Skip to content

Müsəlmanın ölüm barəsində inancı nədir?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضات
مصدر الإجابة
قسم البعث
الباب / الفصل
(قسم البعث)

السؤال

Müsəlmanın ölüm barəsində inancı nədir?

الجواب

Allaha həmd olsun. Allah həyatı yaratdığı kimi, ölümü də yaratmışdır. Uca Allah buyurur:

"Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır."

[Mülk 67 surəsi, ayə 2].

Ölüm və həyat, gecə ilə gündüzün bir-birini əvəz etməsi, bu kainatı və onun içində olan hər bir şeyi idarə edən böyük bir Xaliqin mövcudluğuna dəlalət edən böyük ayələrdir. Uca Allah buyurur:

"Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər (bunu) dərk etmirsiniz?"

(Muminun 23 surəsi, ayələr 12-14).

Dirildən də, öldürən də Allahdır. Ölüm isə, dediyimiz kimi, Uca Rəbbin varlığına dəlalət edən dəlillərdəndir. Uca Allah buyurur:

"O, Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi (mələklər) göndərir. Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alır və (bu işə) etinasız yanaşmırlar."

[Ənam 6 surəsi, ayə 103].

Ölüm elə ilahi bir əmrdir ki, ona Allahdan başqa heç kəsin gücü çatmaz. İnsanı gücünün zirvəsində və gəncliyinin coşqun çağında görərsən, lakin meydançadakı bir oyunçu kimi ölüm onu tamaşaçılarının gözü qarşısında qəfil haqlayar. Hökmdarı da öz səltənətində, mühafizəçilərinin və ordularının arasında ölüm yaxalayar və o, ölümü özündən dəf edəcək bir kimsə tapa bilməz. Məhz buna görə də bu gerçəklik Rəbbin, Cəllə Cəlaluhu, varlığının dəlillərindəndir.

Quran və Sünnədə ölüm iki cürdür:

Birincisi: Bu, mənəvi ölümdür. Bu, insanın kafir olmasıdır. Allah bunu ölüm adlandırmışdır. Çünki insan öz əqlini, eşitmə və görmə qabiliyyətini istifadəsiz qoyur və beləliklə ölüyə bənzəyir. Əks halda, necə ola bilər ki, insan dünyaya gəlir və Allahın onun üçün bir məskən hazırladığını, göyləri və yeri ona ram etdiyini, yeyib-içəcəyini təmin etdiyini, onu istidən, soyuqdan və yağışdan qoruyan vasitələr yaratdığını və onu bu yer üzündə yaşamaq üçün hazırladığını görür, sonra həyat sürərək diri olduğunu, eşitməyə, görməyə və dərk edən bir qəlbə malik olduğunu iddia edir, lakin bu kainatı yaradan bir Xaliqin olduğunu tanımaz və onu yoxdan var edən Rəbbinə ibadət etməz?! Məgər o, bütün bədən üzvlərinin Hikmət sahibi olan bir Xaliqin tədbiri ilə idarə olunduğunu görüb də sonra Ona iman gətirmirmi? Öz Xaliqini tanımayan və ətrafında olanları ona fayda verəcək şəkildə dərk etməyən bu insanla, qəbirdə dəfn olunmuş və ətrafındakılardan xəbərsiz olan ölü arasında nə fərq var? Şübhəsiz ki, bu insan – dirilər arasındakı ölü – əzəmətli Qurana əsasən heyvanlardan da daha azğındır. Çünki ən azından heyvan öz qardaşına (həmcinsinə) hücum edib həddi aşmaz, ona həsəd aparmaz, onu öldürməz və ona yalan danışmaz. Sən heç bir eşşəyin sahib olduğu şeylərə görə digər bir eşşəyə həsəd apardığını, onu aldatdığını və ya ona zülm etdiyini görmüsənmi? Heyvan öz duyğularını ona fayda verən şeylərə yönəldir və dərrakəsi ilə ona zərər verən şeylərdən çəkinir.

Qurani-Kərim bəyan edir ki, kafir öz duyğu orqanlarından və qüvvələrindən yaradıldığı məqsəd üçün, eləcə də ona fayda verib onu əbədi bədbəxtlikdən xilas edəcək işlərdə istifadə etməz. Əksinə, o, duyğu orqanlarını özünə ancaq zərər və ziyan gətirəcək şeylərə sərf edər.

Burada belə bir sual ortaya çıxır: Qurani-Kərim dirilər arasındakı ölünü nə zaman diri hesab edir? O, o zaman diri olur ki, əqli qabiliyyətlərindən, eşitmə və görməsindən düzgün şəkildə istifadə etsin, sonra da bu duyğu və qabiliyyətlər onu Xaliqinə iman gətirməyə yönəltsin. Uca Allah buyurur:

"Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi."

İkincisi: Məlum olan ölüm, ruhun bədəndən ayrılmasıdır. Bunu bütün mədəniyyətlər və cəmiyyətlər bilir, bununla həm müsəlman, həm də kafir üzləşir. Ölüm vaxtı gəldikdə, Allah vəfatı yetişmiş bu insanın ruhunu almaq üçün ölüm mələklərini göndərir. Uca Allah buyurur:

De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır, sonra da Rəbbinizə qaytarılacaqsınız!”

[Səcdə 32 surəsi, ayə 21].

Allahın izni olmadan heç kəs heç kimi öldürə bilməz, elə isə Allahdan başqa öldürən kimdir? Uca Allah buyurur:

"O dirildir və öldürür. Siz yalnız Ona qaytarılacaqsınız."

[Yunus 10 surəsi, ayə 57].

O, bir kəsə ölümü təqdir edərsə, heç kəs onu ondan uzaqlaşdıra bilməz. Bir kəsin ömrünü uzatmağı istəyərsə, heç kəs onu öldürə bilməz. Ölüm də, həyat da pak və müqəddəs Allahın əlindədir. Uca Allah buyurur:

Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

[Vaqiə 56 surəsi, ayələr 77-80].

Uca Allah buyurur:

“Əgər doğru deyirsinizsə, elə isə ölümü özünüzdən uzaqlaşdırın!”.

(Əli İmran 3 surəsi, ayələr 3-4).

Ölümün müəyyən edilmiş vaxtı vardır, o nə tez gələr, nə də ki gecikər. Uca Allah buyurur:

"Onların əcəli çatdıqda isə, (onu) bircə saat belə nə qabağa çəkə bilər, nə də yubandıra bilərlər."

(Nəhl 16 surəsi, ayə 97).

Burada başqa bir sual da ortaya çıxır: Quran və Sünnəyə əsasən, möminin ölümü kafirin ölümündən fərqlənirmi? Biz deyirik: Bəli, böyük dərəcədə fərqlənir. Lakin bunu yalnız ölüm saatı yaxınlaşan kimsə hiss edir. Bu, bilsə də, bilməsə də, iman gətirsə də, küfr etsə də, hər bir insanın qarşılaşacağı qeybi bir həqiqət olduğu üçün, Qurani-Kərim bu barədə xəbər vermiş və onu aydınlaşdırmışdır ki, insan ölüm anında bununla qəfil qarşılaşmasın və Qiyamət günü Rəbbinə: "Kaş ki, mənə xəbər verəydin!" – deməsin.

O ki qaldı möminin ölümünə, bunu Qurani-Kərimdən olan bu mübarək ayələr bəyan edir. Belə ki, onun əcəli gəlib çatdıqda rəhmət mələkləri ona nazil olub, Allahın ondan razı olması ilə onu müjdələyərlər. Uca Allah belə buyurur:

(O gün möminə deyiləcəkdir:) “Ey arxayın olan nəfs!

Razı qalmış və razılıq qazanmış halda Rəbbinə tərəf dön!

(Saleh) qullarımın arasına keç!

(Onlarla birgə) Cənnətimə daxil ol!

[Fəcr 89 surəsi, ayələr 27-30].

Həmçinin onu müjdələyir ki, qarşıda onu gözləyənlərdən ötrü ona heç bir qorxu yoxdur və geridə qoyduğu övlad və valideynə görə kədərlənməsin. Uca Allah buyurur:

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə (ölüm anında) mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!

(Fussilət 41surəsi, ayələr 2-4).

Kafirin ölümünə gəldikdə isə, bu, dəhşətli bir ölümdür və ağır bir məqamdır. Ölüm səkaratı, dünya həyatından ayrılmağın kədəri, ailə və övlada görə çəkilən hüzn, qarşılaşacağı aqibətin qorxusu və canı alınarkən əzab mələkləri ilə qarşılaşması o an onun üzərində bir araya cəmləşər. Bu dəhşətli məqamı bu ayələr aydınlaşdırır. Uca Allah buyurur:

"Zalımları ölüm ayağında olduqları zaman, mələklərin də əllərini uzadıb onlara: “Canınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!”– (dediklərini) bircə görəydin."

Kaş ki sən, mələklər kafirlərin canını alarkən görəydin. Mələklər onların üzlərinə və yanlarına vuraraq deyirdilər: “Dadın atəşin əzabını!".

Bu (əzab), öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına əsla zülm edən deyildir”.

[Ənfal 8 surəsi, ayə 50-51].

"Bəs mələklər onların üzlərinə və arxalarına vuraraq canlarını alanda onların halı necə olacaqdır?!"

(Muhəmməd 47 surəsi, ayə 27).

Bu, kafir üçün zillət və xarlıq məqamıdır. Uca Allah buyurur:

"O gün Allahın verdiyi əzabı kimsə verə bilməz.

Onun bağladığı kimi kimsə bağlaya bilməz."

Hədisdə Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, kafirin ölümünü və ruhunun alınmasını vəsf edərkən belə buyurduğu rəvayət edilir:

«Kafir dünyadan ayrılıb axirətə üz tutduğu zaman, onun yanına sərt və amansız mələklər enər. Çoxşaxəli şişin yaş yundan çəkilib çıxarıldığı kimi, onlar da onun ruhunu çəkib alarlar. Onun canı damarlarla birlikdə qoparılıb çıxarılar və göylə yer arasındakı hər bir mələk, eləcə də göydəki hər bir mələk ona lənət edər».

İmam Əhməd "Müsnəd" (18614).

Ruhun ölməsi, bədəni tərk etməsidir. Ruhlar əbədi olaraq yox olmur, əksinə, bərzəx həyatına köçür. Bərzəx həyatında o, ruhların tənasüxü etiqadında olduğu kimi bir bədəndən başqa bir bədənə sirayət etmir. Bərzəx həyatı dünya həyatından fərqləndiyi kimi, axirət həyatından da fərqlənir. İnsan öldükdən sonra ruhun bədənlə əlaqəsi olur. Bərzəx həyatında bədən və ruh birlikdə nemətlənir, eləcə də bizim bilmədiyimiz bir şəkildə hər ikisi əzab çəkir. Lakin heç nəyin gizli qalmadığı, Hikmət sahibi və Hər şeydən xəbərdar olan Uca Allah bunu bizə bildirmişdir. Möminin ruhu Cənnətdə, kafirin ruhu isə Cəhənnəmdə olur, baxmayaraq ki, bu bərzəx həyatında onun cəsədinin qalıqları öldüyü yerdə və ya qəbirdədir. Uca Allah Əzəmətli Quranda Firon əhlinin bu gün öz qəbirlərində ikən necə əzab çəkdiklərini bizə zikr etmişdir. Uca Allah buyurur:

Onlar səhər-axşam oda ərz olunarlar. Qiyamətin qopacağı gündə isə (Mələklərə): “Firon nəslini ən şiddətli əzaba salın!”– (deyiləcəkdir).

(Ğafir 40 surəsi, ayə 39).

Sonra Qiyamət günü gəldikdə, Uca Allah çürümüş qalıqların yenidən cəsədlərə çevrilməsinə izin verəcək, hər bir ruh öz cəsədinə qayıdacaq və onlar ayağa qalxacaqlar. Bundan sonra haqq-hesab çəkiləcək, ardınca isə ya iman əhli Cənnətdə əbədi, ya da kafirlər Cəhənnəmdə əbədi qalacaqlar. Uca Allah buyurur:

"O gün (Allah) sizi Toplanma (Qiyamət) günü üçün cəm edəcəkdir. Həmin gün qarşılıqlı aldanma günüdür. Kim Allaha iman gətirib saleh əməl etsə, (Allah) onun günahlarını bağışlayar və onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük uğurdur.

Kafir olub ayələrimizi yalan sayanlar isə, onlar Cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!"

[Təğabun 64 surəsi, ayələr 9-10].

"Allah, kafirləri və zalımları əsla bağışlamaz və (onları doğru) yola yönəltməz.

İçərisində əbədi qalacaqları Cəhənnəm yolundan başqa. Bu isə Allah üçün çox asandır."

(Nisa 4 surəsi, ayə 1).

Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.

المصدر

قسم البعث

ملاحظات

--