Kahinlik, falçılıq, münəccimlik (ulduz falı) və bu münkərlərlə məşğul olanların yanına getmək.
نص الموضوع
Kahinlik, falçılıq və münəccimlik sahibinin əqidəsinə xələl gətirən böyük günahlardır. Çünki bu işlərlə məşğul olan şəxs ya qeybi bildiyini iddia edir ya da işləri ulduzlara bağlayır və bunların hər ikisi də tövhidə xələl gətirir.
Kahin: Gələcəkdə baş verəcək qeyb hadisələri xəbər verən yaxud insanların qəlbində olanları bildiyini iddia edən şəxsdir.
Falçı: İstifadə etdiyi bəzi vasitələrlə oğurlanmış malı, itmiş şeyin yerini və bu kimi məsələləri bildiyini iddia edən şəxsdir.
Münəccim o şəxsdir ki, münəccimlik və təsir etmə elmindən istifadə edərək, məsələn, belə deyir: “Əgər filan ulduz çıxıb, filan ulduzla qovuşarsa, bu o deməkdir ki, filan-filan hadisələr baş verəcək” yaxud: “Əgər filankəsin filan bürcdə övladı dünyaya gələrsə, o, varlılıq və kasıblıq, xoşbəxtlik və bədbəxtlik kimi filan-filan hallarla qarşılaşacaq”. Beləliklə, onlar ulduzların hərəkətini yer üzünün və oradakı insanların halına dəlil gətirirlər [138].
[138] Bax: Təysir əl-Əziz əl-Həmid: (səh: 351).
Bura qeybdən xəbər verən, qeybi işləri bildiyini iddia edən yaxud bürclər vasitəsilə, qum üzərində xətlər çəkməklə, daşlarla, fincana baxmaqla, əl falını oxumaqla və bu kimi üsullarla qeybi məsələlərdən nəticə çıxaran şəxslər daxildir.
Zikr olunan bu və ya digər hər hansı bir vasitə ilə qeyb elmini iddia edən hər bir kəs yalançı və kafirdir [139].
[139] Bax: Fovzanın "Aqidətu ət-Tövhid" kitabı: (səh: 97).
Qeyd etmək vacibdir ki, kahinlərin, baxıcıların və onlara bənzər digər dəccalların yanına getmək, haqqında xəbərdarlıq edilmiş böyük günahlardandır və bu əmələ yol vermək insanın həm din, həm də dünya işlərində bir çox fəsadlara səbəb olur.
Dəlillər:
Dəlillər kahinliyin, falçılığın, münəccimliyin və bu kimi münkər əməllərlə məşğul olan kimsələrin yanına getməyin haram olduğuna dəlalət edir. Onlardan bəziləri bunlardır:
Uca Allah buyurur:
"Məhv olsun yalançılar! Onlar ki, qəflətdədirlər. Onlar soruşurlar: "Qiyamət günü nə vaxtdır?".
[Zariyat 51 surəsi, ayələr 10-12].
Yəni: zənnə uyaraq yalan və batil danışan kahinlər lənətə düçar oldular (çünki ərəb dilində "xars" - yalan danışmaq və təxmin etməkdir. İbn Abbas, radiyallahu anhumə, isə belə demişdir:
"Onlar kahinlərdir" [140].
[140] Bax: Təfsir ət-Tabari: (21/492).
Zeyd bin Xaliddən, Allah ondan razı olsun, rəvayət edilir ki, o, belə demişdir: Hüdeybiyyə ilində Allah rəsulu, salləllahu aleyhi va səlləm, ilə birlikdə yola çıxdıq. Bir gecə bizə yağış yağdı. Allah rəsulu, salləllahu aleyhi va səlləm, bizə sübh namazını qıldırdı, sonra üzünü bizə çevirib dedi: «Bilirsinizmi, Rəbbiniz nə buyurdu?». Biz: "Allah və rəsulu daha doğrusunu bilir" dedik. O buyurdu: «Allah buyurdu: Qullarımdan bir qismi mənə iman, bir qismi isə mənə küfr edərək sabahladı. Kim "Allahın rəhməti, ruzisi və Onun lütfü ilə bizə yağış yağdırıldı" dedisə, o, mənə iman gətirmiş, ulduzları isə inkar etmişdir. Kim isə "filan ulduz sayəsində bizə yağış yağdırıldı" dedisə, o, ulduzlara iman gətirmiş, Məni isə inkar etmişdir» [141].
[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.
Bu hədisdə qullar iki qismə bölündü:
Birinci qisim: Uca Allaha iman gətirən mömindir. O, bu neməti Allaha aid etdi, buna görə Allaha şükür etdi, onun Allah dərgahından olduğunu bildi və bu nemətə görə Allaha həmd-səna etdi.
İkinci qisim: Allaha küfr edəndir. Kafirlər iki növdür:
Birinci növ: kiçik küfr edən kimsə. Məsələn: "Filan ulduz sayəsində yağış yağdı" deyən və ulduzun yağışın yağmasına səbəb olduğuna inanan kimsənin küfrü kiçik küfrdür. Çünki o, Allahla yanaşı müstəqil təsir sahibi olduğuna inanmır, lakin səbəb olmayan bir şeyi səbəb qəbul edərək neməti Allahdan başqasına nisbət etmişdir. Onun bu sözü küfr əhlinin sözlərindəndir və bu, Uca Allaha qarşı edilmiş kiçik küfrdür.
İkinci növ isə böyük küfr edən kafirdir. Bu o kəsdir ki, yağışın yağması ulduzların təsiri ilə olduğuna, yağışı məhz onların lütf etdiyinə və onlara ibadət edənlər onlara yönəldikdə, (ulduzların) hərəkətə gələrək onların dualarına cavab olaraq yağışı nazil etdiklərinə etiqad edir. Bu, icma ilə böyük küfrdür. Çünki bu, rububiyyət və uluhiyyəti Allahdan qeyrisinə nisbət etməkdir [142].
[142] Bax: Şeyx Salih Əli əş-Şeyxin "ət-Təmhid li-Şərh Kitab ət-Tövhid" kitabı, (səh: 356).
İbn Abbas, Allah onların hər ikisindən razı olsun, rəvayət edir ki, Allah rəsulu, salləllahu aleyhi va səlləm, belə demişdir:
“Kim ulduzlardan bir elm öyrənərsə, sehrdən bir pay öyrənmiş olar. Bu nə qədər artarsa, sehrdən aldığı pay da bir o qədər artar” [143].
[37] Hədisi Əbu Davud: (4607) rəvayət etmişdir.
Yəni: münəccimlik elmi artdıqca, insan sehrdə daha da dərinləşər və bununla da günahı artar.
Əbu Məsud əl-Ənsari, Allah ondan razı olsun, belə rəvayət edir:
Allah rəsulu, sallallahu əleyhi va səlləm, itin müqabilində verilən pulu, zinakar qadının qazandığı pulu və kahinə verilən pulu götürməyi qadağan etmişdir." [144].
Kahinin "hulvanı" (hədiyyə, mükafat): kahinliyinə görə aldığı ücrətdir.
Muaviyə bin əl-Həkəm əs-Sələmidən, Allah ondan razı olsun, rəvayət edildiyinə görə o belə demişdir:
Dedim: "Ey Allahın rəsulu, mən cahillik dövründən yenicə çıxmışam, Allah isə İslamı gətirdi. Bizim aramızda isə kahinlərin yanına gedən adamlar var. Peyğəmbər, sallallahu aleyhi va səlləm, buyurdu: «Onların yanına getməyin» (145).
[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.
Safiyyə, peyğəmbərin, sallallahu aleyhi va səlləm) bəzi xanımlarından peyğəmbərin, sallallahu aleyhi və səlləm, belə dediyi rəvayət etmişdir:
"Kim bir baxıcının yanına gedərsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul edilməz" [146].
Əbu Hureyra, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«Kim, heyzli qadına yaxud bir qadına arxadan yaxınlıq edərsə yaxud bir kahinin yanına gedərsə, Muhammədə nazil edilənə küfür etmişdir» [147].
[28] Hədisi Tirmizi: (2140) rəvayət etmişdir.
Qurtubi kahinlər barəsində belə demişdir:
"Hisbə vəzifəsini daşıyan şəxsin (bu, bazarlara və ictimai əxlaq qaydalarına nəzarət edən şəxsdir) onları bazarlardan uzaqlaşdırması, onlara qarşı sərt şəkildə irad bildirməsi və heç kəsin bu məqsədlə onlara müraciət etməsinə imkan verməməsi vacibdir [148].
[148] əl-Müfhim limə əşkələ min təlxis Muslim: (5/633).
Zərərləri:
Kahinliyin, falçılığın, münəccimliyin və bu münkər əməllərlə məşğul olan kimsələrin yanına getməyin zərərlərindən bəziləri bunlardır:
- Bu əməlin sahibi tağut sayılır, onların yanına getmək isə tağuta müraciət etməkdir. Tağut, Allahdan başqa ibadət olunan hər bir şeydir. Uca Allah buyurur:
"Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta (kahinlərə/ və ya Allahın hökmündən başqa hökm verənlərə) müraciət etmək istəyirlər. Halbuki onlara tağuta küfür etmələri əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir".
[Nisa 4 surəsi, ayə 4].
Tabari Qətadədən nəql edir ki, bu ayə aralarında bir haqq üstündə mübahisə olan iki nəfər – ənsardan olan bir kişi və yəhudilərdən olan bir kişi – barəsində nazil olmuşdur. Onlar aralarında hökm verməsi üçün Mədinədəki bir kahinə müraciət etmiş, Allahın peyğəmbərini, sallallahu əleyhi va səlləm, isə tərk etmişdilər. Uca Allah da onların etdiyi bu əməli pislədi [149].
[109] Təfsir ət-Tabari (6/625).
- Bu, ilk cahiliyyət dövründə edilən əməllərindən biridir. Buxari belə demişdir:
Cabir demişdir: "Onların hökm üçün müraciət etdikləri tağutlar - Cüheynə qəbiləsində biri, Əsləm qəbiləsində biri və hər qəbilədə biri olmaqla - şeytanın onlara endiyi kahinlər idi...". İkrimə isə belə demişdir: "Cibt" həbəş dilində şeytan, "tağut" isə kahindir" [150].
[150] Səhih əl-Buxari: (6/45).
- Bu, insanın insanla və insanın cinlə fitnəsindəndir. Aişədən, Allah ondan razı olsun, belə dediyi rəvayət edilir:
İnsanlar peyğəmbərdən, sallallahu əleyhi va səlləm, kahinlər haqqında soruşdular. O buyurdu: «Onların dəyəri yoxdur». Dedilər: "Ey Allahın rəsulu! Onlar bir şey söyləyirlər doğru çıxır. Peyğəmbər, sallallahu əleyhi va səlləm, buyurdu: «Bu, cinin haqq sözü qapıb, toyuğun qaqqıltısı kimi onu öz dostunun qulağına qaqıldamasıdır, sonra da ona yüzdən çox yalan qatırlar» [151].
Yəni: ya kahin, şeytanlardan olan dostunun ona təlqin etdiyi kəlməyə yüz yalan əlavə edər ya da şeytan səmadan oğurladığı kəlməyə yüz yalan qatar və hamısını insanlardan olan dostuna xəbər verər. Beləliklə, insanlar kahin olan insana aldanıb fitnəyə düşər və hər ikisi də şeytanlardan olan dostları vasitəsilə fitnəyə düşmüş olarlar. Onlar, səma xəbərlərindən gətirdiklərində bəzən doğru dedikləri üçün, onların gətirdiyi doğru və yalanı qəbul edərlər [152].
- Kim bir baxıcının yanına gedər və ondan bir şey soruşarsa, onun namazı qırx gün qəbul edilməz. Necə ki, bu, əvvəlki hədisdə də varid olmuşdur.
Qorunma:
Kahinlik, falçılıq, münəccimlik və bu kimi əməllərdən qorunmağın bir neçə vasitəsi vardır. Onlardan bəziləri bunlardır:
- Qeybi yalnız Allahın bildiyinə tam yəqin olmaq. Uca Allah buyurur:
"De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz...".
[Nəml 27 surəsi, ayə 65].
Pak və Uca olan Allah buyurur:
"Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!”
Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Hikmətlisən!”.
(Bəqərə 2 surəsi, ayə 264).
Mələklər, Uca Allahın onlara öyrətdiklərindən başqa bir biliklərinin olmadığını iqrar etməkdən başqa bir şey qalmadı:
"Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur...".
Beləliklə, bu, qeyb elmlərindən bir şey bildiyini iddia edən hər bir münəccim kahinin sözünün yalan olduğuna ən açıq dəlalət və ən aydın sübut idi.
- Tağutu inkar edərək, ibadəti Uca Allaha məxsus etmək. Hər kim qeybi bildiyini iddia edərsə və ya işləri ulduzlara bağlayıb, onların özlüyündə təsir gücünə malik olduğunu söyləyərsə, o kimsə həddini aşmış, azğınlaşmış, küfr etmiş və beləcə özün tağuta çevrilmişdir. Uca Allah buyurur:
"Hər kim tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir".
Səid bin Cubeyrin belə dediyi rəvayət edilir:
“Tağut – kahindir” [154].
- Tövhidi öyrənmək və onu öyrətmək, ona zidd olanları bilmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək və bu şeytani əməlləri edənlərə şəri cəzaları tətbiq etmək.