Skip to content

نص الموضوع

Müsəlmanın öz müsəlman qardaşına istehza edib onu məsxərəyə qoyması böyük günahlardandır. Bu, kafirlərin və münafiqlərin sifətlərindəndir. Bunu edən kimsəyə şiddətli əzab vəd olunmuşdur və bu günah Allahın saleh qullarına qarşı edildikdə daha da ağırlaşar.

Müsəlmanın öz qardaşına məsxərə və istehza etməsinin müxtəlif formaları vardır: onu aşağılamaq, ona xor baxmaq və insanların ona gülməsi üçün eyib və nöqsanlarını önə çəkmək. Bu, əməllə, sözlə və ya işarə ilə onu yamsılamaqla, danışığında çaşdıqda və ya səhv etdikdə sözlərinə, sənətinə, çirkin görünüşünə gülməklə və bu kimi digər alçaldıcı hərəkətlərlə ola bilər.

Dəlillər:

Müsəlmana məsxərə və istehza etməyin haramlığına dair dəlillər:

Uca Allah buyurur:

"Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurlar. Halbuki müttəqilər Qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər".

(Bəqərə 2 surəsi, ayə 264).

Səadi, Allah ona rəhmət etsin, demişdir:

"Allah Təala xəbər verir ki, Ona, ayələrinə və elçilərinə küfr edən və şəriətinə tabe olmayan kimsələr üçün dünya həyatı gözəlləşdirilmişdir. Beləcə, dünya onların gözlərində və qəlblərində bəzədilmiş, onlar da ondan razı qalıb, onunla rahatlıq tapmışlar. Onların bütün istək, arzu və əməlləri yalnız dünyaya yönəlmiş, ona üz tutmuş və onu əldə etməyə can atmışlar. Onlar dünyanı və bu işdə onlara şərik olanları uca tutmuş, möminlərə isə xor baxıb onları məsxərəyə qoyaraq demişlər: “Allah aramızdan bunlara lütf göstərmişdir?” [183].

[11] Təfsir Səadi (səh: 324).

Bu, onların zəif ağıllarından və qüsurlu baxışlarından irəli gəlir. Çünki dünya bir sınaq və imtahan yurdudur və burada həm iman, həm də küfr əhli məşəqqətə düçar olacaqdır. Lakin möminin başına bu dünyada xoşagəlməz bir hadisə gəldikdə, o, səbr edib savabını Allahdan umar. Allah da onun imanına və səbrinə görə, başqalarına nəsib olmayan bir şəkildə onun sıxıntısını yüngülləşdirər.

Həqiqətən, bütün şərəf və əsl üstünlük "daimi yurddadır". Buna görə də Uca Allah buyurur:

"Halbuki müttəqilər Qiyamət günü onlardan üstün olacaqlar" [Bəqərə 2 surəsi, ayə 212].

Beləliklə, müttəqilər ən uca dərəcələrdə olub, hər cür nemət, sevinc, şadlıq və fərəhdən zövq alacaqlar. Kafirlər isə onların altında, ən alt təbəqələrdə olub, hər cür əzaba, alçaldılmaya və sonu olmayan əbədi bədbəxtliyə düçar olacaqlar. Beləliklə, bu ayədə möminlər üçün bir təsəlli, kafirlər üçün isə bir qınama vardır.

Pak və Uca olan Allah buyurur:

"Möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını təsəddüq edənlərə eyib tutanları, onları məsxərəyə qoyanları, Allah da məsxərəyə qoyacaqdır. Onları ağrılı-acılı bir əzab gözləyir".

(Tövbə 9 surəsi, ayə 78).

İbn Kəsir, Allah ona rəhmət etsin, demişdir:

"Bu, münafiqlərin sifətlərindəndir. Onların eyib və tənəsindən heç bir halda heç kəs salamat qalmır, hətta sədəqə verənlər belə onlardan salamat qalmırlar. Onlardan biri bol mal gətirsə, deyərlər: "Bu, riyakardır".

O, öz gücü çatdığı qədər cüzi bir şey gətirdikdə isə deyərlər: "Allah bunun sədəqəsinə möhtac deyil".

Allahın: "...onlar da möminlərə istehza edirlər. Allah da onlara istehza edər" sözləri, münafiqlərin pis əməllərinə və möminlərə istehza etmələrinə bir qarşılıqdır. Çünki cəza əməlin cinsindəndir. Belə ki, Allah dünyada möminlərə yardım etmək üçün onlarla istehza edən kimi rəftar etmiş və axirətdə münafiqlər üçün ağrılı-acılı bir əzab hazırlamışdır" [184].

[184] Təfsir İbn Kəsir (4/184) redaktə və ixtisarla.

"Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”– deyirdilər.

Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.

Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!".

(Muminun 23 surəsi, ayələr 109 - 111).

"Ey iman gətirənlər! Bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır".

(Hucurat 49 surəsi, ayə 11).

"Günahkarlar (dünyada) iman gətirənlərə gülürdülər.

Onların (möminlərin) yanından keçdikdə bir-birinə qaş-göz edirdilər.

Ailələrinin yanına qayıtdıqda (möminlərə istehza etdikləri üçün) fərəhlə qayıdırdılar.

Onları (möminləri) gördükdə isə: “Bunlar azmışlardır!”– deyirdilər.

Halbuki onlar möminlərə gözətçi göndərilməmişdilər.

Bu gün (Qiyamət günü) isə iman gətirənlər kafirlərə güləcəklər.

Onlar taxtlar üstündə (əyləşib Allahın nemətlərinə) baxacaqlar.

Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!".

(Mutaffifin 83 surəsi, ayələr 29-36).

"Uca Allah xəbər verir ki, günahkarlar bu dünyada möminləri ələ salır, onlara istehza edir və gülürdülər. Onların yanından keçdikdə isə onlara xor baxaraq və onları alçaldaraq bir-birlərinə qaş-göz edirdilər. Bununla belə, sən onları arxayın görərdin. Qorxu ağıllarına belə gəlmirdi. "Öz ailələrinin yanına" – istər səhər, istərsə də axşam – "qayıtdıqda isə fərəhlə qayıdardılar" yəni: sevincli və məmnun halda.

Bu, ən böyük aldanmalardandır ki, onlar həm son dərəcə pis əməllər edir, həm də dünyada özlərini əmin-amanlıqda sayırlar. Sanki onlara Allahdan, səadət əhlindən olduqlarına dair bir kitab və bir əhd gəlmişdir. Onlar Allaha iftira ataraq və heç bir biliyi olmadan Onun haqqında danışmağa cürət edərək, özlərinin doğru yolda, möminlərin isə azğın olduqlarına hökm vermişlər.

Allah Təala buyurur: "Halbuki bu günahkarlar onlara gözət­çi göndərilməmişdilər" - yəni: onlar möminlərin əməllərini qorumaqla məsul olan vəkillər kimi göndərilməmişlər ki, onları azğınlıqda ittiham etməyə çalışsınlar. Onların bu hərəkəti heç bir əsası və dəlili olmayan bir tərslik, inadkarlıq və oyunbazlıqdan başqa bir şey deyildir. Buna görə də onların axirətdəki cəzası etdikləri əməlin cinsindən oldu.

Uca Allah buyurur: "Bu gün isə", yəni: Qiyamət günü "iman gə­ti­rənlər ka­firlərə güləcəklər". Onlar kafirləri şiddətli əzab içində çapalayarkən və uydurduqları şeylərin puç olub getdiyini görəcəklər. Möminlər isə tam bir rahatlıq və əmin-amanlıq içində "taxtlar üzərində" yəni: bəzədilmiş taxtlar üzərində əyləşərək, Uca Allahın onlar üçün hazırladığı nemətlərə və Kəramətli Rəbbinin Üzünə "baxacaqlar" [185].

"Kafirlər etdikləri əməllərin cəzasını al­dılarmı?!" Yəni: onlar etdikləri əməllərin eynisi ilə cəzalandırıldılarmı? Necə ki, onlar dünyada möminlərə gülüb onları azğınlıqda ittiham edirdilər, eləcə də möminlər axirətdə onlara güləcək və onları azğınlığın və sapqınlığın cəzası olan əzab-əziyyət içində görəcəklər. Bəli, onlara etdikləri əməllərin cəzası verildi. Bu, Allahın ədaləti və hikmətindəndir. Allah hər şeyi biləndir, hikmət sahibidir.

Əbu Zər, Allah ondan razı olsun, demişdir:

Mənimlə qardaşlarımdan olan bir kişi arasında söz-söhbət oldu. Onun anası əcəmi idi, mən də onu anasına görə ayıbladım. O, məndən peyğəmbərə, sallallahu aleyhi va səlləm, şikayət etdi. Peyğəmbərlə, sallallahu aleyhi va səlləm, qarşılaşdım və o mənə dedi: «Ey Əbu Zərr, həqiqətən, sən elə bir adamsan ki, səndə cahiliyyət var». Dedim: Ey Allahın rəsulu, kim insanları söysə, onlar da onun atasını və anasını söyərlər. O dedi: «Ey Əbu Zərr, həqiqətən, sən elə bir adamsan ki, səndə cahiliyyət var...» [186].

[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.

Əbu Hureyrə, Allah ondan razı olsun, demişdir ki, Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:

"Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz və onu alçatmaz. Təqva buradadır – deyə üç dəfə sinəsinə işarə etdi. – Kişiyə müsəlman qardaşını alçaltması şər olaraq kifayət edər. Hər bir müsəlman üçün digər bir müsəlmanın qanı, malı və namusu haramdır" [187].

[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.

Zərərləri:

Müsəlmana məsxərə etməyin və ona istehza etməyin zərərləri:

  • Bu əməl Uca Allaha asilikdir və böyük günahlardandır.
  • Bu əməli edən kəs fasiq olur və bu, onun şəhadətinin rədd edilməsi ilə nəticələnir. Qurtubi, Uca Allahın ayəsini zikr etdikdən sonra belə demişdir:

"Ey iman gətirənlər! Bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ola bilər ki, onlar (məsxərəyə qoyulanlar) o birilərindən (məsxərə qoyanlardan Allah yanında) daha xeyirli olsunlar..." [Hujurat 49 surəsi, ayə 11].

Bu ayəyə qədər:

"İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir".

Bəziləri demişlər ki, mənası budur: "Qardaşına ləqəb qoyan və ya ona istehza edən kimsə fasiqdir" [188].

[188] Təfsir Qurtubi (16/328).

  • Bu əməl kafirlərin və münafiqlərin əxlaqındandır. Çünki onların daimi adəti hər bir əsrdə iman əhlinə istehza etməkdir.
  • Bu, istehza edənin, lağa qoyduğu kimsə ilə məşğul olması ona Allahın vacib buyurduğu ibadəti və zikri unutdurur. Necə ki, Uca Allah buyurur:

"Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu".

  • Bu, çox vaxt haram edilmiş qeybətlə birgə olur və qaçılmaz olaraq insanı bu günaha sürükləyir. Çünki istehza edən kimsə başqalarına daha çox onların arxasınca istehza edib məsxərəyə qoyur.
  • Çox vaxt istehza və məsxərə insanlara xor baxmaqdan irəli gəlir. Bu isə pislənilən təkəbbürdəndir ki, sahibinə şiddətli əzab vəd edilmişdir. Belə ki, səhih hədisdə Abdullah bin Məsuddan, radiyallahu anhu, rəvayət olunur ki, peyğəmbər, sallallahu aleyhi və səlləm, belə buyurmuşdur:

"Qəlbində zərrə qədər təkəbbür olan kimsə Cənnətə girməz". Bir adam dedi: "Kişi libasının və ayaqqabısının gözəl olmasını xoşlayır". Peyğəmbər, Allahın salavatı va salamı onun üzərinə olsun, buyurdu: "Allah gözəldir və gözəlliyi sevər. Təkəbbürlük isə haqqı danmaq və insanlara xor baxmaqdır" [189].

Haqqı qəbul etməmək: təkəbbürlük göstərərək onu rədd və inkar etməkdir. İnsanlara xor baxmaq: Onları alçaltmaqdır.

  • Bu, cəmiyyət fərdləri arasında ədavət və nifrətin yayılmasına aparan ən böyük səbəblərdəndir. Hətta onların arasında vuruşmaya da səbəb olur.

– Bu, Allahın yaratdığı məxluqu məsxərəyə qoymaq anlamına da gələ bilər. Xüsusilə də insan başqasını siması, səsi, rəngi və ya Allahın ona verdiyi hər hansı bir xüsusiyyəti səbəbilə istehza edərsə.

  • İstehza və lağlağı, istehza edən kimsənin vüqarını aparır, mərdliyini isə aşağı salır.

Qorunma:

Məsxərə və istehzadan qorunma yolları:

  • Uca Allahdan və Ona asilikdən irəli gələn əzabından qorxmaq.
  • İnsanın özünü, dininə və dünyasına aid olan faydalı işlərlə məşğul edərək, nəfsinə qardaşlarının eyibləri ilə məşğul olmağa imkan verməməsi.
  • Təkəbbürlüyü və insanlara xor baxmağı tərk etmək. Çünki başqalarına istehza edənlərin çoxunu buna sövq edən məhz onların öz qardaşlarına qarşı olan təkəbbürlükləri və onlara xor baxmalarıdır.
  • Bəlkə də buna səbəb olan pis yoldaşlığı tərk etmək. Çünki onların məclisləri, zarafat yolu saydıqları insanlara istehza etməkdən xali olmur.
  • Sahib olduğu bütün nemətlərin Allahdan olduğunu və Allahın, onun sahib olduqlarını əlindən alıb, onu istehza etdiyi kimsədən daha pis bir hala salmağa qadir olduğunu bilməsi.

İnsanın, başqa birini qardaşlarını ələ salarkən gördükdə, bu işdə həddini aşmasın deyə, onu bu əməldən çəkindirməsi və ona şərik olmaması.