نص الموضوع
Valideynlərin üzünə ağ olmaq ən böyük günahlardandır və Uca Allaha şərik qoşmaqdan sonra ən təhlükəlisidir. Buna görə də Uca Allah bir çox ayədə Öz haqqı ilə valideynlərin haqqını birlikdə zikr etmişdir. Onlardan biri də Uca Allahın bu buyruğudur:
"Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə yaxşılıq edin...".
[Nisa 4 surəsi, ayə 4].
Allah Təbarəkə va Təalə buyurur:
"Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Dönüş Mənədir".
[Loğman 31 surəsi, ayə 13].
Valideynlərin üzünə ağ olmağın həqiqəti – insanın söz və ya əməllə valideynlərinə əziyyət verməsi yaxud onlara yaxşılıq etməyi tərk etməsidir.
Valideynlərin əmrlərinə asi olmaq da bura daxildir. Lakin onlar Allaha şərik qoşmağı və ya Uca Allaha asilik olan bir işi əmr etsələr, bu iki halda onlara itaət etmək olmaz. Çünki Xaliqə asi olaraq - məxluqa itaət etmək olmaz. Bununla yanaşı onlarla mülayim davranmalı və onlara yaxşılıq etməlidir. Uca Allah buyurur:
"Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara tabe olma! Dünya işlərində onlarla gözəl davran...".
Kəb əl-Əhbardan, Allah ona rəhmət etsin, valideynlərin üzünə ağ olmağın nə olduğu barədə soruşulduqda, o belə dedi:
"O, atası və ya anası ona and içdikdə onların andını yerinə yetirməz, ona bir şey əmr etdikdə onların əmrinə itaət etməz, ondan bir şey istədikdə onlara verməz və ona bir şeyi əmanət etdikdə onlara xəyanət edər" [116].
[64] Zəhəbinin “əl-Kəbəir” kitabı, (səh: 20).
Dəlillər:
Valideynlərin üzünə ağ olmağın haram olmasına, bu əməlin çirkinliyinə və günahının böyüklüyünə dair dəlillər çoxdur. Onlardan bəziləri bunlardır:
Uca Allah buyurur:
"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlər ilə yaxşı davranmağı əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına çatarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de".
(İsra 17 surəsi, ayə 32).
Əbu Bəkratə, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, sallallahu aleyhi va səlləm, belə demişdir:
"Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" Biz: “Bəli, ey Allahın rəsulu!” – dedik. Peyğəmbər, sallallahu aleyhi və səlləm, buyurdu: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq, yalançı şahidlik etmək və ya yalan söz danışmaq" [117].
[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.
Ənəsdən, Allah ondan razı olsun, rəvayət edilir ki, peyğəmbərdən, salləllahu aleyhi va səlləm, böyük günahlar haqqında soruşulduqda, o belə buyurmuşdur:
"Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan şahidlik etməkdir" [118].
Muğira ibn Şöbə, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«Allah sizə, anaların üzünə ağ olmağı haram buyurmuşdur» [119].
Zərərləri:
Valideynlərin üzünə ağ olmağın bir çox zərərləri vardır. Onlardan bəziləri bunlardır:
- Valideynlərin üzünə ağ olmaq, qulun Qiyamət günü Allahın ona nəzər salmasından və Cənnətə daxil olmaqdan məhrum edilməsinin səbəblərindəndir. Abdullah bin Ömər, Allah onlardan razı olsun, rəvayət edir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurdu:
«Üç sinif insan vardır ki, Allah, Azzə va Cəllə, Qiyamət günü onların üzünə baxmayacaq: Valideynlərinin üzünə ağ olan kimsə, özünü kişilərə bənzədən qadın və dəyyus. Və üç sinif insan vardır ki, onlar Cənnətə daxil olmayacaq: Valideynlərinin üzünə ağ olan kimsə, spirtli içkiyə aludə olan kimsə və etdiyi yaxşılığı başa qaxan (minnət qoyanlar) kimsədir» [120].
[120] Hədisi Nəsai: (2562) rəvayət etmişdir.
- Valideynlərinə asi olan kəs, Uca Allahın nemətinə və valideynlərinin yaxşılığına qarşı nankordur. Uca Allah buyurur:
"Mənə və valideynlərinə şükür et! Dönüş Mənədir".
- Valideynlərə itaətsizlik etmək insanı Uca Allahın qəzəbinə düçar edən amillərdən biridir. Abdullah bin Ömər, Allah ondan razı olsun, demişdir:
"Rəbbin razılığı valideynin razılığındadır, Rəbbin qəzəbi də valideynin qəzəbindədir" [121].
[81] Hədisi Buxari "əl-Ədəbul-Mufrad" kitabında: (103) rəvayət etmişdir.
- Valideynlərə itaətsizlik ailədə, nəticədə isə bütün cəmiyyətdə sabitliyi pozur. Çünki valideynlərinə yaxşılıq etməyən kəsə övladları da yaxşılıq etməz, o, qonşularına və cəmiyyətinə də yaxşılıq etməz.
Qorunma:
Valideynlərin üzünə ağ olmaqdan qorunma yolları:
- Valideynlərə ən kiçik bir əziyyət belə verməkdən çəkinmək. Uca Allah buyurur:
"Onlara: 'Uf!' belə demə".
Bu, əziyyətin ən aşağı dərəcəsidir və bununla digərlərinə də işarə edilmişdir. Mənası isə onlara ən kiçik bir əziyyət belə verməməkdir.
"Üstlərinə qışqırma".
Yəni: onları danlama və onlara kobud söz demə.
"Onlara xoş söz söylə!".
Onlarla sevdikləri bir kəlmə ilə, ədəb və mülayimliklə, qəlblərinə xoş gələn və dinclik bəxş edən yumşaq, gözəl sözlərlə danışmaq lazımdır. Bu isə hallara, adətlərə və zamanlara görə fərqlənir [122].
[112] Bax: «Təfsir əs-Səadi» (səh: 148).
- Valideynlərin ən çox qayğı göstərilməyə və gözəl rəftara layiq olan insanlar olduğunu bilmək. Əbu Hureyra, Allah ondan razı olsun, demişdir:
Bir nəfər peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, yanına gəlib dedi: “Ya rəsulullah! Mən ən çox kimə qayğı göstərməliyəm?”. O buyurdu: “Anana!”. Adam (yenə) soruşdu: “Sonra kimə?”. O yenə: “Anana!”– deyə buyurdu. Adam (bir daha) soruşdu: “Sonra kimə?”. O yenə buyurdu: “Anana!”. Adam (axırıncı dəfə): “Sonra kimə?”– deyə soruşduqda, o: “Atana!”– deyə buyurdu [123].
- İnsan bilməlidir ki, valideynlərinə nə qədər yaxşılıq etsə də, onların haqqını ödəmiş sayılmaz və onların haqqı onun bütün yaxşılıqlarından daha böyükdür. Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, sallallahu aleyhi və səlləm, buyurdu:
"Heç bir övlad valideyninin haqqını ödəyə bilməz, yalnız onu qul olaraq tapıb, satın alaraq azad etməsi müstəsnadır" [124].
[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.
Yəni: övlad, atasına qul olaraq rast gəlib onu azad etmədikcə, atasının onun üzərindəki haqqını yerinə yetirə və ona etdiyi yaxşılığın qarşılığını verə bilməz.
İbn Ömər, Allah onlardan razı olsun, anasını boynunda daşıyaraq Kəbənin ətrafında təvaf edən bir kişini gördü. Həmin kişi dedi: "Ey İbn Ömər! Səncə, mən onun haqqını ödədimmi?". O, cavab verdi: "Xeyr, (bu etdiyin) onun bircə doğuş sancısına belə bərabər deyil. Lakin sən yaxşılıq etdin və Allah az əməlinə görə çoxlu savab verər" [125].
[125] Bax: Zəhəbinin "əl-Kəbəir" kitabı (səh: 42).
- Valideynləri razı salmaq üçün nəfslə mübarizə aparmaq. Bu, Allah yolunda cihadın növlərindən biridir. Rəvayət edilir ki, Abdullah bin Amr, Allah onların hər ikisindən razi olsun, demişdir:
Bir nəfər peyğəmbərin, sallallahu aleyhi va səlləm, yanına gəlib cihada getmək üçün izin istədi. Peyğəmbər, sallallahu aleyhi va səlləm, ondan soruşdu: "Valideynlərin sağdırmı?" O: “Bəli!”– deyə cavab verdi. Peyğəmbər, sallallahu aleyhi va səlləm, buyurdu: "Elə isə onlar üçün çalış" [126].
- İnsanla mübahisə edən şəxsin valideyninə söyməkdən çəkinmək. Çünki bu, qarşı tərəfi də onun valideyninə söyməyə sövq edər. Abdullah bin Amr, Allah onlardan razı olsun, rəvayət edir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:
"Ən böyük günahlardan biri də insanın öz valideynlərini lənətləməsidir". Soruşdular: "Ya rəsulullah, bir kimsə öz valideynlərini necə lənətləyər?". O buyurdu: "Bir nəfər başqasının atasına söyür, o da onun atasına söyür və (başqasının) anasına söyür, o da onun anasına söyür" [127].
- Valideynləri kədərləndirməməyə səy göstərmək. Abdullah bin Amr, Allah onların hər ikisindən razı olsun, belə demişdir:
Bir kişi Allah Rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, yanına gələrək dedi: “Hicrət etmək üçün sənə beyət etməyə gəlmişəm və ata-anamı ağlar vəziyyətdə qoyub gəlmişəm”. O buyurdu: “Onların yanına qayıt və onları necə ağlatmısansa, eləcə də güldür” [128].
[37] Hədisi Əbu Davud: (4607) rəvayət etmişdir.
- Uşaqlara kiçik yaşlarından valideynlərə yaxşılıq etməyi öyrətmək.