Skip to content

Muhəmməd, Allahın salavatı və salamı onun üzərinə olsun, necə Allah tərəfindən göndərilmiş Peyğəmbər oldu?

مصدر الإجابة
قسم النبوة
الباب / الفصل
(قسم النبوة)

السؤال

Muhəmməd, Allahın salavatı və salamı onun üzərinə olsun, necə Allah tərəfindən göndərilmiş Peyğəmbər oldu?

الجواب

Muhəmməd bin Abdullah bin Abdulmuttalib, Allahın salavatı və salamı onun üzərinə olsun, peyğəmbərlərin və rəsulların sonuncusudur. Onun peyğəmbərliyi barədə xəbərlər Əhli-Kitabın kitablarında, Qurani-Kərimdə, Peyğəmbərin sünnəsində və İslam əhlinin onun sünnəsinə və pak sirəsinə (bioqrafiya), Allahın salavatı və salamı onun üzərinə olsun, həsr olunmuş kitablarında geniş yer almışdır. Onun necə peyğəmbər olması heç kimə sirr deyil. Sual varid olduğuna görə Allahdan yardım diləyərək cavabında deyirik:

Birincisi: Allahın peyğəmbəri, çox sevdiyi (xəlil) İbrahim, Allahın ona salamı olsun, Allahın əmri ilə Məkkədə qədim Evi (Kabəni) bina etdiyi və zövcəsi Həcər ilə oğlu İsmayılı, Allahın onlara salamı olsun, Məkkeyi-Mükərrəmədə məskunlaşdırdığı vaxt Allaha dua etdi ki, İsmayılın nəslindən onların özlərindən bir peyğəmbər göndərsin. Uca Allah buyurur:

"Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Hikmətlisən!".

(Bəqərə 2 surəsi, ayə 129).

Allah Xəlilin, Allahın salamı onun üzərinə olsun, duasını qəbul etdi və Allah Öz peyğəmbəri Muhəmmədi, Allahın salavatı və salamı onun üzərinə olsun, peyğəmbər və elçi olaraq göndərdi.

İkincisi: Allah əvvəlki peyğəmbərlərə, Allahın onlara salamı olsun, Öz əmin rəsulunu və elçilərin sonuncusunu göndərəcəyini xəbər vermiş, əgər o, onların sağlığında göndərilərsə, ona iman gətirəcəklərinə və tabe olacaqlarına dair onlardan əhd almışdır. Uca Allah buyurur:

Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəksiniz”– deyə əhd almış və (onlara): “Təsdiq etdinizmi, (bu) əhdimi öhdənizə götürdünüzmü?” – demişdi. Onlar: “İqrar etdik!” – deyə cavab vermişdilər. (Allah da) belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”.

(Ali-İmran 3 surəsi, ayə 81).

Üçüncüsü: Musa və İsanın - aleyhimə-ssəlam - risaləti Peyğəmbərimiz Muhəmmədin, sallallahu aleyhi və səlləm, risalətinə zaman baxımından ən yaxın ilahi risalətlər olduğu üçün, onların hər ikisinin kitabında və İsrail oğullarının digər peyğəmbərlərinin kitablarında çoxlu mətnlər yer almışdır. Bu mətnlər onun, sallallahu aleyhi və səlləm, vəsfini, yaşadığı şəhərin vəsfini, hicrətinin vəsfini, dininin şüarlarını, səhabələrinin vəsfini, Allahın onlara bəxş edəcəyi zəfər və hakimiyyəti, eləcə də onların kitablarının əhatə etdiyi digər bu kimi xüsusiyyətləri özündə cəmləşdirirdi. Eyni zamanda, bu kitablar onun gəlişinin müjdəsini, insanların onu qarşılamağa hazırlanmasını və ona iman edib tabe olmaq əmrini özündə ehtiva edirdi. İsrail oğullarının alimləri bu mətnləri bilirdilər. Onun, sallallahu aleyhi və səlləm, və səhabələrinin vəsfi İsrail oğulları alimlərinin, həmçinin nəsrani din alimlərinin və rahiblərinin zəhinlərində möhkəm həkk olunmuşdu. Tarix kitabları bu barədə çoxlu qissələrlə doludur. Uca Allahın bu kəlamı isə bizə kifayət edir:

"Kitab verdiyimiz kəslər Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Buna rəğmən onlardan bir dəstə bilə-bilə haqqı gizlədir."

Hətta onun, sallallahu əleyhi va səlləm, şərəfli bədənindəki bədən əlaməti onların kitablarında yazılmışdı və o, bu günə qədər onların kitablarında mövcuddur. Buxari və Müslimin "Səhih" əsərlərində bu əlamətin vəsfi rəvayət edilir ki, əs-Saib bin Yezid, Allah ondan razı olsun, demişdir:

«Sonra mən onun arxasında durdum və iki çiyini arasındakı peyğəmbərlik möhrünə baxdım, o, kəklik yumurtası böyüklüyündə idi».

Səhih Əl-Buxari: (190). (Və "zirr əl-həcələ": göyərçin yumurtası deməkdir).

Abdullah bin Sələm, Allah ondan razı olsun, belə demişdir:

«Allahın rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, Mədinəyə gəldikdə, insanlar ona tərəf qaçdılar və: “Allahın rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, gəldi” - deyə səsləndilər, mən də camaatın arasında ona baxmağa gəldim və Allahın rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, üzünü görəndə bildim ki, onun üzü yalançı birisinin üzü deyil».

[Hədisi ət-Tirmizi: (2485) və İbn Məca: (1334) rəvayət etmişdir].

Lakin İbrahimdən - əleyhi-ssalam - sonra gələn bütün peyğəmbərlər İsrailin, yəni: Yaqubun - əleyhi-ssalam - nəslindən olduğu üçün yəhudilər sonuncu peyğəmbərin də onlardan olacağını zənn edirdilər. Uca Allah İbrahimin oğlu İsmayılın - əleyhimə-ssəlam - nəslindən olan Abdullahın oğlu Muhəmmədi peyğəmbər olaraq göndərdikdə və onların kitablarında olan vəsflər ona uyğun gəldikdə, ona həsəd apardılar və küfr etdilər. Onların çoxunun onun peyğəmbərliyini təsdiq etmələrinə baxmayaraq, içərilərindən yalnız az bir qismi ona iman etdi.

Dördüncü: Peyğəmbərimiz Məhəmmədin, Allahın salavatı və salamı onun üzərinə olsun, peyğəmbərliyinin başlanması isə, o, ömrünün qırx yaşına çatdıqda olmuşdur. Möminlərin anası Aişə, Allah ondan razı olsun, bizə bu başlanğıc barədə xəbər verərək belə deyir:

«Allahın elçisinə, salləllahu aleyhi va səlləm, ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh çağının aydınlığı kimi gerçək olmasın. Sonra ona tənhalıq (tək qalmaq) sevdirildi. Peyğəmbər, salləllahu aleyhi va səlləm, "Hira" dağındakı mağarada xəlvətə çəkilib, ailəsinin yanına qayıdanadək müəyyən gecələri orada ibadət edərdi. (O özü ilə azuqə götürüb xəlvətə çəkilərdi). Sonra Xədicənin yanına qayıdıb yenə bir o qədər müddət qalmaq üçün azuqə götürərdi. Nəhayət, Peyğəmbər, salləllahu aleyhi va səlləm, Hira dağındakı mağarada olarkən ona haqq nazil oldu. Mələk onun yanına gəlib: “Oxu!” – dedi. O isə: “Mən oxuya bilmirəm!” – deyə cavab verdi. (Peyğəmbər, salləllahu aleyhi va səlləm) dedi: “O zaman mələk məni tutub taqətim kəsilənədək sıxdı, sonra məni buraxıb: “Oxu!” – dedi. Mən də: “Mən oxuya bilmirəm!” – dedim. O, ikinci dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra məni buraxıb: “Oxu!” – dedi. Mən isə: “Mən oxuya bilmirəm!” – dedim. O, üçüncü dəfə məni tutub nəfəsim kəsilənədək sıxdı, sonra məni buraxıb dedi: "﴿ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ ١ خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ ٢ ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ ٣﴾- "Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir". [Ələq 96 surəsi, ayələr 1-3]. (Bu hadisədən sonra) Peyğəmbər, salləllahu aleyhi va səlləm, qorxudan ürəyi əsə-əsə həmin ayələrlə geri döndü. O, zövcəsi Xədicə bint Xuveylidin, Allah ondan razı olsun, evinə daxil olub: “Üstümü örtün, üstümü örtün!” – dedi. Onun üstünü örtdülər. Nəhayət, qorxu ondan keçib getdi və Peyğəmbər, salləllahu aleyhi va səlləm, başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: “Mən başıma bir iş gələcəyindən qorxdum”. Xədicə dedi: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüsvay etməz. Çünki sən qohumluq əlaqələrini birləşdirir, zəiflərin yükünü daşıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və çətinliklərlə üzləşənlərə haqqı ilə yardım edirsən”. Xədicə Peyğəmbəri, salləllahu aleyhi va səlləm, əmisi oğlu Varaqa bin Nofəl bin Əsəd bin Abduluzzanın yanına gətirdi. O, cahiliyyət dövründə nəsrani olmuş bir adam idi və ibranicə Kitabı yazmağı bacarırdı, ibrani dilində İncildən Allahın dilədiyi qədər (bəzi şeylər) yazardı. O artıq gözləri kor olmuş qoca bir kişi idi. Xədicə dedi: “Ey əmi oğlu! Qulaq as, gör qardaşın oğlu nə deyir!”. Varaqa ondan: “Ey qardaşım oğlu! Sən nə görürsən?” – deyə soruşdu. Peyğəmbər, salləllahu aleyhi va səlləm, də gördüyü şeyləri ona xəbər verdi. Varaqa ona dedi: “O gördüyün, Allahın Musaya göndərdiyi "Namusdur" (Cabrail). Kaş dəvət edəcəyin vaxt mən gənc olaydım! Kaş qövmün səni (yurdundan) çıxaracağı zaman sağ olaydım!”. Peyğəmbər, salləllahu aleyhi va səlləm, dedi: “Məgər onlar məni çıxaracaqlar?”. Varaqa dedi: “Bəli! Sənin gətirdiyinin bənzərini gətirən (Allahın dinini təbliğ edən) elə bir kişi olmayıb ki, onunla düşmənçilik etməsinlər. Əgər həmin (dəvət edəcəyin) günə qədər yaşasam, var gücümlə sənə kömək edəcəyəm”».

Səhih Buxari: (3) və Səhih Müslim: (252).

Beşincisi: Uca Allah onu risalətlə mükəlləf etdikdən sonra, onu möcüzələr və açıq-aydın dəlillərlə dəstəklədi. Onun bu dəlilləri arasında ayın yarılması, İsra və Merac kimi səmavi dəlillər: yemək və içkinin çoxalması, xurma kötüyünün ona olan həsrətindən inləməsi və bu kimi çoxsaylı digər yer üzü dəlilləri var idi. Uca Allah ona Qiyamət gününədək qalacaq ən böyük dəlili – Əzəmətli Quranı bəxş etdi. Və onu dəyərli səhabələrlə – Allah onlardan razı olsun – dəstəklədi. Onlar bu dinin ən xeyirli daşıyıcıları oldular və onu dünyanın hər tərəfinə yaydılar. Beləliklə, onun səhabələri – Allah onlardan razı olsun – və dininin yayılması, onun nübüvvətinin doğruluğuna dair açıq-aydın bir dəlildir.

Allahın onun üçün cəm etdiyi bu ayələrin bənzəri toplu halda Peyğəmbərlərin, Allahın onlara salamı olsun, heç birinə verilməmişdir.

Altıncı: Peyğəmbərimiz Muhəmmədin, səllallahu aleyhi və səlləm, peyğəmbərliyi, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin - aleyhimu-ssəlam - peyğəmbərliyinin Uca Allahdan onlara gələn vəhy ilə sabit olduğu kimi sabit olmuşdur. Peyğəmbərlərdən hər hansı birinin peyğəmbərliyini isbat edən elə bir yol yoxdur ki, onun bənzəri ilə Peyğəmbərimiz Muhəmmədin, səllallahu aleyhi və səlləm, də peyğəmbərliyi sabit olmasın. Belə ki, əvvəlki peyğəmbərlərin peyğəmbərliyini isbat edən yollar bunlarla sabit olmuşdur: Kitab, dəlillər (möcüzələr), ona iman gətirən tərəfdarlar və risalətin təvatürlə nəql edilməsi. Bütün bu yollarla Peyğəmbərimiz Muhəmmədin, səllallahu aleyhi və səlləm, peyğəmbərliyi də sabit olmuşdur. Belə ki, onun Kitabı Uca Allahın bir peyğəmbərə verdiyi ən böyük Kitabdır, dəlilləri (möcüzələri) ən böyük dəlillərdir, səhabələri peyğəmbərlərin səhabələrinin ən xeyirliləridir. Onun, səllallahu aleyhi və səlləm, peyğəmbərliyinin nəql edildiyi təvatür yolu, peyğəmbərliklərin nəql olunduğu ən böyük təvatürdür. Vida həccində onunla birlikdə iştirak edənlərin yüz mindən çox səhabə - Allah onlardan razı olsun - olması buna kifayət edir.

Yuxarıda qeyd olunanlardan sənə aydın oldu ki, onun, səllallahu aleyhi və səlləm, peyğəmbərliyi necə isbat olunmuş və dini bütün bu əsrlər boyu qaim və yayılmış şəkildə qalıb-davam etmişdir. Bu da onun peyğəmbərliyinin doğru olmasına dəlalət edən başqa bir əlamətdir və Allahın izni ilə qiyamət gününə qədər də belə qalacaqdır. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədin üzərinə olsun.

المصدر

قسم النبوة

ملاحظات

--