İslamda mötədillik anlayışı nədir?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضات
- مصدر الإجابة
- قسم الإسلام
- الباب / الفصل
- (قسم الإسلام)
السؤال
İslamda mötədillik anlayışı nədir?
الجواب
Allaha həmd olsun. İslamda mötədillik iki zəlalət: ifrat (həddi aşmaq) və təfrit (laqeydlik/ səhlənkarlıq) arasında orta yolu tutmaqdır. Belə ki, bu, yəhudiliyin təfriti və Allaha qarşı həyasızlığı – o zaman ki, yəhudilər: "Həqiqətən, Allah kasıbdır, biz isə zənginik", - demişdilər – və peyğəmbərlərə qarşı həyasızlığı – belə ki, onların bir qismini yalançı sayır, bir qismini isə öldürürdülər – ilə Məsihi ilahiləşdirən və Allahı qoyub öz din alimlərini və rahiblərini rəblər qəbul edən nəsranilərin ifratı arasında orta bir yol tutmaqdır.
İslamda mötədillik ümumi və əhatəlidir. Hüquqlarda bu, hətta sənin dininə müxalif olsa və ya səninlə düşmənçilik etsə belə, hər bir haqq sahibinə öz haqqını vermək deməkdir. Uca Allah buyurur:
"Ey iman gətirənlər! Allah üçün haqqı qoruyan, ədalətlə şahidlik edən kimsələr olun. Bir qövmə qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır."
(Maidə 5 surəsi, ayə 44).
«Ümmilərə görə bizə heç bir günah yoxdur» - deyən yəhudilər kimi deyil, «Kim sənin sağ yanağına sillə vurarsa, ona sol yanağını da çevir» deyən nəsranilər kimi də deyildir. Lakin onların əksəriyyəti buna əməl etmirlər. Əksinə, onlar insanlara sillə vurur və onların sərvətlərini qəsb edirlər.
Necə ki, mötədillik orta yolu tutmaq və ədalətli olmaqdır, eləcə də İslam hər bir cəhətdən iki pislik arasında olan bir yaxşılıqdır. Müsəlmandan tələb olunan da etidallı olması, ifrata varıb həddi aşmaması, eləcə də səhlənkarlıq edib süstlük göstərməməsidir. O, mötədilliyi öz nəfsində, öhdəsinə götürdüyü işlərdə və hüquqlarda tətbiq etməli, bunu bütün söz və əməllərinə şamil etməlidir. Həmin cəhətlərdən bəziləri bunlardır: Birincisi: İslam ibadətlər, nəfslərin təzkiyyəsi və bu kimi işlərlə ruhun ehtiyacını nəzərə almışdır. Həmçinin, o, müamilələri tənzimləmək, yemək və içməyi qaydaya salmaq, nikaha təşviq etmək və təbəttüldən, yəni: tərki-dünya olub yalnız ibadətə qapanmaqdan və evlənməyi tərk etməkdən çəkindirməklə bədənin ehtiyacını da nəzərə almışdır. İnsanlardan elələri vardır ki, ruh tərəfini üstün tutub bədənə laqeyd yanaşmışlar. Halbuki ibadətlər məhz bədən vasitəsilə yerinə yetirilir. Belə ki, onlar qüsl alıb təmizlənməyi tərk etmiş, özlərini qalın paltarlar geyinməyə və onlara uyğun olmayan yeməklər yeməyə məcbur etmişlər. Bununla yanaşı, nəsrani rahibləri, bəzi buddistlər, induistlər və ifrata varan sufilər kimi ibadətdə ifrata varmış, insanlardan uzaqlaşmış və fitrətə zidd getmişlər. Bunun müqabilində isə insanlardan elələri vardır ki, bədən tərəfini üstün tutaraq ruha laqeyd yanaşmışlar. Belələri yalnız öz şəhvətləri və istəklərini həyata keçirmək üçün yaşayır, heç bir şəriətə tabe olmur və ibadətə əhəmiyyət vermirlər.
İkincisi: İslam dini, kafirlərlə alış-veriş etməyə, hədiyyələşməyə və bu kimi müamilələrə icazə verir və onlarla ədalətlə rəftar etməyi vacib edir. Onların əqidə və adətlərindən təsirlənməmək və onlara qəlbdən dostluq bəsləməyin qadağan olunması şərtilə, cihad halı xaricində onlara əzab-əziyyət verilməsini haram etmişdir. İnsanlardan elələri var ki, dində ona müxalif olan hər kəsi öldürür və onların varlığına dözə bilmir, onun dinində, yolunda və ya məzhəbində olmadıqlarına görə onlara zülm edir. Bunun müqabilində, onlardan elələri də var ki, kafirlərə xatir öz dinindən güzəştə gedir, yaltaqlıq edərək və tamah göstərərək Uca Allaha asi olmaqda onlara itaət edir. O kimsə bilmir ki, kafirlər buna görə onu alçaldırlar. Beləliklə də bu kimsə, nə dini əldə edir, nə də dünyanı.
Üçüncüsü: İslam, Uca Allaha, Onun sifətlərinə və fellərinə təmsil etmədən (bənzətmədən) iman gətirməklə gəlmişdir. İnsanlardan elələri var ki, qəlbindəki sözünə müxalif olsa da, etiqadı ilhaddır və dili ilə Uca Allahın varlığını inkar edir. Onlardan elələri də var ki, Ona yoxluq kimi etiqad edərək Onun üçün nə bir sifət, nə də bir fel isbat edir. Bunlar və onların bənzərləri tətildə (Allahın sifət və fellərini inkar etməkdə) ortaqdırlar. Bunun müqabilində bəzi insanlar hər şeyin Allah olduğuna etiqad etmişlər. Başqaları isə mələklər və Məsih, yaxud onlardan daha aşağı olan bütlər və ağaclar kimi bəzi məxluqatlarda uluhiyyətin (İlah olmağın) olduğuna etiqad etmiş və onlardan bəzisini Uca Allahın adlarından törəmiş adlarla adlandırmışlar. Bunlar və onların bənzərləri isə təmsildə (bənzətmədə) ortaqdırlar.
Dördüncüsü: İslam qədəri, eləcə də bu kainatda baş verən hər bir şeyin Uca Allahın iradəsi ilə baş verdiyini, orada baş verənlər içərisində Onun əmr etdiklərini sevdiyini və onlardan razı qaldığını, qulun iradəsi olduğunu və onun iradi əməllərinin Uca Allahın iradəsindən kənara çıxmadığını isbat etmişdir.
İnsanlardan bəziləri etiqad edir ki, insan öz əməllərini etməyə məcburdur və onun heç bir iradəsi yoxdur. Bunun müqabilində isə bəziləri etiqad edir ki, insan öz əməlini yaradır və bu, Allahın istəyi və iradəsi ilə baş vermir.
Beşincisi: İslam iqtisadiyyatda sosializm və kapitalizm arasında orta yoldur.
Altıncısı: İslam bütün işlərdə – Allah Təala ilə olan münasibətdə, insanlarla olan münasibətdə və insanın özü ilə olan münasibətində ədaləti və mötədilliyi təmin etmişdir. İslamdan qeyrisində bu cəhətlərin bəzilərinin təmin edildiyini görə bilərsiniz, lakin bu, ümumi şəkildə deyil. Çünki İslam, Allah Təalanın razı qaldığı və dinləri onunla xətm etdiyi dinidir. Allah onu hər zamana, məkana və insana uyğun etmiş, ağılları onun sirrini və nəhayətini qavramaqda aciz qoymuşdur. O, heç kəsdən ondan başqa bir din qəbul etməz. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədin üzərinə olsun.
المصدر
ملاحظات
--