Skip to content

Öldükdən sonra dirilməyi necə isbat etmək olar?

محاور التعريف بالإسلام
اليوم الآخر والمصيرالبعث بعد الموت
مصدر الإجابة
قسم البعث | كتاب: الإسلام دين رب العالمين، ص 16-17.
الباب / الفصل
(قسم البعث)

السؤال

Öldükdən sonra dirilməyi necə isbat etmək olar?

الجواب

Öldükdən sonra yenidən dirilməyi inkar edən kimsənin halı təəccüblüdür. Çünki bu, hikmətin vacib etdiyi bir məsələdir və bütün ilahi rəsalətlər ona iman edir. Ümumiyyətlə, elə bir din yoxdur ki, hansısa bir surətdə və ya formada öldükdən sonra yenidən dirilməyə etiqad etməsin. Cavab isə aşağıdakı kimidir:

Birincisi: Məxluqatın dirildilməsi ədalət və hikmətin tələbidir. Əgər dirilmənin olmayacağını fərz etsək, o zaman insanın bu planetdəki varlığı əbəs olardı. Uca Allah buyurur:

"Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?”"

(Muminun 23 surəsi, ayələr 12-14).

Əgər yenidən dirilmənin olmadığını fərz etsək, məzlumun qisası zalımdan necə alınacaq? Yer üzündə fitnə-fəsad törədənlər ədalət əli onlara çatıb qisasını almadan əvvəl təbii ölümlə ölsələr, necə cəzalandırılacaqlar? Zəiflər üçün böyük xeyirxahlıqlar etmiş və bu dünyada əməllərinin mükafatını almamış islah edənlərin mükafatlandırılması necə olacaq? Buna görə də insanların aləmlərin Rəbbi hüzurunda duracağı və Onun da hər kəsə əməlinin əvəzini verəcəyi bir gün mütləq olmalıdır. Uca Allah buyurur:

"Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?!"

(Qələm 68 surəsi, ayə 35).

Bunu bir misalla izah edək: Əgər zalım bir kimsə min nəfəri öldürsə, qadınların ismətinə təcavüz etsə, mal-dövlət oğurlasa, sonra da ədalət əli ona çatmadan və ondan qisas alınmadan təbii ölümlə ölərsə, bəs o, cəzasını necə alacaqdır? Bəs edilən bu haqsızlıqların, tökülən qanların, tapdalanan namusların və qəsb edilən mal-dövlətin əvəzi necə qaytarılacaq, onların sahiblərinin qisası necə alınacaqdır? Əgər dirilmə olmasaydı, yer üzündə fitnə-fəsad törədən qatı bir cinayətkarın cəzadan yaxa qurtarması olduqca pis bir hal olardı. Lakin Allah hər bir məzlumun qisasını ona zülm edəndən alacağını bizə xəbər vermişdir. Uca Allah buyurur:

"Şübhəsiz ki, ayələrimizi inkar edənləri oda atacağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı (daim) dadsınlar deyə, Biz o (dəriləri) başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrətlidir, hikmət sahibidir. "(Nisa 4 surəsi, ayə 56).

Kafir odda yandırılacaqdır. Dərisi hər dəfə yandıqca, əzabı dadsın deyə ona başqa bir dəri veriləcək. Həmçinin etdiyi hər bir zülmün əvəzi ondan alınacaq. Hətta min nəfəri öldürmüş olsa belə, Allah Qiyamət günü onu min dəfə öldürəcək. Dünyada heç belə bir şey ola bilərmi?! Şübhəsiz ki, cinayətkar ələ keçirildikdə, yüz nəfəri öldürmüş olsa belə, olacaq yeganə şey onun yalnız bir dəfə öldürülməsidir və bununla da o ölər.

İkincisi: Öldükdən sonra dirilməyi aşağıdakı dəlillərlə isbat etmək mümkündür:

Göyləri və yeri yaratmağa qadir olan Allah, insanları yenidən yaratmağa qadirdir. Bu əzəmətli kainatları yaradan Xaliq, insanları yenidən yaratmağa aciz deyil. Uca Allah buyurur:

"Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyükdür. Lakin insanların əksəriyyəti (bunu) bilməz."

(Ğafir 40 surəsi, ayə 39).

İlk insan olan Adəmi - aleyhissəlam - torpaqdan yaradan və onu tam bir insan şəklinə salan Allah, insan torpaq olduqdan sonra onu yenidən həyata qaytarmağa qadirdir. Uca Allah buyurur:

O Bizə bir məsəl çəkdi, lakin öz yaradılışını unutdu. O: “Çürümüş sümükləri kim dirildə bilər?”– dedi. De: “Onları ilk dəfə yaradan dirildəcəkdir. O, hər bir yaradılışı biləndir”.

[Ya sin 36 surəsi, ayələr 78-79].

Bizə hər gün insanın dəyərsiz sudan, kiçik bir damladan yenilənən yaradılışını göstərən Allah, məxluqatı bir daha yenidən yaratmaqdan aciz ola bilməz. Uca Allah buyurur:

"Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxta qədər saxlayırıq. Sonra sizi (oradan) uşaq olaraq çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və cürbəcür gözəl bitkilər bitirər."

(Həcc 22 surəsi, ayə 5).

Həqiqətən, Allah bizə bu həyatda tez-tez şahidi olduğumuz bir məsəl çəkmişdir. O da budur ki, yer üzü ölü və qupquru vəziyyətdə olur, orada heç bir həyat olmur. Sonra onun üzərinə yağış yağır, torpaq canlanır və oradan hər cür göz oxşayan cüt bitkilər cücərir. Şübhəsiz ki, onu dirildən Allah, ölüləri də mütləq dirildəcəkdir. Uca Allah buyurur:

"Yer üzünü qupquru görməyin də Onun (vəhdaniyyətinə dəlalət edən) dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır (müxtəlif növ bitkilər yetişdirər). Şübhəsiz ki, onu canlandıran (Allah), ölüləri də mütləq dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir."

(Fussilət 41surəsi, ayələr 2-4).

Həqiqətən, Allah Qurani-Kərimdə bizim üçün öldükdən sonra dirilməyə dəlalət edən heyrətamiz bir dəlil gətirmişdir. Bu da, meşə yanğınlarında gördüyümüz kimi, isti odun yaşıl və yaş ağacdan çıxmasıdır. Uca Allah buyurur:

"Yandırdığınız odu gördünüzmü?!

Onun ağacını siz yaradırsınız, yoxsa Bizik yaradan!

Biz onu (Cəhənnəmi) xatırlamaq və müsafirlərin faydalanması üçün yaratdıq."

[Vaqiə 56 surəsi, ayələr 77-80].

İsti odu öz ziddindən - yaşıl ağacdan çıxaran Allah, ölüdən dirini çıxarmağa da qadirdir.

Yuxu ölümün və öldükdən sonra yenidən dirilmənin kiçik bir nümunəsidir. Məgər biz insanın ən güclü və qüvvətli halında olarkən yuxuya daldığını və insan yatarkən ruhunun bədəni tərk etdiyini görmürükmü? O, ətrafında olanları hiss etmir, bəzən yaşadığı evdə yanğın baş versə belə, bundan xəbəri olmur və yanır. Beləliklə, insan öldüyü zaman, eynilə yuxudan oyandığı kimi yenidən dirildiləcəkdir. Bu, hər birimizin həm özündə, həm də ətrafındakılarda şahid olduğu hiss edilən əyani bir dəlildir. Uca Allah belə buyurmuşdur:

"Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü (ruzi) axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən bir qövm üçün dəlillər vardır."

(Rum 39 surəsi, ayə 27).

Uca Allah buyurur:

"Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayar, digərini isə müəyyən olunmuş vaxtadək buraxar. Həqiqətən, bunda düşünən bir qövm üçün dəlillər vardır."

[Zümər 39 surəsi, ayə 42].

Allah bizə peyğəmbərlərinin – aleyhimu-ssəlam – vasitəsi ilə, istər İbrahim Xəlilin, istərsə də Musa və ya İsanın – aleyhimu-ssəlam – əli ilə insanlardan və ya heyvanlardan olan ölülərin dirilməsi və yenidən həyata qayıtması möcüzələrini bildirmişdir. Bu isə zamanın hadisələrindən ibrət almaq istəyənlər üçün tarixin qoruyub saxladığı maddi və hissi (gözlə görünən) bir dəlildir.

Öldükdən sonra yenidən dirilməyə iman etmək qeybə iman etməkdəndir. Uca Allah həm bu, həm də insanın dinində və dünyasında olan mənafelərinin onlara iman etməyə bağlı olduğu digər qeyblər barəsində bizə xəbər vermişdir. Həmçinin O, müsəlmana bu qeybi məsələlərin əsl həqiqət olduğuna və onun sanki gözü ilə görürmüş kimi bunları qəlbi ilə dərk etdiyinə dair tam yəqinlik bəxş edən bir çox dəlillər təqdim etmişdir. Necə ki, qeyb barəsində xəbərləri ehtiva edən vəhy əqlin təsdiqlədiyi və insanın həyatda doğruluğunun şahidi olduğu bir sıra həqiqətlər və qəti məsələlər bəyan etmişdir. Beləliklə, insanın bildiyi şeylərin doğruluğu, ona gizli qalan şeylər barəsindəki elmini də təsdiqləyir.

Yenidən dirilişə iman etmədən heç kəsin İslamı və imanı səhih olmaz. Dirilişi inkar edən kimsə nə qədər xeyir və yaxşılıq etsə də, Əzəmətli Allaha kafir olar. Uca Allah buyurur:

Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. (Ey Peyğəmbər!) De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə (dünyada) etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır!”

[Təğabun 64 surəsi, ayələr 9-10].

المصدر

قسم البعث كتاب: الإسلام دين رب العالمين، ص 16-17. قسم البعث كتاب: الإسلام دين رب العالمين، ص 16-17.

ملاحظات

--