən mualləq (sənədsiz) olaraq: "Ayə oxumaqda heç bir qəbahət yoxdur" – deyə rəvayət etmişdir.
Şeyxül-İslam İbn Teymiyyə, İbn Qasımın topladığı "Fətvalar" kitabında belə demişdir: "Qurandan oxumağın qadağan edilməsi ilə bağlı heç bir sünnət yoxdur. Çünki Peyğəmbərin (sallallahu aleyhi va səlləm): "Heyzli və cənabətli olan Qurandan heç bir şey oxumaz" sözü, hədis alimlərinin ittifaqına əsasən, zəif hədisdir.... Çünki Peyğəmbərin (sallallahu aleyhi va səlləm) zamanında qadınlar heyz olurdular. Əgər heyzli qadına Quran oxumaq, namaz kimi haram olsaydı, bu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) bunu ümmətinə açıqlayar, möminlərin analarına öyrədər və beləliklə də bu, insanlar arasında nəql edilən bir bilgi olardı.
Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) heyzli qadının Quran oxumasını qadağan etdiyinə dair heç bir hədis nəql edilmədiyini və bununla yanaşı Peyğəmbərin (sallallahu əleyhi va səlləm) belə bir qadağa qoymadığını bilən bir kəsin — Peyğəmbərin (sallallahu əleyhi va səlləm) zamanında heyzli qadınların çox olmasına rəğmən — heyzli qadının Quran oxumasını haram etməsi caiz deyildir”. Sitatın sonu.
Alimlərin bu məsələdəki ixtilafını bildikdən sonra deyilməsi lazım olan budur ki, tələbələrə Quran oxumağı öyrədən bir müəllimə və ya imtahana girib Quran oxumağa məcbur olan bir tələbə kimi zəruri hallar istisna olmaqla, heyzli bir qadının Quranı dili ilə tələffüz edərək oxumaması daha yaxşıdır.
İkinci: Oruc. Heyz halında olan qadının istər fərz, istərsə də nafilə orucları tutması haramdır. Əgər tutarsa, bu oruclar səhih sayılmaz. Lakin fərz olan orucu qəza etməsi vacibdir. Çünki Aişə (Allah ondan razı olsun) belə demişdir: "Bu hal bizə baş verirdi – yəni: heyiz – bizə orucu qəza etmək əmr olunurdu, namazı qəza etmək isə əmr olunmurdu". Hədisi Buxari və Müslim rəvayət edilmişdir.
Əgər qadın oruclu ikən heyz olsa, orucu batil olar. Hətta bu, günəşin batmasına bir an qalmış baş versə belə, orucu pozular. Əgər bu oruc fərz orucu idisə, həmin günü qəza etməsi vacib olar. Əgər qadın günəşin batmasından əvvəl heyzin başladığını hiss edərsə, amma qan yalnız günəş batdıqdan sonra axarsa, səhih görüşə əsasən, onun orucu tamamlanmış olar və batil olmaz. Çünki ana bətnindəki qanın heç bir hökm yoxdur.
Çünki Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) bir qadın yuxuda bir kişinin gördüyü kimi görərsə, bu zaman onun qüsl etməsi vacibdirmi? – deyə soruşulduqda, "Bəli, əgər suyu (yəni: mənini) görərsə" – deyə cavab vermişdir. Beləliklə, Peyğəmbər (sallallahu aleyhi va səlləm) hökmü məninin çıxmasına bağladı, heç də məninin daxildə hərəkət etməsi ilə deyil. Eynilə, heyzin da hökmləri yalnız onun xaricə çıxması ilə sabit olur, bədənin daxilində hərəkət etməsi ilə deyil.
Əgər fəcr doğduğu zaman qadın heyz halında olarsa, hətta fəcrdən bir an sonra təmizlənsə də belə, onun o gün tutduğu oruc səhih sayılmaz.
Əgər qadın fəcr vaxtından az bir zaman əvvəl heyzdən təmizlənərsə və oruc tutmağa başlasa, hətta fəcr doğduqdan sonra qüsl etməsə belə, orucu səhihdir. Eynilə cənabətli olan bir şəxs kimi. Əgər o, cənabətli olduğu halda niyyət edib, oruc tutarsa, hətta fəcr doğduqdan sonra qüsl etməsə belə, onun orucu səhihdir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki: Peyğəmbər (sallallahu aleyhi va səlləm) Ramazan ayında ihtilam (yəni pollyusiya) deyil, cinsi əlaqə səbəbilə cənabətli halda sübh vaxtına çatardı sonra oruc tutardı." Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Üçüncü hökm: Kəbə ətrafında tavaf etmək. Heyzli qadının Kəbə ətrafında, istər fərz, istərsə də nafilə tavaf etməsi haramdır. Əgər heyzli halda tavaf edərsə, bu tavaf səhih sayılmaz. Amma Səfa ilə Mərvə arasında səy etmək, Arafada dayanmaq, Müzdəlifə və Minada gecələmək, Camarata daş atmaq kimi digər həcc və ümrə ibadətlərini yerinə yetirməsi heyzli qadına haram deyildir. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) Aişə (Allah ondan razı olsun) heyz olduğu zaman ona belə demişdir: "Hacıların etdiyi əməlləri et, lakin təmizlənənə qədər Kəbənin ətrafında tavaf etmə". Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Buna əsasən, əgər bir qadın təmiz halda tavaf edərsə və tavafdan dərhal sonra yaxud səy etdiyi zaman heyz olarsa, bunda heç bir qəbahət yoxdur.
Dördüncü hökm: Vida təvafının qadın üzərindən düşməsi. Əgər qadın həcc və ümrə əməllərini tamamladıqdan sonra öz ölkəsinə dönməzdən əvvəl heyz görərsə və bu hal yola düşənədək davam edərsə, bu zaman o, Məkkəni Vida təvafı etmədən tərk edir. İbn Abbas (Allah ondan razı olsun) belə demişdir: “İnsanlara son (ayin) olaraq Kəbəni təvaf etmək əmr edilmişdir. Lakin heyzli qadın üçün bu (hökm) yüngülləşdirilmişdir”. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Vida zamanı heyzli olan qadının Məscidul-Haramın qapısına gəlib dua etməsi müstəhəb deyildir. Çünki bu, Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) rəvayət edilməmişdir. İbadətlər isə Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) varid olan rəvayətlərə əsaslanır. Əksinə, Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) varid olan rəvayətlər bunun əksini tələb edir. Əgər kişi zövcəsini heyz halında boşayarsa, o zaman günah qazanmış olur. Bu əməlindən dolayı o, Uca Allaha tövbə etməli, Allahın və Rəsulunun əmrinə tabe olaraq, şəriətə uyğun qaydada boşama həyata keçirmək üçün qadını öz ismətinə geri qaytarmalıdır. Qadını boşadığı dövründəki heyzdən təmizlənənə qədər geri qaytarıb saxlamalı sonra bir dəfə heyz olmalıdır. Təmizləndikdən sonra əgər istəyərsə onu saxlayar, əgər istəyərsə, onunla cinsi əlaqədə olmadan əvvəl boşayar.
Peyğəmbər (sallallahu aleyhi va səlləm) ona Məscidul-Haramın qapısına gəlməyə də əmr etmədi. Əgər bu əməl şəriətdə nəzərdə tutulmuş olsaydı, Peyğəmbər (sallallahu aleyhi va səlləm) bunu bəyan edərdi. Amma həcc və ümrə təvafı isə qadının üzərindən düşmür, əksinə, qadın heyzdən təmizləndikdən sonra həmin təvafı yerinə yetirməlidir.
Beşinci hökm: Məsciddə qalmaq: Heyzli qadının məsciddə, hətta bayram namazı qılınan musallədə (məsciddən qeyri namaz qılınan yerə) belə qalması və ya durması haramdır. Buxari və Müslimin rəvayət etdiyi hədisdə Ummu Atiyyə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə deyərkən eşitdiyini rəvayət etmişdir: “Həddi-büluğa çatmış gənc qızlar və pərdə arxasında oturanlar və heyzli qadınlar – iki bayram namazına – çıxıb xeyirə və möminlərin dualarına şahid olsunlar. Heyzli qadınlar isə namaz qılınan yerdən kənar dursunlar”. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Altıncı hökm: Cinsi əlaqə: Qadının ərinə onunla cinsi əlaqədə olması haramdır və qadının da ərinə buna icazə verməsi haramdır. Uca Allah belə buyurur: (Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) uzaq durun və heyzdən təmizlənməyincə onlarla yaxınlıq etməyin). (Bəqərə: 222). Burada: (Heyz) deyildikdə, heyzin vaxtı və yeri, yəni: cinsi orqan nəzərdə tutulur. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir: "(Heyz və nifaslı qadınlarla) Nikahdan başqa hər şey edə bilərsiniz". Yəni: Cinsi əlaqədən başqa. Hədisi Müslimin rəvayət etmişdir. Çünki müsəlmanlar heyzli qadınla cinsi orqanından cinsi əlaqədə olmanın haram olduğu barədə ittifaq ediblər.
Allaha və axirət gününə iman edən bir şəxsin, Uca Allahın kitabında, Rəsulunun (sallallahu aleyhi va səlləm) sünnəsində və müsəlmanların icmasında haram olduğu göstərilən bu pis (münkər) işi etməsi halal deyildir. Belə edən şəxs Allah və Onun Rəsuluna qarşı çıxmış və möminlərin yolundan başqa bir yol tutmuşdur. İmam Nəvavi "əl-Məcmu Şərh əl-Muhəzzəb" kitabı, cild 2, səhifə: 374-də belə deyir: İmam Şafi (Allah ona rəhmət etsin) belə demişdir: “Bunu edən (yəni: heyzli qadınla cinsi əlaqədə olan) böyük günah etmişdir”. Əshabımız və başqaları belə demişlər: “Heyzli qadınla cinsi əlaqəni halal sayan şəxs küfr etmişdir”. Nəvavinin sözləri burada tamamlanır.
Uca Allah - Allaha həmd olsun - kişiyə (ərə) ehtirasını yatırtmaq üçün cinsi əlaqə xaricində: öpmək, qucaqlamaq və fərc (cinsi orqan) istisna olmaqla bədənin digər yerlərinə toxunmaq kimi şəhvətini azaldacaq şeylərə icazə verilmişdir. Ancaq daha yaxşı olan odur ki, kişi həyat yoldaşının göbək ilə diz arasında olan nahiyəsinə yalnız paltar və ya bənzəri vasitəsilə toxunsun, birbaşa təmasdan uzaq dursun. Aişə (Allah ondan razı olsun) belə demişdir: Peyğəmbər (sallallahu aleyhi va səlləm) mənə əmr edərdi, mən izar bağlayardım və mən heyzli olarkən mənə yaxınlaşardı". Hədisi Buxari və Müslim rəvayət etmişdir. İzar: Bədənin beldən aşağı hissəsini örtmək üçün geyilən parça və ya paltardır.
Yeddinci hökm: Talaq (boşanma). Ərə zövcəsini heyzli olduğu halda boşamaq haramdır. Uca Allah bu barədə belə buyurmuşdur: "Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə (iddə) müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın". (Talaq: 1). Yəni: Ərlər zövcələrini boşayarkən, onların təmizlik dövründə olmaları vacibdir. Bu isə kişi zövcəsini ya hamilə ikən ya da heyzdən təmizləndikdən sonra onunla cinsi əlaqədə olmazdan əvvəl boşadığı zaman mümkündür. Çünki kişi zövcəsini heyz halında boşayarsa, qadının boşandığı heyz dövrü iddə müddətindən sayılmadığı üçün o dövr iddə müddətinə daxil edilmir. Əgər kişi zövcəsini cinsi əlaqədən sonra təmiz halda boşayarsa, qadının gözləyəcəyi iddə müddəti məlum deyildir. Çünki belə bir halda qadın, bu cinsi əlaqədən hamilə olub-olmamasını bilmədiyi üçün ya hamiləlik səbəbindən iddət müddətini gözdəməli ya da hamilə olmayıbsa, heyzin iddət müddətini gözdəməl olduğunu bilmir. Beləliklə, iddə müddətinin növü ilə bağlı əminlik olmadığında, bu hal tam aydınlaşana qədər kişinin zövcəsini boşaması haram sayılır.
Əvvəlki ayəyə əsasə, qadını heyzli halında boşamaq haramdır. Səhih Buxari və Səhih Muslimdə və digər hədis kitablarında Abdullah bin Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilən hədisdə deyilir ki, Abdullah bin Ömər zövcəsini heyzli ikən boşamışdı. Ömər (Allah ondan razı olsun) bunu Peyğəmbərə (sallallahu aleyhi va səlləm) xəbər verdikdə, Rəsulullah (sallallahu aleyhi və səlləm) qəzəblənərək belə buyurdu: “Ona əmr et, qadını geri qaytarsın. Sonra o (heyzdən) təmizlənənədək saxlasın sonra yenə heyz olsun sonra yenə təmizlənsin. Bundan sonra (onu saxlamaq) istəsə, saxlasın, əgər (boşamaq) istəsə, onunla yaxınlıq etməzdən əvvəl onu boşasın. Bu, qadınları boşamaq üçün Allahın buyurduğu gözləmə müddətidir”.
Heyz halında boşamağın haram olmasından üç məsələ istisna edilir:
Birincisi: Əgər talaq, qadınla bir yerdə tək qalmadan və ya ona toxunmadan (cinsi əlaqədə olmadan) əvvəl olmuşsa, bu zaman onu heyz halında boşamasında heç bir qəbahət yoxdur. Çünki o zaman qadının iddə müddəti gözləməsinə ehtiyac yoxdur, buna görə də onun boşanması şəriətə zidd sayılmır. Uca Allah belə buyurur: (Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə (iddə) müddətlərində (heyzdən pak olduqdan sonra onlarla yaxınlıq etməzdən əvvəl) boşayın). (Talaq: 1).
İkincisi: Əgər heyz hamiləlik halında olarsa. Bunun səbəbi daha öncə izah edilmişdir.
Üçüncüsü: Əgər talaq bir qarşılıq müqabilində verilərsə, bu zaman qadını heyz halında boşamasında heç bir qəbahət yoxdur.
Misal olaraq, ər-arvad arasında mübahisə və ya pis münasibət varsa, ər, arvadını boşamaq üçün ondan müəyyən bir qarşılıq alıbsa, bu zaman qadın heyzli olsa belə, onu boşaması caizdir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) Sabit bin Qeys bin Şəmməsin zövcəsi Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlib dedi: “Ya Rəsulullah! Sabit bin Qeysin nə əxlaqına, nə də dininə heç bir iradım yoxdur, sadəcə olaraq mən İslamda küfrü sevmirəm”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi: “Onun (mehr olaraq) verdiyi bağı özünə qaytararsanmı?”. Qadın: “Bəli!” – deyə cavab verdi. Bu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) Sabit bin Qeysə belə buyurdu: “Bağı qəbul et və onu bir talaqla boşa”. Hədisi Buxari rəvayət etmişdir.
Peyğəmbər (sallallahu aleyhi va səlləm) qadının (həmin an) heyzli olub-olmaması barədə soruşmadı? Çünki bu boşanma, qadının özünü müəyyən mal müqabilində azad etməsidir. Buna görə də bu, hər hansı bir ehtiyac halında edilməsi caizdir.
İbn Qudəmə "əl-Muğni" kitabın, (cild 7, səh: 52) də heyz halında Xulunun (mal müqabilində zövcəni boşamağın) caiz olduğunu izah edərkən belə demişdir. "Çünki heyz halında talaqın qadağan olunması, qadına uzun iddə (gözləmə müddəti) səbəbilə dəyən zərərə görədir. Halbuki xulu ilə (fidyə qarşılığında) boşanma, qadına pis rəftar, sevmədiyi və nifrət etdiyi bir insanla yaşamağın gətirdiyi zərəri aradan qaldırmaq üçündür. Bu zərər isə uzun iddə səbəbilə dəyən zərərdən daha böyükdür. Buna görə də, daha böyük olan zərərin, daha kiçik olan bir zərərlə aradan qaldırılması caiz görülmüşdür. Elə bu səbəbdən Peyğəmbər (sallallahu aleyhi va səlləm) ərindən xulu tələb edən qadının halı (heyz halında olub-olmadığını) barədə soruşmamışdır". Sitatın sonu.
Amma qadın heyz halında olarkən onunla nigah bağlamaqda bir qəbahət yoxdur. Çünki əsas qayda, bunun halal və caiz olmasıdır. Bu barədə haramlığı göstərən heç bir dəlil mövcud deyil. Lakin kişi heyz halında olan qadının yanına daxil olub onunla tək qalmaq məsələsinə gəldikdə isə, burada ehtiyatlı davranmaq lazımdır. Əgər kişi onunla cinsi əlaqədə olmayacağına əmindirsə, onların bir yerdə tək qalmasında bir qəbahət yoxdur. Əgər belə bir təhlükə varsa və kişi özünü qoruyacağına əmin deyilsə, harama düşmək qorxusu olduğu üçün qadın heyzdən təmizlənənədək onun yanına girməməlidir.
Səkkizinci hökm: Talaq, iddə müddətinin heyz ilə hesablanması. Əgər kişi zövcəsini, onunla yaxınlıq etdikdən və ya tək qaldıqdan sonra boşayarsa və zövcəsi heyz olan qadınlardandırsa və hamilə deyilsə, o zaman qadının kamil üç heyz iddə müddətini gözləməsi vacibdir. Uca Allah buyurur: (Boşanmış qadınlar üç heyz görüncəyə (və ya üç kərə təmizlənincəyə qədər) gözləməlidirlər). (Bəqərə: 228). Yəni: Üç heyz dövrü. Əgər qadın hamilə olarsa, onun iddə müddəti, bu müddətin uzun və ya qısa olmasından asılı olmayaraq, bətnindəki uşaq dünyaya gələnə qədərdir. Uca Allah buyurur: (Hamilə qadınların gözləmə (iddə) müddəti isə onlar hamiləlikdən azad olana qədərdir). (Talaq: 4). Erkən yaşda olub hələ cinsi yetkinliyə çatmamış kiçik qız, yaş səbəbindən menopoz (menopauza) dövrünə girmiş (yəni: yumurtalıqların fəaliyyətinin dayanması ilə heyzi kəsilmiş) qadın, əməliyyatla uşaqlığı alınmış və ya bunlardan başqa bir səbəblə artıq heyz görməsi mümkün olmayan qadın üçün iddə müddəti üç aydır. Uca Allah buyurur: (Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın gözləmə (iddə) müddəti barədə şübhə etsəniz, onların, eləcə də (yaşlarının azlığı üçün) hələ heyz görməmiş olanların gözləmə müddəti üç aydır). (Talaq: 4). Əgər qadın adətən heyz görənlərdəndirsə, lakin xəstəlik və ya əmizdirmə kimi məlum bir səbəbdən heyzi dayanıbsa, o, iddə müddətini gözləməyə davam edir. Bu müddət uzun çəksə belə, heyz yenidən başlayana qədər gözləyir və sonra [üç dəfə] heyz görməklə iddəsini tamamlayır. Əgər heyzin kəsilməsinə səbəb olan xəstəlik və ya əmizdirmə kimi hallar aradan qalxsa, lakin qadın buna baxmayaraq heyz görməsə, bu halda səbəblərin aradan qalxdığı tarixdən etibarən bir il iddə müddəti gözləməlidir. Bu, şəriət qaydalarına əsaslanaraq qəbul edilən doğru görüşdür. Çünki səbəb aradan qalxsa da, heyz yenidən başlamazsa, o, məlum bir səbəb olmadan heyzi kəsilən qadın kimi sayılır. Əgər qadının heyzi məlum bir səbəb olmadan dayanarsa, o zaman o, ümumilikdə bir il müddətində iddə gözləyir. Bunun doqquz ayı hamiləlik ehtimalını nəzərə alaraq ehtiyat məqsədilə hesablanır, üç ayı isə iddə olaraq tamamlanır.
Əgər talaq nikahdan sonra amma cinsi əlaqə və ya qadınla baş-başa tək qalma olmadan əvvəl baş verərsə, bu halda nə heyz ilə nə də başqa bir səbəblə iddə müddəti gözlənilməz. Uca Allah buyurur: (Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz sonra da onlara toxunmazdan (yaxınlıq etməzdən) əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa (onları yanınızda saxlamağa) haqqınız yoxdur). (Əhzab: 49).
Doqquzuncu hökm: Ana bətninin boş olması hökmü. Yəni: Uşaqlığın hamiləlikdən boş olması hökmü. Hər dəfə ana bətninin boş olduğuna dair hökm verilməli olduqda, bu hökmə ehtiyac duyulur. Bu mövzu ilə bağlı bir sıra məsələlər vardır.
Bu məsələlərdən biri də budur: Əri vəfat edən və sonradan başqa bir kişi ilə evlənən qadının hamiləliyi olarsa, qarınındakı uşaq vəfat etmiş ərinə varisi sayılır. Bu halda, qadının sonradan evləndiyi kişi onunla yalnız heyz görənədək və ya hamiləliyi bəlli olana qədər yaxınlıq etməz. Əgər qadının hamilə olduğu bəlli olarsa, biz bu uşağın, ölən şəxsin vəfatı zamanı ana bətnində mövcud olduğuna hökm verər və onu varis sayarıq. Əgər qadın heyz olarsa, bu halda ana bətinin heyz ilə boş olduğuna hökm verər və uşağın ölən şəxsin varisi olmadığına qərar verərik.
Onuncu hökm: Qüsulun vacib olması: Heyz görən qadın təmizləndikdən sonra bütün bədənini təmizləyərək qüsl alması vacibdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) Fatimə binti Əbi Hubeyşə belə demişdir: "Heyz qanı gəldikdə namazı tərk et, heyz vaxtı başa çatdıqda isə qüsl al və namaz qıl". Hədisi Buxari rəvayət etmişdir.
Qüsul alarkən ən az edilməsi vacib olan şey, suyun bütün bədənə, hətta saçların altına qədər çatdırılmasıdır. Ən əfzəl olan isə onu hədisdə bildirildiyi şəkildə yerinə yetirilməsidir. Əsmə binti Şəkəl Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) heyzdən təmizləndikdən sonra necə qüsl almalı olduğunu soruşduqda, Peyğəmbər (sallallahu aleyhi va səlləm) ona belə cavab verdi: “Sizdən biriniz (heyzdən təmizləndiyi zaman) suyunu və sidrini götürüb təmizlənsin. Təmizlənməyi də gözəl şəkildə yerinə yetirsin. Sonra başına su töksün və su onun saçlarının dibinə çatana qədər başını yaxşıca ovxalasın. Sonra bədəninə su töksün. Sonra da müşklə ətirlənmiş bir parça (yəni: içində müşk olan bir bez) götürüb onunla təmizlənsin”. Əsmə dedi: “Onunla necə təmizlənim?”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) ona: “Subhənallah!” – deyə qarşılıq verdi. Aişə (Allah ondan razı olsun) ona belə dedi: “Qan ləkəsinin olduğu yeri silib təmizləyirsən” – dedi. Hədisi Müslim rəvayət etmişdir.
Başın saçı çox möhkəm şəkildə hörülmüş olduğundan suyun saçın diblərinə çatmaması qorxusu varsa, bu halda hörüklər açılmalıdır, əks halda, hörükləri açmaq vacib deyildir. Səhih Müslimdə rəvayət edilən hədisdə Ummu Sələmə (Allah ondan razı olsun) deyir ki, mən: Peyğəmbərə (sallallahu aleyhi va səlləm): "Ey Allahın elçisi! Mən hörükləri çox olan qadınam, cənabət qüsulunda hörüklərimi açmalıyammı?" Başqa bir rəvayətdə: "Heyz və cənabət qüsulu üçün hörüklərimi açmalıyammı?" – dedim. Peyğəmbər (sallallahu aleyhi va səlləm) ona: "Xeyr, (cənabət qüsulunda) başına üç ovuc su tökmək sonra bədənini yumaq sənə kifayət edər, əgər belə etsən bununla da təmizlənmiş olarsan" - deyərək cavab verdi.
Əgər qadın namaz vaxtı çıxmamışdan əvvəl heyzdən təmizlənərsə, həmin namazı vaxtında yerinə yetirmək üçün qüsl almağa tələsməsi vacibdir. Əgər qadın səfərdədirsə və yanında su yoxdursa yaxud su olsa da istifadə etdikdə zərər görəcəyindən qorxursa yaxud xəstə olub suyun istifadəsi ona zərər verirsə, bu hallarda qüsl əvəzinə təyəmmüm etməsi caizdir. Maneə aradan qalxdıqdan sonra isə qüsl almalıdır.
Bəzi qadınlar namaz vaxtı təmizlənsələr də, qüsl almağı gecikdirir və belə deyirlər: "Bu vaxtda kamil şəkildə qüsl alıb təmizlənmək mümkün deyil". Lakin bu, nə bir dəlildir, nə də bir üzrdür. Çünki qadın, bu halda qüsln ən az vacib olan hissəsi ilə kifayətlənib, namazı vaxtında qıla bilər. Daha sonra isə imkan tapdıqda kamil şəkildə qüsl alıb təmizlənə bilər.
Beşinci fəsil: İstihazə (qanaxma) və ona dair şəriət hökmləri.
İstihazə: Qadının qanaxmasının ay ərzində yalnız bir-iki gün kimi qısa müddət dayanması və ya heç dayanmayaraq, daimi olaraq davam etməsi halına deyilir.
Qanın heç vaxt kəsilmədiyi birinci halın dəlili, Səhih Buxaridə sabit olan, Aişə (Allah ondan razı olsun) tərəfindən rəvayət edilən hədisdir. O, belə demişdir: Fatimə binti Əbi Hubeyş, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlib belə dedi: "Mən heç təmizlənmirəm (qanım dayanmır)". Başqa bir rəvayətdə isə belə demişdir: "Mən daim istihazə oluram və heç vaxt təmizlənmirəm".
Qanın yalnız az bir müddət kəsildiyi ikinci halın dəlili isə Həmnə binti Cəhmşin hədisidir. O, Peyğəmbərin (sallallahu əleyhi va səlləm) yanına gəldi və belə dedi: "Ya Rəsulallah! Mən çox şiddətli istihaza oluran". [Hədisi Əhməd, Əbu Davud və Tirmizi rəvayət etmiş və Tirmizi onun səhih olduğunu bildirmişdir. İmam Əhməddən bu hədisin Səhih olduğu, İmam Buxaridən isə Həsən olduğu rəvayət edilmişdir].
İstihazənin halları (növləri):
İstihazə olan qadının üç halı vardır:
Birinci hal: Qadının istihazədan əvvəl müəyyən bir heyz müddətinin olmasıdır. Bu halda qadın əvvəlki məlum heyz müddətinə əsaslanaraq həmin günləri heyz hesab edir və bu günlərə heyzlə bağlı hökmlər tətbiq olunur. Bu müddətdən kənarda qalan digər günlər isə istihazə qanı sayılır və ona uyğun hökmlər tətbiq edilir.
Bunun misalı, hər ayın əvvəlində altı gün müddətində heyz olan və daha sonra istihazə halı baş verib, daimi olaraq qan gələn bir qadındır. Bu halda, qadının heyz müddəti hər ayın əvvəlindəki altı gündür, qalan günlər isə istihazə sayılır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Fatimə binti Əbi Hubeyş, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlib belə dedi: "Mən daim istihazə oluram və heç vaxt təmizlənmirəm. Namazı tərk edimmi?". Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: “Xeyr, bu heyz deyil, damar qanıdır. Lakin heyz olduğun günlər qədər namazı tərk et, heyzdən təmizləndikdə isə qüsl al və namaz qil". Hədisi Buxari rəvayət etmişdir.
Səhih Müslimdə rəvayət edilən hədisdə, Peyğəmbər (sallallahu əleyhi va səlləm) Ummu Həbibə binti Cəhşa belə demişdir: "Heyzin səni saxladığı (ibadətdən məhrum etdiyi) qədər gözlə sonra qüsl al və namaz qıl".
Buna görə, məlum heyz dövrü olan bir qadın, heyz müddəti bitənə qədər gözləyib sonra güsl alaraq gələn qanı diqqətə almadan namazını qılmalıdır.
İkinci hal: İstihazə qanı başlamazdan əvvəl məlum bir heyz dövrü olmayan və qanı ilk dəfə gördüyü andan etibarən istihazə qanı olaraq davam edən qadın. Bu halda, qadın qanı ayırd etmə yolu ilə fərqləndirir. Beləliklə, qan: qara rəng, qalınlıq və ya qoxu kimi xüsusiyyətlərlə heyz qanı sayılacaq və ona heyz qanına aid hökmlər tətbiq olunacaq. Digər qanlar isə istihazə qanı sayılacaq və ona istihazə qanına dair hökmlər tətbiq ediləcək.
Bunun misalı, ilk dəfə qan gördüyü andan etibarən qanı kəsilmədən davam edən, lakin on gün ərzində qara rəngdə, ayın qalan günlərində isə qırmızı rəngdə yaxud on gün ərzində qalın, sonrakı günlərdə isə duru ya da on gün ərzində heyz qanına xas qoxuya malik, qalan günlərdə isə qoxusuz qan görən qadındır. Bu halda, birinci misalda qadının heyz qanı qara rəngdə olandır, ikinci misalda qalın və qatı olan, üçüncü misalda isə xüsusi qoxuya malik olandır. Bunlardan başqa olan qanlar istihazə qanı sayılır [və onlar üçün istihazəyə aid hökmlər tətbiq edilir]. Peyğəmbər (sallallahu əleyhi va səlləm) Fatimə binti Əbi Hubeyşə belə buyurmuşdur: "Əgər heyz qanıdırsa, o, qara rəngli bəlli bir qandır. Əgər belədirsə, (o halda) namaz qılma. Əgər başqa qandırsa, dəstəmaz al və namaz qıl. Çünki o, damardır". [Hədisi Əbu Davud və Nəsai rəvayət etmiş, İbn Hibban və Həkim isə hədisin Səhih olduğunu bildirmişlər].
Bu hədisin sənədində və mətnində bəzi mülahizələr olsa da, amma alimlər (Allah onlara rəhmə etsin) bu hədisə əməl ediblər. Bu hədisə əməl etmək, əksər qadınların heyz adətinə əsaslanaraq qərar verməkdən daha yaxşıdır.
Üçüncü hal: Qadının müntəzəm şəkildə heyz görməməsi və qanı ilk dəfə gördüyü andan etibarən davam edən istihaza qanının tək bir sifətdə olub, ayırd edici bir əlamət daşımaması və ya heyz qanı ola bilməyəcək qarışıq və nizamsız müxtəlif sifətlərə malik olmasıdır. Bu halda qadın, əksər qadınların heyz müddətinə əsaslanaraq hərəkət edir. Beləliklə, onun heyz müddəti hər ay altı və ya yeddi gün olacaq və bu müddət, qanı ilk gördüyü gündən başlayacaqdır. Bu müddətdən kənar olan qan isə istihaza sayılacaqdır.
Bunun misalı budur ki, qadın ayın beşindən etibarən ilk dəfə qan görür və bu qan nə rənginə, nə də digər xüsusiyyətlərinə görə heyz qanı kimi ayırd edilə biləcək fərqləndirici bir əlamət daşımadan davam edir. Bu səbəbdən onun heyz müddəti hər ayın beşinci günündən başlayaraq altı və ya yeddi gün olur. Həmnə binti Cəhş (Allah ondan razı olsun) rəvayət edir ki, o belə demişdir: "Ya Rəsulullah! Mən çox və şiddətli istihazə oluram. Bu halda nə etməyimi məsləhət görürsən? Çünki bu məni namazdan və orucdan məhrum edir". Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurdu: “Sənə pambıqdan necə istifadə etməli olduğunu izah edirəm, onu ön nahiyəyə (cinsiyyət orqanına) qoyursan, çünki o, qanı saxlayar”. Həmnə dedi: “Qan ondan da çoxdur”. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurdu: “Bu, şeytanın vurduğu təpiklərdən biridir. Sən Allahın elmində altı yaxud da yeddi gün heyz olursan, sonra qüsl al. Qan kəsildiyini və tam şəkildə təmizləndiyini gördükdən sonra ayın qalan iyirmi üç və ya iyirmi dörd gün və gecə namaz qıl və oruc tut”. [Hədisi Əhməd, Əbu Davud və Tirmizi rəvayət etmiş, Tirmizi isə hədisə Səhih hökmü vermişdir. Əhməddən hədisin Səhih, Buxaridən isə Həsən olduğu nəql edilmişdir].
Peyğəmbərin (sallallahu aleyhi va səlləm): "Altı gün və ya yeddi gün" deməsi, sadəcə olaraq seçim imkanı yaratmaq məqsədiylə deyil. Bu ifadə, vəziyyəti daha yaxşı anlamaq və düzgün nəticəyə varmaq üçün verilmiş bir izahdır. Bu səbəblə, qadın yaradılış baxımından ona bənzər, həmyaşıd və qohumluq əlaqəsi olan qadınlarla müqayisə edərək, öz vəziyyətinə ən uyğun olanı müəyyən etməli və gələn qanlardan heyz qanına ən yaxın olanını əsas götürməlidir. Əgər ən yaxın olan altıdırsa, qadın onu altı edəcək, əgər ən yaxın olan yeddidirsə, qadın onu yeddi edəcək.
İstihazə halına bənzər vəziyyətdə olan şəxs:
Bir qadının uşaqlıq daxili və ya ondan aşağı hissəsində əməliyyat keçirməsi səbəbindən cinsiyyət orqanından qanaxma baş verə bilər və bu qanaxma iki növdən ibarətdir:
Birinci növ: Qadının uşaqlığının tamamilə çıxarılması və ya qan axmasının qarşısını almaq üçün uşaqlığın bağlanması kimi əməliyyatlardan sonra onun artıq heyz olmayacağı məlumdursa, bu halda qadın istihazə hökmündə sayılmır. Əksinə, bu qadının halı, təmizlikdən sonra sarımtıl ləkə, bulanıq axıntı və ya nəmlik görən qadının hökmü kimidir. Bu səbəblə: qadın namaz və orucu tərk etməz, əri ilə cinsi əlaqədə olmaqdan imtina etməz və bu qan kəsildikdən sonra qüsl alması vacib olmaz. Lakin namaz qılmaq istədikdə: cinsiyyət orqanını qan və ya axıntıdan təmizləməli, qan axmasının qarşısını almaq üçün bezi və ya ona bənzər bir vasitə ilə orqanını örtməlidir. Əgər beş vaxt namazlardan birini qılmaq istəyirsə, yalnız həmin namazın vaxtı girdikdən sonra dəstəmaz almalı və bu dəstəmazla namazını qılmalıdır. Amma nafilə namazlar kimi vaxtla məhdud olmayan ibadətlərdə isə namaz qılmaq istədiyi anda dəstəmaz alması yetərlidir.
İkinci növ: Əgər əməliyyatdan sonra qadının heyz olub-olmayacağı məlum deyilsə, əksinə, yenə də heyz görməsi mümkündürsə, bu halda qadın istihazə hökmündə sayılır. Bu məsələyə dəlil, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Fatimə binti Əbi Hübeyşə (Allah ondan razı olsun) söylədiyi bu sözlərdir: “Bu bir damar qanıdır, heyz deyildir. Heyz gəldiyi zaman isə namazı tərk et”.
Çünki Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Fatimə binti Əbi Hübeyşə dediyi: “Heyz gəldiyi zaman” ifadəsi göstərir ki, istihazə hökmü, yalnız heyzin başlanması və sona çatması ehtimalı olan qadınlar üçün keçərlidir. Əgər bir qadının artıq heyz görmək ehtimalı yoxdursa, onun gördüyü qan sadəcə damar qanıdır və ona istihazə hökmləri tətbiq olunmur.
İstihazə halının hökmləri:
Yuxarıda qeyd edilən izahlardan qanının nə zaman heyz, nə zaman isə istihazə olduğunu anladıq. Beləliklə, əgər qan heyz olarsa, ona heyzlə bağlı hökmlər tətbiq olunur, əgər qan istihazə olarsa, ona istihazə ilə bağlı hökmlər tətbiq edilir.
Artıq heyzlə əlaqəli mühüm hökmlər qeyd edildi.
İstihazənin hökmü, təmiz olan qadının hökmü ilə eynidir. İstihazəsi olan qadın ilə təmiz qadınlar arasında aşağıdakı məsələlərdən başqa heç bir fərq yoxdur:
Birincisi: İstihazəsi olan qadının hər namaz üçün dəstəmaz alması vacibdir. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) Fatimə binti Əbi Hubeyşə belə demişdir: "Sonra hər bir namaz üçün dəstəmaz al". Buxari bu hədisi, «Qanın yuyulması» bölümündə rəvayət etmişdir. Bu, deməkdir ki, o, vaxtı müəyyən olan namaz üçün yalnız vaxtı girdikdən sonra dəstəmaz almalıdır. Əgər qılınacaq namaz, vaxtı müəyyən edilmiş namaz deyilsə, o zaman namaz qılmaq istədiyi zaman dəstəmaz alması almalıdır.
İkincisi: Əgər dəstəmaz almaq istəsə, əvvəlcə qan izlərini yumalı, sonra qanı saxlamaq üçün cinsiyyət orqanına bir pambıq (və ya qanı ehtiva edən parça və s.) qoymalıdır. Peyğəmbər (sallallahu əleyhi va səlləm) Həmnə binti Cəhşa (Allah ondan razı olsun) belə buyurdu: “Sənə pambıqdan necə istifadə etməli olduğunu izah edirəm, onu ön nahiyəyə (cinsiyyət orqanına) qoyursan, çünki o, qanı saxlayar”. Həmnə dedi: “Qan ondan da çoxdur”. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurdu: “O zaman paltar istifadə et”. Həmnə dedi: “Qan ondan da çoxdur”. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə dedi: “Elə isə daha sıx bir şəkildə bağla”. Bundan sonra çıxan qan ona zərər verməz, çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) Fatimə binti Əbi Hübeyşə belə demişdir: “Heyz günlərində namazdan uzaq dur sonra qüsl al və hər namaz üçün dəstəmaz al, hətta qan həsirin üzərinə damlasa belə, namazı qıl”. [Hədisi Əhməd və İbn Məca rəvayət etmişdir].
Üçüncüsü: Cinsi əlaqə. Alimlər, əgər bir şəxsin zinaya düşmək qorxusu yoxdursa, belə bir halda cinsi əlaqənin icazəli olub-olmaması barədə ixtilaf ediblər. Lakin bu mövzuda doğru olan rəy, bunun mütləq olaraq icazəli olmasıdır. Çünki Peyğəmbərin (sallallahu əleyhi va səlləm) yaşadığı dönəmdə bir çox qadın on gün və ya daha artıq müddətdə istihazə olmuş, nə Allah, nə də Rəsulu onlarla bu halda cinsi əlaqəni qadağan etmişdir. Əksinə, Uca Allahın: (Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) uzaq durun) (Bəqərə: 222) ayəsində, heyz halı xaricində qadınlardan uzaq durmanın vacib olmadığına dair bir dəlil vardır. Çünki belə bir qadının namaz qılması caizdirsə, cinsi əlaqə buna nisbətən daha yüngüldür (və daha öncə caizli görülməlidir). Belə bir halda olan qadınla cinsi əlaqəni, heyz halındakı qadınla cinsi əlaqə ilə müqayisə etmək doğru deyil. Çünki, hətta haram olduğunu deyənlər arasında belə, bu iki hal bir-birinə bərabər deyildir. Bu səbəbdən iki fərqli halı bir-biri ilə müqayisə etmək yalnışdır.
Altıncı fəsil: Nifas (doğuşdan sonrakı qan) və onun hökmləri.
Nifas: Uşaqlığın doğuş səbəbindən, doğuşla birgə ya doğuşdan sonra və ya doğum sancıları ilə bərabər doğuşdan iki-üç gün əvvəl ifraz etdiyi qandır.
Şeyxül-İslam İbn-Teymiyyə demişdir: "Qadının doğum sancıları başladığında gördüyü qan, nifas qanıdır". O, bunu iki və ya üç günlə məhdudlaşdırmamışdır. Burada nəzərdə tutulan: Doğum sancılarından sonra doğum baş verərsə, bu, nifasdır, əks halda, o, nifas sayılmır. Alimlər arasında, nifasın ən az və ya ən çox müddətinin olub-olmaması barədə fərqli fikirlər mövcuddur. Şeyx Təqiyyuddin "əl-Əsmə Əlləti Alləqa əş-Şəru əl-Əhkəmə Bihə" adlı risaləsində (səh: 37) belə demişdir: "Nifasın nə ən az müddəti, nə də ən çox müddəti üçün müəyyən bir hədd yoxdur. Əgər fərz olunsa ki, bir qadın qırx, altmış, hətta yetmiş gündən çox qan görür və sonra bu qan kəsilirsə, bu qan nəfasdır. Lakin bu qan fasiləsiz şəkildə [və heyzə birləşik] axmağa davam edərsə, artıq bu, nifas deyil, istihazə qanıdır. Bu halda ən son hədd qırx gündür, çünki əsərlərdə ən çox qeyd olunan hədd budur".
Buna əsasən, mən də bunu deyirəm: Əgər qanı qırx gündən çox davam edərsə və o qadının qanının kəsilməsi əvvəlki dövrlərdə müəyyən bir adəti olmuşsa ya da qanaxmanın dayandığına dair əlamətlər görünsə, o zaman qan kəsilənə qədər gözləyəcəkdir. Əks halda, qırx gün tamamlandıqda yuyunmalıdır. Çünki bu, ən çox rast gəlinən haldır. Əgər bu dövr qadının heyz dövrünə təsadüf edərsə, o zaman heyz dövrü bitənə qədər gözləyəcəkdir. Əgər bundan sonra qan kəsilərsə, bu, onun üçün adət hal kimi qəbul edilməli və gələcəkdə buna uyğun hərəkət etməlidir. Əgər qan davam edərsə, o zaman bu qadın istihazə sayılır və əvvəlki istihazə hökmlərinə uyğun olaraq hərəkət etməlidir. Əgər qanaxma qırx gündən əvvəl dayansa, bu halda qadın təmiz sayılır. Bu zaman o, qüsl alır, namaz qılır, oruc tutur və əri ilə cinsi əlaqədə ola bilər. Lakin qanaxma bir gündən az müddətə dayandığı təqdirdə, bu kəsilmənin heç bir fiqhi hökmü yoxdur. Bu, İbn Qudəmə tərəfindən "əl-Muğni" adlı əsərində qeyd edilmişdir.
Əgər döl ana bətnində insan surəti aldıqdan sonra düşərsə, gələn qan nifas qanı hökmündədir. Lakin qadın hələ insan yaradılışı aydın şəkildə görünməyən kiçik bir düşük doğarsa, bu zaman onun gördüyü qan nifas qanı sayılmaz. Bu, sadəcə bir damar qanıdır və qadın istihazə hökmündə sayılır. İnsan yaradılışının formalaşdığı ən az müddət hamiləliyin başlanmasından etibarən səksən gündür. Ən çox rast gəlinən formalaşma müddəti isə doxsan gündür.
Məcd İbn Teymiyyə belə demişdir: "Əgər qadın doğum sancısından əvvəl bir gün qan görərsə, buna əhəmiyyət verməz (yəni: onu nifas saymaz). Amma doğuşdan sonra (qan gəlməyə) davam edərsə, namaz və orucu tərk edər. Əgər doğuşdan sonra zahirdə göründüyündən fərqli olduğu aydın olarsa, bu halda qadın yerinə yetirmədiyi ibadətləri qəza edər. Əgər belə bir durum ortaya çıxmazsa, yəni: vəziyyət zahirdə göründüyü kimi qalarsa, onda əvvəlki (zahirə əsaslanan) hökm keçərli sayılır və qəza lazım gəlməz". Bu sözlər "Şərh əl-İqna" kitabında ondan nəql olunmuşdur.
Nifasın hökmləri:
Nifasın hökmləri, aşağıda qeyd olunan hallar istisna olmaqla, heyzin hökmləri ilə eynidir.
Birinci: İddə talaq ilə müəyyən edilir, nifasla deyil. Çünki talaq, doğuşdan əvvəl baş vermişsə, bu zaman iddə nifasla deyil, doğuşla (uşağın dünyaya gəlməsi ilə) tamamlanır. Əgər talaq doğuşdan sonra baş vermişsə, qadın əvvəlki kimi heyz dövrünün geri dönməsini gözləməlidir.
İkinci: "İylə" müddətində, heyz müddəti hesaba daxil edilir, lakin nifas müddəti hesaba daxil edilmir.
əl-İylə: Kişinin öz arvadı ilə heç vaxt və ya dörd aydan çox müddətdə cinsi yaxınlıq etməyəcəyinə dair Allaha and içməsidir. Əgər o, and içərsə və arvadı ondan cinsi əlaqə tələb edərsə, kişiyə and içdiyi vaxtdan etibarən dörd ay müddətində vaxt verilər. Əgər müddət tamamlanarsa, qadın tələb edərsə, kişi ya cinsi əlaqəyə girməyə ya da qadını boşanmağa məcbur ediləcəkdir. Əgər bu müddət ərzində qadına nifas baş verərsə, bu nifas müddəti, ərin üzərinə gələn müddətə daxil edilmir və dörd ayın üzərinə həmin dövrün müddəti əlavə edilir. Amma heyz müddəti bunun əksi olaraq, ərin üzərinə hesablanır.
Üçüncü: Həddi-büluğ heyz ilə başlayır, nifas olmaqla deyil. Çünki bir qadın, heyz olmadan hamilə qala bilməz. Buna görə də həddi-büluğ, hamiləlikdən əvvəl baş verən heyz dövrü ilə başlayır.
Dördüncü: Əgər heyz qanı iddə müddəti ərzində kəsilərsə və sonra həmin müddət daxilində yenidən başlayarsa, bu, şübhəsiz ki, heyzdir. Məsələn: qadının adət dövrü səkkiz gündürsə, o, ilk dörd gün qanaxma görür sonra iki gün kəsilir və yeddinci, səkkizinci günlərdə yenidən qanaxma baş verərsə, bu qayıdan qanaxma qəti şəkildə heyzdir və ona heyzin hökmləri tətbiq olunur. Amma nifas qanı qırx gündən əvvəl kəsilər sonra həmin qırx gün ərzində yenidən başlayarsa, bu qan şübhəlidir. Belə halda qadın fərz namazlarını vaxtında qılmalı və oruc tutmalıdır. Heyzli qadına haram olan şeylər, vacib olanlar istisna olmaqla, ona da haramdır. Təmizləndikdən sonra heyzli bir qadının qəza etməsi vacib olan ibadətlər varsa, bunları o da qəza etməlidir. Bu, Hənbəli fiqh alimləri arasında məşhur olan görüşdir.
Daha doğru olan rəy budur ki, əgər qan doğuşdan sonra nifas ola biləcək bir müddət ərzində yenidən qayıdarsa, bu, nifas qanı sayılır. Əgər bu müddətdən kənarda gələrsə, heyz qanı sayılır. Əgər qan fasilə vermədən davam edərsə, bu halda istihazə qanıdır.
Bu görüş, "əl-Muği" əsərində İmam Malikdən (Allah ona rəhmət etsin) nəql olunan görüşə daha yaxındır. İmam Malik belə demişdir: "Əgər qadın iki və ya üç gün sonra - qanın kəsilməsindən sonra - qan görərsə, bu, nifasdır. Əks halda isə bu, heyzdir". Sitatın sonu. Bu görüş, Şeyxül-İslam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) tərcih etdiyi rəydir.
Qanlar barədə reallıqda şübhəli heç bir şey yoxdur. Lakin şübhə, nisbi bir məsələ olduğu üçün, insanlar öz bilgi və anlayışlarına görə fərqli fikirlər irəli sürərlər. Kitab və Sünnədə isə hər bir şeyin izahı mövcuddur. Uca Allah heç kəsə, birinci ibadətdə qəzasız aradan qaldırıla bilməyəcək bir qüsur olmadıqca, iki dəfə oruc tutmağı və ya iki dəfə təvaf etməyi vacib etməmişdir. Amma insan bacardığı qədər və imkanları daxilində üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, artıq onun boynundakı məsuliyyət aradan qalxar. Uca Allah belə buyurmuşdur: (Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər). (Bəqərə: 286). Uca Allah başqa bir ayədə belə buyurmuşdur: (Allahdan bacardığınız qədər qorxun). (Təğabun: 16).
Heyz və nifas arasındakı beşinci fərq: Əgər qadın heyz halında olarkən, adət günləri tamamlanmadan əvvəl təmizlənərsə, ərinin onunla cinsi əlaqədə olmasında heç bir qəbahət yoxdur. Amma nifasda, qadın qırx gün tamam olmadan əvvəl təmizlənərsə, məzhəbdə məşhur rəyə görə ərin onunla cinsi əlaqədə olması məkruhdur. Lakin doğru olan görüşə əsasən, ərin bu halda onunla cinsi əlaqədə olması məkruh deyildir. Bu, cumhur (əksər) alimlərin görüşüdür. Çünki məkruh şəri hökmdür və bunun şəri dəlilə ehtiyac vardır. Bu mövzuda İmam Əhmədin, Osman ibn Əbi əl-Asdan rəvayət etdiyi: "Qırx gün tamam olmadan əvvəl əri onunla yaxınlıq etmək istədikdə, o isə: “Mənə yaxınlaşma” deyərək bunu rədd etdi" - özündən başqa bir dəlil yoxdur.
Bu, cinsi əlaqənin məkruh olduğuna dəlil deyildir. Çünki bu davranış, qadının hələ tam olaraq təmizləndiyinə əmin olmamasından ehtiyat edərək yaxud cinsi əlaqə səbəbilə yenidən qan gəlməsinin baş verməsindən qorxaraq və ya başqa səbəblərlə ehtiyat məqsədilə edilmiş ola bilər. Allah ən doğrusunu biləndir.
Yeddinci fəsil: Heyz qanını dayandıran və ya gətirən, hamiləliyin qarşısını alan və ya ana bətnindəkini salan vasitələrin istifadəsi.
Qadının heyzini dayandıran vasitələri istifadə etməsi iki şərtlə caizdir:
Birinci şərt: Özünə zərər verəcəyinə dair bir qorxu olmamalıdır. Əgər bu səbəbdən özünə zərər gələcəyindən qorxulursa, istifadə etmək caiz deyildir. Uca Allah bu barədə belə buyurmuşdur: (Öz əllərinizlə özünüzü təhlükəyə atmayın). (Bəqərə: 195). Uca Allah başqa bir ayədə belə buyurmuşdur: (Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı rəhmlidir). (Nisa: 29).
İkinci şərt: Əgər bunun ərilə əlaqəli bir səbəbi varsa, o zaman bu, yalnız ərinin icazəsi ilə olmalıdır. Məsələn: Qadın ərindən boşanmış və ərinin ona nəfəqə verməsi tələb olunan bir durumdadırsa, o, heyzini dayandıran vasitələri istifadə edərək iddə müddətini uzatmaq və ərinin məsrəflərini artırmaq məqsədini güdərsə, bu halda, ərinin izni olmadan heyzini dayandıran bir vasitə istifadə etməsi caiz deyildir. Həmçinin, heyzin dayandırılmasının hamiləliyi maneə törətdiyi sübuta yetərsə, o zaman ərinin icazəsi mütləq olmalıdır. Əgər istifadəsinin caiz olduğu sübuta yetərsə belə, yalnız ehtiyac halında istifadə edilməsi daha yaxşıdır. Çünki insan təbiətinin olduğu kimi buraxılması, sağlamlığın və təhlükəsizliyin qorunmasına daha yaxındır.
Heyz gətirən vasitələrin istifadə edilməsi də iki şərtlə caizdir:
Birinci şərt: Qadın bunu, üzərində vacib olan bir ibadəti tərk etmək üçün hiylə olaraq istifadə etməməlidir. Məsələn: Ramazan ayına yaxın istifadə edərək oruc tutmamaq və ya namazı qılmamaq məqsədilə istifadə etmək və s. buna bənzər hallar.
İkinci şərt: Bu, ərinin icazəsi ilə olmalıdır. Çünki heyzin olması, ərinin ondan tam zövq almasına mane olur. Hətta qadın boşanmış olsa belə, ərin hüququnu əngəlləyən bir şey yalnız onun razılığı ilə istifadə oluna bilər. Çünki bu, əgər ərin ricat (yəni: zövcəsini geri qaytarma) haqqı varsa, onun bu haqqını tez bir zamanda itirməsinə səbəb ola bilər.
Amma hamiləliyin qarşısını alan vasitələrin istifadəsi iki növdür:
Birinci növ: Hamiləliyi davamlı olaraq qarşısını almaq. Bu, caiz deyil. Çünki bu, hamiləliyi kəsərək nəslin azalmasına səbəb olur ki, bu da İslamın məqsədinə ziddir. Şəriətin məqsədi isə müsəlman ümmətinin çoxalmasıdır. Ayrıca, mövcud uşaqları ölə bilər və qadın dul qalaraq heç bir övladı olmayan hala düşə bilər.
İkinci növ: Hamiləliyi müvəqqəti olaraq qarşısını almaq. Məsələn: Qadın tez-tez hamilə qalır və bu, ona çətinlik yaradır. Buna görə də, hər iki ildən bir hamilə qalmaq və ya buna bənzər bir şey etmək istəyirsə, bu, ərinin icazəsi və ona heç bir zərərin gəlməməsi şərti ilə caizdir. Bunun dəlili odur ki, səhabələr Peyğəmbərin (sallallahu aleyhi va səlləm) zamanında qadınlarının hamilə qalmaması üçün "Azl" edirdilər və buna görə onlara heç bir qadağa edilmidir. Azl: Kişinin qadını ilə cinsi əlaqəyə girdikdən sonra boşalma anında onu çəkib vaginadan (uşaqlıq yolundan) kənara boşaltmasıdır.
Hamiləliyi salan vasitələrin istifadəsi isə iki növdür:
Birinci növ: Hamiləliyi salan vasitələri istifadə edərkən məqsədin onu məhv etmək olmasıdır. Əgər bu, ruh üfləndikdən sonra baş verərsə, heç şübhəsiz ki, haramdır. Çünki bu, haqsız yerə haram edilmiş bir canın öldürülməsidir. Haram edilmiş canın qətl edilməsi isə Quran, Sünnə və müsəlmanların icması ilə haramdır. Əgər bu, ruh üfürülmədən əvvəl baş verərsə, alimlər bunun icazəli olması barədə ixtilaf ediblər. Bəziləri bunu caiz saymış, bəziləri isə qadağan etmiş, digərləri isə: "Əgər laxdalanmış qan halı yoxdursa, caizdir" — demişdir. Yəni: Üzərindən qırx gün keçməyibsə. Digərləri isə: "İnsanın formasının tam olaraq müəyyən olunmadığı müddətcə, caizdir" — demişdir.
Ən ehtiyatlı yanaşma, onu yalnız zərurət olduğu halda, məsələn: ana xəstə olub hamiləliyi daşıya bilmədiyi və ya buna bənzər hallar olmadığı təqdirdə onun düşürülməsinin qadağan edilməsidir. Bu halda, uşağın düşürülməsi caizdir. Lakin müəyyən bir müddət keçdikdən sonra insan yaradılışı bəlli olarsa, bu zaman onun düşürülməsi qadağandır. Düzünü Allah bilir.
İkinci növ: Uşağın düşürülməsinin məqsədi onun məhv edilməsi olmamalıdır. Belə ki, hamiləliyin müddəti başa çatıb doğuş vaxtı yaxınlaşdıqda uşağın düşürülməsi caizdir. Lakin bu, anaya və ya uşağa zərəri verməməsi və bu iş cərrahiyyə əməliyyatı tələb etməməsi şərti əsasında olmalıdır. Əgər cərrahiyyə əməliyyatı tələb olunarsa, o zaman bunun dörd halı vardır:
Birinci hal: Ananın və qarındakı körpəsinin sağ olması halı. Belə bir vəziyyətdə əməliyyat yalnız zərurət halında icazə verilir. Məsələn: Doğuş çətinləşib, əməliyyata ehtiyac olunarsa. Çünki bədən, Uca Allahın insanda bir əmanətidir. Böyük bir məsləhət olmadığı təqdirdə, bədənə zərər verməsindən qorxulan şeylərdən uzaq durulmalıdır. Bəzən əməliyyatda heç bir zərər olmayacağı düşünülsədə, nəticədə zərər baş verir.
İkinci hal: Ananın və körpəsinin ölü olması halı. Bu zaman uşağın çıxarılması üçün cərrahiyyə əməliyyatı edilməməlidir. Çünki bunun heç bir faydası yoxdur.
Üçüncü hal: Ananın sağ, uşağın isə ölü olması halı. Bu zaman uşağın çıxarılması üçün cərrahiyyə əməliyyatı edilməsi icazəlidir. Lakin əməliyyatın anaya zərər vermə qorxusu olduğu təqdirdə, əməliyyat edilməməlidir. Çünki görünən odur ki, — ən doğrusunu Allah bilir — əgər uşaq ana bətnində ölərsə, onun əməliyyatsız çıxarılması demək olar ki, mümkün deyil. Uşağın ana bətndə qalması gələcəkdə onun hamilə qalmasına mane ola bilər və ona çətinlik yaradar. Bəlkə də, qadın əvvəlki həyat yoldaşından ayrılıb və iddə dövründədirsə, bu səbəbdən dul qala bilər.
Dördüncü hal: Ananın ölü, uşağın sağ olması halı. Əgər uşağın yaşama ümidi yoxdursa, bu zaman əməliyyat icazəli deyildir.
Əgər uşağın yaşama ümidi varsa və bir hissəsi də ana bətnindən bayıra çıxıbsa, bu zaman ananın qarnı yarılaraq uşağın qalan hissə də çıxarılmalıdır. Əgər uşağın bir hissəsi ana bətnindən bayıra çıxmayıbsa, alimlərimizdən bəziləri: "Körpəni çıxarmaq məqsədilə ananın qarnının yarılmamalıdır. Çünki bu, meyitə qarşı işgəncədir (və ya cəsədin təhqiridir)" — deyiblər. Doğru olan isə budur ki, əgər körpəni başqa bir yol ilə çıxarmaq mümkün olmazsa, o zaman qarnın yarılması caizdir. Bu, İbn Hubeyrənin tərcih etdiyi görüşdür. O, "İnsaf" adlı əsərdə: "Bu, daha münasib olan (daha üstün) görüşdür" — demişdir.
Mənim fikrimcə, xüsusilə bu günümüzdə cərrahiyyə əməliyyatının aparılması artıq cəsədə hörmətsizlik və təhqir sayılmır. Çünki qarın kəsilir və sonra tibbi qaydada yenidən tikilir. Bundan əlavə, diri insanın hörməti meyitin hörmətindən daha üstündür. Eyni zamanda, günahsız bir canı həlak olmaqdan xilas etmək şəriət baxımından vacibdir. Ana bətnindəki körpə də günahsız bir insan sayıldığından, onun həyatını xilas etmək vacib olur. Doğrusunu Allah bilir.
Qeyd: Hamiləliyin düşürülməsinin caiz sayıldığı yuxarıda qeyd edilən hallarda, hamiləlik üzərində haqq sahibi olan şəxsdən — yəni: ərdən, uşağın atasından — mütləq şəkildə razılıq alınması vacibdir.
Beləliklə, bu mühüm mövzu ilə bağlı yazmaq istədiklərimizi burada yekunlaşdırırıq. Biz bu risalədə yalnız əsas məsələlərə və ümumi prinsiplərə toxunduq, çünki bu mövzunun təfərrüatları, qolları və qadınlarla bağlı qarşıya çıxan halları sahili olmayan bir dəniz kimidir. Lakin bəsirətli bir şəxs, qolları (törəmələri) öz əsaslarına, təfərrüatları isə ümumi qayda və prinsiplərinə qaytara, hadisələri isə oxşar nümunələrlə müqayisə edərək düzgün şəkildə qiymətləndirə bilər.
Qoy fətva verən şəxs, peyğəmbərlərin gətirdiklərini təbliğ etmək və insanlara izah etmək mövzusunda özünün Allah ilə insanlar arasında bir vasitəçi olduğunu anlasın, və eyni zamanda qulun anlamaq və onlara əməl etmək üçün mükəlləf olduğu iki əsas mənbə olan Quran və Sünnə ilə əlaqəli məsələlərdən məsuliyyət daşıdığını bilsin. Kitab və Sünnəyə zidd olan hər bir söz xətadır və onu deyən şəxsə qaytarmaq (rədd etmək) vacibdir. Belə bir sözlə əməl etmək caiz deyil. Əgər bu sözü deyən şəxs ictihad etmiş və üzrlü biri olarsa, o, ictihadına görə savab qazanır. Lakin onun xətasını bilən bir şəxsin bu sözü qəbul etməsi və onunla əməl etməsi caiz deyildir.
Fətva verən şəxsin niyyətini xalis olaraq Allah üçün etməsi, qarşılaşdığı hər bir hadisədə Uca Allahdan kömək diləməsi və Ondan sabitqədəm olmaqla doğruya yönəldilməsini istəməsi vacibdir.
Həmçinin Quran və Sünnədə göstərilənləri nəzərə alması, bunları başa düşmək üçün öyrənib araşdırmalar aparması və ya bu Quran və Sünnəni anlamaq üçün alimlərin sözlərindən istifadə edərək onları düzgün başa düşməyə çalışması vacibdir.
Çox vaxt bir məsələ ortaya çıxar və insan, alimlərin sözlərindən gücü çatan qədər onu araşdırmağa başlayar sonra isə onun hökmü barədə özünü qane edəcək bir cavaba çata bilmir. Bəzən də o mövzu ilə əlaqədar heç bir məlumat tapmır. Kitab və Sünnəyə müraciət etdikdə, həmin məsələnin hökmü hər ikisində açıq və aydın şəkildə görünər. Bu isə insanın ixlası, elmi və fəhm səviyyəsindən asılıdır.
Fətva verən şəxs bir hökm barədə qərar verərkən çətinliklə qarşılaşdıqda, tələsməməli və səbirli olmalıdır. Elə hallar olmuşdur ki, bir çox tələsik hökm verilmiş sonra isə qısa müddət ərzində həmin hökmün səhv olduğu aydın olmuş və fətvanı verən şəxs buna görə peşman olmuşdur. Hətta elələri də vardır ki, verdiyi fətvanı sonradan düzəltməyə gücü çatmamışdır.
Əgər insanlar fətva verən şəxsin diqqətli və ehtiyatlı olduğunu bilsələr, onun dediklərinə etibar edər və sözlərini nəzərə alarlar. Lakin onun tələsik davrandığını görsələr, tələsən insan çoxlu səhvlər edər, bu səbəbdən verdiyi fətvalara etibar etməzlər. Beləliklə, tələskənliyi və səhvi ilə həm özünü, həm də başqalarını sahib olduğu elm və düzgün fətvadan məhrum etmiş olar.
Uca Allahdan bizi və müsəlman qardaşlarımızı Öz doğru yoluna yönəltməsini, Öz mərhəməti ilə himayə etməsini və Öz qayğısı ilə xətalardan qorumasın diləyirik. Həqiqətən, O, Səxavətlidir, Mərhəmətlidir. Allahın salatı və salamı peyğəmbərimiz Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun! Neməti sayəsində yaxşı işlər tamamlanan Allaha həmd olsun!
Bu risalə Allahın fəqir (aciz) bir qulu tərəfindən qələmə alındı.
Muhamməd bin Saleh əl-Useymin
Cümə günü günortadan əvvəl
14 Şaban 1392-ci il (Hicri təqvimi ilə).
*
Related books
All books
Ateistə qısa bir məqalə61 dilAteistə qısa bir məqalə
“Ateistə qısa bir məqalə” adlı bu risalə, ağıla səslənərək kainatın heyranedici dəqiqliyinin və mükəmməl nizamının təsadüf nəticəsində meydana gələ bilməyəcəyini və Hikmətli Yaradanın varlığına dəlalət etdiyini izah edir. Belə incə ölçü və hesabla qurulmuş bir aləmin yoxluqdan öz-özünə yaranması mümkündürmü? Düşün! Belə mükəmməl və ahəngdar şəkildə qurulmuş bir kainat hansı ağlın məhsulu ola bilər? Qəlbini düşüncəyə və təfəkkürə aç, həqiqətin izinə düş. Ola bilsin, bu yolun sonunda səni işığa aparacaq bir həqiqət taparsan.
نبذة في العقيدة الإسلامية (شرح أصول الإيمان)75 dilنبذة في العقيدة الإسلامية (شرح أصول الإيمان)
رسالة لطيفة تتناول أصول العقيدة الإسلامية بأسلوب مبسط وميسر. تبدأ بمقدمة حول أهمية علم التوحيد، كونه أشرف العلوم وأجلّها، ثم تتناول مفهوم الدين الإسلامي وأركانه الخمسة: الشهادتان، والصلاة، والزكاة، والصوم، والحج. كما يشرح الإيمان بالله، وملائكته، وكتبه، ورسله، واليوم الآخر، ويؤكد على أهمية التوحيد في بناء دين المسلم بشكل سليم. الكتاب يهدف إلى تعزيز الفهم الصحيح للعقيدة الإسلامية وتطبيقها في حياة المسلم اليومية.
حقوق دعت إليها الفطرة26 dilحقوق دعت إليها الفطرة
رسالة لطيفة تقدم شرحًا مفصلًا لعشرة حقوق أساسية تشمل حقوق الله تعالى، وحقوق النبي صلى الله عليه وسلم، وحقوق الوالدين، والأولاد، والأقارب، والجيران، والزّوجين، والرّعية والولاة، والمسلمين عمومًا، وغير المسلمين. يهدف الكتاب إلى تعزيز الفهم الصحيح للعلاقات الاجتماعية والواجبات الفردية تجاه الآخرين، مستندًا إلى نصوص الوحي من القرآن الكريم والسنة النبوية، مما يجعله مرجعًا مهمًا لكل مسلم يسعى لتطبيق الشريعة في حياته اليومية مع ربه ومع الآخرين.
Sehr və kahinliyin hökmü barəsində risalə.28 dilSehr və kahinliyin hökmü barəsində risalə.
Şeyx Abdüləziz bin Abdullah bin Baz Allah ona rəhmət etsin! Mərhəmətli və Rəhimli Allahın adı ilə. Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü [1]. [1] Bu məqalənin bir hissəsi “Fətvalar və Müxtəlif Məqalələr Toplusu” kitabının üçüncü cildində “Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü” başlığı ilə nəşr olunmuşdur. Eyni zamanda bu məqalə tam şəkildə Rəyasət tərəfindən “Sehr və kahinliyin hökmü haqqında risalə” adı ilə ayrıca nəşr olunmuş və əl-Yaməmə jurnalı ilə İslam Araşdırmaları Jurnalında dərc edilmişdir. Həmd Tək Allaha məxsusdur! Özündən sonra heç bir peyğəmbər olmayan…