Skip to content

Məhəmməd Peyğəmbər - sallallahu aleyhi va səlləm - möcüzələrin hər hansı bir növü ilə göndərilmişdirmi?

مصدر الإجابة
قسم النبوة
الباب / الفصل
(قسم النبوة)

السؤال

Məhəmməd Peyğəmbər - sallallahu aleyhi va səlləm - möcüzələrin hər hansı bir növü ilə göndərilmişdirmi?

الجواب

Möcüzə dedikdə - Uca Allahın bir peyğəmbərin əli ilə göstərdiyi, öz qövmünə etdiyi dəvətində onun üçün qəti dəlil olan fövqəltəbii hal nəzərdə tutulur. İbrahimin -aleyhi-ssələm - oda atıldığı zaman odun onun üçün sərinlik və salamatlıq olması xariqəsi (ayəsi) kimi, eləcə də Musanın - aleyhi-ssələm - xariqələri (ayələri) kimi: onlardan əsa, əl və tufanı göstərmək olar, həmçinin İsanın - aleyhi-ssələm - xariqəsi (ayəsi): belə ki, o, anadangəlmə koru və cüzamlı xəstəni sağaldır, Allahın izni ilə ölüləri dirildirdi. Bəzən Uca Allah elçini göndərir və onunla birlikdə fövqəltəbii bir xariqə vermir, əksinə, peyğəmbərin halı, onun dürüstlüyü və gətirdiyi vəhy onun Allah tərəfindən göndərilmiş bir peyğəmbər olduğuna dair dəlil olması üçün kifayət edir. Beləliklə, insanlar doğru danışanla yalançını ayırd edirlər. Məhz buna görə də Peyğəmbər, sallallahu aleyhi və səlləm, Mədinəyə gəldiyi zaman Abdullah ibn Səlam demişdir:

“İnsanlar ona tərəf qaçdılar, mən də o qaçanların arasında idim, onun üzünü görəndə bildim ki, onun üzü yalançı birisinin üzü deyil və ondan eşitdiyim ilk şey belə söyləməsi oldu: Salamı yayın, yemək yedizdirin, qohumluq əlaqələrini qoruyun və insanlar yatarkən namaz qılın ki, Cənnətə salamatlıqla daxil olasınız”.

[Hədisi İmam Əhməd "Müsnəd" (23784), Tirmizi: (2485) və İbn Maca: (1334) rəvayət etmişdir].

Uca Allah Öz peyğəmbərlərini və elçilərini, onlara salam olsun, açıq-aydın ayələr və qəti hüccətlərlə dəstəkləmişdir. Bu ayələr fərqli və müxtəlif olmuşdur. Lakin Uca Allah, hər bir peyğəmbərin ayələrini insanların ona iman etmələrinə kifayət edəcək şəkildə etmişdir. Bununla da onlara qarşı hüccət bərqərar olur və onun Allah tərəfindən göndərilmiş bir peyğəmbər olduğunu bilirlər. Peyğəmbər, sallallahu əleyhi və səlləm, buyurmuşdur:

«Peyğəmbərlərin hər birinə, insanları imana gətirmiş və ya gətirəcək möcüzələr verilmişdir. Mənə isə, Allahın nazil etdiyi vəhy bəxş edilmişdir. Mən ümid edirəm ki, Qiyamət günü mənim ardıcıllarım onların hamısından çox olacaq.»

[Hədisi Buxari: (7274) və Müslim: (239) rəvayət etmişdir.]

Peyğəmbərimiz, sallallahu aleyhi və səlləm, bir çox möcüzələrlə göndərilmişdir. İbn Kəsir, Allah ona rəhmət etsin, demişdir: «İmamlar bu barədə mindən artıq möcüzə toplamışlar. Onlardan ən heyrətamizi və ən böyüyü Əziz olan Qurandır. Ona nə önündən, nə də arxasından batil yol tapa bilməz. O, Hikmət sahibi, Tərifəlayiq olan (Allah) tərəfindən nazil edilmişdir. Onun möcüzəviliyi həm ləfzi, həm də mənası baxımındandır. Ləfzinə gəldikdə isə, o, söz fəsahətinin ən ali zirvəsindədir. Kimin bu sahədə mərifəti artarsa, bu xüsusda Qurana olan ehtiramı da bir o qədər artar. Uca Allah, öz zəmanəsinin fəsahət və bəlağət sahiblərinə – onların şiddətli düşmənçiliklərinə və onu təkzib etməyə həris olmalarına baxmayaraq – onun bənzərini, yaxud ona bənzər on surə və ya bircə surə gətirmələri üçün meydan oxumuşdur. Lakin onlar bundan aciz qalmışlar. Həmçinin, onlara heç vaxt buna qadir ola bilməyəcəklərini də xəbər vermişdir. Hətta, bütün insanlara və cinlərə onun bənzərini gətirmələri üçün meydan oxumuş, lakin onlar da aciz qalmışlar. Uca Allah bu barədə xəbər verərək belə buyurmuşdur:

De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün (bir yerə) toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”.

(İsra 17 surəsi, ayə 88).

Onun möcüzə olduğunu isbat edən digər cəhətlərlə yanaşı, mənasına gəldikdə isə o, son dərəcə bir-birini tamamlayır, özündə hikmət, mərhəmət, fayda, gözəl aqibət və ahəngdarlıq ehtiva edir. O, ən ali məqsədlərin əldə edilməsinə və fəsadların batil edilməsinə xidmət edir, eyni zamanda şübhələrdən və nəfsi istəklərdən uzaq olan sağlam ağıl və dərrakə sahiblərinə aydın olan digər bu kimi xüsusiyyətləri özündə cəm edir. Biz bunlardan Allaha sığınır və Ondan bizi haqqa yönəltməsini istəyirik.

Bundan əlavə, o, nəsəbini, böyüdüyü mühiti, gediş və gəlişini yaxşı bilən bir qövmün içərisində boya-başa çatmışdı. O, onların arasında yetim, eyni zamanda etibarlı, sadiq, xeyirxah və dürüst biri kimi yaşamışdı. Bunların hamısını onlar bilirdilər və bunu yalnız inadkarlıq edən, haqqı inkar edib cəfəngiyyat danışan və təkəbbürlük göstərən kəslər inkar edə bilər. O, ümmi idi: yazıb-oxumağı bacarmırdı. O, nə yazı-pozu işləri ilə məşğul olar, nə də bu işlərin əhli ilə oturub-durardı. Həmçinin, onların diyarında nə əvvəlkilərin elmindən, nə də bu barədə hər hansı bir məlumatı olan kimsədən əsər-əlamət var idi. Bütün bunlara baxmayaraq, o, qırx yaşının tamamında onların yanına gəldi və keçmişdə baş verənlər barədə onlara təfsilatlı və aydın şəkildə xəbər verdi. Əvvəlki kitabları bilən, onlara dərindən vaqif olan və sadiqliklə haqq yola yönələn alimlər də buna şahidlik edirlər... Buna həmçinin, Peyğəmbərin, sallallahu aleyhi va səlləm, bu Quranda və ondan rəvayət olunan səhih hədislərdə gələcəyə dair verdiyi qeyb xəbərləri də daxildir. Həmin qeybi məlumatlar (ox lələyinin digər lələyə uyğun gəldiyi kimi) onun verdiyi xəbərlərlə birə-bir üst-üstə düşmüşdür ki, bunların hamısını burada ətraflı şəkildə araşdırmaq çox uzun çəkər.

Uca Allahın onun əli ilə göstərdiyi heyrətamiz fövqəladə hadisələr də bunlardandır. Onlardan biri də: Uca Allahın Öz Əziz Kitabında xəbər verdiyi ayın iki yerə bölünməsi hadisəsidir. Belə ki, müşriklər ondan bir möcüzə tələb etdikdə – bu da gecə vaxtı idi – o, aya işarə etdi və ay iki yerə bölündü. Müşriklər, O (Peyğəmbər) onları sehrləmiş olmasın deyə, ətrafdakı tayfalardan da soruşdular. Onlar da elə (müşriklərin) gördükləri kimi onlara xəbər verdilər. Bu, xəbər alimləri yanında ondan mütəvatir olaraq rəvayət edilmişdir və bunu bir çox səhabə, Allah onların hamısından razı olsun, rəvayət etmişdir.

Onun duasının bərəkəti ilə zahir olan (möcüzələrdən) bəziləri də bunlardır...: Onlardan biri odur ki, Peyğəmbər, səlləllahu əleyhi və səlləm, İbn Məsudun otardığı sürüdə olan bir çəpiş üçün Uca Allaha dua edərək, Allahın adını çəkdi və onu sağdı. O, bol süd verdi, (özü) içdi və Əbu Bəkrə də içirtdi. O, Ümmü Məbədin qoyunu ilə də bu cür etdi. O, Tufeyl bin Əmr üçün dua etdi və (bunun nəticəsində) onun qamçısının ucunda uzaqdan görünən və parlayan bir nur şəklində nişanə (möcüzə) yarandı. Buna bənzər hadisə, qaranlıq bir gecədə onun yanından çıxıb gedən Üseyd bin Hudeyr və Əbbad bin Bişr əl-Ənsarinin də başına gəldi. O, namaz qılarkən onu ələ salan yeddi nəfərə qarşı Allaha bəddua etdi və onlar Bədrdə öldürüldülər. Əbu Ləhəbin oğluna bəddua etdi və Peyğəmbərin, səlləllahu əleyhi və səlləm, duasına uyğun olaraq, Allah Şamda ona vəhşi bir heyvanı müsəllət etdi. Suraqaya bəddua etdi və onun atının ön ayaqları yerə batdı. Sonra Allaha dua etdi və (at) sərbəst qaldı. Bədr günü Qüreyş kafirlərinə bir ovuc xırda daş atdı və hər birinə ondan bir şey dəydi, beləcə Allah onları məğlub etdi. O, Huneyn günü də eynisini etdi. Bədr günü Ükkaşə bin Mihsana bir odun parçası verdi və bu, onun əlində kəsərli bir qılınca çevrildi. O, əsir olan əmisi Abbasa, onun Ümmü əl-Fədl ilə birlikdə öz qapılarının astanası altında basdırdıqları mal-dövlət barədə xəbər verdi və (Abbas) bunu etiraf etdi. Bədr əsirləri üçün fidyə vermək bəhanəsi ilə gələn Umeyr bin Vəhbə əslində onu öldürmək məqsədilə gəldiyini xəbər verdi. O da bunu etiraf etdi və elə həmin an İslamı qəbul etdi, Allah ondan razı olsun. Uhud günü Qatadə bin Nüman əz-Zəfərinin yanağına – başqa bir rəvayətə görə isə əlinə – düşmüş gözünü (yerinə) qaytardı. Beləliklə, o, ən yaxşı gözünə çevrildi və o birisindən heç fərqlənmirdi. Xəndək günü sayı minə yaxın olan böyük bir insan topluluğunu Cabirin evindəki (bir) çəpiş və bir sa arpa ilə doydurdu. Necə ki, həmin gün Bəşirin qızının gətirdiyi az miqdarda xurma ilə də (camaatı) doydurmuşdu. Eynilə səksənə yaxın adamı, az qala mübarək əlinin gizlədə biləcəyi (qədər az) bir yeməklə doydurdu. Zeynəb bint Cəhşlə ailə qurduğu gün də belə etdi.

Təbuk günündə baş verənlər isə heyrətamiz idi. O, ordunu yedizdirdi və onlar yanlarındakı bütün qabları bir keçinin yatacağı yer böyüklüyündə olan yeməkdən doldurdular. O, Əbu Hureyraya, Allah ondan razı olsun, bir azuqə çantası verdi və o, ömrü boyu ondan yedi. Həmçinin, ondan Allah yolunda çoxlu ləvazimat təchiz etdi. Bu çanta Osmanın qətlə yetirildiyi günlərə qədər onunla qaldı... Quraqlıq üz verdiyi zaman o, Uca Allaha dua etdi. O, hələ minbərdən düşməmişdi ki, məscidin tavanından damlayan su Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, saqqalından süzülməyə başladı. Halbuki bundan əvvəl səmada nə bir bulud, nə bir bulud parçası, nə də bir ovuc boyda belə bir şey görünmürdü. Sonra havanın açılması üçün dua etdikdə, buludlar Mədinənin üzərindən çəkildi və şəhər sanki bir çələngin içinə alındı. O, Qureyşin əleyhinə dua etdikdə, onlar sözlə ifadə edilməyəcək dərəcədə ağır bir sıxıntıya düçar oldular. Hətta gəlib ondan rəhm dilədilər. O da onlara mərhəmət edərək bu sıxıntını aradan qaldırdı. Dəstəmaz alması üçün içində su olan bir qab gətirildi. Oradakı insanlar da onunla birlikdə dəstəmaz almaq istədilər. O, əlini həmin qabın içinə saldı, lakin qab əli üçün dar oldu. Sonra Allaha dua etdi və su Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, barmaqları arasından qaynayıb çıxmağa başladı. O, Hudeybiyyə günündə də eyni şeyi etmişdi. O zaman ordu min dörd yüz nəfərdən ibarət idi. Cabir dedi:

"Biz yüz min nəfər olsaydıq belə, bizə bəs edərdi".

O, bəzi səfərlərində bir tuluqdakı bir damla su ilə də belə etmişdi. Rəvayətçi deyir: O, mənə onu qaba boşaltmağı əmr etdikdə, quru tuluğun onu içəcəyindən qorxdum. O, əlini qabın içinə qoydu və Uca Allaha dua etdi. Səhabələri üçün onun barmaqlarının arasından su fışqırdı, belə ki, onlar dəstəmaz aldılar və içdilər. Həmçinin, o, öz oxunu Hüdeybiyyə bulağına göndərdi və ox oraya qoyulduqda, onlara kifayət edənə qədər su coşub daşdı.. İnşallah, qeyd etdiklərimiz kifayətdir.

Onun, sallallahu aleyhi və səlləm, peyğəmbərliyinə dəlalət edən ən böyük dəlillərdən biri də odur ki, onun risaləti sanki bu gün nazil olmuş kimi, heç bir təhrif və dəyişikliklərə məruz qalmayan şəkildə qalıb-davam etməkdədir. Həmçinin, ondan heç bir şey dəyişilmədən, öz ümmətinə çatdırdığı kimi tətbiq edilməkdə davam edən dinidir. Belə ki, müsəlmanlar Peyğəmbərin, sallallahu aleyhi və səlləm, qıldığı namazı, eləcə də zəkat, oruc, həcc və s. kimi digər İslam şüarlarını rəsulun, sallallahu aleyhi və səlləm, əda etdiyi kimi əda edirlər. Ona, sallallahu aleyhi və səlləm, tabe olanlar öz dinlərini qoruyub saxlamaqdadırlar. Hər gün hər irqdən və dildən insanlar dəstə-dəstə bu dinə daxil olmaqda davam edir, bu dinin mövqeyi daha da möhkəmlənir və yayılır. Eyni zamanda, onu araşdıran kəslər bu dinin həqiqətinə, xeyrinə, habelə əqidə, əxlaq, müamilə və şəriət əhkamlarındakı doğruluğuna şahid olub dayanırlar.

Bütün bunlar Məsihin, əleyhi-ssəlam, Matta İncilində qeyd olunduğu kimi etdiyi bu xəbərdarlığa ziddir: "Sizin yanınıza quzu cildində gələn, lakin daxilən yırtıcı canavarlar olan yalançı peyğəmbərlərdən ehtiyat edin. Onları meyvələrindən tanıyacaqsınız. Heç tikandan üzüm, yaxud qanqaldan əncir yığarlarmı? Eləcə də hər yaxşı ağac yaxşı meyvə verər, pis ağac isə pis meyvə verər. Yaxşı ağac pis meyvə verə bilməz, pis ağac da yaxşı meyvə verə bilməz. Yaxşı meyvə verməyən hər bir ağac kəsilib oda atılar. Beləliklə, onları meyvələrindən tanıyacaqsınız" (Matta 7: 15-20).

Allaha and olsun ki, bu, onun, salləllahu aleyhi və səlləm, peyğəmbərliyinin haqq olmasına, risalətinin kamilliyinə və dininin Qiyamətə qədər qalmasına dəlalət edən ən böyük dəlillərdən, sübutlardan və möcüzələrdən biridir. Allahın salavat və salamı peyğəmbərimiz Muhəmmədin üzərinə olsun!

Bax: əl-Fusul fi əs-Sirə, (səh: 228-236).

المصدر

قسم النبوة

ملاحظات

--