Skip to content

Ramazan ayında heç bir üzr olmadan orucu açmaq.

التصنيف الشرعي
الفقهالصيامشهر رمضان

نص الموضوع

Allah Ramazan ayının orucunu möminlərə fərz buyurmuş və belə buyurmuşdur:

"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə (Allahdan) qorxasınız".

(Bəqərə 2 surəsi, ayə 264).

Ramazan ayının orucu İslamın ərkanlarından biridir. Abdullah ibn Ömər, Allah ondan və atasından razı olsun, rəvayət edirki, Allahın elçisi, Allahın salavatı və salamı onun üzərinə olsun, buyurmuşdur:

«İslam beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa (ibadətə haqqı olan) məbud olmadığına və Muhəmmədin (sallallahu aleyhi va səlləm) Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq» [174].

[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.

Kim heç bir üzr olmadan qəsdən Ramazan ayının orucunu və ya ondan bir günü açarsa, Uca Allaha qarşı günah etmiş, dinin rüknlərindən birinə qarşı həddi aşmış və böyük günahlardan birini işləmiş olar.

Hafiz əz-Zəhəbi - rahiməhullah - demişdir:

"Möminlər yanında qərarlaşmışdır ki, kim Ramazan orucunu heç bir xəstəlik və ya şəri üzrü olmadan tərk edərsə, o kəs zina edən adamdan, haqsız vergi yığandan və şərab düşkünündən daha şərlidir. Hətta onun İslamına şübhə edər, zındıq və pozğun olduğunu zənn edərlər" [175].

[175] Bax: "Feyd əl-Qadir": (4/311).

Dəlillər:

Ramazan ayında üzrsüz olaraq bir gün oruc tutmamağın haram olduğunu, bu əməlin çirkinliyini və günahının böyüklüyünü bəyan edən dəlillər çoxdur. Onlardan bəziləri bunlardır:

Əbu Umamədən, Allah ondan razı olsun, rəvayət edildiyinə görə, o belə demişdir: mən Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə dediyini eşitdim:

"Mən yuxuda ikən iki nəfər yanıma gəlib məni özləri ilə apardı. Orada daban vətərlərindən asılmış bir toplum var idi. Onların ağızlarının kənarları cırılmışdı və oradan qan axırdı. "Bunlar kimlərdir?" – deyə soruşdum. O: "Bunlar vaxtı çatmamış oruclarını açanlardır" – deyə cavab verdi" [176].

[176] Hədisi Nəsai "Kubra" (3273) əsərində müxtəsər olaraq rəvayət etmişdir.

Səhabələrin, Allah onlardan razı olsun, Ramazan ayında heç bir üzr olmadan orucunu açan kimsəni cəzalandırdıqlarına dair bir neçə rəvayət nəql olunmuşdur. Onlardan biri də Ömər ibn Xəttabdan, Allah ondan razı olsun, rəvayət olunur ki, onun yanına Ramazan ayında şərab içmiş bir qoca kişi gətirildikdə, o, belə demişdir:

“Xır-xır! (bu, uzunqulağın burun dəliklərindən çıxan səsdir) bizim övladlarımız orucdur (yəni: bizim kiçiklərimiz oruc tutduğu halda, sən orucunu pozmusan)”. Sonra ona səksən çubuq vurdu və onu Şama sürgün etdi.

Əli bin Əbu Talibdən, Allah ondan razı olsun, rəvayət edilir ki, onun yanına Ramazanda içki içmiş bir nəfər gətirildi. O, həmin adama səksən, səhəri gün isə iyirmi çubuq vurdu və dedi:

"Səni Allaha qarşı cürət etdiyinə və Ramazan ayında orucunu pozduğuna görə iyirmi qamçı vurduq".

Əli bin Əbi Talibdən, Allah ondan razı olsun, belə söylədiyi rəvayət edilir:

"Kim Ramazanda üzrsüz olaraq bir gün orucunu pozarsa, bütün ömrü boyu oruc tutsa belə, o günün qəzasını yerinə yetirə bilməz".

İbn Məsud - Allah ondan razı olsun - demişdir:

"Kim Ramazanda rüsxət olmadan bir gün orucunu açarsa, ömrü boyu oruc tutsa belə, o günün əvəzini verə bilməz" [177].

[177] Bu əsərlər üçün bax: İbn Həzm, "əl-Muhəlla" (4/311).

Zərərləri:

Ramazan ayında heç bir üzr olmadan oruc açmağın bir çox zərəri vardır. Onlardan bəziləri aşağıdakılardır:

  • İslamın rüknlərindən birini tərk etmək.

Uca Allahın əmrlərinə laqeyid yanaşmaq.

  • Uca Allahın fərzinə cəsarətlə qarşı çıxıb insanların gözü qarşısında orucu pozmaq. Bu, həmin şəxsin Uca Allahın əfvinə layiq olmamasına səbəb olur. Allaha qarşı belə cürət edən şəxsin orucunu pozduğunu isə yalnız o, özü sözü və ya əməli ilə aşkara çıxardıqda bilmək olar. Əbu Hureyrə, Allah ondan razı olsun, belə demişdir: mən Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurduğunu eşitdim:

"Günahını aşkarda edənlərdən başqa bütün ümmətim bağışlanacaqdır" [178].

  • Başqalarını bu günahı yaymağa təşviq etmək. Allah bu əmələ görə əzab vəd etmişdir. Uca Allah buyurur:

"Möminlər arasında əxlaqsızlığın yayılmasını istəyən kimsələr üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz".

(Nur 24 surəsi, ayə 2).

Qorunma:

Ramazan ayında üzrsüz olaraq orucu pozmaqdan qorunma yolları:

  • Kiçik yaşlarından oruca vərdiş etmək. Ər-Rubeyyi binti Muəvviz, Allah ondan razı olsun, belə demişdir:

Peyğəmbər, sallallahu aleyhi va səlləm, Aşura günü səhər ənsarın kəndlərinə belə bir xəbər göndərdi: "Kim səhəri orucsuz açıbsa, günün qalan hissəsini oruclu keçirsin, kim də səhəri oruclu açıbsa, orucunu tamamlasın". (Rəvayətçi) dedi: "Bundan sonra biz həmin günü oruc tutar və uşaqlarımıza da oruc tutdurardıq. Biz onlara yundan oyuncaq düzəldər, onlardan biri yemək üçün ağladıqda, iftar vaxtına qədər həmin oyuncağı ona verərdik" [179].

  • Nəfsi səbrə tərbiyə etmək. Əbu Səid əl-Xudridən, Allah ondan razı olsun, peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, belə dediyi rəvayət edilir:

«Hər kim səbr etməyə çalışarsa, Allah onu səbirli edər» [180].

  • Oruc tutmağın müqabilində Allahın verəcəyi böyük savaba nəfsi rəğbətləndirmək. Əbu Hureyrə, Allah ondan razı olsun, peyğəmbər, sallallahu aleyhi və səlləm, belə dediyini rəvayət etmişdir:

"Allah buyurur: Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc isə Mənim üçündür və onun mükafatını Mən verəcəyəm" [181].

Səhl bin Səad, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, salləllahu aleyhi va səlləm, belə demişdir:

"Cənnətdə Rəyyan deyilən bir qapı vardır. Qiyamət günü o qapıdan ancaq oruc tutanlar daxil olacaqdır. Bu qapıdan onlardan başqa heç kəs keçə bilməyəcəkdir. (O gün:) “Oruc tutanlar haradadır?” – deyiləcək və oruc tutanlar ayağa qalxacaqlar, onlardan başqa heç kəs bu qapıdan keçə bilməyəcəkdir. Onlar içəri daxil olduqdan sonra (qapı) bağlanacaq və (bundan sonra) heç kəs o qapıdan (Cənnətə) daxil ola bilməyəcəkdir" [182].