نص الموضوع
Böyük günahlar (əl-kəbira): Allahın Kitabında və ya rəsulunun, sallallahu aleyhi va səlləm, Sünnəsindəki bir nass ilə haqqında təhdid, lənət və ya hədd cəzası olan, yaxud fəsadının, haqqında təhdid, hədd və ya lənət olan bir günahın fəsadı qədər və ya ondan daha çox olduğu bilinən, yaxud da onu edənin dininə qarşı etinasızlığına - dəlalət edən bütün günahlardır.
Buna görə də kiçik günahlar (əs-sağira), böyük günahın tərifinə daxil olmayan, yəni: haqqında əzab vəd edilməyən, hədd, lənət və ya cəza təhdidi ilə müşayiət olunmayan və onu edənin şəriət əmrlərinə etinasızlığını göstərməyən hər bir günahdır.
Böyük günahla kiçik günah arasındakı fərq:
- Böyük günahla birlikdə əzab vədi, cəza, lənət və bu kimi hallar zikr olunur, kiçik günahla isə bunlardan heç biri zikr olunmur.
- Böyük günah, onu edənin şəriətin əmrinə qarşı etinasızlığını göstərir, kiçik günah isə belə deyil.
- Böyük günahların bağışlanması üçün onları edən şəxsin tövbə etməsi gərəkdir. Kiçik günahlara gəldikdə isə tövbə ilə, böyük günahlardan çəkinməklə, insanın başına gələn müsibətlərlə və ya saleh əməllərlə bağışlanır.
Uca Allah buyurur:
"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin (kiçik) günahlarını əff edər və sizi şərəfli bir yerə – (Cənnətə) daxil edərik".
[Nisa 4 surəsi, ayə 4].
"Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında doğru-düzgün namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri yuyub aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır".
(Hud 1 114).
Aişə, Allah ondan razı olsun, Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurduğunu rəvayət edir:
“Müsəlmana üz verən elə bir müsibət, hətta bədəninə batan tikan belə yoxdur ki, Allah buna görə onun günahlarını bağışlamasın”.
[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.
Əbu Hureyrədən, Allah ondan razı olsun, rəvayət edildiyinə görə Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:
«Böyük günahlardan çəkinildiyi təqdirdə, beş vaxt namaz, bir cümə o biri cüməyə qədər və bir Ramazan o biri Ramazana qədər, aralarında edilən kiçik günahlara kəffarədir» [3].
[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.
Böyük günahların dini və dünyəvi təhlükələri və zərərləri:
Böyük günahlar etmək, dünyada və axirətdə bir çox təhlükə və zərərin səbəbidir. Bunlardan bəziləri aşağıdakılardır:
- Böyük günahlar, sahibini Cənnətə daxil olmamaq təhdidinə məruz qoyur. Belə ki, Cubeyr bin Mutimdən, Allah ondan razı olsun, rəvayət edilir ki, peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurdu:
"Qohumluq əlaqələrini kəsən Cənnətə daxil olmaz".
Yəni: qohumluq əlaqələrini kəsən.
Huzeyfədən, Allah ondan razı olsun, rəvayət edildiyinə görə o, belə demişdir: mən peyğəmbərin, salləllahu aleyhi va səlləm, belə dediyini eşitdim:
"İnsanlar arasında söz gəzdirən cənnətə daxil olmaz" [5].
Yəni: Söz gəzdirən (nəmmam; qeybət edən, xəbərçi).
- Onlardan bəziləri qəbir əzabına səbəbdir. İbn Abbasdan, Allah onların hər ikisindən razı olsun, rəvayət edilir ki, o belə demişdir:
Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, iki qəbrin yanından keçərkən belə dedi: «Bu iki qəbir sahibi əzab çəkir, onların əzabı böyük (saydıqlarınız) günaha görə deyil (amma əslində bu böyükdür). Qəbirdəkilərdən birinə sidikdən qorunmadığına görə, digərinə isə insanlar arasında söz gəzdirdiyinə görə əzab verilir» [6].
- O, axirətdə şiddətli əzabın səbəblərindəndir. Aişə, Allah ondan razı olsun, rəvayət edir ki, Allahın rəsulu, salləllahu aleyhi va səlləm, belə buyurmuşdur:
“Qiyamət günü insanların ən şiddətli əzab görənləri Allahın yaratdıqlarına oxşadanlardır”.
"Yudahunə": yəni bənzədirlər, burada qəsd olunanlar isə surət (rəsm) çəkənlərdir.
- Allah və Onun elçisi tərəfindən lənətlənməyə səbəbdir. Belə ki, İbn Abbasdan, Allah onların hər ikisindən razı olsun, belə rəvayət edilir:
«Rasulu-Llah, sallallahu aleyhi va səlləm, qadınlara bənzəyən kişilərə və kişilərə bənzəyən qadınlara lənət etmişdir» [8].
[8] Hədisi Buxari: (5885) rəvayət etmişdir.
Abdullah bin Məsuddan, Allah ondan razı olsun, belə dediyi rəvayət edilir:
"Peyğəmbər, sallallahu aleyhi və səlləm, - sələm (riba/ fayız) yeyəni və yedirdəni lənətləmişdir" [9].
- O, əməlin puç olmasının və boşa çıxmasının səbəblərindəndir. Belə ki, Bureydə, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi və səlləm, belə demişdir:
«Əsr namazını tərk edənin əməli batil olar» [10].
— Böyük günah, şəriətdə hədd cəzası müəyyən edilmiş əməllərdən olarsa, onu edən şəxsə şəri cəzanın tətbiq edilməsinə səbəb olur. Necə ki, Uca Allah buyurur:
"Oğru kişinin və oğru qadının, etdikləri əməlin cəzası və Allahdan bir ibrət olaraq (sağ) əllərini kəsin! Allah qüdrətlidir, hikmət sahibidir".
[Maidə 5 surəsi, ayə 38].
İzzət və Cəlal sahibi olan Allah buyurur:
"Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun...".
(Nur 24 surəsi, ayə 2).
Pak və Uca olan Allah buyurur:
"İsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir".
- O, nemətlərin zəvalına və dəyişməsinə səbəbdir. Uca Allah buyurur:
"Bu, ona görədir ki, bir qövm nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir...".
(Ənfal 8 surəsi, ayə 53).
Səadi, Allah ona rəhmət etsin, demişdir:
"Allahın, haqqı yalan sayan ümmətlərə əzab verməsi və onların sahib olduqları müxtəlif nemətləri əllərindən alması, onların günahları və öz hallarını dəyişdirmələri səbəbindəndir. Həqiqətən, Allah bir qövmə bəxş etdiyi din və dünya nemətlərini, onlar özlərində olan itaət halını asiliyə çevirib, Allahın nemətinə qarşı nankorluq edərək onu küfrlə əvəz etməyincə dəyişməz. Əksinə, əgər onlar şükürlərini artırsalar, Allah da o neməti qoruyub saxlayar və daha da artırar. Onlar özlərində olanı dəyişdirdikdə isə, Allah da o neməti onlardan alar və onların halını dəyişər. Bunda Allahın hikməti, ədaləti və qullarına qarşı lütfkarlığı vardır. Çünki O, onlara yalnız öz zülmlərinə görə cəza verir" [11].
[11] Təfsir Səadi (səh: 324).
- Yer üzündə fitnə-fəsadın yayılmasına səbəbdir. Çünki fitnə-fəsad günahlar, xüsusilə də böyük günahlar səbəbilə zühur edir. Uca Allah buyurur:
"İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar".
(Rum 30 surəsi, ayə 41).
- Günah etmək elmdən məhrum edən səbəblərdəndir. Çünki elm uca Allahın qəlbə saldığı bir nurdur, günah isə o nuru söndürür.
İmam Şafi İmam Malikin hüzurunda əyləşib ona oxuduqda, onun dərin fərasəti, parlaq zəkası və kamil qavrayışı İmam Malikin xoşuna gəldi və o, belə dedi:
"Görürəm ki, Allah sənin qəlbinə bir nur salmışdır, onu günahın zülməti ilə söndürmə!" [12].
[12] Bax: əl-Beyhəqinin "Mənaqib əş-Şafii" kitabına, (1/104).
- Bu, onu edən kimsənin işlərini çətinləşdirən səbəblərdəndir. Belə ki, o, hansı işə yönəlsə, o işi özünə qarşı bağlı və ya çətinləşmiş görər. Necə ki, Allahdan qorxan kimsəyə Allah onun işində bir asanlıq yaradar, eləcə də təqvanı tərk edib böyük günahlar edən kimsəyə də Allah onun işində bir çətinlik yaradar. Uca Allah buyurur:
"Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allah yolundan azdırdıqlarına görə onlara halal edilmiş pak nemətləri haram etdik.
"(Biz bunu həm də) qadağan olunmasına baxmayaraq sələm (riba) aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə (belə etdik). Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq".
- O (günah), onu edənin qəlbində zülmətə səbəb olur ki, insan bunu eynilə gecənin qaranlığını hiss etdiyi kimi hiss edir. Beləliklə, günahın zülməti onun qəlbi üçün, gözünün hiss etdiyi qaranlıq kimi olur. Çünki itaət nur, günah isə zülmətdir. Zülmət gücləndikcə, onun heyrəti də artar, nəhayət o, fərqinə varmadan bidətlərə, zəlalətlərə və həlak edici işlərə düşər. Huzeyfə, Allah ondan razı olsun, demişdir: “(Bir dəfə) biz Ömərin yanında ikən o soruşdu: “Hansınız peyğəmbərin, sallallahu aleyhi va səlləm, fitnələr barədə dediyi sözləri eşitmişdir?". Camaat: “Biz onu eşitmişik” – dedi. Ömər dedi: “Yəqin ki, siz kişinin ailəsi və qonşusu üzündən düşdüyü fitnəni nəzərdə tutursunuz”. Onlar: “Bəli!” – deyə cavab verdilər. Ömər dedi: “(Sizin qəsd etdiyiniz) o fitnəni namaz, oruc və sədəqə (kimi ibadətlər) silib aparır. (Mən bunu qəsd etmirəm). Lakin hansınız peyğəmbərin, sallallahu aleyhi va səlləm, təlatümə gəlmiş dəniz kimi (araya) çaxnaşma salacaq fitnə barədə xəbər verdiyini eşitmişdir?”. Huzeyfə dedi: “Bu zaman camaat susdu”. Mən isə dedim: “Mən (eşitmişəm)”. Ömər buyurdu: “Afərin sənə!”. Huzeyfə dedi: “Mən peyğəmbərin, sallallahu aleyhi va səlləm, belə dediyini eşitmişəm:
"Həsir tədriclə (adamın böyründə) iz buraxdığı kimi, fitnələr də qəlblərdə iz buraxır. Hansı qəlbə bu fitnələr daxil edilərsə, o qəlbə qara nöqtə vurular. Hansı qəlb də bunları rədd edərsə, o qəlbə ağ nöqtə vurular. Hətta iki qəlb kimi olar: (biri) ağappaq hamar qayaya bənzər. Göylər və yer durduqca, belə qəlbə heç bir fitnə zərər verə bilməz. Digəri isə qara, tozlu (kül rəngdə) və tərs çevrilmiş kuzəyə bənzər. Bu qəlb özünə sevdirilmiş arzulardan (hava) başqa heç bir yaxşılığa əhəmiyyət verməz və heç bir günahı inkar etməz" [13].
[13] Səhih Müslim: (144).
- Araya düşmənçilik və kin-küdurət düşməsinə, eləcə də düşmənin hakim kəsilməsinə səbəbdir. Necə ki, Uca Allah buyurmuşdur:
"Biz nəsraniyik!”– deyənlərdən də əhd almışdıq. Onlar da (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir".
İnsanlar Allahın onlara əmr etdiklərinin bir qismini tərk edib, Onun qadağan etdiklərini işlədikdə, aralarına ədavət və kin düşər, düşmənlər də onlara hakim kəsilər [14].
[14] Bax: "Məcmu Əl-Fətavə": (3/421).
- Bu günahlar cəmiyyətin pozulmasına səbəbdir. Belə ki, onların vasitəsilə: yalan, böhtan, qeybət, sözgəzdirmə, aldatma, hiyləgərlik, təkəbbür və lovğalıq kimi pislənən əxlaqlar yayılır. Həmçinin, insanlar bir-birinin malını haqsız yerə yeyir, həyat pozulur, sehr və bu kimi əməllərlə insanlar arasında əziyyət yayılır, eləcə də zina, livat, kişilərin qadınlara (müxənnəs) və qadınların kişilərə bənzəməsi kimi iyrəncliklər geniş vüsət alır [15].
[15] Bax: İbn əl-Qeyyimin, əd-Də va əd-Dəva: (1/132).
Əhli-Sünnənin böyük günah sahibi və "müjdə və təhdid" hədisləri barəsində mövqeyi:
Əhli-Sünnəyə görə, böyük şirk və küfür dərəcəsinə çatmayan böyük günah edən kimsə, imanı naqis olan mömindir. Etdiyi günahın miqdarı qədər imanı azalmışdır. Ondan iman adı tamamilə alınmaz və ona mütləq iman adı da verilməz. O, imanı naqis olan mömindir və ya imanına görə mömin, etdiyi böyük günaha görə isə fasiqdir.
Onun axirətdəki hökmü isə belədir ki, o, Allahın istəyi altındadır. Allah diləsə, onu bağışlayar və əvvəlcə heç bir əzab vermədən Cənnətə daxil edər. Diləsə də, günahı miqdarında ona əzab verər, sonra isə onu oradan çıxarıb möminlərlə birlikdə Cənnətə daxil edər. Bəzən insan böyük günahdan axirətdən öncə, elə dünyada ikən təmizlənə bilər. Bu da səmimi tövbə etməklə ya ona hədd cəzasının tətbiq edilməsi ilə ya da başına gələn müsibətlərlə yaxud da çoxlu yaxşı əməllər görməklə mümkündür. Nəticədə o, Qiyamət gününə üzərində heç bir əzab olmadan gələr.
Böyük günah sahibləri barəsindəki təhdidlə bağlı varid olan hədislərə gəlincə, məsələn Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, sallallahu aleyhi və səlləm, belə demişdir:
«Zina edən kimsə zina etdiyi vaxt mömin olmaz. Şərab içən kimsə şərab içdiyi vaxt mömin olmaz. Oğurluq edən kimsə oğurluq etdiyi vaxt mömin olmaz» [16].
Məqsəd budur ki, ondan "kamil iman" sifəti aradan qalxır və İslam qalır. O, bu günahı tərk edib tövbə etdikdə isə iman ona yenidən qayıdır. Belə ki, kamil iman ondan yalnız bu böyük günahları etdiyi halda götürülür, lakin imanın əsli onda qalır.
Çünki başqa hədislərdə də, zina və oğurluq etsə belə, Allaha heç bir şeyi şərik qoşmadan ölən kimsəyə Cənnətə daxil olmaq vəd edilmişdir. Məsələn Əbu Zərr, radiyallahu anhu, rəvayət edir ki, Allahın elçisi, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
"Rəbbimdən mənə bir elçi gəldi və müjdə verdi ki, ümmətimdən kim Allaha şərik qoşmadan ölərsə, Cənnətə daxil olar". Dedim: "Zina etsə və oğurluq etsə beləmi?". O isə dedi: "Zina etsə və oğurluq etsə belə" [17].
Böyük günahların qarşısının alınması və müalicəsi:
- Cəmiyyət fərdlərini günahların, xüsusilə də böyük günahların təhlükəsindən xəbərdar etmək. Çünki onlar bütün cəmiyyətə əzabların və bəlaların nazil olmasına səbəbdir. Necə ki, Uca Allah buyurur:
"Sizdən yalnız zalımlara toxunmayacaq (əksinə, hamınızı bürüyəcək) bir bəladan qorxun. Bilin ki, Allah şiddətli əzab verəndir".
- Şəri elmi öyrənmək, nəfsi günahlardan çəkindirir. Çünki bu günahlara görə tətbiq edilən cəzalardan xəbərdar olan kimsənin nəfsi, onlara düşməkdən çəkinər.
- Münkərdən çəkindirmək vəzifəsi, fasiqləri böyük günahlardan çəkindirmək və onları danlamaq yolu ilə yerinə yetirilir. Belə ki, Numan bin Bəşirdən, Allah ondan razı olsun, rəvayət olunur ki, peyğəmbər, Allahın salamı və salavatı onun üzərinə olsun, belə buyurmuşdur:
«Allahın qayda-qanunlarına riayət edən və onları tərk edən toplumun məsəli gəmidə püşk atıb, onların bir qisminə gəminin yuxarısı, digər bir qisminə isə aşağı hissəsi nəsib olan bir camaatın misalı kimidir. Aşağıda olanlar su əldə etmək üçün yuxarıdakıların yanına gedib dedilər: “Nə yaxşı olardı biz öz hissəmizdə bir deşik açardıq və bizdən üstəkilərə zərər verməzdik”. Əgər yuxarıdakılar onların istədiklərinə mane olmasalar, hamısı bütövlükdə həlak olarlar, yox əgər onlara mane olsalar, birlikdə xilas olarlar» [18].
Onun: «Allahın hüdudlarına riayət edən» sözü, yəni: Allah Təalanın əmrlərini yerinə yetirən, Onun qadağan etdiklərindən uzaq duran, yaxşı işlər görməyi əmr edən və pislikdən çəkindirən deməkdir.
«Və onları tərk edən» sözü, yəni: yaxşılığı tərk edən, pisliyi isə edən.
«Püşk atdılar» sözü, yəni: hər biri bir pay, yəni nəsib götürmək üçün püşk atdılar.
«Onların əllərindən tutdular» sözü, yəni: gəmini deşmələrinə mane oldular.
- Ailədə verilən sağlam iman tərbiyəsi, eləcə də valideynlərin, xüsusilə yeniyetməlik dövründə övladlarına nəzarəti, imanla zənginləşmiş və gözəl əxlaqa sahib saleh bir gənc nəslin formalaşmasına zəmin yaradır.
- Günahların halal əvəzini tapmaq. Çünki uca Allah bir şeyi haram edibsə, mütləq halal etdiyi şeylərdə o harama ehtiyac qoymayacaq bir əvəz də qoymuşdur. Məsələn: zinanın çarəsi gənclərin erkən evlənməsidir.
Oğurluq, insanlar üçün iş imkanları yaradılması ilə aradan qaldırılır. Qeybət və insanların namusuna dil uzatma isə boş vaxtın itaətlə və ya Allahın halal gördüyü mübah işlərlə doldurulması ilə müalicə olunur. Eləcə də hər bir günah və ya böyük günah bu şəkildə aradan qaldırılır.
- Gənclərin enerjisindən istifadə edərək onları ümmətə din və dünya işlərində faydalı olan şeylərə, məsələn: şəriət elmini öyrənməyə, İslam dəvətini yaymağa, tibb, mühəndislik, ticarət və bu kimi dünya işlərində faydalı olan nəzəri və tətbiqi elmləri, eləcə də dülgərlik, dəmircilik və digər faydalı sənət və peşələri öyrənməyə yönəltmək. Çünki nəfs, əgər itaətlə məşğul olmasa, mə'asıyətlə məşğul olar.
- Müsəlman davamlı olaraq imanına nəzər yetirməlidir. Çünki geyim köhnəldiyi kimi, iman da qəlbdə köhnəlir. Bu səbəbdən qəlbdə imanı artıran itaət əməllərini çoxaltmaqla onu yeniləmək lazımdır.
- Müsəlman onu günaha sövq edən hər şeydən uzaq durmalıdır. Xüsusilə də əxlaqsızlığı, ilhadı və Allahı qəzəbləndirən hər şeyi yayan sosial şəbəkələrin və saytların geniş yayıldığı bir zamanda müsəlman özünə şər qapılarından birini açmamalıdır. Çünki kim onu açsa, ora daxil olar. Nəvvas bin Səmandan, radiyallahu anhu, rəvayət olunur ki, Allahın rəsulu, sallallahu əleyhi va səlləm, belə demişdir:
"Allah doğru yola misal çəkir. Yolun iki tərəfində iki divar, divarlarda açılmış qapılar, qapıların üzərinə isə endirilmiş pərdələr vardır. Yolun qapısında bir bələdçi çağırış edir: Ey insanlar, hamınız doğru yola yönəlin, ondan dönməyin! Kimsə bu qapılardan birini açmaq istədikdə, yolun yuxarısından başqa bir bələdçi səslənir: Vay olsun sənə, qəti o qapını açma, çünki açsan ora girəcəksən. Yol İslamdır, divarlar Allahın hüdudlarıdır, açılmış qapılar Allahın haramlarıdır. Yolun başındakı o bələdçi Allahın kitabıdır, yolun yuxarısındakı bələdçi isə hər bir müsəlmanın qəlbindəki Allahın nəsihətçisidir" [19].
[19] Hədisi İmam Əhməd "Müsnəd" (17634) əsərində rəvayət etmişdir.
- Rəhbərlərin və müsəlmanların işlərinə məsul olan şəxslərin yaxşılığı əmr edib pislikdən çəkindirmək və onu aradan qaldırmaq, İslamın müəyyən etdiyi cəzaları tətbiq etmək və bu kimi digər işlərlə dini qorumaq vəzifəsini yerinə yetirməsi. Belə ki, Məqil bin Yəsar, Allah ondan razı olsun, peyğəmbərdən, sallallahu aleyhi və səlləm, rəvayət edir ki:
"Allah kimə rəhbərlik etməyi nəsib edərsə, rəhbərliyi altında olan insanları aldadaraq ölərsə, Allah Cənnəti ona haram edər" [20].
[20] Hədisi Buxari: (7150) və Müslim: (142) rəvayət etmişdir. Hədisin ləfzi Müslimə aiddir.
Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
"Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmasa, dili ilə dəyişsin, əgər onu da bacarmasa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir" [21].
Bu mərtəbə qüvvət, səlahiyyət və ya vilayət sahiblərinə aiddir.
Sonda Allahdan qəlblərimizi və əzalarımızı Özünə itaətdə qorumasını, həmçinin bizi günahların aşkarından və gizlisindən, böyüyündən və kiçiyindən uzaq etməsini diləyirik.