Skip to content

Şər nə üçün yaradılmışdır?

مصدر الإجابة
قسم الإيمان
الباب / الفصل
(قسم الإيمان)

السؤال

Şər nə üçün yaradılmışdır?

الجواب

Allahın şərri nə üçün yaratdığı barədə sual vermək və ya buna etiraz etmək rəva deyildir. Çünki Uca Allah Xaliqdir və O, etdiyi işlərə görə sorğu-suala tutulmaz, əksinə, sorğu-suala tutan Odur. Uca Allah buyurur:

"O (Allah) etdiyi işlər barədə soruşulmaz, onlar isə soruşulacaqlar."

[Ənbiyə 21 surəsi, ayə 23].

Xeyir və şərin var olmasının və yaradılmasının bəzi hikmətləri isə aşağıdakılardır:

  • Mükəlləf olan kimsənin xeyir və şər ilə imtahana çəkilməsi və sınaqdan keçirilməsi. Səbir edəni qeyrisindən, mömini də qeyrisindən ayırd edib bilmək üçündür. Uca Allah buyurur:

"Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır."

[Mülk 67 surəsi, ayə 2].

Pak və nöqsansız olan Allah buyurur:

"...Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!"

Allah qullarını dünyada yaratmış, onlara əmrlər vermiş və qadağalar qoymuş, Uca Allah tərəfindən bir sınaq olaraq onları xeyir və şər, zənginlik və yoxsulluq, izzət və zillət, həyat və ölümlə imtahana çəkmişdir ki, onlardan kimin daha gözəl əməl edəcəyini, fitnə məqamlarında kimin fitnəyə düşəcəyini və kimin nicat tapacağını sınaqdan keçirsin.

"Siz ancaq Bizə qaytarılacaqsınız!" -

Biz sizə etdiyiniz əməllərin əvəzini verəcəyik, əgər yaxşı əməl etmisinizsə yaxşılıq (mükafat), pis əməl etmisinizsə pislik (cəza) görəcəksiniz.

"Rəbbin qullara əsla zülm edən deyildir." - (Fussilat 41 surəsi, ayə 64).

  • Kainatın ikili təbiətinin gerçəkləşməsi. Belə ki, xeyir yalnız şəri tanımaqla bilinir. Çünki "Bir şeyin əksini bilməklə - həqiqət bəlli olur". Şər, xeyrin mövcudluğu üçün zəruridir. Çünki o, onun əksinə səy göstərməkdir. Xeyir, şər və insanın bu ikisi arasında haldan-hala düşməsi dünya həyatının təbiətindəndir.
  • Şər nisbi bir məsələdir. Belə ki, bəzilərinin şər olaraq gördüyü bir şeyi başqaları xeyir olaraq görə bilər. Məsələn: oğrunun əlinin kəsilməsi onun üçün şərdir, lakin bunda cəmiyyət üçün xeyir vardır. Çünki bunda insanları bir-birilərinin mallarına təcavüz etməkdən qorxudub çəkindirmək vardır.
  • Mükəlləf üçün ədalətli imtahanın həqiqi mənasının gerçəkləşməsi. Belə ki, Uca Allah insana xeyir və şər yolunu bəyan etmiş və ona bu ikisi arasında seçim etmək azadlığı vermişdir.

Uca Allah buyurur:

"Biz ona iki göz vermədikmi?!

Eləcə də, bir dil və iki dodaq (vermədikmi)?!

Biz ona iki yolu (haqqı və batili) göstərmədikmi?!"

(Bələd 90 surəsi, ayələr 8-10).

Yəni: Məgər Biz ona görən iki göz, danışan dil və iki dodaq vermədikmi, ona xeyir və şər yolunu göstərmədikmi?

  • Gördüyümüz şərlərin bir çoxu hər cəhətdən xalis şər deyildir, əksinə, onların içində xeyirli cəhətlər də olur. Şər olaraq gördüyümüz şeylərin içində nə qədər böyük xeyirlər vardır. Bəzən insan bir xəstəliyə düçar olar, bu da onu ondan daha böyük bir şərdən uzaqlaşdırmağa səbəb olar. Bəzən insan maddi bir qazancı itirər, bəlkə də onu qazansaydı, həddini aşar və təkəbbürlük edərdi. Bəzən insanın övladı vəfat edər, bəlkə də yaşasaydı, onun üçün bir bəla olardı. Bəzən də insan öz əməlləri ilə Cəhənnəmə layiq olar ki, əsl fəlakət də məhz budur. Belə olduqda, Allah onu bir müsibətə düçar edər, o da buna səbr edər və Allah bu səbrinə görə onu Cənnətlə mükafatlandırar. Əsl və daimi xeyir də elə budur.

Belə ki, Uca Allah mütləq şər yaratmaz və şər işlər Ona nisbət edilməz, necə ki, səhih hədisdə Peyğəmbər, sallallahu aleyhi va səlləm, buyurur:

"Şər Sənə aid deyil".

[Hədisi Müslim rəvayət etmişdir].

  • Xeyir və şərin mövcud olmasındakı hikmətlərdən biri də, Uca Rəbbin bir-birinə zidd və əks olanları yaratmaqdakı qüdrətinin və qəhredici adlarının təsirlərinin zahir olmasıdır. Yəni: Uca Allah Öz adlarının və fellərinin təsirlərini zahir edir, məsələn, Onun Qəhhar, Müntəqim, Ədalətli və s. olması kimi. Uca Allah buyurur:

"Yeddi (qat) göyü və yeri də onun misli qədər (yeddi qat) yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın elminin hər şeyi əhatə etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında nazil olar."

[Talaq 65 surəsi, ayə 12].

Şərlər öz-özlüyündə məqsəd deyildir və məxluqatın yaradıldığı qayə də onlar deyil. Onlar bəyənilən bir iş üçün təqdir olunmuş və ona çatmaq üçün vasitə edilmiş əməllərdir. Təqdir olunduqları məqsəd hasil olduqda silinib yox olur və hər şey xalis xeyrə qayıdır.

Bu dünyanın müvəqqəti bir yurd, sınaq, imtahan və nöqsan yurdu olduğunu yəqin etmədən heç kəs şərin varlığındakı hikməti anlaya bilməz. Kim bu dünyada mütləq kamillik görməyi gözləyərsə, şübhəsiz ki, o, Axirət yurdunun kamillik yurdu olmasını tələb edən İlahi hikmətə qarşı çıxmış olar.

Uca Allah iman gətirən kimsə barəsində buyurur:

"Ey qövmüm! Bu dünya həyatı fani bir zövqdür, axirət isə əbədi qərar tutulacaq yurddur."

(Ğafir 40 surəsi, ayə 39).

المصدر

قسم الإيمان

ملاحظات

--