Quran nədir?
- محاور التعريف بالإسلام
- التعريف بالقرآن الكريم
- مصدر الإجابة
- قسم القرآن والكتب السابقة | كتاب: الإسلام دين رب العالمين، ص 15-16.
- الباب / الفصل
- (قسم القرآن والكتب السابقة)
السؤال
Quran nədir?
الجواب
Allaha həmd olsun! Bundan sonra: Allah peyğəmbərlərini və elçilərini - aleyhimu-ssalatu və-ssəlam - Allahdan sonra qövmlərinin hidayət tapmasına səbəb olan açıq-aydın dəlillərlə dəstəkləmişdir. Peyğəmbərlərin - aleyhimu-ssalatu və-ssəlam - Salehin dəvəsi, Musanın - aleyhi-ssəlam - əsası, İsanın - aleyhi-ssəlam - əli ilə cüzam xəstəliyinə tutulanları və lalları sağaltması, həmçinin ölüləri diriltməsi kimi dəlilləri silinib getmişdir. Onlardan, ən böyük dəlil olan Peyğəmbərimiz Muhəmmədin, sallallahu aleyhi və səlləm, dəlilindən başqa heç nə qalmamışdır. Onun ən böyük dəlili olan Qurani-Kərim, peyğəmbərlərin dəlillərinin ən böyüyüdür. Buna görə də o, sallallahu aleyhi və səlləm, belə buyurmuşdur:
"Peyğəmbərlərin hər birinə, insanları imana gətirəcək möcüzələr göstərmək qüdrəti verilmişdir. Mənə isə, Allahın nazil etdiyi vəhy bəxş edilmişdir. Mən ümid edirəm ki, Qiyamət günü mənim ardıcıllarım onların hamısından çox olacaq".
[Hədisi Buxari: (7274) və Müslim: (239) rəvayət etmişdir.]
Allahın ona bəxş etdiyi bu vəhy, Quran və Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, sünnəsidir. Sual Quran barəsində olduğuna görə, burada Qurani Kərim haqqında ətraflı bəhs edəcək və belə deyirik:
Onu nazil edən Allah Qurani-Kərim haqqında belə buyurmuşdur:
"Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbindən nazil edilmişdir.
Onu sadiq ruh (Cəbrail) endirdi.
Sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.
(Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).
Şübhəsiz ki, o (Quran), əvvəlki ümmətlərin kitablarında (Tövratda və İncildə) də zikr edilmişdir."
(Şuəra 26 surəsi, ayələr 192-196).
Uca Allah buyurur:
"(Bu Quran) Mərhəmətli və Rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.
(Bu,) ayələri müfəssəl izah edilmiş, bilən bir qövm üçün ərəb dilində Qurandır.
(O) müjdə verən və qorxudan olaraq (göndərilmişdir). Lakin onların əksəriyyəti (haqqı) eşitməz."
(Fussilət 41surəsi, ayələr 2-4).
"Özlərinə Zikr (Quran) gəldiyi zaman ona küfür edənlər (cəzalandırılacaqlar). Həqiqətən, bu, əziz (eyibdən uzaq) bir Kitabdır.
Batil ona nə önündən, nə də arxasından gələ bilməz. O, hikmət sahibi, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir."
"Həqiqətən, o, çox dəyərli Qurandır,
qorunub saxlanılan kitabdadır (lövhi-məhfuzdadır).
Ona yalnız pak olanlar toxunar.
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir."
[Vaqiə 56 surəsi, ayələr 77-80].
Onu nazil edən Allah, Tövratı və İncili də nazil etmişdir. Uca Allah buyurur:
"O, bu Kitabı sənə özündən əvvəlkiləri təsdiqləyən, həm də, haqq olaraq nazil etdi. Tövratı və İncili də, O nazil etdi –
daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrinə küfr edənlərə şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam almağa qadirdir."
(Əli İmran 3 surəsi, ayələr 3-4).
Peyğəmbər, sallallahu aleyhi va səlləm, onun haqqında belə buyurmuşdur:
«Allahın kitabında sizdən əvvəlkilərin xəbəri, sizdən sonrakıların xəbəri və aranızda olanların hökmü vardır. O, haqqı batildən ayıran qəti bir sözdür, boş bir şey deyildir. Onu tərk edən hər bir zalımı Allah məhv edər. Kim doğru yolu ondan başqasında axtararsa, Allah onu azdırar. O, Allahın möhkəm ipidir. O, hikmətli zikrdir. O, doğru yoldur. O elə bir kitabdır ki, istəklər onunla haqdan sapmaz, dillər onunla dolaşmaz, alimlər ondan doymazlar. O, çox təkrar edilməklə köhnəlməz və möcüzələri tükənməz. O elə bir kitabdır ki, cinlər onu eşitdikdə: (Həqiqətən, biz doğru yola yönəldən heyrətamiz bir Quran dinlədik...). [əl-Cinn 72 surəsi, ayə 2] – deməyincə dayanmadılar. Kim onunla danışarsa, doğru söyləyər, kim onunla əməl edərsə, mükafatlandırılar, kim onunla hökm verərsə, ədalətli olar, kim ona dəvət edərsə, doğru yola yönəldilər».
Sunən Tirmizi, Təhqiqatçı Əhməd Şakir: (2906) və Sunən Darimi: (2650).
Qüreyş kafirlərindən olan Valid Quranı eşitdikdən sonra onun haqqında belə demişdir:
«Allaha and olsun ki, bir az əvvəl Məhəmməddən elə bir kəlam eşitdim ki, o nə insan kəlamıdır, nə də cin kəlamı. Həqiqətən, onda bir şirinlik, üzərində isə bir gözəllik var. Onun üstü bəhrəli, altı isə bərəkətlidir. Şübhəsiz ki, o ucadır və heç nə ondan uca ola bilməz».
Mərah Ləbid li kəşf məna əl-Quran əl-Məcid: (2/580).
Quran, Cəbrail vasitəsi ilə ümmi peyğəmbər olan Peyğəmbərimiz Muhəmmədə, səllallahu aleyhi və səlləm, nazil edilmiş, tilavəti ibadət sayılan Uca Allahın kəlamıdır. O, Tövrat və İncil kimi özündən əvvəlki peyğəmbərlərə nazil edilmiş kitabları nəsx edən və onları təsdiqləyən bir kitabdır. Yəni: bu kitablar Tövhidə dəvətin əslində, qeybə və dirilməyə iman gətirməkdə, habelə ümumilikdə əqidə əsaslarında bir-birinə uyğundurlar. O, iyirmi üç il ərzində Peyğəmbərimizə, səllallahu aleyhi və səlləm, nazil edilmişdir. Səhabələr onu hifz etmiş və özlərindən sonrakılara həm yazılı, həm də əzbər şəkildə nəql etmişlər. Beləliklə, o, sinələrdə qorunmuş və sətirlərdə yazılaraq mühafizə olunmuşdur. Müsəlmanlar ona xüsusi diqqət yetirmiş, onu hərfləri və qiraətləri ilə birlikdə nəsildən-nəslə ötürmüşlər. O, otuz cüzdən ibarətdir və özündə yüz on dörd surəni ehtiva edir.
O, əqidəni, hökmləri və ədəbləri, peyğəmbərlərin qissələrini və əvvəlki ümmətlərin xəbərlərini özündə cəm edən əzəmətli bir kitabdır. Allah orada möminləri dünyada necə xilas etdiyini, kafirləri və münafiqləri isə dünyada necə cəzalandırdığını zikr etmiş, həmçinin Qiyamət günündə möminlərin aqibətinin, habelə kafirlərin və münafiqlərin aqibətinin bəyanını özündə cəm etmişdir. Allah insan və cinlərə – hətta onlar bir araya gəlsələr belə – onun bənzərini gətirmələrinə çağırış edərək onlara meydan oxumuşdur. Nəinki onun və ya bir qisminin bənzərini gətirmək, heç kim onu təhrif etməyə qadir olmamış və qadir olmayacaqdır. Pak, Müqəddəs və Uca Allah bəyan etmişdir ki, bu Quran nəfslərin və bədənlərin bütün xəstəlikləri üçün bir şəfadır. Orada içindəkilərdən ibrət almaq və onun hidayəti ilə doğru yola yönəlmək istəyən kəslər üçün öyüd-nəsihət vardır. Uca Allah buyurur:
"Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət olan (Quran) gəlmişdir."
[Yunus 10 surəsi, ayə 57].
Peyğəmbərimiz Muhəmmədin, sallallahu aleyhi və səlləm, risaləti sonuncu risalət olduğuna, yəni: ondan sonra heç bir peyğəmbər gəlməyəcəyinə görə, Allah bu risalətin möcüzəsini, Qiyamət gününə qədər qalan bir möcüzə etmişdir. Yəni: onunla tanış olan və onu oxuyan hər kəs üçün risalətin doğruluğuna və onu gətirən peyğəmbərin – peyğəmbərimiz Muhəmmədin, sallallahu aleyhi və səlləm, peyğəmbərliyinə dair hüccət bərqərar olar. Buna görə də Allah Quranda dinin əsaslarına dair ağılları heyrətə salan və zəkaları cəlb edən açıq-aşkar dəlillər, aydın hüccətlər və sübutlar qərar vermişdir. Elə buna görə də, minlərlə insan onunla və ya mənalarının tərcüməsi ilə tanış olduqda İslamı qəbul etməkdə davam edirlər. Orada çəkilmiş məsəllər, əqli dəlillər və Qurani-Kərimin insanı üzləşdirdiyi, əgər insaflıdırsa qəbul etməyə, əgər nankor və inkarçıdırsa inadkarlıq və təkəbbürlük göstərməyə vadar etdiyi suallar mövcuddur. Bu parlaq dəlillərdən biri də Uca Allahın bu kəlamıdır:
"Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxta qədər saxlayırıq. Sonra sizi (oradan) uşaq olaraq çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və cürbəcür gözəl bitkilər bitirər."
(Həcc 22 surəsi, ayə 5).
"Əgər göylərdə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) Ona aid etdikləri sifətlərdən uzaqdır!"
[Ənbiyə 21 surəsi, ayə 23].
Susdurucu suallardan biri də Uca Allahın belə buyurmasıdır:
"Axıtdığınız nütfəni gördünüzmü?!
Onu siz yaradırsınız, yoxsa Bizik yaradan?!
Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.
Sizin yerinizə bənzərlərinizi gətirmək və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yenidən yaratmağa (Bizə mane olan tapılmaz).
Siz ilk yaradılışı bilirsiniz. Kaş ki (dirildiləcəyiniz barədə) düşünsəniz!
Əkdiyinizi gördünüzmü?!
Onu siz bitirirsiniz, yoxsa Bizik bitirən?!
Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də təəccüb edərdiniz.
Allahdan qeyri məbudlara ibadət etməyin batil olduğunu sübut etmək üçün Quranda çəkilən misallardan biri də Uca Allahın bu kəlamıdır:
"Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa dua etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də acizdir, istənilən də!"
O, xətadan və ixtilafdan uzaq bir kitabdır. Uca Allah buyurur:
"Bu, içində heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır."
(Bəqərə 2 surəsi, ayə 21).
"(Məgər) Onlar Quran barəsində düşünmürlərmi?! Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilaf tapardılar."
(Nisa 4 surəsi, ayə 1).
Quran açıq-aydın ərəb dilində nazil olmuş, fəsahəti və bəyanı ilə ərəbləri heyran qoymuşdur. Bu əzəmətli dil möcüzəsinin dəyərini yalnız onun nazil olduğu dilin sahibləri dərk edə bilərlər. O, nazil olduğu ərəb dilində qorunub saxlanılmışdır və müsəlmanlar onu Məhəmməd Peyğəmbərin, sallallahu aleyhi və səlləm, oxuduğu kimi oxuyurlar.
Qurani-Kərimin təcvid, təfsir, nüzul səbəbləri və s. buna bənzər çoxlu elmləri vardır. Alimlər bu barədə ancaq böyük əziyyətlə sayıla biləcək məşhur kitablar təlif etmişlər. Həmçinin, bir çox dillərdə Quranın mənaları üçün etibarlı tərcümələr mövcuddur.
Odur ki, öz insanlığına dəyər verən və ağlına hörmət edən hər kəs, bəşəriyyətə ondan daha xeyirli bir kitab gəlməmiş bu əzəmətli kitabı oxumağa və ya ərəb dilini bilmirsə, onun mənalarının tərcüməsini oxumağa cəhd göstərməlidir. Əgər ağıllı bir insana, dərin hikmət sahibi olan bir müdrikin kitab yazdığı və bütün hikmətini orada cəmləşdirdiyi deyilsəydi, insanın o kitabla tanış olmağa cəhd göstərməsi zəruri olardı. Ey insan! Bəs necə olur ki, sənin əllərində nazil olunduğu dildə hələ də mövcud olan, əskiklikdən və artıqlıqdan qorunub saxlanılan, təhrif və dəyişiklikdən salamat qalan, içərisində keçmişdəkilərin xəbəri, əvvəlkilərin və qalanların şəriəti, həmçinin hər bir canlının aqibətinin bəyanı olan ilahi bir kitab var, ancaq sən onunla tanış olmursan?! Həqiqətən də, insanın Qurana məhəl qoymaması və ona diqqət göstərməməsi Qurani-Kərimə heç bir zərər verməz, ancaq ondan üz döndərənin özünə zərər vurar. Çünki Allah Öz yaratdıqlarından ehtiyacsızdır. Uca Allah buyurur:
Quran oxuyum! Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. (Haqq yoldan) azana isə (belə) de: “Mən ancaq xəbərdar edənlərdənəm!”
(Nəml 27 surəsi, ayə 88).
"Kim də (Allah yolunda və ya nəfsi ilə) cihad edərsə, o ancaq özü üçün cihad etmiş olar (faydası özünə qayıdar). Allah aləmlərə (məxluqata) möhtac deyildir."
[Ənkəbut 29 surəsi, ayə 6].
Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.
المصدر
ملاحظات
--